Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə görüşü - Türkiyə, Trabzon, 29 aprel 2002-ci il


Azərbaycan Respublikasının prezidentini səmimi salamlayan Prezident Əhməd Necdət Sezər onun dəvətini qəbul edərək Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Trabzona gəldiyinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.

Dost və qardaş ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da genişlənməsindən və dərinləşməsindən çox məmnun qaldığını söyləyən Prezident Əhməd Necdət Sezər Türkiyə Respublikasının Azərbaycan Respublikasına münasibətdə siyasətini heç vaxt dəyişməyəcəyini nəzərə çatdırdı.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasının, uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşayan bir milyon Azərbaycan vətəndaşının doğma yurdlarına qayıtmasının zəruriliyini vurğulayan Prezident Əhməd Necdət Sezər bildirdi ki, ATƏT-in Minsk qrupunun üzvü kimi, Türkiyə bu problemin həlli istiqamətində öz səylərini əsirgəməyəcəkdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin iyun ayında İstanbulda keçiriləcək zirvə görüşündən söhbət açan, Azərbaycan Prezidenti Heydər Əliyevə toplantıda iştirak etmək barədə rəsmi dəvət göndərdiyini söyləyən Türkiyə prezidenti dövlətimizin başçısını bu sammitə bir daha dəvət etdi.

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin zirvə görüşünə dəvətə, səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Prezident Heydər Əliyev Trabzon sammitində iştirak etməsindən məmnun olduğunu nəzərə çatdırdı.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlərdən söhbət açan dövlətimizin başçısı Azərbaycanın haqq işinin qardaş Türkiyə tərəfindən daim dəstəklənməsini razılıqla vurğuladı.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasından, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşamasından bəhs edən Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün öz səylərini daha da artıracaqdır.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə prezidentlər ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli, Şərq–Qərb enerji dəhlizinin, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsinə geniş yer ayırdılar.

Görüşdə bölgədə vəziyyət, hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.