Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin dəvəti ilə dost ölkəyə rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 12 mart 2001-ci il


Mənim Türkiyəyə rəsmi səfərim sizə məlumdur, elan olunubdur. Keçən il Türkiyənin yeni seçilmiş prezidenti hörmətli Əhməd Necdət Sezər Azərbaycanda rəsmi səfərdə olduğu zaman məni Türkiyəyə rəsmi səfərə dəvət etmişdir. Mən də indi bu dəvəti həyata keçirirəm.

Təbiidir ki, bizim orada bir çox görüşlərimiz, danışıqlarımız olacaqdır. Birinci növbədə, prezidentlə, Baş nazirlə, Baş nazirin müavinləri ilə, Baş qərargah rəisi ilə və başqa şəxslərlə dövlətlərarası, hökumətlərarası bir neçə sənədlər hazırlanıbdır. Onlar imzalanacaqdır. Azərbaycan qazının Türkiyəyə ixrac edilməsi haqqında saziş imzalanacaqdır. Bakı-Ceyhan neft kəməri haqqında elə bir problem yoxdur. Sadəcə, biz orada bu işlərin təşkil edilməsi barəsində fikir mübadiləsi aparacağıq. Ancaq bu işlər gedir. Yəni yeni bir sənədin icad edilməsinə ehtiyac yoxdur. Bütün sənədlər hazırlanıbdır. İndi mühəndis-layihə işləri aparılır. Mən Böyük Millət Məclisində millət vəkillərinə xitab edəcəyəm. Proqramda başqa görüşlər də var. Türkiyə bizim üçün dost, qardaş ölkədir. Bizim əlaqələrimiz həmişə yüksək səviyyədə olubdur. Bu gün də yüksək səviyyədədir. Ancaq eyni zamanda belə rəsmi, işgüzar səfərlər hər dəfə hansısa məsələlərin həll olunmasını tezləşdirir, yaxud da onun üçün şərait yaradır. Amma bunlarla bərabər, fikir mübadiləsi də çox əhəmiyyətlidir.

Təbiidir ki, mən Türkiyənin dövlət-hökumət başçıları ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması problemləri haqqında fikir mübadiləsi aparacağam. Çünki biz bu illər ərzində Türkiyə ilə daim məsləhətləşmələr, fikir mübadilələri aparmışıq. Çünki Ermənistanın Azərbaycana təcavüzü zamanından indiyə qədər Türkiyə Azərbaycanı həmişə dəstəkləyibdir. Baxmayaraq ki, son vaxtlar bir neçə ölkələrdə Türkiyəyə qarşı müxtəlif mənfi hərəkətlər meydana çıxıbdır. Türkiyənin keçmişdə, 1915-ci ildə guya ermənilərə qarşı soyqırım etməsi haqqında hətta bəzi ölkələrin parlamentlərində qərarlar qəbul olunubdur. Bunlar hamısı Türkiyəyə təsir etmək məqsədi daşıyır. Ancaq Türkiyə bizimlə olan münasibətlərinə sadiqdir və bunu dəfələrlə deyibdir.

Güman edirəm, bu dəfə də təsdiq ediləcək ki, Azərbaycanın torpaqları işğaldan azad olmasa, yəni Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmayana qədər Türkiyə Ermənistanla heç bir əlaqə, yəni nə diplomatik əlaqələr, nə də iqtisadi əlaqələr qurmayacaqdır. Bunu dəfələrlə bəyan ediblər. Amma bu barədə həm danışmaq lazımdır, həm də bizim bu mövqelərimizi dünyaya bir daha bəyan etmək lazımdır. Başqa işlər də olacaqdır. Bilirsiniz ki, bizim ölkələrimizin çox qarşılıqlı əməkdaşlıq işləri var. Ona görə də indi hamısını deməyə ehtiyac yoxdur. Amma mən əsas məsələləri sizə dedim.

Sual: Cənab Prezident, Dağlıq Qarabağla bağlı Türkiyədən hər hansı bir təklif gözləmək olarmı?

Cavab: Danışacağıq. Görək...

Sual: Cənab Prezident, Türkiyənin Xarici İşlər naziri İsmayıl Cəm təşəbbüslə çıxış etmişdi ki, Ermənistan və Azərbaycan prezidentləri Türkiyənin vasitəçiliyi ilə bir görüş keçirsinlər. Bu nə qədər realdır və Siz buna necə baxırsınız?

Cavab: Biz heç vaxt buna etiraz etməmişik. Birincisi, Türkiyə Minsk qrupunun üzvüdür və Minsk qrupunun fəaliyyətində həmişə fəal iştirak edir. Ancaq bilirsiniz ki, Ermənistan buna razı deyil və razı ola bilməz. Çünki Ermənistan Türkiyəni həmişə onlara qarşı qeyri-obyektiv mövqedə günahlandırır.

Sual: Cənab Prezident, Rusiya mətbuatı yazır ki, Azərbaycan Türkiyəyə qaz satılması məsələsində çox güzəştlər edir.

Cavab: Heç bir güzəşt etməmişik. Azərbaycanın qazı Türkiyəyə dünya bazar qiymətləri ilə satılacaqdır və burada heç bir güzəşt yoxdur. Yəqin ki, kimsə bunu uydurur.

Sual: Cənab Prezident, Siz Faruq Loğoğlunu qəbul edəndə demişdiniz ki, Türkiyə "İahdəniz" və Bakı-Ceyhan layihələrinin həyata keçirilməsini bir qədər ləngidir. Bu problem aradan qaldırıldımı?

Cavab: Ləngitmə var idi. Amma indi bir halda ki, biz sənədləri imzalayacağıq, demək, aradan qaldırılıb.

Sual: Cənab Prezident, bu saziş imzalanarsa, Sizcə, Transxəzər qaz kəməri layihəsi reallığını itirirmi?

Cavab: O bizdən asılı deyildir. Biz dəfələrlə demişik: Əgər Türkmənistan əvvəlki mövqeyinə qayıtsa, heç vaxt buna etiraz etməyəcəyik.

Sual: Cənab Prezident, deyilənə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müddətsiz fəaliyyət rejiminə keçir. Amma indiyə qədər dəfələrlə bəyan edirdiniz ki, 2000-ci, yaxud 2001-ci ildə bu münaqişənin həlli qarşımıza məqsəd kimi qoyulmuşdu.

Cavab: Bilirsiniz, Azərbaycanda indi hərə bir söz deyir. Mən indiyə qədər görülən bütün işlər haqqında Milli Məclisdə hesabat verdim. Birincisi, Minsk qrupunun indiyə qədər verdiyi əsas təkliflər mətbuatda dərc olundu. Hər kəs onunla tanış oldu və bu gün də tanış olmağa imkanı var.

İkincisi də, son illərdə gedən bütün proseslər haqqında geniş izahat verdim. Orada bildirdim ki, görülən bütün bu işlər Azərbaycanın qarşıda qoyduğu vəzifəni hələ indiyə qədər yerinə yetirməyə imkan verməyibdir. Bu vəzifə də ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və yerindən-yurdundan didərgin düşmüş insanlar öz yerlərinə qayıtmalıdır. Əsas prinsip budur. Ancaq heç bir təklif almadım. Mən deyirdim, bəlkə bizim bilmədiyimiz bir şey varsa, kimsə deyər.

Mənim bu müraciətim tam səmimi xarakter daşıyırdı. Bu gün də bunu təsdiq edirəm. Səmimi idi. Əgər kim bizim indiyə qədər gördüyümüz işlərdən əlavə, o işlərdən daha da səmərəli təkliflər irəliyə sürə bilərsə, Azərbaycanın prezidenti kimi, mən, birincisi, minnətdar olacağam, ikincisi də, əlbəttə, bu bizim ümumi işimizə kömək edəcəkdir. Amma təəssüflər olsun ki, heç bir konkret təklif yoxdur. Hərə bir söz deyir. Yəqin sizin də - müxalifət televiziyalarının da işi elə bundan ibarətdir ki, gedirsiniz, ona mikrofon verirsiniz, sən nə deyirsən, buna mikrofon verirsiniz və onları da gətirib axşam göstərirsiniz. Daha da çox qarmaqarışıqlıq yaradırsınız. Amma mən bunun da müsbət nəticəsini görürəm. Bu nədən ibarətdir? Ondan ibarətdir ki, siz əsasən müxalifətlə işləyirsiniz, onlara xidmət edirsiniz. Mən dünən axşam ANS televiziyasına da, Space televiziyasına da baxmışam. Ancaq onlara xidmət edirsiniz. Başqa bir şey yoxdur.

Jurnalist: Cənab Prezident, onlarla görüşmək daha asandır.

Heydər Əliyev: Çünki onlar boş-boş sözlər danışırlar. Sizə də lazımdır ki, efirdə bir şey verəsiniz. Amma heç bir yeni təklif verən yoxdur. İndi siz ortaya atmısınız ki, guya Namazovla Zülfüqarov bir təklif veriblər. Mən çox təəccüblənirəm. Ancaq burada bir məsələ var. Əgər belə bir təklifi bu işin içində olmayan adamlar versəydilər, elə sizin hər gün gedib müsahibə aldığınız partiya rəhbərləri versəydilər, bu məni təəccübləndirməzdi. Çünki mən Milli Məclisin iclasından sonra gördüm ki, onlar bu problemin həll olunması yollarından, bu problemin mürəkkəbliyindən çox uzaq bir məsafədə durublar. Anlamırlar. Ancaq tənqid etməklə, şayiələr yaymaqla, uydurmalarla məşğuldurlar. Dünən deyirlər ki, ortaya atdıqları bu təklif milli konsepsiya olacaqdır. Ona görə də əgər belə adamlar olsaydı, mən buna təəccüblənməzdim. Ancaq bu iki şəxs yeddi il mənim yanımda işləyiblər. Mən hələ Azərbaycanda hakimiyyətə gəlməzdən əvvəl Tofiq Zülfüqarov bu işlə məşğul olan adamdır. Dəfələrlə danışıqlar aparan adamdır və nazir müavini kimi, ayda bir dəfə, iki ayda bir dəfə Moskvaya gedirdi, bir həftə orada qalırdı, Kazimirovun rəhbərliyi altında, qayıdıb gələndə deyirdi ki, bu cümləni buraya qoyduq, bu cümləni də buraya qoyduq. Başqa heç bir şey yox. O sonra Xarici İşlər naziri idi. Bu işlərin hamısını bilir. Yəni o mənada bilir ki, indiyə qədər Minsk qrupu tərəfindən hansı təkliflər olub və bizim onlara münasibətimiz necə olubdur. Doğrudur, Namazov danışıqlar prosesində iştirak etməyibdir. Sadəcə, mənim köməkçim kimi, danışıqlarda, qapalı danışıqlarda da oturubdur - indi Dilarə Seyidzadə yazan kimi, o da yazıbdır, bəlkə Dilarə Seyidzadə ondan yaxşı yazır - bu məsələnin müzakirəsində onun başqa bir rolu olmayıbdır.

Bilirsiniz, indi bunlar camaatı aldadırlar ki, biz bir konsepsiya meydana çıxarmışıq. Bu konsepsiya nədən ibarətdir? Siz bu şeylərə başınızı sındırmayın, vaxt itirməyin. Bu konsepsiya ondan ibarətdir ki, birincisi, biz mərhələli həll təklifini qəbul edirik. İkincisi, əgər bu olmasa, müharibə edirik. Müharibə etmək üçün də lazımdır ki, iqtisadiyyatı qaldıraq, ordunu gücləndirək, islahatlar keçirək, demokratiyanı inkişaf etdirək, bunları edək, onları edək. Amma düşünmürlər ki, bu işlərin çoxu görülübdür. Ordu quruculuğu gedir və mən demişəm, bizim güclü ordumuz vardır. İslahatlar gedir, öz nəticəsini verir. Əgər bu islahatlar getməsəydi, hamınız belə yaşaya bilməzdiniz. Azərbaycan öz iqtisadi göstəricilərinə görə Müstəqil Dövlətlər Birliyi içərisində ən irəlidə gedən ölkələrdən biridir. Bunu biz demirik. Bunu Dünya Bankı deyir. İndi bunlar deyirlər ki, iqtisadiyyatı inkişaf etdirmək lazımdır.

Əlbəttə ki, iqtisadiyyatı inkişaf etdirmək bundan sonra da lazımdır. İndiyə qədər görülən işlər Azərbaycan iqtisadiyyatını biz istədiyimiz səviyyəyə qaldırmayıbdır. Ancaq keçən il ümumi daxili məhsul 10 faiz artıbdır və 1996-cı ildən başlayaraq hər il artır. Sənaye istehsalı artır, kənd təsərrüfatı istehsalı artır, özəlləşdirmə prosesi gedir. Amma bunun vaxtı var. 10 faiz artırmaq olar, amma 10 dəfə artırmaq olmaz. Bu adi şeyləri bilməyən adamlar, yaxud bilərək, qəsdən insanları çaşdırmaq istəyən adamlar bu cür fikirləri ortaya atırlar. Siz də bunlara uyursunuz. Özlərini guya böyük siyasi xadim hesab edən müxalifət partiyalarının rəhbərləri bir yerə yığışıb deyirlər ki, nəhayət, ağıllı bir təklif gəlibdir, biz bunun tərəfdarıyıq. Ancaq o mənada ki, siz oradan iqtidarın gördüyü işləri çıxarın - yaxşı, əgər onları çıxarsan, orada nə qalacaqdır - qalanı ilə biz razıyıq. Bilirsiniz, bu cəfəngiyatdır.

Yenə də deyirəm, guya orada iki əsas məsələ var. Birincisi, mərhələ-mərhələ həll, ikincisi, müharibə. Mən mərhələ-mərhələ həll barədə Milli Məclisdə dedim. 1997-ci ilin sentyabr ayında bu təklif bizə rəsmi təqdim olunubdur. Onu da mətbuatda dərc etmişik. Biz onu qəbul etdik - baxmayaraq ki, orada heç də hər şey bizim üçün yararlı deyildi, məqbul deyildi - amma Ermənistan onu qəbul etmədi. Mən bunu neçənci dəfədir izah edirəm. Sonra Ermənistanın keçmiş prezidenti ilin sonunda bunu qəbul etmək fikrinə gəldi. Bunu həyata keçirən zaman müqavimətlə rastlaşdı, istefaya getməyə məcbur oldu. Müqavimət göstərənlər bu gün hökumətin başındadırlar. Bu təklif dörd il bundan qabaq müzakirə olunubdur, həyata keçirilməyibdir və onlar bunu qəbul etməyiblər. İndi bunu Amerikanın kəşfi kimi, bir ixtira kimi ortaya qoymaq olarmı? O ki qaldı müharibəyə, müharibə heç vaxt istisna olunmayıbdır. Müharibəni nə vaxt lazım olsa, etmək olar.

Bilirsiniz, mən Parisdə idim. Bunları bilmirdim. Gəldim, bir, iki-üç gündür burada televiziyaya baxanda bir şey - Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri yadıma düşdü. Çoxlarınız cavansınız, bəlkə onu oxumamısınız, səhnədə görməmisiniz. Şeyx Nəsrullah adamlarını bir şəhərə göndərir ki, gedin, orada xəbər verin ki, Şeyx Nəsrullah buraya gəlir, ölüləri dirildəcəkdir. Cəlil Məmmədquluzadənin fikri nə idi? Bu, yüksək fəlsəfi məna daşıyan bir əsərdir. Mənim aləmimdə bu, Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, yaxud da Azərbaycan ictimai-fəlsəfi fikrinin yaratdığı ən yüksək dəyərli əsərlərdən biridir. Cəlil Məmmədquluzadə göstərmək istəyirdi ki, bizim o vaxtkı insanlar nə qədər avamdırlar. Şeyx Nəsrullahın xəbərini eşidən kimi, biri gəldi ki, mən qardaşımı dirildəcəyəm. O biri gəldi ki, mən atamı dirildəcəyəm. Biri gəldi ki, arvadımı dirildəcəyəm, nə bilim, bu birisini, o birisini dirildəcəyəm. Sonra Şeyx Nəsrullah gəldi. Cəlil Məmmədquluzadə orada gözəl bir obraz - kefli İsgəndər obrazı yaratmışdır. Kefli İsgəndər birinə deyir ki, sənin qardaşını dirildəndə, gəlib sənə deyəcək ki, mənim arvadımı almısan. O birisinə deyir ki, sənin atanı dirildəndə, gəlib sənə deyəcək ki, mənim malımı dağıtmısan. Onu deyəndə, bunu deyəndə, axırda hamı deyir ki, yox, heç kəsi diriltmək lazım deyildir. İndi bu niyə mənim yadıma düşübdür? Bax, bu təklifi verənlər təxminən Şeyx Nəsrullaha bənzəyirlər. Sizin hər gün ətraflarında fırlandığınız müxalifət partiyalarının rəhbərləri, yaxud da başqaları - hansılar ki, bunların bu təklifinə biri deyir, çox əlverişlidir, ən əlverişlidir, biri deyir, bəli, bunu qəbul etmək olar - onlar da mənim xatirəmə həmin avam camaatı salırlar.

Jurnalist: Cənab Prezident, Siz kefli İsgəndər deyəndə, kimi nəzərdə tutursunuz?

Heydər Əliyev: Burada kefli İsgəndər var. Bilirsiniz, ona görə də avam olmaq lazım deyil. Xalqı aldatmaq lazım deyildir. Necə deyərlər, o təkliflər, prinsiplər dəfələrlə müzakirə olunubdur. Əgər biz onun hansını həyata keçirə bilsəydik, keçirə bilərdik. Yenə də deyirəm, meydana çıxmış iki nəfər "böyük strateqlər" yeddi ildir bu işin içindədirlər və yaxşı bilirlər ki, biz bunları nə vaxt, nə cür həyata keçirmək istəmişik və mümkün olmayıbdır. Amma kənarda olanları qınamıram. Biz eyni zamanda mərhələ-mərhələ həll təklifini dərc etdik. Sonra mən Milli Məclisdə dedim ki, biz bunu qəbul etdik, amma Ermənistan qəbul etmədi. Sonra qəbul etdi və buna görə də Ter-Petrosyan öz vəzifəsindən imtina etdi. Bundan sonra belə bir şeyi gətirib ortaya çıxarasan və yenə də deyəsən ki, biz bunun əsasında iş görə bilərik - nə deyim, bundan da ağılsız iş ola bilərmi?

Siz sadəlövh olmayın. Biz indiyə qədər nə mümkündür etmişik. Bu gün də edirik, sabah da edəcəyik. Elə bir yol yoxdur ki, biz onu sınaqdan keçirməyək. Elə bir təklif yoxdur ki, biz ona baxıb öz fikrimizi deyə bilməyək. Əgər indiyə qədər biz bunları edə bilməmişiksə, səbəb odur ki, Ermənistan qeyri-konstruktiv yol tutur. Minsk qrupu, beynəlxalq təşkilatlar isə bu işlə məşğul olaraq Ermənistanı konstruktiv yola gətirməyə məcbur etmirlər, ya da edə bilmirlər. Məsələ bundadır. Ona görə səmərəli işlərlə məşğul olun. Vaxtı belə şeylərə itirməyin və camaatı da çaşdırmayın. Mən Türkiyədə bütün bu məsələlər haqqında ətraflı məsləhətləşəcəyəm. Yəni onlar hər şeyi bilirlər.

Sual: Cənab Prezident, İranın prezidenti Xatəmi Qarabağ münaqişəsinin həllində Tehranın vasitəçiliyini irəli sürübdür. Ermənistan buna tam razı olubdur. Bəs, Azərbaycan necə?

Cavab: Bilirsiniz, əgər sizin xatirinizdədirsə, İran bir dəfə vasitəçilik edibdir. 1992-ci ildə Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti Tehrana getmişdi ki, guya orada İran vasitəçilik etsin. Onlar Tehranda olduğu zaman Ermənistan silahlı qüvvələri Şuşanı işğal ediblər. Siz bunu bilirsiniz, yoxsa yox? Bəlkə də bilmirsiniz. Gedin, onları oxuyun.

Sual: Hörmətli Cümhur başqanım, Baş Qərargah rəisi və digərləri ilə görüşlərinizdə Azərbaycanla Türkiyə arasında hərb sahəsində işbirliyinə dair anlaşma gündəmdə olacaqmı?

Cavab: Bilirsiniz, biz Türkiyənin bütün dövlət orqanlarının rəhbərləri ilə, o cümlədən Baş Qərargah rəisi ilə çox sıx əlaqədəyik, dostluq, əməkdaşlıq əlaqəsindəyik. Nə mümkündür, onu edirik və edəcəyik.

Sual: Cənab Prezident, dediniz ki, biz həmişə...

Heydər Əliyev: Sən haranı təmsil edirsən?

Jurnalist: "Faktor" qəzetini.

Heydər Əliyev: O qədər qəzet var, heç bilmək olmur.

Sual: Siz dediniz ki, biz həmişə sülh yolunu tutmuşuq və sülh tərəfdarıyıq. Əgər sonda Ermənistan tərəfi sülhlə razılaşmasa, biz hansı mövqeni tutacağıq? Müharibə edəcəyikmi, yoxsa, məsələ necə olacaqdır?

Cavab: Mən sənə deyirəm ki, biz müharibə etməyə həmişə hazır olmalıyıq. Bizim ordumuz müharibə etmək üçün günbəgün, ilbəil öz gücünü artırır. Amma müharibə etmək, sizin üçün gedib orada söhbət etmək deyildir.

Sual: Cənab Prezident, Ermənistan tərəfi rəsmən bəyan etdi ki, əgər Azərbaycan müharibə edərsə, Ermənistan Azərbaycanın daha yeddi rayonunu da ələ keçirəcəkdir. Ali Baş Komandan kimi nə deyə bilərsiniz?

Cavab: Onlar hər şey deyə bilərlər. Sağ olun.