Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın "Britiş Petroleum" şirkətinin prezidenti Con Braun ilə görüşdəki söhbətindən - London, Azərbaycan prezidentinin iqamətgahı, 21 iyul 1998-ci il


Con Braun: Cənab prezident, Sizinlə hər bir görüşümə çox şadam və bundan şərəf duyduğumu bildirirəm. Əminəm ki, Sizin Birləşmiş Krallığa bu tarixi səfəriniz Azərbaycan - Böyük Britaniya əməkdaşlığının inkişafında yeni mərhələ açacaqdır.

Mən Xəzərin Azərbaycan sektorundakı "Araz", "Alov" və "Şərq" perspektivli strukturlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında "Bi-Pi/Statoyl" alyansı ilə ARDNŞ arasında sazişin imzalanması mərasimində iştirak etdiyimə görə Sizə öz təşəkkürümü bildirirəm. Rəhbərlik etdiyim şirkət Azərbaycanla bütün sahələrdə əlaqələrinin sıxlaşdı-rılmasına bundan sonra da xüsusi diqqət yetirəcəkdir. Bilirsiniz ki, "Bi-Pi" son vaxtlar Azərbaycanda xeyli iş görmüşdür. Cənab prezident, Sizdən xahiş edirik ki, bizim Bakıdakı yeni qurğumuza məhz Siz ad verəsiniz.

Heydər Əliyev: Mən Sizinlə görüşməyimə şad olduğumu bildirir və Sizin verdiyiniz məlumatdan, söylədiyiniz xoş sözlərdən, respublikamızla bütün sahələrdə əlaqələrinizi daha da genişləndirmək istəyinizdən məmnun qaldığımı vurğulayır və ürəkdən təşəkkür edirəm. Biz Sizin şirkətlə əlaqələrin daha da möhkəmləndirilməsinə tərəfdarıq.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə istismarı ilə əlaqədar xarici ölkələrin ən nüfuzlu neft şirkətlərinin iştirakı ilə 1994-cü ilin sentyabrında tarixi əhəmiyyətli müqavilə imzaladıq. Bu müqaviləyə "Əsrin müqaviləsi" adı verilibdir. Sizin rəhbərlik etdiyiniz şirkət Azərbaycana gələn ilk xarici şirkətlərdəndir? "Əsrin müqaviləsi"ndə "Bi-Pi"nin özünəməxsus payı vardır. Hazırda isə Böyük Britaniyanın Azərbaycanda 100- dən çox şirkəti geniş fəaliyyət göstərir. Birləşmiş Krallıq şirkətlərinin respub-likamızın iqtisadiyyatının inkişafında yaxından iştirak etməsindən çox məmnun qaldığımı vurğulayıram. Bilirsiniz ki, artıq bir neft kəməri - Bakı-Novorossiysk kəməri mövcuddur və 1994-cü ilin sentyabrında imzalanmış müqaviləyə uyğun olaraq konsorsium tərəfindən çıxarılan neft bu boru kəməri ilə ixrac edilir. Bakı-Supsa marşrutu ilə ikinci neft kəməri çəkilir. Supsa Gürcüstanda Qara dəniz limanıdır. Bu iki boru kəməri ilkin neftin ixracı üçün nəzərdə tutulmuşdur. Lakin böyük neft üçün 1994-cü ilin layihəsində əsas neft kəməri çəkilməsi nəzərdə tutulmuşdu. Bu müddətdə neftin ixrac marşrutlarının çox variantları tədqiq edilmişdir. Biz neftin Xəzər hövzəsindən dünya bazarlarına çıxarılacaq əsas boru kəmərini - Bakı-Ceyhan marşrutu ilə Gürcüstan və Türkiyə ərazilərindən Aralıq dənizinə çıxarılmasını zəruri hesab edirik.

Con Braun: Cənab prezident, "Bi-Pi"nin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Sizin müdrik rəhbərliyiniz ilə son illər Azərbaycanda bütün sahələrdə müsbət dəyişikliklər əldə olunmuş, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaranmışdır. Bütün bunları mən çox böyük məmnunluqla qeyd etməyi özümə borc bilirəm.

Heydər Əliyev: Xoş sözlərə görə bir daha təşəkkür edirəm. Ümidvaram ki, ölkələrimiz arasında yaranmış yaxşı münasibətlər əməkdaşlığımızın genişlənməsinə səbəb olacaqdır.