Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan və Fransa Prezidenti Jak Şirakla birgə mətbuat konfransında bəyanatı - 26 yanvar 2001-ci il


Hörmətli xanımlar və cənablar!

Mən çox böyük məmnunluq duyuram ki, bu gün beş saatdan artıqdır Yelisey sarayında, Parisdəyəm və prezident Şirakın bu qədər vaxtını almışam. Cənab prezident, məni Fransaya rəsmi səfərə dəvət etdiyinizə görə də, - bizim çox maraqlı söhbətlərimiz və görüşlərimiz oldu, - bu gün bizə, mən Azərbaycanı nəzərdə tuturam, eləcə də Ermənistana, - düşünürəm ki, prezident Koçaryan da belə hesab edir, - xeyli vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm.

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi xalqımız üçün, müstəqil ölkəmiz üçün tarixi əhəmiyyətli hadisədir. Bu işdə bizə kömək göstərdiklərinə və dəstək verdiklərinə görə cənab prezident Jak Şiraka və Fransanın Avropa Şurasındakı bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm. Bunun da müəyyən dərəcədə rəmzi mənası var ki, bu gün biz cənab prezident Şirakla bu hadisəni, necə deyərlər, qeyd edirik.

Əlbəttə, biz Avropa Şurasında Azərbaycanın qarşısında duran vəzifələr barəsində də çox faydalı fikir mübadiləsi apardıq. Mən bir daha bildirmək istəyirəm ki, biz Avropa Şurasında fəal iştirak etmək və Fransa ilə hər cəhətdən əməkdaşlıq yolu ilə gedəcəyik.

Bu gün Ermənistan prezidenti Koçaryanla mənim aramda təkbətək görüşdə çox faydalı fikir mübadiləsi oldu. Biz təxminən iki saat söhbət etdik və bütün bu vaxt Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınması yollarının axtarışına, qarşılıqlı kompromislərin axtarışına həsr olundu.

Cənab prezident Şirakın iştirakı ilə üçtərəfli görüş çox xoş oldu. Prezident artıq bu barədə danışdı, mən də demək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınmasına dair çox ciddi, mürəkkəb məsələ barəsində üçlükdə də fikir mübadiləsi aparmağımızın bizim üçün, Azərbaycan üçün, bir prezident kimi mənim üçün böyük əhəmiyyəti var. Prezident Koçaryan və mən məsələnin həlli yolunu tapmaq üçün aramızdakı dialoqu davam etdirmək barədə razılığa gəldik. Bu barədə biz - prezident Jak Şirak, prezident Koçaryan və mən - üçlükdə görüş zamanı da danışdıq.

Cənab Fransa prezidenti, mənim üçün çox maraqlı olan bugünkü günə görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm və ümidvaram ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi sizin səyləriniz Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə həlli yolunu tapmaq naminə davam edəcəkdir.

"Azərbaycan" qəzeti, 26 yanvar 2001-ci il