Xalq artisti Firəngiz Əhmədovaya - Bakı şəhəri, 22 sentyabr 1998-ci il


Hörmətli Firəngiz xanım!

Sizi - Azərbaycanın vokal məktəbinin görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycanda klassik opera ifaçılığının inkişafında mühüm rol oynamış böyük sənətkar kimi hörmət qazanmısınız. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarındakı müvəffəqiyyətli çıxışlarınız sizə respublikamızda və onun hüdudlarından kənarda geniş şöhrət gətirmişdir. Güclü və məlahətli səs, böyük zəhmətsevərlik və yüksək səhnə mədəniyyəti ilə səciyyələnən yaradıcılığınız Azərbaycan bəstəkarlarının klassik opera janrında gözəl əsərlər yaratmasına təkan vermişdir. Klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri kimi yaratdığınız Nərgiz, Gülzar, Nigar, Sevil və başqa obrazlar Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.

Sizin kamera-vokal əsərlərin ifaçısı kimi fəaliyyətiniz də yüksək qiymətə layiqdir. Böyük sənətkarlıqla oxuduğunuz mahnı və romanslar musiqisevərlərin yaddaşına həmişəlik həkk olunmuşdur. Yaratdığınız bu nadir sənət inciləri öz təkrarolunmazlığı ilə dinləyiciləri indi də heyran etməkdədir!

Xarici ölkələrə qastrol səfərlərində siz Azərbaycan musiqi mədəniyyətini ləyaqətlə təmsil etmiş, onun şöhrətini daha da artırmısınız. Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyiniz böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olmuşdur. - İnanıram ki, hələ neçə-neçə sənətkar nəsli bu zəngin məktəbdən bəhrələnərək musiqi mədəniyyətimizin inkişafına öz töhfəsini verəcəkdir.

Bu yubiley gününüzdə sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT