Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in baş katibi Yan Kubiş ilə söhbətindən - 21 iyun 2001-ci il


Heydər Əliyev: Cənab ATƏT-in baş katibi, sizi salamlayıram. Sizi görməyimə şadam. Biz sizinlə bu yaxınlarda, doğrudur, Amerika Birləşmiş Ştatlarında gəmidə görüşmüşdük və ATƏT-lə münasibətlərimizə aid problemlər barəsində fikir mübadiləsi aparmaq imkanına malik olmuşduq. Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə nizama salınması məsələlərini müzakirə etmişdik. İndi isə siz Azərbaycana başqa bir məramla gəlmisiniz. Hesab edirəm ki, bu da çox mühüm məsələdir.

Biz bu prosesdə çox fəal iştirak edirik və mən sizinlə bu görüşü çox mühüm hesab edirəm. Biz seminarın uğurlu keçməsi, müəyyən iş görülməsi üçün hər şeyi etmişik.

Yan Kubiş: Cənab prezident, məni qəbul etdiyinizə və fikir mübadiləsi aparmaq imkanına görə Sizə öz təşəkkürümü bildirmək istəyirəm. Mən həqiqətən çox şad idim ki, biz Sizinlə bu yaxınlarda Ki Uestdə Dağlıq Qarabağ münaqişəsindən çıxış yolunun necə tapılmasına dair mühüm danışıqlar aparılan zaman görüşə bildik.

Lakin qeyd etdiyiniz kimi, mən bu dəfə buraya, ölkənizə başqa məramla gəlmişəm və çox mühüm mövzuda - yüngül atıcı silahın yayılmasına yol verilməməsi mövzusunda seminarda iştirak etməkdən olduqca böyük məmnunluq duyuram. Bu, olduqca ciddi problemdir və təbii ki, bəzi regionlarda özünü daha çox göstərir. Gizlətmirik, bu region da belə silahla doludur, amma o, ATƏT-in üzvü olan dövlətlərin ərazisində yeganə region deyildir. Odur ki, bir təşkilat olaraq ATƏT nazirlərin ötən ilin noyabrında Vyanadakı axırıncı iclası ərəfəsində mühüm sənəd qəbul etmişdir. Bu sənəddə belə silahın nəzarətsiz şəkildə yayılmasına mane olmalı olan prinsiplər və tədbirlər öz əksini tapmışdır.

İndiki seminar həmin sənədin yerinə yetirilməsinə yönəldilmiş, ümumiyyətlə, ilk belə tədbirdir. Burada Azərbaycan İsveçrə ilə birlikdə yol açırlar. İdeyaca burada həqiqətən ATƏT dövlətləri ilk dəfə nəinki müvafiq sənədlərdən danışır, həm də onlarla əlaqədar görülməli işləri, onları necə həyata keçirməyi müzakirə edirlər.

Zənnimizcə, eynilə çox mühüm olan ikinci məsələ barəsində. Bu seminar elə həmin məsələləri - yüngül atıcı silahların qanunsuz yayılması və ticarəti məsələlərini müzakirə etməli olan BMT-nin ümumdünya konfransına hazırlıqda müəyyən addımdır. Həmin konfrans iyulda Nyu-Yorkda keçirilməlidir.

Mən seminarın açılışındakı çıxışımda belə bir təşəbbüsün nə dərəcədə ciddi olduğunu vurğuladım. Bu təşəbbüs münasibətilə Sizi və dövlətinizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu, çox ciddi təşəbbüsdür. Təbii ki, buraya gəlməyim mənə ATƏT-in ofisinin işi ilə tanış olmaq imkanı verdi. Bildiyiniz kimi, bu yaxınlarda Sizin razılığınızla və əməkdaşlığınız şəraitində ATƏT burada öz bürosunu açmışdır. Büro fəal işləyir və cənab nazir Vilayət Quliyevlə görüşümüz zamanı o təsdiqlədi ki, həqiqətən əməkdaşlıq edilir və bu, çox yaxşı əməkdaşlıqdır. Biz cənab nazirlə bu ofisin fəaliyyətini daha praqmatik edə biləcək addımları müzakirə etdik. Ofis bu günlərdə yeni binaya köçür. Mən həmin binaya baxdım, çox xoşuma gəldi. O burada, yaxınlıqda, mərkəzdə yerləşir. Bina çox gözəldir, ətrafdakı binaların arxitekturasına uyğundur. Deməliyəm ki, yaxşı abadlaşdırılmışdır. Zənnimcə, orada işləmək və sizinlə əməkdaşlıq etmək bizim üçün çox xoş olacaqdır. Biz bu binaya köçəndə Avropa Şurasından olan həmkarlarımıza da orada yer tapmağı planlaşdırırıq. Əlbəttə, əgər istəsələr.

Heydər Əliyev: Mən belə düşünürdüm ki, onlar müstəqil fəaliyyət göstərəcəklər.

Yan Kubiş: Onlar müstəqildirlər, lakin biz işi əbəs yerə təkrarlamamaq, diqqət və vəsaiti hədər yerə sərf etməmək üçün proqramlarımızı həmişə Avropa Şurası ilə birlikdə müzakirə etməyə çalışırıq. Çünki bütün bunlar hər halda sizin vəsaitinizdir, sizin hamınız elə həmin təşkilatların üzvüsünüz. Beynəlxalq məmurlar olaraq biz maliyyə vəsaitinə qənaətlə yanaşmalıyıq. Bir sözlə, burada mənə bizim bu böyük büro çərçivəsində daha bir ofis də göstərdilər. Əgər Avropa Şurasından olan həmkarlarımız istəsələr, oraya köçərək bizimlə birlikdə işləyə bilərlər. Qərarı onlar qəbul etməlidirlər.

Cənab prezident, sözün düzü, burada gördüklərim məni sevindirdi. Təəssüf ki, mən Bakıda axırıncı dəfə çoxdan, 1992-ci ildə olmuşam. Onda çox ağır vaxt idi. Şəhərin indiki görünüşünü o vaxtkı ilə müqayisə edərək deməliyəm ki, Bakı o zaman da gözəl görünürdü, amma indi qat-qat gözəldir, dinamik həyat yaşayır. Bu, mənim şəxsi təəssüratımdır. Görüşümüzdə öz təəssüratımdan söhbət açdığıma görə üzr istəyirəm. Lakin mən nəinki təkcə işlərdən danışmaq, həm də öz gözəl təəssüratımı Sizinlə bölüşmək istəyirəm. Bu da dövlətin inkişafına sübutdur.

Təbii ki, cənab nazirlə biz Azərbaycan və ATƏT arasında əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı bir sıra məsələləri də müzakirə etdik. Biz dedik ki, ATƏT-in "ikinci səbəti" üzrə əməkdaşlığa, yəni iqtisadi münasibətlərə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox dinamizm verməliyik. Təşkilatımız burada yeni, daha dinamik layihələr hazırlayır. Dedik ki, burada TRASEKA-nın katibliyi fəaliyyət göstərir, biz onlarla əlaqə yaratmalı, bu iki təşkilatın necə əməkdaşlıq edə biləcəyini nəzərdən keçirməliyik.

Biz birlikdə, həqiqətən daha əməli surətdə işləyə biləcəyimiz digər sahələrlə bağlı olan bir sıra digər məsələləri də müzakirə etdik. Bir sözlə, səfərimin məqsədi və müəyyən təəssüratım, qısaca olaraq, belədir. Sizinlə görüşmək və fikir mübadiləsi aparmaq imkanına görə Sizə bir daha təşəkkürümü bildirirəm. Cənab prezident, gizlətmirəm, məni ATƏT-lə əməkdaşlığı inkişaf etdirmək barədə Sizin rəyiniz, bu istiqamətdə nə kimi fikirlər söyləyəcəyiniz, hansı işləri görməli, diqqətimizi hansı məsələlər üzərində cəmləşdirməli olduğumuz barədə fikirləriniz maraqlandırır. Təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Bir daha demək istəyirəm ki, ATƏT-in təşəbbüsünü və indiki halda, yüngül atıcı silah barəsində mühüm məsələ, onun yayılmasının qarşısını almaq tədbirləri üzrə fəaliyyətini alqışlayıram. Bu, həqiqətən belə bir məsələdir ki, indi qorxulu, təhlükəli xarakter alır. Böyük dövlətlər həmişə strateji təyinatlı silah məsələləri ilə məşğul olurlar. Adi silahlarla bağlı məsələlər üzrə şuralar var. Orada biz də iştirak edirik. Söhbət tanklardan və digər elementlərdən gedir.

Hazırda yüngül atıcı silahdan çox geniş istifadə edilir və bu silah yayılır, satılır, alınır və onlardan bütün bu silahlı münaqişələrdə - etnik və başqa münaqişələrdə geniş istifadə olunur. Şükür ki, indi biz Ermənistanla atəşkəs vəziyyətindəyik. Halbuki 1994-cü ilədək, müharibə gedən vaxtlarda bu silah burada çox böyük rol oynayırdı.

Ümumiyyətlə, münaqişə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın ölkəmizdən qoparılması məqsədilə yaranmışdır. Bununla yanaşı, münaqişə zamanı mübahisə etmək, müzakirə etmək olardı, amma bu münaqişə tez bir zamanda hərbi münaqişəyə çevrildi. Ona görə hərbi münaqişəyə çevrildi ki, erməni tərəfi silahlanmışdı.

Xatirimdədir, artıq o vaxt Sovet İttifaqında yenidənqurma prosesi və bəzi digər proseslər insanların silah əldə etməsinə gətirib çıxarmışdı. Halbuki o vaxtlar bu, sovet qanunvericiliyi ilə qadağan edilmişdi. Qorbaçov bütün silahın təhvil verilməsini tələb edən fərman imzalamışdı. Lakin bu fərman təkcə Ermənistana və Azərbaycana deyil, digər regionlara da aid idi. Bəs əslində nə oldu? Qorbaçovun bu fərmanı Ermənistanda yerinə yetirilmədi, Azərbaycanda isə bu işdə o dərəcədə canfəşanlıq göstərdilər ki, hətta məktəblərdə hərbi hazırlıq işinin öyrədildiyi təlim silahı da yığışdırıldı. Halbuki bu silah münaqişənin başlanması üçün böyük rol oynaya bilməzdi. Erməni tərəfi isə artıq silahlanmışdı.

Əslinə qalsa, bu, onların kifayət qədər silaha malik olmasının səbəblərindən biridir. Orada Sovet İttifaqı prezidentinin fərmanını yerinə yetirmədilər, bu prezident isə buna heç cür məhəl qoymadı, Ermənistan barəsində lazımi tədbirlər görmədi. Buna görə də onlar silah sarıdan, şübhəsiz, üstünlüyə malik idilər və bu münaqişəni törətdilər. Mən 12 il əvvəl baş vermiş əhvalatı xatırlayıram. İllər ötdükcə bu silah daha çox yayılmağa başladı və bu, artıq adi bir hala çevrildi.

Məsələn, mən hesab etmirəm ki, bu, başqa ölkələr üçün səciyyəvi idi. Bizim ölkəmiz də bu proseslərdən kənarda qalmadı.

Dediniz ki, siz burada 1992-ci ildə olmusunuz. 1991-ci ildə burada, Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə qeyri-sabit idi. Belə qeyri-sabitlik, hər şeylə yanaşı, onun nəticəsində yaranmışdı ki, adamlarda çoxlu silah vardı, avtomat vardı, tapança vardı və digər növ silahlar vardı. Dövlət də daha buna nəzarət etmirdi.

Yadımdadır, 1990-cı ildə mən Moskvadan Bakıya gələndə burada qalıb yaşaya bilmədim və Naxçıvana getməli oldum. Oraya gəlib gördüm ki, dinc adamlarda silah var. Doğrudur, hərə bunu özünümüdafiə üçün saxlayırdı. Çünki artıq münaqişə başlanmışdı. O vaxtlar silah almaq mümkün idi. Amma hansı məqsədlə? Ola bilsin ki, bəziləri silahı o qarmaqarışıq dövrdə, qanunsuzluğun baş alıb getdiyi və silahdan istifadə edərək çoxlu cinayətlər törədildiyi dövrdə özünümüdafiə məqsədilə alırdılar. Sonra isə insanlar silahdan müxtəlif cinayətkar məqsədlərlə istifadə etməyə başladılar. Bu da keçmişdən bir epizoddur. Bu gündən danışmalı olsaq, deməliyəm ki, münaqişələr bu növ silahdan başlayır. Tanklardan, toplardan və hər hansı digər növ silahlardan bunlara malik olan müvafiq dövlətlər istifadə edə bilərlər. Bir tərəf digər tərəfə hücum edəndə isə əsasən yüngül atıcı silahdan istifadə olunur.

Ona görə də indi bu məsələnin gündəliyə çıxarılması və Azərbaycanın ona böyük əhəmiyyət verməsi, ATƏT-in bununla məşğul olması və sizin burada seminar keçirməyi qərara almağınız çox böyük diqqətə layiqdir. Mən bunu alqışlayıram. Yenə də öz respublikamızın, öz ölkəmizin təcrübəsinə əsasən deyə bilərəm ki, 1990-cı ildən vətəndaş müharibəsinin başlandığı 1993-cü ilədək burada əsasən avtomatlardan, digər növ yüngül silahdan istifadə edilirdi. Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması haqqında razılığa gələndən sonra Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün, ayrı-ayrı vətəndaşlarda qanunsuz saxlanılan silahları yığışdırmaq üçün bizə bir neçə il vaxt lazım oldu. Təsəvvür edin ki, hüquq-mühafizə orqanlarımız - Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi bu gün də müxtəlif yerlərdən silahlar aşkara çıxarırlar. Ayrı-ayrı adamlar nə vaxtsa malik olduqları silahdan gələcəkdə istifadə etmək üçün onu torpağa basdırmışlar. Bu yaxınlarda bir işin üstü açılmış, çoxlu avtomat, qumbaraatan, mərmi, qumbara və başqa silah gizlədilmiş yer aşkara çıxarılmışdır.

Ona görə də indi bu məsələ ümumdünya əhəmiyyətinə malikdir. İstərdik ki, ATƏT bu işlə məşğul olsun, elə səmərəli tədbirlər görsün, elə nəzarət həyata keçirsin ki, irili-xırdalı hər cür münaqişələrin, ümumiyyətlə hərbi əməliyyatların başlanmasında böyük təhlükə olan bu növ silah nəzarət altında olsun. Bu, çox yaxşı olardı.

ATƏT ilə bizim əməkdaşlığımıza gəldikdə, dediniz ki, burada nümayəndəliyinizin olmasından razısınız. Biz bu nümayəndəliklə fəal əməkdaşlıq edirik. Onların yaxşı binası var. Bu bina sizin də xoşunuza gəldi və siz orada Avropa Şurasının da nümayəndəliyini açmaq istəyirsiniz. Bu, fəal əməkdaşlığımızın göstəricisidir.

Lakin bununla yanaşı, ATƏT-lə əməkdaşlığımız bizə ən çox Ermənistan - Azərbaycan münaqişəsinin nizama salınması və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, bir milyon insanın öz yaşayış yerlərinə qayıtması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün gərəkdir. ATƏT bu məsələlərlə 1992-ci ildən məşğul olur.

1992-ci ildə sizin burada ATƏT-in xətti ilə olub-olmadığınızı bilmirəm.

Jan Kubiş: Bəli, ATƏT-in xətti ilə olmuşam.

Heydər Əliyev: Bax, görürsünüzmü, deməli, siz bu baxımdan böyük staja və daha çox biliyə maliksiniz. 1992-ci ildə məhz ATƏT Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə nizama salınması üçün Minsk qrupunu, Minsk Konfransını yaratdı. İndi artıq 2001-ci ildir, münaqişə isə nizama salınmayıbdır. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, bu yerlərdən didərgin düşmüş bir milyon adam çadırlarda çox ağır şəraitdə yaşayır, ərazimizi işğal etmiş olan Ermənistan beynəlxalq hüquq normalarını tamamilə pozmuş, tapdalamışdır. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmışdır.

Biz bununla əlaqədar ATƏT-in üzvləri ilə çox danışıqlar aparmışıq. Mən ATƏT-in 1994-cü il Budapeşt sammitini də, - orada biz sanki irəliləmişdik, - 1996-cı il Lissabon sammitini də xatırlayıram. Lissabon sammitində Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınması haqqında xüsusi bəyanatda nizamasalmanın prinsipləri müəyyənləşdirildi və bu, bizi qane edirdi. Amma Ermənistan tərəfi Lissabon sammitinin bu bəyanatını çox pis qarşıladı. Sonra isə Ermənistan tərəfi Lissabon sammitinin prinsiplərindən irəli gələn iki təklifi də rədd etdi. Bilirsiniz ki, bu, 1997-ci ildə olmuşdur. Ona görə də ATƏT-lə əməkdaşlıqdan istədiyimiz başlıca şey bu məsələnin həll edilməsidir.

Digər bütün məsələlərin - demokratiyanın da, insan hüquqlarının da, seçki məsələlərinin də və başqa məsələlərin də əhəmiyyəti var. Biz bu istiqamətdə də əməkdaşlıq edirik və edəcəyik, irəliləyirik və irəliləyəcəyik. Lakin böyük sıçrayışlar etmək çətin ki, mümkün olsun. Ancaq biz irəliləyirik. Bizim üçün başlıcası münaqişənin həll edilməsidir. Qonşu ölkə ilə münaqişə nizama salınmayıbsa, işğal olunmuş ərazilər azad edilməyibsə, bir milyon insan öz yaşayış yerlərinə qayıtmayıbsa, başqa məsələlər Azərbaycan prezidenti kimi mənə çox xırda görünür. Məsələn, burada seçkilər düzgün keçirildi və ya düzgün keçirilmədi, seçkilər zamanı hansı səhvlərə yol verildi, yaxud hansısa bir insanın hüququ pozuldumu?

Amma artıq neçə illərdir bir milyon insanın hüquqlarının pozulmasını beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT nədənsə öz fəaliyyətindən kənar olan məsələlər hesab edirlər. Mən ATƏT-dən, bax, bunu istəyirəm və bu görüşdəki imkandan istifadə edərək bunu sizə deyirəm.

Yan Kubiş: Cənab prezident, təşəkkür edirəm. İcazə verin, münaqişənin həlli barədə eşitdiklərim haqqında rəyimi qısaca olaraq bildirim. Bu, mənim şəxsi baxışımdır, çünki bu məsələlərlə bilavasitə cəlb olunmamışam. Hesab edirəm, xüsusən son vaxtlardakı irəliləyişlər, Ki Uest danışıqlarında müşahidə etdiklərim göstərir ki, bu proseslər çox yaxşı potensiala malikdir. Mən danışıqların necə irəliləməsinin çox müsbət təsiri altında idim. Əgər düzgün başa düşmüşəmsə, danışıqlar zamanı da, həmsədrlər birbaşa cəlb ediləndən sonra da müəyyən konturlar meydana gəlmişdir. Bilirəm ki, hazırda həmsədrlər məsləhətləşirlər və bu günlərdə onların görüşü keçirilməlidir, nə kimi növbəti addımlar atılması barədə düşünürlər.

Heydər Əliyev: Onlar harada görüşürlər?

Yan Kubiş: Onlar Maltada görüşməlidirlər. Onlar ATƏT-in indiki sədri, Rumıniyanın xarici işlər naziri cənab Coane ilə görüşmək üçün gələn həftənin bazar ertəsi, çərşənbə axşamı günlərində Buxarestdə olacaqlar. Bilirəm ki, bu məsələləri digər formatlar çərçivəsində Siz də müzakirə edirsiniz. Bu yaxınlarda MDB sammiti çərçivəsində dörd prezidentin görüşü keçirildi, mən onu yalnız sənədlər əsasında izləyə bildim. Elə həmin sənədlərdən də gördüm ki, bu məsələlərin müzakirəsi getmişdir.

Lakin Minsk qrupunun həmsədrlərinə qayıdaraq deməliyəm ki, bu, ATƏT-in özüdür, ATƏT-in bir vasitəsidir. Ona görə də bir təşkilat olaraq biz bu işə yaxından qoşulmuşuq. Getdikcə fəallaşmağımız göz qabağındadır. Ki Uestdən sonra mən bu iclaslardan müəyyən müsbət təəssüratla getdim. Ümidvaram ki, işlər bundan sonra da məhz bu səpkidə inkişaf edəcəkdir.

O ki qaldı əməkdaşlığın digər sahələrinə, təbii ki, məsələlər meydana çıxacaqdır. İş transformasiya, dəyişikliklər prosesində olduqda mükəmməlliyə bir dəfəyə nail olmaq mümkün deyildir. Bu, qeyri-mümkündür. Məsələlər də, arzular da, tənqid də olacaqdır. Bizim keçdiyimiz nə varsa, bunlar konstruktiv dialoqdur. Cənab prezident, Siz özünüz dediniz ki, reaksiya gedir. Qarşıya məsələlər çıxanda Azərbaycan tərəfi müəyyən tədbirlər görür, amma hər şey birdən-birə olmur. Zənnimcə, bu, məhz elə münasibətdir ki, o, gələcəkdə fayda gətirəcəkdir. Hamısı birlikdə götürüldükdə dövlətin müəyyən imicinin və mövqeyinin tərkib hissələridir və təbii ki, bunlar dövlətin onu daha çox maraqlandıran proseslərə nüfuz etmək imkanlarına təsir göstərir. Bütün bunların bir-biri ilə müəyyən dərəcədə qarşılıqlı əlaqəsi var. Əlbəttə, Sizin ümdə məsələni nədə görməyinizi başa düşürəm və bu barədə mən Sizinlə razıyam.

Bir daha deyirəm ki, ATƏT münaqişənin həlli sahəsində də, digər sahələrdə də əməkdaşlığa hazırdır və əməkdaşlıq edəcəkdir. Siz insan hüquqlarını, demokratikləşdirməni, seçkiləri dediniz. Mən isə iqtisadi, ətraf mühitin mühafizəsi məsələlərini də əlavə edirəm. İndi biz yüngül atıcı silahın yayılmasının qarşısını almaq məsələlərini müzakirə edirik. Bunun əhatə dairəsi genişdir. Bu, ATƏT-in təhlükəsizlik problemlərinə kompleks yanaşması və baxışı ilə uyğun gəlir. Əməkdaşlıq sahəsi genişdir və onu bütün istiqamətlərdə inkişaf etdirmək olar.

Bizim bu seminara gəldikdə, - o, sizin bizimlə birgə seminarımızdır, - bu, tək bir təşkilatın, yaxud bir və ya bir neçə dövlətin məsələsi deyildir. Bu seminar Avroatlantika Tərəfdaşlığı Şurası ilə birlikdə təşkil olunur. Belə bir format NATO ilə tərəfdaş dövlətlər arasında siyasi dialoqa təkan verməlidir. Zənnimcə, ATƏT-in və Avroatlantika Tərəfdaşlığı Şurasının bu sahədə əməkdaşlıq etməsi də çox vacibdir. Bu, ciddi təşəbbüsdür və BMT-nin ümumdünya konfransına hazırlığın mərhələlərindən biridir. Avropa Şurasından danışarkən mənə elə gəlir ki, biz hələ də hamımızın qarşısında duran məsələlərə daha böyük təsir göstərməyə nail olmaq üçün bütün dövlətlərin potensialından istifadə edə bilərik və etməliyik.

Cənab prezident, mən əsas məsələnin həlli barəsində həqiqətən nikbin olmaq istəyirəm. Əsla şübhə etmirəm ki, Minsk Konfransının həmsədrləri Sizinlə, iki prezidentlə birlikdə məsələnin həlli yollarını tapacaqlar. Əlbəttə, onlar başlıca prinsiplərə əsaslana bilər və əsaslanmalıdırlar. Lakin onlar yalnız ciddi şəkildə müəyyən kompromislərə əsaslana bilərlər. Kompromislərsiz bu vəziyyətdən çıxış yolu olmayacaqdır. Nə kimi kompromislər - daha bunu demək, bu barədə mühakimə yürütmək mənlik deyildir. Bunu, həqiqətən, Siz və Minsk qrupunun həmsədrləri həll etməlisiniz.

Heydər Əliyev: Sağ olun.