Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri (23-27 yanvar 2001-ci il)


23-27 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya üçüncü rəsmi səfərini edib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 24-də Yelisey sarayında Fransa Prezident Jak Şirak ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Fransa arasında möhkəm təməl üzərində qurulan əməkdaşlığın gündən-günə inkişaf etməsini yüksək dəyərləndirən Prezident Jak Şirak əminliklə söyləyib ki, Prezident Heydər Əliyevin Fransaya bu rəsmi səfəri ölkələrimizin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni güclü təkan verəcəkdir.

Prezident Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətindən ətraflı söhbət açaraq problemin tezliklə həlli sahəsində Fransa dövlətinin və Prezident Jak Şirakın səylərini yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə həmçinin beynəlxalq aləmdə, regionda vəziyyət və bir sıra digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb. Prezident Heydər Əliyev Fransa parlamentində «erməni soyqırımı» barədə qəbul edilən sənədlərə mənfi münasibətini bildirib, bu barədə öz tənqidi fikirlərini söyləyib. Prezident Jak Şirak Prezident Heydər Əliyevin bu barədə fikirlərinə böyük diqqət göstərib, həmin sənədlər barədə deyilən tənqidi nəzərə aldığını bildirib.

Elə həmin gün Fransa Respublikasının Prezidenti Jak Şirakın adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

Görüş və rəsmi qəbul başa çatdıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Fransa Prezidenti Jak Şirak Yelisey sarayı qarşısındakı meydana toplaşan jurnalistlər önündə bəyanatla çıxış ediblər. Azərbaycan Prezident Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətindən ətraflı söhbət açaraq problemin tezliklə həlli sahəsində Fransa dövlətinin və Prezident Jak Şirakın səylərini yüksək qiymətləndirib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Parisdə onun üçün ayrılmış iqamətgahda Fransa–Azərbaycan Ticarət Palatasının prezidenti Serj Buadve, palatanın vitse-prezidenti Azər Mərd və bu ölkənin Bakıdakı keçmiş səfiri Jan Perrən ilə görüşüb. Sonra Prezident Heydər Əliyev türkiyəli jurnalistlərin – TRT, TQRT televiziyalarının və «Sabah» qəzeti müxbirlərinin suallarına cavab verib.

Yanvar 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev deyib:“Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə və xalqımıza doğru uzadılan dost əli kimi qiymətləndiririk və ona görə də bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq”.

Həmin gün Prezidenti Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edərək, Azərbaycan Respublikasının bu təşkilata daxil olmasında göstərdikləri dəstəyə görə Avropa Şurası Parlament Assambleyasının üzvlərinə və Avropa Şurasının üzvü olan dövlətlərə Azərbaycan xalqı adından minnətdarlığını bildirib. Bundan sonra, Avropa Şurasının Baş katibi Valter Şvimmer ilə görüşüb. Söhbət zamanı Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin perspektivləri və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti Heydər Əliyevin həmin gün Avropa Şurasi Parlament Assambleyasının sədri lord Rassel Conston, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Latviyanın xarici işlər naziri İndulis Berzinş ilə, İnsan hüquqları üzrə Avropa məhkəməsinin prezidenti Luçius Vildbaxer ilə də görüşüb.

Strasburqda – Avropa sarayında Avropa Şurası Parlament Assambleyasının sədri lord Rassel Constonun və Avropa Şurası Nazirlər Komitəsinin sədri İndulis Berzinşin adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil olunub.

Daha sonra Strasburqda, Avropa Şurasının binasında Azərbaycan Prezidenti Heydər Əliyevin və Ermənistan Prezidenti Robert Köçəryanın birgə mətbuat konfransi keçirilib.

Yanvarın 26-da Parisdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Ermənistan Prezidenti Robert Köçəryanın təkbətək görüşü olub. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi barədə ətraflı müzakirə aparan prezidentlər kompromis variantların tapılması barədə dialoqların davam etdirilməsinin vacibliyini bildiriblər.

ATƏT-in və onun Minsk qrupu həmsədrlərinin Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində fəaliyyətini nəzərdən keçirən dövlət başçıları bu istiqamətdə səylərin daha da sürətləndirilməsinin zəruriliyini vurğulayıblar, Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların bundan sonra da davam etdirilməsi haqqında yekdil fikirdə olduqlarını təsdiq ediblər.

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevin, Fransa Prezidenti Jak Şirakın və Ermənistan Prezidenti Robert Köçəryanın görüşü keçirilib. Görüş zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsinin müzakirəsinə geniş yer ayıran dövlət başçıları Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa görüşlərin davam etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.

Bakıda jurnalistlərə verdiyi müsahibəsində Prezident Heydər Əliyev Fransaya rəsmi səfərini Azərbaycan xalqı üçün, Azərbaycan Respublikası üçün çox uğurlu, çox əhəmiyyətli, tarixi əhəmiyyətə malik olan bir səfər kimi qiymətləndirib.