ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı (6 dekabr 1994-cü il) sənədinə tarixi arayış


6-7 dekabr 1994-cü ildə Heydər Əliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Macarıstanın paytaxtı Budapeşt şəhərində 4-cü zirvə toplantısında iştirak edib. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - ATƏT-ə çevrilib. Budapeşt sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınıb və ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq eldə edilib. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə qəbul edilib. Budapeşt sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YS PQ) təsis olunub.