İsraildə yaşayan keçmiş Azərbaycan Vətəndaşları Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış və çapdan çıxmış - Axundov adına Respublika Dövlət Kitabxanası, 4 mart 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bu gün mən Azərbaycan-İsrail dostluq cəmiyyətinin dəvətini qəbul edərək buraya gəlmişəm. Fürsətdən, yəni İsraildə nəşr olunmuş kitabın təqdimatından istifadə edərək Azərbaycan Respublikası ilə İsrail arasında qarşılıqlı əlaqələrə münasibətimi bildirmək istəyirəm. Bu gün elə hadisə baş verir ki, bəlkə də bir neçə il əvvəl bunun mümkünlüyünə inanmaq çətin olardı. Bizim sevimli aktrisamız Dina Tumarkina 1974-cü ildə çəkilmiş fotoşəkili təqdim etdi. 22 il ötmüşdür. Təsəvvür etmək olardımı ki, illər ötdükdən sonra dünya bu qədər dəyişəcəkdir. O zaman, biz sosialist dövləti rejimində yaşayarkən kim xaricə yaşamağa gedirdisə, üstəlik bunu qanunlardan yan keçməklə edirdisə, o, cinayətkar sayılır, yaxud da dövlətin və cəmiyyətin yanında heç bir hörməti olmayan adama çevrilirdi. Vaxt var idi ki, Sovetlər İttifaqından adamların müxtəlif ölkələrə, o cümlədən İsrailə getmələrinə mane olurdular. Xaricə getmək cəhdləri dövlət əleyhinə hərəkət kimi qiymətləndirilirdi. İndi böyük dəyişikliklər baş veribdir. Bunlar təbiidir, bütün dünyada baş verən təbii ictimai-tarixi inkişafın nəticəsidir. Bu dəyişikliklər bir çox xoşagəlməz hallar, çoxlu mürəkkəb problemlər doğurubdur. Bununla belə azadlıq, müstəqillik gətiribdir, şəxsiyyətin, insanın həqiqi azadlığını təmin etmək üçün şərait yaradılıbdır. Bunun müsbət və mənfi cəhətlərini müqayisə edəndə görürsən ki, müsbət olanlar mənfilərdən daha çoxdur. Hamımızın birlikdə yaşadığımız həmin əmin-amanlıq illəri ilə müqayisədə nə qədər mürəkkəb, nə qədər çətin olsa da, biz baş vermiş bütün bu hadisələri müsbət, tarixi prosesə, təbii-ictimai tarixi dəyişikliklərə uyğun olan hadisələr kimi qiymətləndirməliyik.

İndi tamamilə başqa şərait, başqa vəziyyətdir. Azərbaycanda, Bakıda doğulmuş insanlar bizə qonaq kimi gəlirlər və deyirlər ki, İsraildə, iyirmi il əvvəl olanlardan ötrü tamamilə bağlı olan ölkədə, bəzi məlumatlara görə, Azərbaycandan gedən 30 min, 50 və ya 60 min adam yaşayır. Əksəriyyəti Azərbaycanda doğulub boya-başa çatan, burada təhsil alan, formalaşan adamlar indi İsraildə yaşayırlar. Hərə öz həyatını yaşayır, lakin İsraildə yaşayan keçmiş azərbaycanlıları əhatə edən cəmiyyətdə birləşiblər. Mən hesab edirəm ki, bu da Azərbaycanın bir hissəsidir. Həmyerlilərimizin buradan getdiyi vaxtdan beş il, yaxud on il keçsə də, əminəm ki, onlar özlərini Azərbaycan torpağı, Azərbaycan xalqı, gözəl Bakı şəhəri ilə birləşdirən hisslərdən heç cür ayrıla bilmirlər.

Hesab edirəm ki, bu mənada biz İsraildə yaxşı diaspor və yaxşı lobbi əldə etmişik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, buradan gedərək hazırda İsraildə yaşayanların hamısı bu dövlətin qarşısındakı vətəndaşlıq borcları ilə yanaşı, doğulduqları, təhsil, ixtisas aldıqları, təcrübə əldə etdikləri, yəni əvvəllər onlara tanış olmayan ölkədə yaşayıb-işləməkdə kömək edən baza qazandıqları torpağın - Azərbaycanın mənafeyini də qoruyacaq və müdafiə edəcəklər.

Bu mənada hesab edirəm ki, İsraildəki bu cəmiyyət, həmin Azərbaycan diasporu ölkəmiz haqqında həqiqəti dünyaya çatdırmaq üçün təkcə İsraildə deyil, həm də başqa ölkələrdə bizdən ötrü böyük dayaqdır. Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırmağa bizim çox ehtiyacımız var. Dörd il öncə Azərbaycan özünün dövlət müstəqilliyini əldə edibdir. Bu, tarixi hadisə, bizim tarixi nailiyyətimizdir, onu yüksək qiymətləndirir, qoruyur və əbədi olaraq qoruyacağıq.

Eyni zamanda sizə məlumdur ki, səkkiz il öncə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayıb və bu təcavüz torpağımıza, ölkəmizə, xalqımıza hədsiz zərər vurubdur. Biz insanlarımızı itirmişik, Azərbaycan torpaqlarının bir qismi işğal edilibdir. İşğal olunmuş ərazilərdən bir milyondan artıq vətəndaşımız zorla qovulub və indi çox ağır vəziyyətdə yaşayırlar. Bu gün biz müharibə vəziyyətindəyik. Bununla belə, biz döyüşləri dayandırmağa, barışıq haqqında sazişə nail ola bilmişik, 21 aydır ki, atəşkəs davam edir. Biz sülhsevər ölkəyik. Regionumuzda sülhü möhkəmləndirməyi, münaqişəni dinc yolla aradan qaldırmağa nail olmağı qarşımıza məqsəd qoymuşuq. Lakin bütün bunlar asan deyildir, çünki Azərbaycan haqqında əsl həqiqətləri dünyanın heç də hər yerində bilmirlər. Mən açıq deyirəm, hətta son vaxtlar müxtəlif dövlətlərin ayrı-ayrı nümayəndələri ilə görüşlərim zamanı getdikcə daha çox aydın olur ki, Ermənistan ilə Azərbaycan arasında baş verən hadisələrin heç də hamısı dünyanın digər ölkələrində yaxşı məlum deyildir.

Bu günlərdə mən ATƏT-in indiki sədri, İsveçrənin Xarici İşlər naziri cənab Kotti ilə görüşdüm. Geniş söhbətimiz oldu. Lakin mən bir cəhətə xüsusi diqqət yetirdim. O deyir: Sizin danışdıqlarınızın çoxunu Qərbdə heç də hamı bilmir. Çalışın ki, sizin haqqınızdakı həqiqəti, yəni respublikanız, Azərbaycan barədə, burada, Azərbaycanda baş verən hadisələri daha çox bilsinlər, mən Ermənistan ilə Azərbaycan arasında baş verən, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hadisələri nəzərdə tuturam. Bu, bir faktdır, amma belə faktlar çoxdur. Mən bunlarla tez-tez rastlaşıram və ona görə də bu gün diqqəti bir məsələyə xüsusi cəlb edirəm ki, İsraildəki Azərbaycan diasporu, yəni Azərbaycan cəmiyyəti, həmyerlilərimiz, Azərbaycandan getmiş dostlarımız ölkəmiz haqqında, bu münaqişə, Ermənistanın təcavüzü haqqında həqiqəti deyəcəklər. Özü də təkcə İsraildə deyil, öz imkanları daxilində başqa ölkələrdə, bütün dünyada da deyəcəklər. Hesab edirəm ki, dostlarımızın belə imkanları var.

Axı sizlərdən bir çoxunuz Azərbaycanı, Bakını məhz Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün başlanması ilə əlaqədar burada vəziyyətin mürəkkəbləşdiyi vaxtdan tərk etmisiniz. Əlbəttə, mən doğma diyarımızdan getdiyinizə görə heç birinizi qınamıram. Bayaq dedim ki, son illərdə, son onillikdə gedən proseslərin böyük nəticəsi budur ki, insan azad olmuşdur. O, güzəranının harada yaxşı keçəcəyi yeri sərbəst seçə bilər. Eyni zamanda bir faktdır ki, siz, mən buradan İsrailə, başqa ölkələrə gedənləri nəzərdə tuturam, əsasən ona görə getmisiniz ki, burada vəziyyət mürəkkəbləşmiş, Azərbaycana qarşı hərbi təcavüz başlanmış, çox mürəkkəb proseslər, hadisələr cərəyan etmiş, təkcə cəbhəyanı ərazilərdə deyil, Azərbaycanın digər bölgələrində də qan tökülmüşdür. Təbii ki, belə vəziyyətdə bir çoxları yaşayış yerini dəyişməyi qərara almış, o cümlədən siz də İsrailə getmisiniz. Mən bunu xatırladıram, lakin siz İsraildəki həmyerlilərimizsiniz və özünüz bilirsiniz Qafqazda, xüsusən Ermənistan ilə Azərbaycan arasında nə baş vermişdir və indi nə baş verir?

Əminəm ki, bu cəmiyyətin - Azərbaycandan gedərək İsraildə yaşayanların şəxsində bizim yaxşı dayağımız var. Biz Azərbaycanda sizə, sizin cəmiyyətinizə böyük hörmət bəsləyirik. İsrail-Azərbaycan dövlətlərarası münasibətlərindən əlavə, biz hər bir həmyerlimizlə və ümumən sizin cəmiyyətinizlə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Əmin ola bilərsiniz ki, bizim tərəfimizdən həmişə ən xoş, ən ehtiramlı münasibətlə qarşılaşacaqsınız.

Mən burada eşidəndə ki, Azərbaycandan gedənlərin İsraildəki cəmiyyəti ən mütəşəkkil, dostumuz Bromberqin dediyi kimi, ən möhkəm, ən yaxşı cəmiyyətdir, bundan sevindim. Əgər belədirsə, sual doğur: nəyə görə o, ən yaxşı cəmiyyətdir? Odessalıların cəmiyyətindən, moskvalıların, kiyevlilərin cəmiyyətindən yaxşıdır? Axı, siz hamınız bir millətdən, eyni dindənsiniz. İstər-istəməz düşünürsən: deməli, hansısa bir təsir var? Yəqin ki, Azərbaycan torpağının, Azərbaycan mühitinin və ənənələrinin əhəmiyyəti az deyildir. Doğrudan da keçmişdəki və indiki bütün çatışmazlıqlara baxmayaraq, biz burada, Azərbaycanda uzun illər, onilliklərlə böyük dostluq, qarşılıqlı anlaşma şəraitində, hörmət-ehtiram və xeyirxahlıq mühitində yaşamışıq.

Bilirsiniz, adamlar birlikdə yaşayanda bəlkə də çox şeyi dərk etmir və lazımınca qiymətləndirmirlər, ayrılanda, bir-birindən uzaq düşəndə isə daha ayıq başla təhlil etməyə və daha obyektiv qiymət verməyə başlayırlar. İndi də belədir. İsraildə yaşayan dostlarımız yəqin ki, Azərbaycanda olub keçənləri burada yaşadıqları vaxtdakından indi daha çox qiymətləndirirlər. Bu, tamamilə təbiidir, özü də təkcə onlara deyil, hər bir adama aiddir. Məsələn, mən özüm də bir müddət Azərbaycandan kənarda yaşamışam, lakin çox yüksəkdə olduğum illər və qəzəbə düçar olduğum illər də olmuşdur. Amma mən əvvəl də və bütün bunlar baş verdikdən sonra da Azərbaycan üçün, doğma torpaq, Bakı üçün darıxırdım. Ötən vaxtları xatırlayırdım: bəli, həqiqətən də o zaman çəkişərdik də, küsüşərdik də və bir-birimizdən daha çox şey də tələb edərdik, lakin hər halda yaxşı idi.

Əgər indi İsraildəki diasporumuz mütəşəkkil və deyildiyi kimi, digər cəmiyyətlərlə müqayisədə bir çox keyfiyyətlərinə görə yüksəkdirsə, bu, yəqin ki, burada, Azərbaycanda mövcud olmuş dostluq, həmrəylik mühitinin təzahürüdür.

Aydındır ki, son illər Azərbaycanda dəyişikliklər baş verib və bunlar müəyyən dərəcədə həm də mənfi səciyyə daşıyıbdır. Müxtəlif ictimai-siyasi proseslər də gedib, heç də hər şey sivilizasiyalı səviyyədə, insanlıq səviyyəsində olmayıbdır. Biz hamımız həddən artıq çətinliklərdən keçmişik və bu gün də mürəkkəb, çətin şəraitdə yaşayırıq. Amma bütün bunlara baxmayaraq, əvvəlki ənənələr - Azərbaycanda onilliklər, yüzilliklər ərzində yaranmış milli və ümummilli ənənələr itməyib, qorunub saxlanıbdır. Mən əminəm ki, biz çətinlikləri aradan qaldıraraq, bu ənənələri daha da zənginləşdirəcəyik. Bu ənənələr müstəqil Azərbaycan Respublikası şəraitində, azadlıq şəraitində yeni inkişafını tapacaqdır. Hesab edirəm ki, biz Azərbaycanın gözəl gələcəyinin şahidi olacağıq.

Bununla əlaqədar mən Azərbaycan ilə İsrail arasında olan münasibətlərə böyük əhəmiyyət verirəm. İsrailin tarixi, xalqın tarixi yaxşı məlumdur, bu ölkədə baş vermiş və indi də baş verən proseslər də məlumdur. Budur dünən İsraildə daha bir faciə olubdur. Bomba partlayışı nəticəsində 20-dən çox adam həlak olub, bir çoxları yaralanıblar. Terrorçular əməllərini davam etdirirlər. Fürsətdən istifadə edərək demək istəyirəm ki, biz terrorçuluğun bütün təzahürlərini pisləyir, onu rədd edirik. Terrorçuluq - vəhşilikdir, ümumbəşəri dəyərlərlə, sivilizasiya və azadlıqla bir araya sığa bilməz.

Biz hər cür separatçılığı pisləyirik. Səkkiz ildir ki, Azərbaycan separatçılıqdan, terrorçuluqdan əzab çəkir. Ona görə də bu iyrənc təzahürlərin faciəli nəticələrini xalqımızın taleyində hiss etdiyimizə görə, biz daim separatçılığın və terrorçuluğun əleyhinə olmuşuq və bu gün də əleyhinə olacağıq. Mən hər yerdə, o cümlədən İsraildə baş verən terrorçuluq hərəkətini qətiyyətlə pisləyirəm.

Bu imkandan istifadə edərək, faciə ilə əlaqədar İsrail dövlətinin rəhbərlərinə, həlak olanların ailələrinə başsağlığı verir, ümidvar olduğumu bildirirəm ki, tərəqqi, demokratiya, irtica, terror, separatçılıq qüvvələrinə üstün gələcəkdir.

Bizim qarşılaşdığımız təkcə erməni terrorçuluğu, Ermənistanın təcavüzü deyildir. Daxildə də terrorçuluq faktları ilə qarşılaşırıq. Terrorçuluq əməllərinin nəticəsində adamlarımız, dövlət xadimlərimiz həlak olublar. Terrorçular bizim özümüzü də təkcə fiziki cəhətdən məhv etməklə deyil, həm də dövlətçiliyimizi məhv etməklə hədələyiblər. Lakin bunların hamısını aradan qaldırmışıq. Əminəm ki, Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik möhkəmlənəcək və inkişaf edəcəkdir. Əminəm ki, Azərbaycanın bütün vətəndaşları terrorçuluğun təhlükəsini, cinayətkarlığın artmasının təhlükəsini dərk edəcək, hər biri Azərbaycan dövlətçiliyini müdafiə edərək bu təzahürlərin əleyhinə çıxacaqdır.

Bəli, mən qonaqlarımıza da, bütün dünyaya da cəsarətlə deyə bilərəm ki, indi Azərbaycanda sabitlik yaranıbdır, biz vəziyyətə nəzarət edirik, ayrı-ayrı cinayətkar ünsürlərin müxtəlif cəhdlərinin qarşısı alınır və alınacaqdır. Hazırda dövlətin kifayət qədər gücü, ən başlıcası isə özünə inamı var. İndən belə biz heç kəsə qanunlarımızı pozmağa, cəmiyyətimizi, dövlətçiliyimizi laxlatmağa imkan verməyəcəyik, əgər kimsə belə cinayətkar hərəkətlərə cəsarət edərsə, qanunlarımıza əsasən cəzasını alacaqdır. Ona görə də indi Azərbaycanda xarici investisiyalar üçün yaxşı şərait var, mən bunu həm qonaqlarımıza, həm də İsraildəki dostlarımıza deyirəm.

Biz qarşılıqlı fayda, mehriban münasibətlər prinsipləri əsasında bütün ölkələrlə əməkdaşlıq edirik və bütün imkanlarımızı, qapılarımızı açaraq xarici investorları Azərbaycana dəvət edirik. Biz bunu iqtisadiyyatımızı, dövlətimizi inkişaf etdirmək üçün çox mühüm vasitə sayırıq.

İndi isə kitab haqqında, ümumiyyətlə mən özüm haqqında kitablar yaradılmasının böyük pərəstişkarı deyiləm. Azərbaycan Prezidentinin siyasi portreti haqqında İsraildə, ivrit dilində kitabın nəşr olunmasından tamamilə xəbərsiz idim. Bu, məndən ötrü gözlənilməz, lakin xoş hadisə oldu. Ona görə yox ki, mənim həyat yolumu müəyyən dərəcədə əks etdirən kitab nəşr olunubdur, ona görə ki, bu, Azərbaycan haqqında, onun xalqı, müstəqil Azərbaycan Respublikası haqqında daha çox şey bilməyə kömək edəcəkdir.

Bu təşəbbüsü göstərənlərin, bu gün burada kitabı təqdim edənlərin hamısına öz təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, bu xalqlarımız və ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsi yolunda yaxşı addımdır. Kitabın təqdimatı ilə əlaqədar İsraildən buraya gəlmiş dostlarımıza təşəkkür edirəm, həmyerlilərimi görməyimə şadam. Xüsusən də ona görə ki, onlar buraya uzun fasilədən sonra gəliblər, vəziyyəti qiymətləndirmək imkanları var. Əgər iki, yaxud üç il əvvəl burada olsaydılar, ötən müddətdə baş vermiş dəyişikliklər onları bəlkə daha çox heyrətə salardı.

Dəyişikliklər isə çoxdur. 1993-cü ildə mən özüm buraya gələrkən respublikada, Bakıda vəziyyət çox mürəkkəb idi. Küçələrdə gəzmək mümkün deyildi, fövqəladə vəziyyət tətbiq olunmuşdu, hər tində avtomatçılara rast gəlirdim, dövlətə xidmət edənlər, əksinə çıxanlar və ya gizli silahlı dəstələrdən olanlar - bir sözlə hər cürəsi vardı. Şübhəsiz ki, bütün bunlar qorxu, inamsızlıq şəraiti, hərc-mərclik vəziyyəti yaradırdı. Biz bunların hamısını aradan qaldırdıq. Mən şadam ki, dostlarımız indi başqa vəziyyəti görürlər. Amma hesab edirəm ki, gələcəkdə vəziyyət daha yaxşı olacaqdır.

Mənə belə gəlir ki, teatrımızın ulduzu Dina Tumarkinanı dinləmək hamımız üçün xoş oldu. Biz həmişə onun sənətinə pərəstiş etmişik. Azərbaycanda Rus Dram Teatrının daim böyük nüfuzu olub və bu gün də var. Bu teatrın həmişə daimi tamaşaçıları olubdur. Zənnimcə, bir çoxları bu teatra ümumən incəsənətdən, eləcə də Dina Tumarkina kimi gözəl aktrisanın sənətindən zövq almaq üçün gedirdilər. Mən şadam ki, o, yenə buradadır və Nizaminin şerlərini unutmaması xoş təsir bağışladı.

Bir daha hamınıza təşəkkürümü bildirirəm. Yenə deyirəm, bugünkü görüşü sadəcə olaraq kitabın təqdimatı kimi deyil, daha geniş qiymətləndirirəm. Mən bu gün buraya gəlib bəzi fikir və mülahizələrimi söylədim. Sağ olun.

"Azərbaycan" qəzeti, 5 mart 1996-cı il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər