Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Trabzon zirvə görüşünün yekunlarına dair mətbuat konfransında bəyənatı - 30 aprel 2002-ci il


Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezər!

Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadze!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Türkiyə-Gürcüstan-Azərbaycan regional işbirliyi ilə əlaqədar toplantımız başa çatdı. Hesab edirəm ki, Trabzon görüşü uğurla başa çatıb və biz bölgəmiz üçün çox əhəmiyyətli məsələləri müzakirə etdik və nəticədə hökumətlərimiz arasında müvafiq saziş imzalandı. Bu bizim bölgəmizdə yeni bir hadisədir. Bu, eyni zamanda bizim bölgəmizdə Türkiyənin, Gürcüstanın və Azərbaycanın bütün başqa sahələrdə olduğu kimi, təhlükisizlik sahəsində, beynəlxalq terrorizm ilə mubarizə sahəsində və xususən, Şərq-Qərb dəhlizinin təhlükəsizliyinin təmin edilməsi sahəsində üçtərəfli əməkdaşlığın təməlini qoymuşdur. Hesab edirəm ki, biz çox dəyərli iş görmüşük və bu əməkdaşlığımız həm ölkələrimiz üçün, həm də bölgəmiz üçün çox əhəmiyyətli olacaq, bu bölgədə üç dövlətin əməkdaşlığının yeni mərhələsini müəyyən edəcəkdir.

Beynəlxalq terrorizmlə mübarizə indi bütün bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, Türkiyə, Gürcüstan və Azərbaycan ötən il sentyabrın 11-də baş vermiş hadisələrdən sonra beynəlxalq terrorizmə qarşı yaranmış koalisiyaya, alyansa dərhal qoşulmuşlar və bu mübarizəyə öz töhfələrini vermişlər. Bölgəmizin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkələrimizin hər birinin milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Bu sahədə çox problemlər var. Biz bu barədə hörmətli cümhurbaşqanı Sezərlə, hörmətli prezident Şevardnadze ilə həm üçtərəfli görüşlərimizdə, həm də ikitərəfli görüşlərimizdə çox ətraflı müzakirələr apardıq. Ən əsası ondan ibarətdir ki, bizim fikirlərimizin eyni olduğunu bir daha təsdiq etdik. Butun bu məsələlər içərisində bizim üçün daha böyük önəm kəsb edən bölgəmizdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətlərinin muhafizəsinin, təhlükəsizliyinin təmin olunmasıdır. Bildiyiniz kimi, bizim bu sahədə 1994-cu ildən indiyə qədər gördüyümüz işlər və birgə səylərimiz öz nəticələrini veribdir. Artıq Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşasına başlanır. Guman edirəm ki, bu, 2004-cu ildə, ən geci 2005-ci ildə sona catacaq və biz Xəzər dənizindən hasil etdiyimiz neftin Türkiyənin Ceyhan limanına çatdırılmasının və dunya bazarlarına göndərilməsinin şahidi olacağıq. İnanıram ki, həmin bu böyük hadisənin açılışında da biz birlikdə iştirak edəcəyik.

Eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışında. Bizim Xəzər dənizində kəşf etdiyimiz «Şahdəniz» qaz yatağı çox zəngindir. Orada onilliklərlə böyük miqdarda hasil oluna biləcək təbii qaz var. Biz bu yataqda işləməyə başlayarkən və xüsusən son nəticələri aldığımız zaman məhz Türkiyə ilə əlaqələr yaratdıq və onun qaza olan ehtiyacını təmin etmək məqsədi ilə Azərbaycan qazının Türkiyəyə nəql olunmasını təklif etdik. Türkiyə Cümhuriyyəti bizim bu təklifimizi məmnuniyyətlə qəbul etdi və biz işə başlamışıq. Ümid edirəm ki, Azərbaycanın Xəzər dənizindəki «Şahdəniz» qaz yatağından çıxarılacaq qaz 2004-cü ildə Türkiyəyə axacaq, Türkiyənin müxtəlif bölgələrini təbii qazla təmin edəcəkdir. Biz gələcəkdə təbii qazın Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini də nəzərdə tuturuq. Beləliklə, biz böyük layihələr həyata keçiririk və yaxşı nəticələr əldə etmişik. Onların təhlükəsizliyinin təmin edilməsi indi bizim gündəliyimizdə duran əsas məsələlərdən biridir. Bu məsələlər də burada, Trabzon zirvə görüşündə müzakirə olundu. Biz fikir mübadiləsi apardıq, eyni fikirdə olduğumuzu bildirdik, səylərimizin birləşdirilməsi haqqında qərar qəbul etdik. Bundan sonra birlikdə əməkdaşlıq edəcəyik, irəliyə gedəcəyik. Beləliklə, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezərin təşəbbüsü ilə ilk dəfə Trabzonda toplanmış zirvə görüşü çox əhəmiyyətlidir və çox uğurla başa çatıbdır. Ümidvaram ki, burada təməlini qoyduğumuz iş gələcəkdə davam edəcək, ölkələrimiz üçün, xalqlarımız üçün çox faydalı olacaqdır.

Mən Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezərə bu böyük təşəbbüsə görə, Trabzon zirvə görüşünün çox yüksək səviyyədə təşkil olunmasına görə, burada yaranmış işgüzar şəraitə görə, bizə göstərilən gözəl qonaqpərvərliyə görə təşəkkür edirəm. Əziz qardaşım Əhməd Necdət Sezərə, qardaş türk xalqına sevgi-məhəbbətimi bildirirəm və sülh, əmin-amanlıq, rifah diləyirəm. Sağ olun.

Sual: May ayında Reykyavikdə NATO-nun zirvə toplantısı zamanı Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin də görüşü olacaqdır. Azərbaycan Prezidenti Heydər Əliyev bu üçtərəfli görüşdən nə gözləyir?

Heydər Əliyev: Biz hər bir görüşdən bir nəticə gözləyirik. Reykyavikdə Türkiyə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə olacaqdır. İndiyə qədər belə görüşlər olmayıbdır. Ancaq indi belə üçtərəfli görüş də baş verir. Biz buna etiraz etmirik. Biz bu görüşdə iştirak edəcəyik və bir də qeyd edirəm, hər bir görüşdən bölgəmizdə sülhün, təhlükəsizliyin təmin olunması üçün faydalanmaq istəyirik və xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını - Azərbaycan torpaqlarının beşdə biri onların işğalı altındadır - və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, yerindən-yurdundan didərgin düşmüş bir milyondan artıq azərbaycanlının, çadırlarda yaşayan insanların öz yerlərinə, yurdlarına qayıtmasını istəyirik. Bu istiqamətdə biz illər boyu çalışırıq, mübarizə aparırıq. Əgər Reykyavik görüşü bu barədə bizə fayda verəcəksə, biz bundan çox məmnun olacağıq.

Sual: Mənim sualım Gürcüstan prezidenti Şevardnadzeyədir. Terrorizmə qarşı işbirliyi haqqında anlaşma imzalandı. Ancaq terrorçu təşkilat olan PKK-nın ölkənizdə bəzi dərnək və vəqflərlə fəaliyyət göstərməsi barədə məlumatlar var. Bunların qarşısını almaq üçün nə tədbir görəcəksiniz?

Eduard Şevardnadze: Gürcüstanda belə işlərin olduğu mənə məlum deyil. Gürcüstanda qonşu dövlətlərdən gələn mürtəce qüvvələr mövcuddur. Onların arasında yaşlı qadınlar, uşaqlar vardır. Təbiidir ki, kişilər də vardır. Onların bir qismi, 3500 nəfər Çeçenistana qayıtmışdır. Bildiyimə görə, digərləri də qayıtmaq arzusundadırlar. Onların Çeçenistana dönməsi üçün imkan yarandıqca, bu proses davam edəcəkdir. Biz də bundan məmnun olarıq. Onu da bildirmək istəyirəm ki, bu insanları Gürcüstan sərhədlərinə doğru zorla yönəltmişlər. Biz də onları qəbul etmək məcburiyyətində qaldıq.

Sual: Mənim sualım Gürcüstan prezidenti Eduard Şevardnadzeyədir. Siz bayaq çıxışınızda dediniz ki, Tbilisidə keçiriləcək ikinci zirvə görüşündə iştirakçı ölkələrin sayı arta bilər. Sizin zənninizcə, bunlar hansı ölkələr ola bilər? Trabzon zirvə görüşünü Azərbaycan prezidentinin və Türkiyə prezidentinin hörmətli Şevardnadzeyə dəstəyi hesab etmək olarmı?

Eduard Şevardnadze: Mən indi regiondakı və ondan kənardakı ölkələrin rəhbərləri ilə məsləhətləşmədən, görüşmədən onların bu görüşdə iştirak etməyə namizəd olduqlarını yəqin ki, bildirməli deyiləm.

Sual: Mənim sualım Azərbaycan prezidenti Heydər Əliyevədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün hər hansı problem varmı?

Heydər Əliyev: Mətbuat nümayəndələri mənə Bakıda, Azərbaycanda da çox sual verirlər. Gəlmişəm, burada da öz jurnalistlərimiz mənə belə sual verir. Heç bir problem yoxdur. Amma bununla demək istəmirəm ki, hər şey rəvan gedir. Problemlər olubdur, biz onların qarşısını almışıq. Burada Türkiyənin mətbuat nümayəndələri əksəriyyət təşkil edirlər. Onlar bilirlər ki, 5-6 il bundan öncə mən Türkiyəyə gələndə hamı soruşurdu ki, Bakı-Tbilisi-Ceyhan boru xətti olacaq, ya olmayacaq? Çünki şübhələr çox idi və buna əsas da vardı. Ona görə ki, bu layihənin həyata keçirilməsinə böyük maneə var idi. Özü də çox güclü istiqamətlərdən maneələr var idi. Ancaq biz bu gün fəxr edə bilərik ki, bu maneələrin hamısının qarşısını aldıq, ağır, çətin yoldan keçdik, sınaqlardan çıxdıq. İndi Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin inşası artıq realdır. Üç dövlət - Azərbaycan, Gürcüstan, Türkiyə öz parlamentlərində bizim hökumətlərarası sazişlərimizi təsdiq ediblər. İndi maliyyə məsələləri həll olunur. Bunlar da müsbət həll edilməkdədir. Ancaq bu o demək deyil ki, problem yoxdur. Problem var, problem də olacaqdır. Hətta biz Bakı-Tbilisi-Ceyhan xəttini tikib istismara verəndən sonra da problem olacaqdır. Çünki, yenə də deyirəm, buna qısqanclıq edən, buna mane olmaq istəyən, bunun əleyhinə olan qüvvələr var və onlar da yaşayırlar və yaşayacaqlar. Ancaq hamınızı əmin edirəm ki, biz bu işin ən ağır dövrünü keçmişik. İndi isə işin ikinci mərhələsindəyik. Güman edirəm ki, bu mərhələ bizim üçün əvvəlki mərhələdən daha da asan olacaqdır. Arxayın ola bilərsiniz, hər şey yaxşı olacaqdır.

Sual: Mənim sualım hər üç dövlətin rəhbərlərinədir. Bu gün burada mühüm bir saziş imzalandı. Amma məlumdur ki, Gürcüstanda da, Azərbaycanda da münaqişə ocaqları var. Azərbaycanın məlum Dağlıq Qarabağ problemi var. Bu baxımdan əgər gələcəkdə sazişin həyata keçirilməsində hər hansı bir problem olarsa, yəni ixrac boru kəmərlərinin təhlükəsizliyində problemlər olarsa, növbəti bir koalisiya yaradılması gözlənilə bilərmi? Bu koalisiya hansı məsələlərin tənzimlənməsi ilə məşğul ola bilər?

Heydər Əliyev: Mən bu sualı daha çox anladım. Ona görə də mən cavab verim, qardaşlarım da hazırlaşsınlar. Əgər gələcəkdə bu boru xətlərinin təhlükəsizliyi ilə bağlı bir hadisə baş verərsə - mən sualı belə anladım - biz nə edəcəyik? Birincisi, biz burada razılaşmışıq ki, boru xətlərinin təhlükəsizliyini hər dövlət öz ərazisində təmin edəcəkdir. Bu bizim hər birimizin öz ərazimizdə olan vəzifəmizdir. Güman edirəm ki, biz bunların öhdəsindən gələcəyik. Mən hesab etmirəm ki, elə bir şərait yaransın və biz bundan ötrü koalisiya yaratmalı olaq. Ancaq, təbiidir ki, biz bu işləri həmişə birlikdə aparırıq, məsləhətləşirik, işlərimizi əlaqələndiririk və bunu gələcəkdə də edəcəyik. Hər hansı bir hadisə meydana çıxarsa, yenə də məsləhətləşəcəyik, bir-birimizin fikrini öyrənəcəyik və ümumi səylərimizlə bunları həll edəcəyik.

Əhməd Necdət Sezər: Bir az öncə hörmətli daxili işlər nazirlərinin imzaladıqları işbirliyi anlaşmasında istər Bakı-Tbilisi-Ceyhan, istərsə də Bakı-Tbilisi-Ərzurum neft və təbii qaz boru xətlərinin təhlükəsizliyi haqqında da qaydalar yaranmaqdadır. Bu qaydalardan biri də boru xətlərinin təhlükəsizliyinin qorunması haqqında protokol imzalamalarını nəzərdə tutur. Bu protokol çərçivəsində kəmərlərin təhlükəsizliyi təmin olunacaqdır. Dünənki görüşümüzdə aydın oldu ki, hər üç ölkədə bu barədə hazırlıq işləri görülmüşdür. İnanıram ki, ən qısa vaxtda bu protokol imzalanacaq və gələcəkdə boru xətlərinin təhlükəsizliyi təmin olunacaqdır.

Eduard Şevardnadze: Danışıqlar zamanı Bakı-Supsa xəttinin təhlükəsizliyindən söz açarkən mən dedim ki, bu xəttin təhlükəsizlik sistemi qurulmuşdur. Təbiidir ki, bu bizə qismən yardımçı olacaqdır. Digər boru kəmərlərinin təhlükəsizliyinə gəlincə, hörmətli cümhurbaşqanı Sezərin söylədiyi kimi, bununla bağlı özəl bir protokol imzalanacaqdır. Zənn edirəm ki, koalisiyaya heç bir iş qalmır.

Sual: Üç dövlətin başçılarına bir sualım var. Siz dediniz ki, koalisiya yaratmağa ehtiyac yoxdur. Amma Rusiya mətbuatı Trabzon zirvə görüşünü çox təhlükəli hesab edir. Bununla bağlı düşüncələrinizi bilmək olarmı? Bu gün ilk ABŞ əsgərləri Gürcüstana gəliblər, bu təsadüfdürmü, siz bunu necə dəyərləndirirsiniz?

Əhməd Necdət Sezər: Dünən və bu gün burada keçirilən toplantını bu ölkələr arasında koalisiya yaratmaq kimi düşünmək yalnış fikirdir. Bu, təhlükəsizlik və işbirliyi anlaşmasıdır. Mətbuat nümayəndələrinə bildirdiyimиz kimi, bu öz bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində ilk addımımızdır. Hər hansı bir ölkəyə qarşı yönəldilmiş işbirliyi deyildir. Sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəldilən bu işbirliyinə başqa ölkələr də qatıla bilər. ABŞ əsgərlərinin Gürcüstana gəlməsini isə hörmətli Şevardnadze açıqlayacaq. Təşəkkür edirəm.

Eduard Şevardnadze: Bu günlərdə Amerika Birləşmiş Ştatları hərbçilərinin Gürcüstana gəlməsi nə Rusiyanın, nə də başqa bir dövlətin əleyhinə deyildir. Biz müstəqil dövlətik, qəbul etdiyimiz qərar Gürcüstanın mənafeyinə uyğundur. Rusiya mətbuatındakı həyəcanlı məlumatlardan söz açarkən deməliyəm ki, mən bir az uzaqda olduğuma görə onları burada hiss etmirəm.

Sual: İmzaladığınız bu anlaşmanın mahiyyəti nədir? Yəni bölgədə yeni bir ittifaq qurulubmu?

Eduard Şevardnadze: Biz görüşlərimizin və razılaşmalarımızın məqsədinin nə olduğunu açıqladıq. Mən bu barədə qəzetlərdə yazılanlara etiraz etmirəm. Vurğuladığımız kimi, bu razılaşma narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə və terrorizmə qarşı müştərək mübarizə barədədir.

Sual: Cənab Eduard Şevardnadze, bu gün gözəl bir işin təməli qoyuldu. Xəzər dənizinin statusu ilə bağlı Gürcüstan prezidenti nə deyə bilər və Gürcüstan Azərbaycanı bu məsələdə dəstəkləyirmi?

Eduard Şevardnadze: Dünən biz bu məsələni gündəmə gətirdik. Gürcüstan Xəzərdən bir qədər aralıdır, amma Xəzərin statusu məsələsində biz Azərbaycanı dəstəkləyirik.

Tarixi arayış

MÜSAHİBƏLƏR