Xəzər şelfində yataqların birgə işlənməsi haqqında Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 20 sentyabr 1994-cü il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Xanımlar və сənablar, hörmətli qonaqlar!

Bu gün Azərbaycan Respublikasının həyatında tarixi bir hadisə baş verir. Xəzərin Azərbaycan Respublikasına aid sektorunda "Azəri", "Çıraq" neft yataqlarının və "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənməsi haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında üç il davam edən danışıqlar sona çatmış və müştərək işlər aparılması üçün müqavilənin layihəsi hazırlanıb təqdim edilmişdir.

Bu gün biz Azərbaycanın paytaxtında, Bakıda, bu gözəl "Gülüstan" sarayında müqavilənin imzalanması mərasiminə toplaşmışıq. Müqavilənin imzalanması ilə əlaqədar olaraq Bakıya xarici ölkələrdən dövlət nümayəndələri, qonaqlar gəlmişlər. Bakıya, bu mərasimdə iştirak etməyə gələn qonaqlarımızın hamısını ürəkdən salamlayır, onlara "Xoş gəlmisiniz" deyirəm.

Azərbaycan Dövlət Neft Şirkətinin xarici ölkələrin neft şirkətləri ilə apardığı danışıqlar bu ölkələrin dövlət və hökumətlərinin himayəsi altında olmuş və onlar tərəfindən dəstəklənmişdir. Müqavilənin imzalanması mərasiminə xarici ölkələrin nümayəndə heyətləri gəlmişlər. Bu mərasimdə iştirak edən Amerika Birləşmiş Ştatlarının, Rusiya Federasiyasının, Böyük Britaniya Krallığının, Türkiyə Cümhuriyyətinin, Norveçin nümayəndə heyətlərini ürəkdən salamlayır, onlara "Xoş gəlmisiniz!" deyirəm.

Bu tarixi mərasimdə iştirak edən Türkiyə Cümhuriyyətinin dövlət naziri hörmətli Nəcməddin Cövhərini salamlayıram. Böyük Britaniya Krallığının energetika naziri hörmətli cənab Timoti Eqqarı salamlayıram. ABŞ energetika nazirinin müavini hörmətli cənab Uilyam Uaytı salamlayıram. Norveç dövləti sənaye və energetika nazirinin birinci müavini hörmətli cənab Qunnar Murvantı salamlayıram. Rusiya Federasiyasının Yanacaq və Energetika Nazirliyi Baş İdarəsinin rəisi hörmətli cənab Stanislav Puqaçı salamlayıram. Bu mərasimdə iştirak etmək üçün zəhmət çəkib Bakıya gələn və bizim sıralarımızda olan Böyük Britaniya parlamentinin üzvlərini, İngiltərə-Azərbaycan Dostluğu Cəmiyyətinin nümayəndə heyətini salamlayıram. Bizim mərasimdə iştirak edən İslam İnkişaf Bankının prezidenti hörmətli cənab Osam Cəfər Fakihi salamlayıram. Azərbaycandakı diplomatik korpusun nümayəndələrini, hörmətli səfirləri, beynəlxalq təşkilatların nümayəndələrini və rəhbərlərini salamlayıram.

Azərbaycan Dövlət Neft Şirkəti xarici ölkələrin neft şirkətləri ilə və onların sonradan birləşdikləri konsorsium ilə üç il müddətində danışıqlar aparmış, müqavilənin layihəsini birlikdə hazırlamışlar. Bu böyük neft şirkətlərinin nümayəndə heyətləri bizim bugünkü mərasimdə iştirak edirlər. Mən onları ürəkdən salamlayıram. "AMOKO" şirkətinin prezidenti cənab Uilyam Laurini salamlayıram. "Bi-Pi" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Con Braunu salamlayıram. "Statoyl" şirkətinin nümayəndə heyətini, onun başçısı cənab Yohan Nik Voldu salamlayıram. "LUKoyl" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Vahid Ələkbərovu salamlayıram. "Mak Dermott" şirkətinin nümayəndə heyətini, onun başçısı cənab Uilyam Vitnisi salamlayıram. "Pennzoyl" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Tomas Hamiltonu salamlayıram. "Remko" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti Stiven Remponu salamlayıram. "Türkiyə Petrolleri" şirkətinin nümayəndə heyətini, onun başçısı cənab Sidqi Səncəri salamlayıram. "Yunokal" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Con Ameli salamlayıram. "Delta intənəşnl" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Fateh əl-Albanı salamlayıram.

Hörmətli xanımlar və cənablar!

Neft Azərbaycan Respublikasının və Azərbaycan xalqının ən böyük milli sərvətidir. Azərbaycan qədim dövrlərdən neft diyarıdır, neft və qaz kimi təbii sərvətlərə malikdir. Buna görə də Azərbaycanı Odlar diyarı adlandırırlar. Azərbaycanda neft çıxarılması, ondan istifadə edilməsi, neftin emal olunması böyük tarixə malikdir. 1847-ci ildə Azərbaycanda-Bakıda, Bibiheybətdə ilk dəfə olaraq neft fontan vurmuşdur. Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılması prosesi də o vaxtdan başlanmışdır. 1872-ci ildə Nobel qardaşları Bakıda ilk neft şirkəti yaratmışlar və bununla da Azərbaycan neftindən istifadə etmək üçün, xarici ölkələrin firmaları, xarici kapital ölkəmizə gəlməyə başlamışdır.

Beləliklə, XIX əsrin ikinci yarısında bir sıra dünya ölkələri, inkişaf etmiş dövlətlərin firmaları Azərbaycanda, Bakıda neft çıxarılmasına böyük maraq göstərmişlər. Həmin əsrin sonundan etibarən Bakı neftinin çıxarılması üçün bir çox xarici ölkələrin şirkətləri fəaliyyətə başlamışlar. 1872-ci ildə Azərbaycanda 26 min ton neft çıxarılmışdır. Cari əsrin əvvəlində, 1900-cü ildə Azərbaycanda artıq 10 milyon ton neft hasil olunmuşdur ki, bu da Rusiyada çıxarılan neftin 95 faizini, dünyada çıxarılan neftin isə 50 faizini təşkil etmişdir. XX əsrin birinci 20 ilində də Azərbaycanda xarici ölkələrin neft şirkətləri və yerli sahibkarlar Bakı neftinin çıxarılması, emalı üçün çox böyük fəaliyyət göstərmişlər və Azərbaycanda neft sənayesi inkişaf etmişdir.

Bu dövrü şərti olaraq Azərbaycanda neft sənayesi tarixinin birinci mərhələsi adlandırmaq olar. Həmin dövrdə Bakı neftindən bütün dünyada istifadə edilmişdir. Azərbaycan nefti xarici ölkələrin şirkətlərinə böyük mənfəət gətirmişdir. Azərbaycanda böyük sahibkarlar meydana çıxmış, onlar külli miqdarda mənfəət əldə etmişlər. Həmin dövrdə Azərbaycan neft sənayesinin inkişafı Bakının, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük təkan vermişdir. Azərbaycanın paytaxtı Bakı böyük sənaye şəhərinə çevrilmiş və o vaxtlar Rusiya imperatorluğunun ərazisində ən iri sənaye mərkəzlərindən biri olmuşdur. Qədim tarixə malik olan Bakımız həmin dövrdə yeni sima kəsb etmiş, genişlənmiş, gözəlləşmişdir və burada o vaxtın tələblərinə uyğun müasir binalar, istehsal müəssisələri, zavodlar, digər sənaye obyektləri tikilmişdir. Bu gün biz həmin mərhələdə görülmüş işləri layiqincə qiymətləndirməli və Azərbaycanın, Bakının inkişafında neftimizin böyük rol oynadığını qeyd etməliyik.

1918-ci ildə ölkəmizdə demokratik dövlət yaradılmış, Azərbaycan öz müstəqilliyini əldə etmiş, iki ilə yaxın müddətdə müstəqil dövlət kimi yaşamış, bu dövlət xalqımıza mənsub olan sərvətlərdən onun rifahı naminə istifadə edilməsi üçün səylər göstərmişdir. Lakin təəssüflər olsun ki, bu səylər istənilən nəticəni verməmişdir. Çünki 1920-ci ildə Azərbaycan demokratik dövləti süquta uğramışdır.

Həmin il Azərbaycanda sovet sosialist hakimiyyəti qurulmuşdur. Bundan sonra 70 il ərzində Azərbaycan həmin quruluş şəraitində, Sovet İttifaqının tərkibində olmuşdur. Azərbaycan xalqının ən böyük sərvəti olan neftdən Sovet İttifaqının mənafeyi naminə istifadə edilmişdir. Həmin dövrü neft sənayesinin həyatında ikinci dövr adlandırmaq olar. Bu dövrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmişdir. Sovet İttifaqının sənayesinin və iqtisadi qüdrətinin, sənaye potensialının inkişafı üçün Azərbaycanın neft sənayesi çox lazımlı olduğuna görə buraya böyük səylər yönəldilmişdir. Odur ki, Azərbaycanda neft sənayesinin inkişafında mühüm nailiyyətlər qazanılmışdır.

O dövrdə Azərbaycan neftçilərinin böyük ordusu yaranmışdır. Azərbaycan neft və qaz sənayesi sürətlə inkişaf etmiş, böyük müəssisələr inşa olunmuşdur. Neft sahəsində böyük elm ocaqları, elmi-tədqiqat institutları yaradılmışdır. Neft sənayesi üçün yüksək səviyyəli mütəxəssislər hazırlamaq məqsədi ilə institut, indi Neft Akademiyası adlandırılan institut açılmışdır. Azərbaycan neftçiləri, mütəxəssisləri, alimləri, bir sözlə neft sahəsində çalışan bütün adamlar respublikanın neft sənayesinin inkişafı üçün fədakarcasına işləmiş, Azərbaycanın tarixinə şanlı səhifələr yazmışlar.

Dediyim kimi, Azərbaycan neftindən onun özünün deyil, bütün Sovet İttifaqının inkişaf etməsi üçün istifadə olunmuşdur. 1941-1945-ci illərin ikinci dünya müharibəsi dövründə Azərbaycan nefti bütün ölkədə çıxarılan neftin 75 faizini təşkil etmişdir. Həm də Azərbaycanın neft sənayesi, bizim neftçilərimiz bütün dünya üçün təhlükəli olan alman faşizminin məğlubiyyətə uğradılmasında, məhv edilməsində böyük xidmət göstərmişlər.

Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında, onların istismar edilməsində Azərbaycanın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, neftçilərimizin güclü fəaliyyəti olmuşdur.

Təsadüfi deyildir ki, onların səyləri və əməyi sayəsində Sovet İttifaqı ərazisində aşkara çıxarılan yeni neft yataqları "İkinci Bakı", "Üçüncü Bakı" və "Dördüncü Bakı" adlandırılmışdır. Rusiyanın ən böyük neft yataqları olan Sibir, Tümen yataqlarının kəşf və istismar olunmasında, orada böyük neft və qaz komplekslərinin yaradılmasında Azərbaycan neftçilərinin əvəzsiz xidmətləri var və indiyədək də onlar həmin bölgələrdə çalışan neftçilərin əksəriyyətini təşkil edirlər.

Bu gün mən bütün bu məlumatları qonaqlarımıza çatdırmağı, Azərbaycan xalqına bir daha xatırlatmağı lazım bilirəm. Çünki bunların hamısı Azərbaycan xalqının fəxridir, şöhrətidir, xalqımızın, neftçilərimizin dünya iqtisadiyyatına göstərdikləri böyük xidmətlərdən xəbər verir.

Azərbaycan neftçilərinin böyük nailiyyətlərindən biri də ondan ibarətdir ki, onlar Xəzərdə neft çıxarılması üçün çox çalışmışlar. Bu sahədə istər 1920-ci illərin əvvəllərində, istərsə də 1930-cu illərdə bir çox addımlar atılmış, lakin Xəzər dənizində bol neft çıxarılmasına 1949-cu il noyabrın 7-dən başlanmışdır. Həmin gün Xəzərin indi Neft Daşları adlandırdığımız sahəsində neft quyusu ilk dəfə fontan vurmuşdur.

Azərbaycanın dəniz neftçilərinin təcrübəsi ötən 45 il ərzində istər keçmiş Sovet İttifaqında, istərsə də dünyanın bir çox ölkələrində dənizin dərin qatlarından neft çıxarılması üçün örnək olmuşdur. Azərbaycan alimlərinin, neftçilərinin bu sahədə xidmətləri böyükdür. Bildiyiniz kimi, üç il bundan qabaq xalqımız öz azadlığını əldə etmiş, Azərbaycan müstəqil respublika olmuşdur. Azərbaycan xalqı öz taleyinin sahibinə çevrilmişdir. Xalqımız öz təbii sərvətlərindən özü istədiyi kimi istifadə etmək imkanları qazanmışdır. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Neft sənayemizin tarixində də şərti olaraq üçüncü mərhələnin bünövrəsi qoyulmuşdur. İndi biz yeni mərhələdə müstəqil Azərbaycan Respublikasının iradəsini ifadə edərək, onun öz təbii sərvətlərindən istifadə etməsi üçün lazımi tədbirlər görürük. Son üç il ərzində xarici ölkələrin neft şirkətləri ilə danışıqlar aparılmış və sazişlər əldə edilmişdir.

Bu gün, bu tarixi gündə, Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyədək qazandıqları nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanda neftin sənaye üsulu ilə istehsalına başlandığı vaxtdan indiyədək ölkəmizin ərazisində yerin təkindən - quruda və suda 1 milyard 325 milyon ton neft çıxarılmışdır. Xəzərin Azərbaycana aid hissəsində 45 ildə 400 milyon ton neft hasil edilmişdir. Bu müddətdə eyni zamanda 400 milyard kubmetrədək qaz çıxarılmışdır. Bütün bunlar böyük nailiyyətlərdir və gələcəkdə Azərbaycan Respublikasının iqtisadiyyatının, neft sənayesinin inkişafı üçün böyük əsas və təməldir.

Biz ötən dövrlərdə nə qədər çox neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çarpdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrədək xalqımız heç vaxt öz təbii sərvətlərinin sahibi olmamışdır. 1920-ci ilə qədər neftimiz həm xarici neft şirkətləri tərəfindən, həm də Azərbaycanın öz sahibkarları tərəfindən hasil edilsə də, Azərbaycanın, xüsusən Bakının inkişafı üçün böyük işlər görülsə də, xalq bu sərvətin sahibi deyildi.

1920-ci ildən başlayaraq, Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş vermişdir. Azərbaycan iqtisadiyyatı inkişaf etdirilmiş, respublikada nəhəng sənaye potensialı, elmi potensial yaradılmış, neft sənayemiz böyük tarixi yol keçmişdir. Ancaq yenə də Azərbaycan öz neftinin yeganə və tam sahibi olmamışdır. Bütün bu sərvətlərimiz özümüzə yox, sovet dövlətinə məxsus olmuşdur. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan Respublikası müstəqil dövlətdir. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir.

Neft yataqlarımızın müştərək işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında danışıqlar üç il ərzində məhz bu prinsiplər əsasında aparılmışdır. Şübhəsiz, danışıqlar hamar yolla getməmişdir. Burada çətinliklər də olmuşdur, enişlər və yoxuşlar da. Lakin danışıqlar, nəhayət, başa çatdırılmışdır. Xarici ölkələrin zəngin təcrübəli böyük neft şirkətlərinin Azərbaycan neftinə marağı təbii haldır və biz bunu məmnuniyyətlə qəbul etmişik. Elə özümüz də buna böyük maraq göstərmişik və göstəririk.

Keçmiş dövrlərdən fərqli olaraq, indi bu məsələlər barədə Azərbaycan Respublikası hər bir ölkə ilə, o cümlədən bu neft şirkətlərinin mənsub olduqları ölkələrlə, xarici dövlətlərin neft şirkətləri ilə müstəqil surətdə danışıqlar aparır və danışıqlarda öz prinsiplərinin qəbul edilməsinə çalışır. Xəzərin Azərbaycana aid sektorundakı "Azəri" və "Çıraq" neft yataqlarının, "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənməsi haqqında müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında danışıqlar nəticəsində, nəhayət, hazırlanıb başa çatdırılmışdır. Bu müqavilə mənə, Azərbaycan prezidentinə təqdim edilmişdir. Sizə məlum olduğu kimi, sentyabrın 14-də müqavilənin layihəsi təhlil edildikdən sonra mən onun Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən imzalanması haqqında fərman vermişəm. Xarici ölkələrin neft şirkətləri də layihənin imzalanması haqqında qərar qəbul etmişlər. Bu şirkətlərin mənsub olduqları ölkələrin dövlət rəhbərləri də xeyir-dua vermişlər. Bütün bunların nəticəsində indi biz buraya, müqavilənin imzalanması mərasiminə toplaşmışıq.

Açıq demək istəyirəm, müqavilədə Azərbaycan tərəfinin istək və arzularının heç də hamısı öz əksini tapmamışdır. Lakin biz başa düşürük ki, hər hansı bir müqavilə hər iki tərəfin mənafelərini təmin etməlidir. Qərb neft şirkətlərinin konsorsiumu öz mənafelərini təmin etməyə çalışmış, Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan Respublikasının milli mənafelərini təmin etməyə səy göstərmişdir. Deyə bilərəm ki, görülən böyük və gərgin işin nəticəsində, tərəflərin məsələyə yüksək məsuliyyətlə yanaşması nəticəsində, nəhayət, hər iki tərəfin mənafelərinə cavab verən layihə hazırlanmışdır. Ona görə də mən bu gün imzalanacaq müqaviləni Azərbaycan Respublikasının indisi və gələcəyi üçün iqtisadi baxımdan mənfəətli hesab edirəm və onun imzalanmasına qərar vermişəm.

Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və inkişaf etməsi üçün geniş meydan açılmışdır. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə - Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik.

Beləliklə, müqavilənin imzalanması üçün gözəl şərait yaranmışdır və biz bu gün böyük bir hadisənin şahidiyik. Müqavilənin imzalanması Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır. Müqavilə 30 il müddətinə bağlanır. Deməli, qarşımızda uzun bir yol var və böyük işlər, böyük vəzifələr durur. Müqaviləni hazırlayanlar yaxşı bilirlər, lakin mən buraya toplaşanlara, bütün Azərbaycan xalqına bəyan etmək istəyirəm ki, bu müqavilənin bağlanması nə qədər çətin idisə, onun həyata keçirilməsi ondan da çətin olacaqdır. Müqavilənin hər iki tərəf üçün, o cümlədən Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan Respublikası üçün mənfəəti və müsbət nəticələri onun ardıcıl surətdə icrasından asılıdır. Müqavilə ikitərəfli hərəkət olan yola bənzəyir: gərək hər iki tərəf eyni sürətlə hərəkət etsin. Şübhəsiz ki, burada xarici neft şirkətlərinin üzərinə çox böyük vəzifələr düşür. Ümidvar olduğumu bildirmək istəyirəm ki, həmin şirkətlər və onların mənsub olduqları ölkələrin dövlət orqanları bu müqavilənin həyata keçirilməsi üçün vaxtında lazımi tədbirlər görəcəklər.

Azərbaycan Respublikasının üzərinə düşən vəzifələr daha çətin, daha ağırdır. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranmışdır. Məhz bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır. Ümidvaram ki, Azərbaycanın qəhrəman və təcrübəli neftçiləri, alimləri, mütəxəssisləri, iqtisadiyyatımızda bu sahə ilə məşğul olan şəxslər, bir sözlə, hamı bu vəzifəni ən böyük, ən şərəfli vəzifə kimi qəbul edib, onun həyata keçirilməsinə çalışacaqdır. Mən Azərbaycan prezidenti kimi, bu müqavilənin imzalanmasına qərar verərək öz məsuliyyətimi hiss edirəm, sizə söz verirəm ki, onun həyata keçirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Bu gün bu təntənəli və möhtəşəm mərasimdə mən Azərbaycan neftçilərini, Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını bu əlamətdar tarixi hadisə münasibətilə təbrik edirəm. Azərbaycan Dövlət Neft Şirkətinin bu sahədə çalışan nümayəndə heyətinin əməyini, ümumiyyətlə, şirkətin bu sahədə gördüyü işləri qiymətləndirirəm və onları nail olduqları müvəffəqiyyətlər münasibətilə təbrik edirəm. Bu müqavilənin hazırlanıb başa çatdırılması üçün böyük işlər görmüş olan xarici ölkələrin neft şirkətləri konsorsiumunun rəhbərlərini, həmin şirkətlərin işçilərinin hamısını ürəkdən təbrik edir, onlara xoş arzularımı yetirir və əmin olduğumu bildirmək istəyirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır.

Xarici neft şirkətlərinin mənsub olduqları ölkələrin - ABŞ-ın, Rusiyanın, Böyük Britaniyanın, Türkiyənin, Norveçin dövlət və hökumət başçılarını bu hadisə münasibətilə ürəkdən təbrik edirəm.

Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi, bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır.

Sizi, bu mərasimə toplaşanları, bütün bu məsələlərə müsbət maraq göstərənlərin hamısını bir daha ürəkdən təbrik edir, müqavilənin imzalanması uçun xeyir-dua verirəm. Xeyirli olsun, uğurlu olsun. Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə bu müqavilənin bu gün burada imzalanmasını ürəkdən təbrik edirəm. Sağ olun.

Müqavilənin imzalanması mərasimində yekun nitqi

Hörmətli xanımlar, cənablar! Hörmətli qonaqlar!

Üç il müddətində hazırlanan müqavilənin imzalanma mərasimi sona çatır. Müqavilə artıq imzalanıbdır. Mən müqavilə imzalanmamışdan əvvəl çıxış etmişəm. Ona görə də müqavilənin imzalanması münasibətilə sizi, Azərbaycan xalqını, bu müqavilənin digər tərəfi olan xarici ölkələrin şirkətlərini, bu müqaviləyə qoşulan xarici ölkələrin dövlət başçılarını, nümayəndə heyətlərini, hamınızı səmimi-qəlbdən təbrik edirəm.

Xarici ölkələrdən gəlmiş nümayəndə heyətlərinin başçıları, şirkətlərin rəhbərləri müqavilə imzalanandan sonra çıxış etdilər, müqavilənin məzmunu, mahiyyəti və gələcək əhəmiyyəti haqqında gözəl fikirlər söylədilər. Bütün çıxışlarda eyni fikir bəyan edildi ki, müqavilə həm Azərbaycan Respublikası üçün, həm də sənədə imza atmış xarici ölkələrin şirkətləri üçün mənfəətlidir.

Çıxışlarda Azərbaycan xalqının, müstəqil Azərbaycan Respublikasının ünvanına xoş sözlər deyildi, xoş arzular bildirildi. Mən bu sözlərə görə minnətdaram və mərasimin sona çatdığı anda bir daha demək istəyirəm ki, bu müqavilə Azərbaycan Respublikasının Dünya Birliyində layiqli yer tutmasına kömək edəcək, ölkəmizin iqtisadiyyatını dünya iqtisadiyyatı, sərbəst bazar iqtisadiyyatı ilə sıx bağlayaсaqdır. Ən ümdəsi isə ondan ibarətdir ki, bu müqavilə Azərbaycan xalqının bu gününə, gələcəyinə böyük mənfəətlər verəcək, onun rifah halının yüksəlməsi üçün zəmin yaradacaqdır.

Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər.

Sizi bir daha təbrik edirəm. Bununla da müqavilənin imzalanma mərasiminin birinci hissəsini bitmiş hesab edirəm. Sizin hamınıza, bütün Azərbaycan xalqına xoşbəxtlik, səadət, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun. Xeyirli, uğurlu olsun.

"Azərbaycan" qəzeti, 21 sentyabr 1994-cü il.