Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Vətən müharibəsində qələbənin 55-ci ildönümü münasibətilə mərasimdə çıxışı - 9 may 2000-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün biz İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində əldə olunmuş qələbənin 55-ci ildönümünü qeyd edirik. İkinci dünya müharibəsi bəşər tarixində ən dəhşətli müharibə olubdur. İkinci dünya müharibəsində Avropanın bir çox xalqları, keçmiş Sovetlər İttifaqına mənsub olan xalqlar, o cümlədən də Azərbaycan xalqı alman faşizminə qarşı mübarizəyə qalxıb. Ağır müharibə gedib və müharibə bir çox ölkələrə, bir çox xalqlara, o cümlədən Azərbaycan xalqına da böyük itkilər verib, böyük zərbələr vurubdur. Ancaq faşizmə qarşı, alman faşizminə qarşı olan bu müharibə mütərəqqi qüvvələrin qələbəsi ilə sona çatıbdır.

Ola bilər ki, çox yüzillik bəşər tarixində XX əsrin İkinci dünya müharibəsinə bənzər müharibə olmayıbdır. Dediyim kimi, müharibədə həm Avropanın demək olar ki, bütün ölkələri, həm Sovetlər İttifaqı, həm də Amerika Birləşmiş Ştatları - hamısı birləşib alman faşizminin qarşısını almışdır. O vaxt Sovetlər İttifaqı Amerika Birləşmiş Ştatları ilə, İngiltərə ilə, Avropada faşizmə qarşı müharibə aparan bütün vətənpərvər qüvvələrlə sıx əməkdaşlıq etmişdir. Bütün bu ölkələrin hamısının birləşməsi və birgə müharibə aparması onu göstərir ki, alman faşizmi bütün bəşəriyyət üçün nə qədər təhlükəli bir hadisə idi. Ancaq biz indi, 55 il keçəndən sonra bir daha, bir daha onu deməliyik ki, alman faşizminə qarşı aparılan müharibə, onun məhv edilməsi dünyanı, bəşəriyyəti təkcə bu əsrdə yox, gələcək əsrlərdə də böyük faciələrdən xilas etdi.

Faşizm bütün insanlar üçün təhlükəli bir hadisə idi. Təəssüflər olsun ki, o vaxt - 20-ci, 30-cu illərdə faşizm meydana çıxdı və qısa bir zamanda ən mürtəce ideologiyasını həyata keçirmək, dünyaya hakim olmaq iddiası ilə belə bir müharibəyə başladı. Sovetlər İttifaqı bu müharibədə, alman faşizminin məhv olunmasında, qələbənin əldə edilməsində xüsusi rol oynamışdır.

Alman faşizminin təhlükəsini hiss edərək böyük ittifaq yaratmış SSRİ, Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın müttəfiqliyinin böyük əhəmiyyəti olduğunu biz bu gün məmnuniyyətlə qeyd edirik. Ancaq Avropanın böyük bir hissəsini zəbt edəndən sonra alman faşizmi, Hitler orduları bütün qüvvələrini SSRİ-yə qarşı yönəltdi.

Təbiidir ki, alman faşizminin bu cəbhədə apardığı müharibə onun nəinki Avropaya, Avropanın şərq hissəsinə, sonra isə Asiyaya doğru irəliləmək iddialarının ifadəsi idi. Ona görə də alman faşizminə qarşı ən böyük müqavimət və İkinci dünya müharibəsində alman faşizmi ilə gedən ən dəhşətli, ən qanlı döyüşlər məhz bizim o illər mənsub olduğumuz Sovetlər İttifaqının ərazisində idi.

Xatirinizdədir, SSRİ-nin böyük bir hissəsi - Belorusiya, Ukrayna işğal olunmuşdu və Hitler ordusu artıq Qafqaza doğru irəliləyirdi, Stalinqradı zəbt etmək cəhdi göstərirdi. Bunlar hamısı da, təbiidir ki, həm Qafqazı, həm Xəzər dənizini, həm də ondan sonra Şərqə gedərək Orta Asiyanı, Sibiri zəbt etmək və nəhayət, Asiyanın başqa ölkələrinə çıxmaq məqsədi daşıyırdı.

 

Bu həqiqətdir ki, biz o vaxtkı böyük ittifaqın xidmətlərini qeyd edərək, eyni zamanda xüsusən sovet ordusunun, sovet xalqının və Sovetlər Birliyinə daxil olan hər bir xalqın qəhrəmanlıq, rəşadət gəstərdiklərini bu gün qeyd etməliyik. Azərbaycan da bu müharibədə - Böyük Vətən müharibəsində öz payını vermişdir. Azərbaycanın qəhrəman oğülları vuruşmuş, döyüşmüş, canlarını vermiş, həlak olmuşlar. 0 vaxt Azərbaycandan 600 minə qədər vətəndaşımız cəbhəyə gedib vuruşmuşdur. Onların təxminən 300 mini geri qayıtmamış, alman faşizmi üzərində qələbə çalmaq üçün canlarını qurban vermişlər, həlak olmuşlar. Azərbaycan xalqının dəyərli nümayəndələri, igid oğulları bu vuruşlarda böyük qəhrəmanlıq nümunələri göstərmişlər. Bu gün burada döşləri ordenlərlə, medallarla, müxtəlif nişanlarla bəzənmiş veteranlar qələbə əldə olunandan sonra 55 il yaşayıb və bu gün də yaşayan veteranlar mən dediyim bu sözləri təsdiq edirlər.

O vaxt Azərbaycan ayağa qalxmışdı. Azərbaycanın bir hissəsi cəbhədə, ikinci hissəsi isə respublikanın ərazisində -arxada qələbənin əldə olunması üçün gecə-gündüz çalışıb, vuruşub fədakarlıq göstərmişdir. Azərbaycan xalqının igid, mərd oğulları bu müharibədə qəhrəmanlıq nümunələri göstərərək fərqlənmişlər, yüksək adlara layiq olmuşlar, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər, Sovet İttifaqının orden və medalları ilə təltif edilmişlər. Onlardan qələbəni əldə edib öz vətəninə dönənlər də olmuşdur, ancaq qəhrəmanlıq göstərib, böyük nümunələr göstərib həlak olanlar da olmuşdur.

Bu gün biz Azərbaycanın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarının önündə toplaşmışıq. Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir. 0, Sovet İttifaqı Qəhrəmanı adını alıb sonra da döyüşərək, general rütbəsinə çatıb ondan sonra da döyüşərək qəhrəman kimi həlak olmuşdur. Biz bu gün bu məzarın önündə, - Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun məzarının önündə Azərbaycan xalqının bütün qəhrəmanlarının, həyatını qurban vermiş igid oğlan və qızlarının xatirəsini yad edirik. Bizim bugünkü toplantımız həyatını İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində qurban vermiş hər bir Azərbaycan vətəndaşının xatirəsinə hörmətimizin rəmzidir. Nə qədər sevindirici haldır ki, qələbənin 55 illik yubileyini biz bu qələbənin iştirakçıları ilə birgə keçiririk. Onların bir qismi buradadır, bir qismi Bakının başqa yerlərində - Böyük Vətən müharibəsində həlak olmuş insanların məzarları ətrafında toplaşıblar, bu gün Azərbaycanın bütün şəhərlərində, rayonlarında, hər bir kuçəsində də Böyük Vətən müharibəsində həlak olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi münasibətilə görüşlər keçirilir.

Ancaq bu gün eyni zamanda bayram günüdür, 1945-ci il may ayının 9-da əldə edilmiş qələbənin bayramıdır. Biz o günü xatırlayırıq. Buradakı veteranlar o günün bütün dünya xalqları üçün, bizim üçün nə qədər əziz və qiymətli olduğunu xatırlayırlar. Biz o illər o günü gözləyirdik. Hər bir məhrumiyyətlərə dözərək, böyük itkilər verərək, ağır bir dövr yaşayaraq o günü gözləyirdik və o gün də gəldi: 1945-ci il may ayının 9-da. Xatirimdədir, o gün insanlar nə qədər sevinirdilər. 55 ildir ki, biz bu günü unutmuruq, bu günlə fəxr edirik və bu günü hər il bayram edirik.

Mən bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm. Azərbaycanın veteranlarını təbrik edirəm: həm cəbhədə vuruşmuş veteranlarını, həm də qələbənin əldə olunması üçün arxada fədakarcasına çalışmış veteranlarını təbrik edirəm.

İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı birincisi, ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, Azərbaycan xalqının mərd övladları alman faşizminə qarşı müharibədə vuruşublar, döyüşüblər, qəhrəmanlıq nümunələri göstəriblər. İkincisi isə Azərbaycan o vaxt qələbənin əldə edilməsi üçün Sovetlər İttifaqının ən mühüm bir hissəsi idi. Çünki Azərbaycan o illər Sovet-lər İttifaqında hasil olunan neftin 70 faizindən çoxunu verirdi. Əgər o müharibə zamanı Azərbaycan nefti olmasaydı qələbə əldə etmək çox çətin olardı və o dövrdə bu işlərlə məşğul olan bəzi çox böyük mütəxəssislər, tarixçilər də deyirlər ki, bəlkə də qələbəni əldə etmək mümkün olmayacaqdı.

Bu, təsadüfi deyildi ki, Hitlerin planında Qafqazı əldə etmək və xüsusən Bakını ələ keçirmək birinci yerdə dururdu. 1942-1943-cü illərdə Hitler ordusu bütün gücü ilə Cənubda Xəzər dənizinin ətrafını, Qafqazı və xüsusən Bakını əldə etməyə, zəbt etməyə çalışırdı. Ancaq qəhrəman ordumuz, Sovet ordusu bunun qarşısını aldı.

Eyni zamanda o illər Azərbaycanda ağır vəziyyətdə, demək olar ki, ölkənin şimal tərəfindən tamamilə təcrid olunmuş bir vəziyyətdə Azərbaycan neftçiləri buruqlarda gecə-gündüz canlarını fəda edərək neft hasil edib cəbhəyə gəndərirdilər. Dəmir yolu bağlı olduğuna görə nefti Xəzər dənizindən o biri sahilə - Orta Asiyaya, oradan isə müxtəlif vasitələrlə cəbhəyə çatdırmaq mümkün idi.

Bəzi kinoxronikalar var: hətta tankerlər olmadığı halda, o vaxt fədakar insanlar müxtəlif ixtiralar etmişdilər, o cümlədən, çənləri neftlə doldurub onların bir neçəsini dənizdə kəmiyə qoşaraq, çəkib o biri sahilə aparırdılar. Belə fotoşəkillər, xronikalar bizim arxivlərimizdə var.

Amma təkcə neft yox, o vaxt Azərbaycanda silah istehsalına da başlanmışdı, başqa işlər də görülmüşdü. Yəni bütün Azərbaycan xalqı, Azərbaycanın bütün vətəndaşları həm cəbhədə, həm arxada bu qələbənin əldə olunmasına öz dəyərli töhfələrini vermişlər və ona görə də biz bu gün bu qələbəni böyük qürur hissi ilə qeyd edirik və bizim buna da mənəvi haqqımız vardır.

Bu, Azərbaycanın keçmişidir. Azərbaycan bu gün də böyük çətinliklərlə rastlaşıbdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman artıq müharibə vəziyyətində idi. 1987-ci ildən Ermənistan Azərbaycana torpaq iddiası ilə, Azərbaycan ərazisinin bir hissəsini - Dağlıq Qarabağı əlinə keçirmək üçün hərbi təcavüz etmiş, müharibə başlamışdır. Azərbaycan xalqı öz torpaqlarını, öz ərazisini qorumaq üçün bu müharibəyə qoşulmağa məcbur olmuşdur. Qanlı döyüşlər gedibdir. Azərbaycanın qəhrəman oğulları bu döyüşlərdə Azərbaycan torpaqlarını müdafiə ediblər, canlarını qurban veriblər, şəhid olublar. Ancaq müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur.

Bunlar müvəqqəti haldır. Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və müstəqil Azərbaycan dövləti bütün ərazisinin sahibi olacaq, hakimi olacaqdır. Amma bizim itkilərimiz də ürəyimizi yandırır.

Biz 1941-1945-ci illərdəki müharibədə həlak olmuş soydaşlarımızı indiyə qədər unuda bilmirik. Ona görə də bu gün onların xatirəsini yad edirik. Ancaq 1987-1988-ci illərdən başlanmış müharibədə həlak olmuş bizim övladlarımız, şəhidlərimiz ürəyimizdə daim qan sızlayan yaradır.

Görürsünüz, burada, sağ tərəfdə qəhrəman Həzi Aslanovun məzarı, sol tərəfdə Şəhidlər xiyabanı. 1990-cı il 20 Yanvarda Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüz zamanı canlarını şəhid etmiş Azərbaycan övladlarının məzarları. Azərbay-can torpaqlarının müdafiəsində vuruşmuş, qəhrəmanlıq göstərmiş Azərbaycan övladlarının məzarları - hamısı birlikdə Şəhidlər xiyabanı və orada indi yandırdığımız əbədi məşəl və şəhidlərin xatirəsinə ucaltdığımız o böyük abidə. Beləliklə, Bakının bu yüksək hissəsi, gözəl bir hissəsi özündə böyük xatirələr saxlayır. Burada da müəyyən rəmzi əlaqə vardır. 1941-1945-ci illərdə də bizim övladlarımız həlak olub, şəhid olublar, - onların xatirəsi burada qeyd olunur və son illərdə də övladlarımız şəhid olublar, həlak olublar, - onların məzarları da bizim önümüzdədir.

Mən Böyük Vətən müharibəsində şəhid olmuş Azərbaycan övladlarının xatirəsi qarşısında baş əyirəm və onlara bir daha, bir daha Allahdan rəhmət diləyirəm. Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından qoruyaraq, müdafiə edərək şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi qarşısında baş əyirəm və bir daha əmin olduğumu bildirmək istəyirəm ki, onların şəhidliyi onların öz xalqına, öz millətinə olan sədaqətinin rəmzidir. Azərbaycan torpaqları azad olunan, Azərbaycanın ərazisi bərpa olunan zaman, təbiidir ki, onların qəhrəmanlığı daha da çox qiymətləndiriləcəkdir.

Bu gün bayramdır, qələbə bayramıdır. Xalqımız bu bayramı iftixar hissi ilə qeyd edir. Ona görə ki, Azərbaycai xalqı bu qələbənin əldə edilməsində böyük xidmətlər göstərmişdir. Bizim veteranlarımız, İkinci dünya müharibəsinin veteranları, Böyük Vətən müharibəsinin veteranları bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər, öz xidmətlərini göstərirlər və gənc nəslə öz təcrübələrini verirlər, gənc nəslin qəhrəmanlıq əhval-ruhiyyəsində, vətənpərvərlik əhval-ruhiy-yəsində tərbiyə olunması işində fəal iştirak edirlər. Bütün bunlara görə, əziz veteranlar, mən sizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı, müstəqil Azərbaycanın dövləti sizin xidmətlərinizi heç vaxt unutmayacaqdır. Bu gün sizin hər biriniz bizim üçün, gənclər üçün, gələcək nəsillər üçün böyük qəhrəmanlıq nümunəsidir. Sizin bu gün cəmiyyətimizdə gördüyünüz iş yüksək qiymətə malikdir. Mən sizə səmimi qəlbdən təşəkkür edirəm.

Alman faşizmi üzərində qələbənii 55-ci ildönümü münasibətilə sizi, bütün Azərbaycan xalqını, Azərbaycanın vətəndaşlarını təbrik edirəm. Xalqımıza, millətimizə, hər bir vətəndaşımıza səadət, xoşbəxtlik arzu edirəm. Xalqımıza müstəqil Azərbaycaiın dövlət quruculuğunda fəal iştirak etmək və bu müstəqil dövləti qurmaq, yaratmaq üçün yeni-yeni uğurlar arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti Azərbaycanın müstəqilliyini, suverenliyini, xalqımızın azadlığını daim qoruyacaq və müstəqillik yolu ilə gedərək, demokratiya yolu ilə gedərək Azərbaycan xalqı yeni-yeni nailiyyətlər eldə edəcəkdir.

Bayramıiız mübarək olsun!

Hər birinizə cansağlığı, səadət, uzun ömür arzu edirəm. Sağ olun.

(Azərbaycan prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

Sonra dövlətimizin başçısı Heydər Əliyev tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşdü, 9 May - Qələbə bayramı münasibətilə onları təbrik etdi.

Azərbaycan prezidenti Heydər Əliyev daha sonra jurnalistlərin suallarına cavab verdi.

Jurnalist: Cənab prezident, bəzi qəzetlər yazırlar ki, Siz guya ayın 3-də daxili işlər naziri Ramil Usubovu danladığınıza gərə o, işə çıxmır, yəni istefa verəcəkdir.

Heydər Əliyev: Mən ayın 3-də onu necə olub danlamışam, harada danlamışam?

Jurnalist: Cənab prezident, mətbuatda belə yazıblar.

Heydər Əliyev: Mətbuat yazır ki, işə çıxmır? Bəs Ramil Usubov burada yoxdur? Ramil Usubov, buraya gəl görüm. Səni nə vaxt danlamışam?

Ramil Usubov: Cənab prezident, mən belə şey bilmirəm.

Heydər Əliyev: Bəs onlar bunu haradan yazırlar?

Ramil Usubov: Bilmirəm, haradan yazırlar.

Heydər Əliyev: Mən də eşitmişəm, hansısa qəzetdə yazırlar ki, Heydər Əliyev Ramil Usubovu işdən çıxaracaqdır.

Bilirsiniz, jurnalistlərə mənim böyük hörmətim var. Ancaq bir neçə dəfə demişəm, bu bayram günündə bir daha demək istəyirəm. Mən çox arzu edirəm ki, jurnalistlərimiz peşəkar, vicdanlı, səmimi olsunlar. Təbiidir ki, jurnalistin fəaliyyətinin əsas istiqaməti həqiqəti tapmaq, nöqsanları açmaq, tənqid etməkdir. Hər bir cəmiyyətdə mətbuat belə işlərlə dövlətə, hakimiyyətə kömək göstərir.

Mən bu yaxınlarda bir yerdə dedim ki, - keçmişdə də belə bir söz var idi - əgər hansısa bir tənqidin yüzdə beş faizi düzdürsə, onu qəbul etmək lazımdır. Sən tənqidin düz olanını qəbul et, onu düzəlt, əkər 95 faizi düz deyilsə, ona fikir vermə. Amma çox təəssüf edirəm ki, qəzetlərimiz, o cümlədən jurnalistlərimiz indi qəzetlərin əksəriyyəti, jurnalistlərin bir hissəsi müxalifət mövqeyindədir - yollarını bir az əyiblər. Onlar hesab edirlər ki, bununla da cəmiyyətdə özlərini daha yaxşı göstərirlər. İndi bu, bəlkə de kiməsə xoş gəlir, kiminsə acığına gəlir. Bəzi jurnalistlər bunun hesabına özlərinə müəyyən bir yer qazanırlar. Ancaq bunlar müvəqqəti haldır.

Jurnalist peşəsi çox şərəflidir. Bilirsiniz ki, mən Azərbayçanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında xüsusi böyük fərman verdim. Mətbuatımızın banisi Həsən bəy Zərdabi bizim üçün həqiqətən bir idealdır. Çünki təbiidir ki, o vaxt da çəmiyyətdə həm nöqsanlar, həm çətinliklər, həm də ədalətsizliklər çox idi. Həsən bəy Zərdabi özünün ilk yazılarında bu barədə yazmışdı.

Mən bunları ümumən deyirəm. Ola bilər ki, səhvlər olsun, o bağışlanılsın. Ançaq, bilirsiniz, narahatediçi odur ki, bəzi jurnalistlər, qəzetlər ayrı-ayrı şayiələr yaratmaqda, uydurmaqda və yaymaqda artıq ixtisaslaşıblar. Bəlkə də onlar bununla da bizim dövlətə, hakimiyyətə qarşı müəyyən qədər təxribat törətməyə çalışırlar. Mən onu da deyə bilərəm ki, bəzən də bu təxribatı edə bilirlər.

Onlar bir gün yazırlar ki, filankəsi işdən çıxarırlar, o biri gün yazırlar ki, nə bilim, filankəsi həbs edəcəklər və sairə. Ançaq bizim bəzi vəzifəli şəxslər - deyə bilmərəm ki, onlar iradəsizdirlər - oturub fikirləşirlər ki, bəlkə bunu düz yazıblar, ona görə də narahat olmağa başlayırlar. Gedib ona-buna deyirlər ki, bu nədir, bəlkə bir şey var? Mən açıq danışıram, bu da həmin adamların işinə müəyyən qədər təsir edir. Ayrı-ayrı jurnalistlər bəlkə də dövlətimizin işinə zərər vurmaq üçün belə bir üsuldan istifadə edirlər. Ancaq onlar bilsinlər ki, birincisi, bunun heç əhəmiyyəti yoxdur, belə şeylərdən istifadə edə bilməzlər. İkincisi, mən respublika Baş Prokurorluğunun rəhbərlərini vəzifədən azad edəndə hansısa qəzet yazdı ki, - bu, bir az doğru sözdür - "Heydər Əliyev gözlənilməyən qərarlar qəbul etdi. Amma bu, Heydər Əliyevin xasiyyəti, iş üslubu üçün xarakterik olan bir məsələdir". Burada həqiqət var. Əgər mən kimisə işdən çıxarmaq istəyirəmsə, bunu heç kəs bilmir. Amma qəzetdə yazırlar ki, kimsə işdən çıxarılacaqdır, - bilsin ki, onun vəziyyəti daha da yaxşılaşır. Mən onu işdən çıxarmayaçağam. Əgər həmin adama mənim bir balaca iradım da olsa, qəzetdə haqqında yazıldığına görə mən iradı həmin adama bağışlayacağam ki, qoy bu cür yolla getməsin. Bu, mənim ümumi sözümdür.

O ki, qaldı Ramil Usubova, o, 1994-çü ildə daxili işlər naziri vəzifəsinə təyin olunubdur. Yadınızdadır ki, həmin dövr çox ağır idi. Ötən bu dövrdə biz çox ağır bir yol keçmişik, çinayətkarlığa qarşı mübarizə aparmışıq, dövlət çevrilişinə cəhdlərin qarşısını almışıq, Azərbaycandan qaçıb gedən cinayətkarları orada-burada tapmışıq. Daxili İşlər Nazirliyinin fəaliyyəti nəticəsində elə keçən il onlar Rusiyada gizlənən 500-ə qədər qatı cinayətkarı yaxalayıb, gətirib burada cəzalandırıblar. Necə ola bilər ki, mən bu cür xidmətlər göstərən adamlara mənfi münasibət bəsləyim?!

General Ramil Usubov çox dəyərli insandır və çox da yaxşı işləyir. Mən ümumiyyətlə, Daxili İşlər Nazirliyinin işindən razıyam. Siz bilin, polisi danlamaq da olar, ondan narazı qalmaq da olar. Bəlkə də kimsə subyektiv fikirlərə görə polisi söysün. Amma polisi sevmək lazımdır. Polis olmasa sizin heç biriniz rahat yaşaya bilməyəçəksiniz.

Baxın, indi ölkəmizdə içtimai-siyasi sabitlik vardır, rahat yaşayırsınız, cavansınız, çıxıb axşam gəzirsiniz. Kim istəyir - kafeyə, kim istəyir - restorana gedir, kim istəyir - gecə diskotekaya gedir, rəqslərə baxır və sair. İnsafınız olsun, axı dörd-beş il bundan qabaq bunlar yox idi, qapıdan çıxa da bilmirdiniz. Təbiidir ki, bizim apardığımız ümumi işlərin, siyasətimizin, əməli fəaliyyətimizin nəticəsində indi ölkəmizdə sabitlik yaranıbdır. Burada polisin də böyük rolu vardır.

Polis kiməsə qarşı ədalətsizlik edir, kimisə inçidir. Mən bünu açıq demişəm, - polis bəzən də vəzifəsindən sui-istifadə edir, bəlkə də kimsə rüşvət alır, - mən bunları inkar etmirəm. Amma ümumiyyətlə, hər bir dövlətdə polis yüksək hörmətə layiqdir və ona hörmət etmək lazımdır. Əgər bunlar olmasa biz şəhərdə yaşaya bilmərik. Bəlkə də mən yaşayaram, çünki mənim xüsusi mühafizəm var, amma siz yaşaya bilməzsiniz.

Mən fürsətdən istifadə edib bu sözləri ümumiyyətlə, polis haqqında demək istəyirdim. Amma yenə də deyirəm, mən Ramil Usubova etibar etmişəm və etibar edirəm. Güman edirəm, o öz işləri ilə özünü elə göstərəçəkdir ki, mən bundan sonra da ona etibar edəcəyəm. Nə qədər ki, mən varam, Ramil Usubov da var. Mənim də varlığıma sizin heç biriniz şübhə edə bilməzsiniz.

Sual: Cənab prezident, mayın 10-da Sizin ad gününüzdür. Hamı Sizi təbrik edir, biz də təbrik edirik. Özünüz özünüzə nə arzu edirsiniz və Sizə hansı hədiyyə verilməsini istərdiniz?

Cavab: Təbrikinizə görə sağ olun, təşəkkür edirəm. Mən özüm özümə nəyi arzu edirəm? Özüm özümə arzu edirəm ki, mən Azərbaycan xalqına, millətimə, doğma vətənimə indiyə qədər xidmət etdiyim kimi, bundan sonra da xidmət edə bilim. Amma inanıram ki, bunu da edəcəyəm. Çünki bəziləri mənim səhhətimə şübhə edirdilər. Gördünüz, mən ağır bir əməliyyat keçirdim. İndi istəyirsiniz gəlin, sizinlə burada ya qaçışaq, ya da döyüşək, yaxud da güləşək, - bunlar hamısı yerindədir.

Qaldı ki, mənim iş təçrübəm günü-gündən artır. Amma mən hesab etmirəm ki, Azərbaycan hələ ağır vəziyyətdən çıxıbdır. Azərbaycanın çoxlu problemləri vardır. Hesab edirəm ki, gərək mən bu problemləri həll edim. Bu problemlərin əsasını həll edəndən sonra bəlkə mən özüm bir gün deyərəm ki, bilirsiniz, qoy indi bu estafeti başqa adamlara verim, kənara çəkilim, yaxud gedib bir balaca istirahət edim. Amma istirahətim yoxdur. görürsünüz ki, mən gecə də, gündüz də işləyirəm. Başa düşürsünüz, bir bazar günü olmayıbdır ki, mən işə gəlməyim.

Doğrudan da mayın 10-da mənim doğum günümdür. Arzu edirəm ki, mən bundan sonra da xalqıma xidmət edim və Azərbaycanın bu ağır problemlərini həll edim.

Sual: Cənab prezident, biz Sizi bir daha təbrik edirik. Çeçenistanın prezidenti Aslan Məshədov bizə verdiyi müsahibədə Sizi Qafqazda ən böyük siyasi xadim kimi qəbul etdiyini bir daha bildirdi. O, belə bir fikir söylədi ki, mən çox şad olardım və istərdim ki, Heydər Əliyev və Eduard Şevardnadze bu münaqişənin tənzimlənməsinə yaxından kömək göstərsinlər.

Cənab prezident, Siz belə bir kömək edəcəksinizmi? Çünki çeçenlər bu iki siyasi liderdən kömək gözləyirlər.

Cavab: Təbiidir ki, mən bu arzunu onların mənim şəxsiyyətimə, necə deyərlər, inamı kimi qiymətləndirirəm. Mən Aslan Məshədovla bir neçə dəfə görüşmüşəm. 0, buraya gəlibdir. Mənim 75 yaşım tamam olanda Qafqazın bütün respublikalarının prezidentləri yığışıb Azərbayçana gəlmişdilər. Onların mənə həqiqətən böyük hörmətləri var. Hesab etməyin ki, mən təvazökarsızlıq edirəm, - indi təkcə Qafqazda, keçmiş SSRİ-də yox, başqa ölkələrdə də Heydər Əliyevin kim olduğunu çox yüksək qiymətləndirirlər.

Mən əlimdən nə gəlir, onu etməyə hazıram ki, Çeçenistanda sülh təmin olunsun. Çünki ümumiyyətlə, daxili mənəviyyatımla mən həmişə sülhün tərəfdarı olmuşam, istəmişəm ki, sülh təmin edilsin. Ancaq bilirsiniz, orada vəziyyət olduqca mürək-kəbdir. Amma nə qədər mürəkkəb olsa da, ümidsizliklə yaşamaq olmaz. Əgər indi nə mümkünsə, mən onu edə bilərəm ki, orada sülh olsun.

Daha bir sözünüz varmı?

Mən də sizə çansağlığı arzu edirəm. Sizin timsalınızda bütün jurnalistlərə, lap mənim əleyhimə yazanlara da, böhtan uyduranlara da cansağlığı arzulayıram. Təbiidir, arzu edirəm ki, jurnalistlərimiz mənəviyyata daha da bağlı jurnalistlər olsunlar. Sağ olun.

Mərasimdə Milli Məçlisin sədri Murtuz Ələskərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər