Paşazadə Tahir Ağalar oğlu. “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI” (2018)


5719.01 – Folklorşünaslıq

filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Azərbaycan folklorşünaslığının qarşısında duran aktual problemlərdən biri xalq yaradıcılığının sosial-mədəni və ictimai-mənəvi aspektlərinin öyrənilməsidir. Bu elmin yarandığı və formalaşdığı XIX-XX yüzillərin böyük hissəsi Azərbaycan xalqının, eləcə də Azərbaycan milli humanitar elmlərinin müstəqil olmadığı dövrdür. Əsasən elə bu səbəbdən folklorda etnik, milli xarakterli problemlərin tədqiqinə yer verilməyib. Çar Rusiyası dövründə (1828-1918) sərt senzura rejimi, Sovet dövründə (1920-1990) isə bundan bir qədər fərqli şəkildə olan ideoloji yasaqlar etnik-mədəni dəyərləri lazım olduğu səviyyədə öyrənməyə imkan verməyib. 1937-ci il repressiyaları zahirən sərbəst görünən sovet elminin tarixində də qaranlıq dövr açmışdı. Milli humanitar elmə qarşı soyqırım səviyyəsində gerçəkləşdirilmiş bu dəhşətli hadisənin xofu 1970-ci illərə qədər davam etmişdir. Milli elmə və millətə xidmət edən alimlərin kütləvi qətlindən sonra folklor irsinin öyrənilməsi, xüsusilə onun ideya və məzmun səviyyəsində əks olunan mənəvi məsələlərin milli zəmində araşdırılması işində böyük fasilə və boşluqlar yarandı. Avropa elmi ilə sıx inteqrasiyaya meylli olan repressiyaöncəsi Azərbaycan filologiyası məhv edildi. Əmin Abid, Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Hümmət Əlizadə və b.-nın şəxsində ciddi tədqiqatçılar nəsli sıradan çıxarıldı. Onların başladığı “Azərbaycanı öyrənmə yolu” yarımçıq qaldı. Digər tərəfdən, elmdə ənənə və varislik rabitəsi qırıldı. Azərbaycan folklorşünaslığı yenidən “sıfırdan” başlamağa məcbur oldu. Həmid Araslı, Əliheydər Tahirov,Osman Qurbanov, Həsən Qasımov, İdris İbrahimov, Məmmədhüseyn Təhmasib, N.Seyidov, Əhliman Axundov və b. Azərbaycan sovet folklorşünaslığının yeni dövrünü başladılar. Toplama və tərtib sahəsində xeyli işlər görüldü. Müxtəlif folklor janrları toplanıb nəşr edildi. Amma tədqiqatlarda “ehtiyatlılıq” prinsipi qalmaqda davam etdi. Bu dövr folklorşünaslığı partiyaya və Sovet dövlətinə sadiqliyini nümayiş etdirirdi. Milli- mənəvi dəyərlər daha arxa plana keçirilir, folklor mətnləri “dinsizləşdirilirdi”. Siyasi düşüncənin folklor ifadəsi təhlillərdən, bir qayda olaraq, kənarda qalırdı.

Azərbaycan folklorşünaslığında keyfiyyətcə yeni mərhələ 1970-ci illərdə başlanır. Bu mərhələnin başlanğıcı, ilk növbədə, respublika rəhbərliyinə gəlişi ilə milli-mənəvi dəyərlərə arxa və dayaq olan Ulu öndərimiz Heydər Əliyevlə bağlıdır. Kifayət qədər mürəkkəb siyasi şəraitdə fəaliyyət göstərən Heydər Əliyev öz möhkəm iradəsi, əzmi və təşəbbüskarlığı ilə milli mədəni irsin öyrənilməsinin optimal yollarını tapır, onun tədqiqi və təbliği işini ən yüksək səviyyədə təşkil etməyi bacarırdı. Onun şəxsi nüfuzu və istedadı sayəsində milli-mənəvi irsin öyrənilməsi böyük uğurla davam etdirilir, ona gənc nəslin tərbiyəsi, sovet insanının mənəviyyatının yüksəldilməsi, mədəni irsin qorunması və s. adlar verilərək, ideoloji zərbələrin mümkün dairəsindən çıxarılırdı.

Ümummilli öndər Heydər Əliyevlə başlanan mənəvi quruculuq dövrü geniş araşdırmanın mövzusudur. Məhz bu dövr milli humanitar sahənin, o cümlədən folklorşünaslığın inkişafında xüsusi mərhələdir.

Bizim araşdırmamızın mövzusu daxilində məsələyə iki şəkildə baxmaq olar:

1) Heydər Əliyev və milli-mənəvi irsimizin aktivləşdirilməsi.

2)Heydər Əliyev və folklorumuzun aktuallaşdırılması.

Bunlardan birincisi folklorun geniş dairədə qorunması və təbliğini, ikincisi isə milli öndərin Azərbaycan folklorunun tədqiqi və təbliği işindəki mühüm rolunu nəzərdə tutur.

Qeyd edək ki, bu şəkildə yanaşma “folklor və dövlətçilik” probleminin mühüm hissəsini təşkil edir. Çünki uzun dövr ərzində dövlətçilik ənənələrimizdə fasilə yarandığından, folklor işi dövlət dəstəyindən məhrum olmuşdu. Sahibsiz irs isə bütün hallarda məhvə məhkumdur. Amma dövlət və onun başında mənəvi dəyərlərin mahiyyətini dərk edən rəhbər olanda belə təhlükə yaranmır. Heydər Əliyev də siyasi, iqtisadi, mədəni quruculuqla yanaşı, mənəvi quruculuğa da çox böyük önəm verirdi. Bu səbəbdən H.Əliyevin hakimiyyət illəri Azərbaycan folklorşünaslığının tarixində təşəkkül dövrüdür.

Məhz bu dövrdə folklor irsinin geniş şəkildə toplanması, nəşri, tədqiqi və təbliği işi görünməmiş vüsət aldı. Folklor mətnləri kütləvi tirajla nəşr olundu, folklor abidələrinin və böyük sənətkarların yubileyləri ən yüksək səviyyədə qeyd olundu, alimlərin işi və əməyi qiymətləndirildi.

Azərbaycan folklorunun dövlətçilik kontekstində öyrənilməsi Ümummilli öndər Heydər Əliyevin yaratdığı Folklor İnstitutunda gerçəkləşdirilən ilk təşəbbüsdür.

Folklor sahəsində Heydər Əliyevin adı ilə bağlı böyük statistik göstərici tərtib etmək mümkündür. Eyni zamanda, mənəvi həyatımızda böyük rolu olan bu hadisənin təsvirinə və təhlilinə də böyük zərurət vardır. Bunun milli-mənəvi inkişafımızın perspektivi üçün də əhəmiyyəti böyükdür.

Azərbaycan folklorunun qorunması və təbliği işinin təşkilində müstəsna xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin folklorla bağlı dövlət fəaliyyətini əks etdirən sənədlər, nitqlər və digər materiallar da seçilərək tədqiqata cəlb olunmuşdur. Eyni zamanda, ümummilli liderin məqsədyönlü fəaliyyətini təsvir edən materiallar və onların üzərində aparılmış araşdırmalardakı fikir və mülahizələrdən bəzi nümunələr də burada təqdim olunur.

Tədqiqatın obyekti və predmeti. İşin əsas obyektini ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsindəki irsi təşkil edir. Buraya Heydər Əliyevin nitqləri, çıxışları, fərmanları aiddir. Tədqiqatın birbaşa predmetini Heydər Əliyevin milli-mənəvi irsin qorunmasında, xalq yaradıcılığı sahəsindəki siyasəti təşkil edir. Bu səbəbdən Heydər Əliyev irsinin öyrənilməsində bütün mümkün qaynaqlardan istifadə olunmuşdur.

Araşdırmanın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi Azərbaycan folklorunun toplanması, qorunması və öyrənilməsi işində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xidmətlərini sistemli şəkildə araşdırmaq və folklorşünaslığın elmi dövriyyəsinə daxil etməkdir. Bu məqsəd aşağıdakı vəzifələrin yerinə yetirilməsini mümkün etmişdir:

- ümummilli lider Heydər Əliyevə xalq sevgisini əks etdirən folklor əsərlərində gerçəkləşən rəhbər-xalq münasibətlərinin təhlilini vermək və bu böyük şəxsiyyətə ucaldılmış folklor abidəsində onun möhtəşəm obrazını öyrənmək;

- ümummilli lider Heydər Əliyevin mənəvi quruculuq siyasətində folklorun mövqeyini müəyyənləşdirmək və milli demokratik inkişafımızın gələcəyi üçün əhəmiyyətini aydınlaşdırmaq.

Problemin öyrənilmə dərəcəsi. Heydər Əliyevin xalq yaradıcılığı ilə bağlı fəaliyyəti tədqiqatçılardan Yaşar Qarayevin ”Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, ”Bütün xalqların və dövrlərin kitabı // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”, Bəkir Nəbiyevin “Heydər Əliyev (Prezident haqqında etüdlər)”, Tofiq Hacıyevin “Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığının aktual problemləri” , Azad Nəbiyevin “Nəhrlərdən güc alanda”, Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycan folkloru”, Hüseyn İsmayılovun” Heydər Əliyev: Şəxsiyyət, idealımız və milli öndərimiz. Heydər Əliyev və mənəvi dəyərlər”, Məhərrəm Cəfərlinin “Heydər Əliyev: xalqın güvənc yeri və milli iftixarı “ , Tərlan Novruzovun “Heydər Əliyev və klassik ədəbi irs”, Ramazan Qafarlının “Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi”, Kamran Əliyevin “Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığının aktual problemləri “, Cəlal Qasımovun “Heydər Əliyev və “Kitabi- Dədə Qorqud”, Ağaverdi Xəlilin “Heydər Əliyev və mərasim mədəniyyətimiz”, Qalib Sayılovun “H.Əliyev və aşıq yaradıcılığı ” və b. əsərlərdə müəyyən qədər özünə yer almışdır.

Tədqiqatın elmi yenilikləri. Heydər Əliyev və xalq yaradıcılığı mövzusu tədqiqatda, əsasən, dörd aspektdən öyrənilməyə çalışılmışdır:

1.Heydər Əliyevin xalq yaradıcılığının qorunması, təbliği işinin təşkili;

2.Heydər Əliyevin ənənəvi mədəniyyətin bərpasında rolu;

3.Heydər Əliyevin xalq yaradıcılığının tədqiqi və folklorşünaslığın təşkilatlanmasında - Institutlaşmasında rolu;

4.Xalq yaradıcılığında Heydər Əliyev.

Bu tədqiqat əsərinə qədər Heydər Əliyevin ənənəvi mədəniyyətlə bağlı fəaliyyəti bu və ya digər aspektlərdən araşdırılsa da, Heydər Əliyev irsi ənənəvi mədəniyyət və onun tərkib hissəsi olan folklorla əlaqədə geniş və sistemli şəkildə öyrənilməmişdir. Mövcud araşdırmalar, demək olar ki, yalnız tarixi-müqayisəli və ənənəvi-təsviri tədqiqat prinsiplərinə uyğun aparılmışdır, geniş fəlsəfi ümumiləşdirmələr, fundamental kulturoloji yanaşmalar və filoloji təhlillər verilməmişdir. Elə bu səbəbdən də Heydər Əliyev irsinin xalq yaradıcılığı kontekstində bütünlüklə öyrənilməsi mümkün olmamışdır.

Tədqiqatda ilk dəfə olaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin milli- mənəvi quruculuq siyasəti və bu yöndəki fəaliyyəti sistemli və geniş şəkildə öyrənilmişdir; Müstəqil və demokratik dövlət quruculuğu prosesində folklorun rolu və mövqeyi müəyyənləşdirilmişdir və s.

İşin nəzəri-metodoloji əsasları. Tədqiqatda, əsasən, tarixi-müqayisəli metod tətbiq olunmuşdur. İşdə həmin metodun tətbiqi üçün Azərbaycan alimlərindən H.Araslı, M.H.Təhmasib, M.Seyidov, T.Hacıyev, N.Cəfərov, Ş.Cəmşidov, P.Xəlilov, K.Abdulla, R.Bədəlov, B.Abdulla, Q.Paşayev, M.Qasımlı, F.Bayat, K.Əliyev, M.Kazımoğlu, T. Novruzov, R.Əliyev, Y.İsmayılova, S.Rzasoy, C.Bəydili, R.Kamal, A.Xəlil və b.-nın tədqiqatları nəzəri-metodoloji bazanı təşkil etmişdir.

Dissertasiyanın nəzəri və praktik əhəmiyyəti. Tədqiqat işi nəzəri və praktiki əhəmiyyətə malikdir. Heydər Əliyev irsini öyrənən bu tədqiqatın nəzəri əhəmiyyəti onun şifahi xalq yaradıcılığının qorunub yaşadılması ,elmi tədqiqi, folklor işinə davamlı diqqətin artırılmasını, folklorşünaslığın bütün humanitar elm sahələri ilə sıx əlaqədə təşkilatlanmasını təhlil etməkdir. Heydər Əliyevə qədər folklorşünaslığın tədqiq və təbliği sahələrinin bir-birilə sıx əlaqələri olmadığına görə, bu sahənin təşkilatlanması və institutlaşması üçün konseptual əsasların müəyyənləşdirilməsi, ümummilli liderin fəaliyyətində öz ifadəsini tapan mənəvi irsin qorunması, bərpası, yaşadılması və təbliği təcrübəsinin praktiki əhəmiyyəti işdən milli humanitar elmin, ali məktəblərin humanitar fakültələrinin inkişafında, filologiya və folklor ixtisasları üzrə mütəxəsisslərin hazırlanmasında praktiki vəsait kimi istifadə imkanları ilə şərtlənir.

İşin aprobasiyası. Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Folklor nəzəriyyəsi” (hazırda bu şöbə “Mərasim folkloru” adlanır-T.P.) şöbəsində hazırlanmışdır. Müəllif tədqiqatın nəticələri ilə bağlı Azərbaycanda və xaricdə elmi məqalələrlə çıxış etmiş, işin elmi yeniliklərini konfrans və elmi seminarlarda ictimaiyyətin diqqətinə çatdırmışdır.

Dissertasiyanın quruluşu: Tədqiqat giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Girişdə dissertasiyanın ümumi səciyyəsi verilir, mövzunun aktuallığı, qarşıya qoyulan məqsəd və vəzifələr, tədqiqatın elmi yeniliyi, işlənmə dərəcəsi, praktik və nəzəri əhəmiyyəti əsaslandırılır, eləcə də müdafiəyə çıxarılan müddəalardan və dissertasiyanın apropabasiyasından bəhs edilir.

Disertasiyanın I fəsli “Heydər Əliyev və Azərbaycan milli humanitar fikri” adlanır və iki yarımfəsildən ibarətdir. “Müasir milli humanitar araşdırmalarda Heydər Əliyev fenomeni” adlanan birinci yarımfəsildə göstərilir ki, Azərbaycanın müasir tarixində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin fəaliyyəti xalqımızın ictimai-mədəni həyatının bütün sahələrini əhatə edir. Bu möhtəşəm fəaliyyət Azərbaycan milli humanitar düşüncəsinin tükənməz qaynağı olmuş və elmi dövriyyədə təhlil edilmiş, milli ideologiyanın strateji əsaslarının hazırlanmasında geniş şəkildə və müəyyənləşdirici istiqamətlər kimi istifadə edilmişdir. Heydər Əliyev fenomeni Azərbaycan elminin qabaqcıl nümayəndələri R.Mehdiyev, A.Mehdiyev, M.Kərimov, A.Əlizadə, A.Həşimov, A.Axundov, B.Nəbiyev, Y.Qarayev, A.Nəbiyev, K.Talıbzadə, T.Bünyadov, V.Məmmədəliyev, T.Hacıyev, İ.Həbibbəyli, R.Hüseynov, T.Kərimli, H.İsmayılov, M.Cəfərli, M.Qasımlı, T.Novruzov, Y.İsmayılova, R.Qafarlı, M. Kazımoğlu, K.Əliyev, C.Qasımov, S.Qəniyev, A.Xəlil və b. tərəfindən öyrənilməyə başlanmış və bu sahədə ciddi addımlar atılmışdır. Azərbaycan xalqının yetirdiyi bu dahi şəxsiyyətin geniş əhatəli fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı tədqiqatlar aparılmışdır. Hər bir elm sahəsində özünün fəaliyyətini Ulu öndərin baxışlar sistemindən keçirməyə ehtiyac hiss edilmiş və öndərin həmin sahəyə münasibətlərini əks etdirən elmi araşdırmalar aparılmışdır . Bu araşdırmalar nəticəsində milli humanitar elmimizdə əliyevşünaslıq sahəsi formalaşmışdır. Bu sahə əslində bizim milli ideoloji sistemimizin əsaslarını özündə ehtiva etməkdədir. Bu baxımdan Ulu öndərin milli fenomen ifadəsi kimi öyrənilməsində folklorşünaslıq elminin xüsusi yeri vardır. Çünki Heydər Əliyev milli mədəniyyətə, xalq yaradıcılığına bağlı şəxsiyyət olmuş və öz münasibətlər sistemində bu yaxınlığı, doğmalığı müxtəlif şəkildə əks etdirmişdir. Bu baxımdan folklorşünaslıq sahəsi üçün də Heydər Əliyev fenomeninin öyrənilməsi, eyni zamanda, bu dahi şəxsiyyətin xalq yaradıcılığının müxtəlif sahələri ilə bağlı fikirlərinin müasir təcrübəyə daxil edilməsi olduqca vacibdir.

Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycan dövlətçiliyini simvolizə edir. Xalqımızın ictimai həyatının böyük dövrü Heydər Əliyevin siyasi fəaliyyəti ilə birbaşa bağlıdır. Bu mənada “Öndər və folklor” probleminin predmetinə zəruri tərkib hissəsi kimi Heydər Əliyev və Azərbaycan xalq yaradıcılığı mövzusu da daxil olur. Bu mövzu özündə iki əsas istiqaməti birləşdirir:

1. Heydər Əliyev və folklor. Məlumdur ki, dil, din, ədəbiyyat və başqa bu kimi humanitar xarakterli sahələrlə yanaşı, cəmiyyətin mənəvi institutlarını özündə birləşdirən əsas sahələrdən biri də folklor ənənəsi və folklor irsidir. Folklorda xalq bütün kənar təsirlərdən təcrid olunmuş şəkildədir. Bu anlamda folklor mənəviyyatı xalq mənəviyyatının özüdür, onun tamı, bütövüdür. Məhz belə nikbin tamlığı və bütövlüyü təmin etmək üçün Heydər Əliyev mənəvi quruculuq siyasətini daim diqqət mərkəzində saxlamışdır. Folklor irsinin qorunması, təşkili və tətbiqi işinin təkmilləşdirilməsi üçün dövlət səviyyəsində tədbirlər həyata keçirmişdir. Bunları bir neçə istiqamət üzrə qruplaşdırmaq mümkündür:

a) folklorun qorunması;

b) folklorun aktuallaşdırılması və təbliği;

c) folklorun tətbiqi, elmi tədqiqi və folklorşünaslıq strukturlarının təşkilatlanması və İnstitutlaşması.

Heydər Əliyevin mənəvi quruculuq siyasətində folklor prioritet sahələrdən birini təşkil edir. Folklor abidələrinin qorunması, bərpa olunması, folklor əsərlərinin nəşri, xalq mərasimlərinin, milli bayramların rəsmi olaraq qeyd olunması, abidələrin və el sənətkarlarının yubileylərinin keçirilməsi, xalq tamaşaları, oyunlar, yarışlar və s. tətbiqi, təbliği və tədqiqinin dövlət səviyyəsində həyata keçirilməsi Heydər Əliyevin mənəvi quruculuq siyasətinin əsas təmayülü kimi diqqət mərkəzində olmuşdur.

2. Folklor və Heydər Əliyev. Buraya Heydər Əliyev şəxsiyyətinin folklorlaşması, folklor nümunələrində obrazının yaradılması, onunla bağlı motivlər, folklor qəhrəmanı kimi epik dövriyyəyə daxil olması, ona həsr olunmuş folklor əsərləri, şəxsiyyətinin tərənnümü və s. kimi məsələlər daxildir. Mənəvi quruculuq bütün cəmiyyətlərin həyatında çox mühüm hadisədir. Ümummilli lider Heydər Əliyev bunun xalq üçün dəyərini hər kəsdən artıq bilirdi və həmişə də xüsusi diqqət mərkəzində saxlayırdı. Bu məsələnin təhlilinə keçməzdən öncə qeyd edək ki, mənəvi quruculuq politologiyada “hakimiyyət və xalq”, folklorşünaslıqda isə “rəhbər və xalq” münasibətlərini özündə ehtiva edir. Bunlardan birincisi politoloji tədqiqat mövzusu kimi folklor materialı üzərində işlənə bilər. Çünki folklorda sabit və ictimai xarakter daşıyan milli-mədəni dəyərlər gerçəkləşir. Bu mənada xalq düşüncəsində və davranışında, sosial psixologiyada sabitləşmiş münasibətlərin öyrənilməsi dövlətçilik üçün az əhəmiyyət daşımır. Folklorda “rəhbər və xalq” modeli isə düşüncə və davranışın idealizə olunmuş və xalq yaradıcılığında cilalanaraq sənət keyfiyyəti qazanmış formasıdır. Mənəvi quruculuq istiqaməti Heydər Əliyev siyasətinin ana xəttini təşkil edirdi. O, siyasətinin əsas tezisini sadə və aydın formada təqdim edirdi: “Biz öz millimənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında , yaşayışında , xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz ” (Əliyev H. Müdrik fikirlər. I kitab: Dövlətçilik, müstəqillik və demokratiya haqqında: iyun, 1993 - oktyabr, 1998. Bakı: Çaşıoğlu, 2008, 399 s.; ). Bununla da hər şeyin ondan başladığını bir daha diqqətə çatdırırdı. Müstəqil Azərbaycan dövləti vətəndaşının mənəvi saflığı, təmizliyi onun qoyduğu ən başlıca tələb idi.

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru Muxtar İmanov yazır: “Azərbaycan müstəqillik qazanandan sonra Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan etmişdir. Dünya azərbaycanlılarının I qurultayının təşəbbüskarı olan H.Əliyev həmin qurultaydakı məşhur nitqində (10 noyabr 2001-ci il) azərbaycançılığın əsas prinsiplərini bəyan etmiş və bu ideyanı bütün dünya azərbaycanlılarını birləşdirən başlıca ideya kimi səciyyələndirmişdir. H.Əliyev milli ideologiyanın milli dövlətçilik ənənələri və tarixi keçmişimizlə bağlı olmasını mühüm bir şərt kimi irəli sürmüşdür: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adətənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır”(İmanov M. Elmimizin ideya mənbəyinə çevrilən irs // Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığının aktual problemləri. Bakı: Nurlan, 2013, s. 14-15).

Heydər Əliyev türk xalqlarının mədəni əlaqələrinin güclənməsində, intensiv xarakter almasında və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm xidmətlər göstərmişdir. Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəllə görüşündə “biz bir millət, iki dövlətik” demiş, bununla da iki dövlət arasındakı mənəvi münasibətlərin gerçək mahiyyətini qısa və aydın tezislə ifadə etmişdi.

Heydər Əliyevin türkçülük ideyası daha çox mədəni türkçülüyə uyğun idi. Bu da öz növbəsində turançılıq ideologiyasına xidmət edirdi. İdeologiyanın işlək hala gəlməsi üçün mədəni və mənəvi institutların roluna xüsusi önəm verən Heydər Əliyev deyirdi: “...Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyaya tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə sədaqət hisslərini daim gücləndirmişdir”. Ortaq kökləri, etnik mənşəni və milli xüsusiyyətləri nəzərə alan Heydər Əliyev qohum və qardaş xalqların yaxınlaşması üçün böyük səylər göstərirdi: “Bizim tarixi köklərimiz xalqlarımızın öz iradəsi ilə bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğumuza görə çox dərindir və qeyd etdim, mənəvi dəyərlərimizin inkişafı tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə, keçilməz yollarla rastlaşıbsa da dayanmayıb, inkişaf edib, qalxıbdır. Amma indi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da güçləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim vəzifəmiz, borcumuzdur”.

Heydər Əliyev Azərbaycan tarixini, onun mədəniyyət və mənəviyyat resurslarını dərindən bilən şəxsiyyət idi. Ona görə mənəvi quruculuq işini mükəmməl təşkil etmək üçün vətəndaş həmrəyliyinə aparan ən qısa yolu – azərbaycançılığı seçdi. Bu istiqamətdə ardıcıl iş aparan ümummilli lider Azərbaycan dilini milli-mənəvi dəyərlərimizin əsası kimi götürürdü. Akademik Arif Mehdiyevin də yazdığı kimi, Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında da misilsiz xidmətlər göstərmişdir. Rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq, respublika iqtisadiyyatı və mədəniyyətinin yüksəlişi, xalqın sosial rifah halının yaxşılaşması üçün həyata keçirdiyi müdrik siyasətdə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsi və inkişafına da xüsusi diqqət yetirmişdir (Mehdiyev A. Heydər Əliyev Azərbaycan alimlərinin ilhamvericisidir // Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir - onu qoruyub saxlamalıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s. 57).

Ulu öndərin müdrikiliyi işığında görülmüş işlərə diqqət edək. “Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Humanitar və İctimai Elmlər Bölməsinin milli, ictimai-humanitar və milli-ideoloji təmayülünün istər elmimədəni, istərsə də ideoloji baxımdan əsas ağırlıq mərkəzlərindən biridir. İnstitutun o qədər də uzun olmayan tarixi son illər Azərbaycanda milli-ideoloji və müstəqil dövlətçilik təfəkkürünün inkişafı ilə üst-üstə düşür. Milli dövlət quruculuğunun ilk illərində, 1994-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi kimi fəaliyyətə başlayan Folklor İnstitutu birbaşa dövlət siyasəti səviyyəsində milli-mənəvi dəyərlərə artan marağın təzahürü, milliideoloji işin elmi meyarlarla kompleksləşdirilməsinin faktı kimi yaranmışdır. Zəngin folklor materiallarını özündə cəmləşdirən folklor arxivi, Azərbaycan folkloru, Aşıq yaradıcılığı, Türk xalqları folkloru kimi yüksək elmi potensiala malik şöbələri özündə birləşdirən elmi-mədəni mərkəz fəaliyyətinin ilk illərində folklorşünaslıq elmimizin inkişafında həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki illərdən əsaslı şəkildə fərqlənən elmi nəticələr ortaya qoydu və getdikcə, sözün həqiqi mənasında, yalnız folklorşünaslığın deyil, milli humanitar fikrin respublikada əsas mərkəzlərindən birinə çevrildi. 1998-ci ildə “Kitabi-Dədə Qorqud” abidəsinin 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsində işin istər elmi yaradıcılıq, istərsə də təşkilati ağırlığını, əsasən, “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi öz üzərinə götürdü. Bütün varlığı ilə milli-mənəvi dəyərlərə bağlı Heydər Əliyevin türkçülük istiqamətində apardığı daxili siyasətin nəticəsi olaraq (seçmə bizimdir – T.P.) həmin proseslərdə “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin ştat vahidi xeyli genişləndirildi, strukturu isə əlavə “Qorqudşünaslıq” şöbəsi ilə zənginləşdirildi. Beləliklə, 1994-cü ildən fəaliyyət göstərən Elmi-Mədəni Mərkəzin inkişafında 1998-ci il əsaslı dönüş, fəaliyyət sferasının genişləndlrilməsi ilə xarakterik oldu”(Qasımov M. H.Əliyev və Azərbaycan folkloru // “Ozan dünyası” dərgisi, № 2, 2010, s. 4). “Dövlət və dövlətçilik ideologiyasına folklorda yaşayan milli-mənəvi dəyərləri transfer etmək üçün institutun müstəqilliyini zaman özü zərurətə çevirmişdi. Bütün bunların nəticəsi olaraq 2003-cü ilin fevralında “Folklor Sarayı” AMEAnın müstəqil struktur vahidinə – instituta çevrildi”. Elmi fəaliyyətində H.Əliyevin mədəni quruculuq haqqındakı tezislərini əsas götürən prof. R.Qafarlı yazır ki, “mənəvi dəyərlərin qorunması üçün bütün imkanları səfərbər edən dövlət başçısı Azərbaycan və ümumiyyətlə, türklər haqqında formalaşan qeyri-etik və elmilikdən kənar qənaətləri alt-üst edən çoxsaylı tədbirlər həyata keçirmişdir. Onun səyi və prinsipial mövqeyi nəticəsində dünya anlamağa başlamışdır ki, “Dədə Qorqud”, “Manas”, “Koroğlu” kimi eposlar düzüb-qoşan xalq ancaq haqqa tapınar, şərə meyl göstərməz”(Qafarlı R. Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi // Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. Bakı: Səda, 2003, s.56-57).

Birinci fəslin ikinci yarımfəsli “Heydər Əliyev və milli-mənəvi quruculuq konsepsiyası” adlanır. Bu yarımfəsildə göstərilir ki, Heydər Əliyev hakimiyyətinin ikinci dövründə (1993-2003) qloballaşmanın artan təhlükələri qarşısında daha böyük fədakarlıqla milli-mənəvi irsimizin qorunmasına önəm vermişdir. O, bilirdi ki, Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və ya açıq mübarizələrin getdiyi bir zamanda soy-kökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqimənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq, bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti, ilk növbədə ziyalıların, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük məsuliyyət qoyurdu. Əslində, tariximizin son olayları - musiqimizin beşiyi Şuşanın işğalı hamıdan çox ölkə başçısını sarsıtmışdı. Eləcə də bu qədər zəngin mənəvi sərvət yaradan insanları xəyanətlə heç vaxt barışmamağa çağıran da Heydər Əliyev olmuşdur. O, çıxışlarında təkrartəkrar deyirdi: “Elə düşünməsinlər ki, Azərbaycan xalqının mənəviyyatını sarsıda bilərlər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!.. Biz öz torpaqlarımızın sahibi olmalıyıq... Nəyin bahasına olursa-olsun, hansı yolla olursa-olsun, Şuşa da, Qarabağ da, işğal olunmuş bütün torpaqlarımız da azad olunacaq - Azərbaycan xalqının iradəsi ilə azad olunacaq”.

Ulu öndərin bütün çıxışlarının, bəyanatlarının mətnində daha çox işlənən sözlərdən biri də “məsuliyyət və vətəndaşlıqdır”: “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir”. Elə bu amalla Ulu öndər həyatının sonrakı mərhələlərində öz vətəndaşlıq məsulyyətinin əsas örnək mənbəyi kimi milli-mənəvi dəyərlərdən bəhrələnməyi və məqamı çatanda bu dəyərlərin inkişafına, intişarına kömək etməyi hesab etmişdir. Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası həm də milli-mənəvi dəyərlərin, dövlətçilik ideologiyasının qorunmasını ümdə şərt kimi önə çəkir. Bu yolda əsas prinsiplərdən biri olaraq elmliyə, oxumağa və ziyalılığa üstünlük vermişdir. Təsadüfi deyil ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider Azərbaycanda humanitar və ictimai elmləri yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, millimənəvi dəyərlərin qorunması ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirdi.

Böyük rəhbər Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Heydər Əliyev dühasının vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genofondunu qorumuşdur. Bütün siyasi kursunda tarixiliyə önəm verən Ulu öndər, mənəvi dəyərlərimizin qorunması uğrunda mübarizə apararkən, mentalitetimizin də tarixi inkişaf və formalaşma mərhələlərini unutmamışdır. Bu tarixiliyin dərin qatlarında o Novruz, Qurban, Ramazan bayramları və digər adət - ənənələrimizin də yerini xüsusi olaraq qiymətləndirmişdir: “Novruz hər bir azərbaycanlı üçün əziz bir bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır.

 Əsrlər boyu Novruz Azərbaycan xalqı üçün barış və saf niyyətlər bayramı olmuşdur. Bu bayram həm adi, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Novruz bizim ən qədim bayramımızdır. O xalq bayramıdır.

Novruz bayramı həmişə xalqımızı birləşdirən, bir yerə yığan, insanları birbirilə barışdıran bayram olubdur.

Novruz bayramı bizim xalqımızın qədim milli bayramıdır. Novruz bayramı hər bir azərbaycanlının qəlbinin bayramıdır, bizim müstəqil Azərbaycan torpağının, Azərbaycan respublikasının bayramıdır”.

Ulu öndər dini adət-ənənələrin qorunmasını xalqın mentalitetinin formalaşması, yeni-yeni əxlaqi-etik normaların saflaşması ilə bağlayırdı. O, gözəl bilirdi ki, dinin insan tərbiyəsində rolu böyükdür. Çünki insanların min ildən çox mental təfəkküründə mövcud olan inanclar, insanın daim özünü Allah qarşısında borclu bilməsi onu digər günahlardan da qoruyur. Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir. Bunun təməlinin 70-ci illərdə qoyulduğunu söyləyənlər tamamilə haqlıdırlar. Çünki 70-ci illərdə – dinsiz və allahsız sovet cəmiyyətində Heydər Əliyev islam dininə aid ibadətgahların bərpasına nail olmuşdu.

Vətəndaşlıq idealını, dövlətçilik əqidəsini, millilik və digər mədəniyyətlərə açıqlığı, tarixi ənənə və tərəqqinin vəhdətini ehtiva edən azərbaycançılığın təməl anlayışlarından biri də xalqımızın eyni tarixi köklər, dil, mədəniyyət və mənəviyyat ortaqlığı ilə bağlandığı türk və islam dünyası ilə birliyinin prioritetliyidir.

Türk xalqlarının birliyini, “bir millət – iki dövlət” formulu ilə ifadə olunan konseptual ideyasını ilk növbədə gerçək fəaliyyət, əməkdaşlıq, tərəfdaşlıq proqramı kimi təqdim edən Heydər Əliyevin bu birliyin ideoloqu və təşkilatçısı kimi həyata keçirdiyi tədbirlər, ümumtürk mənəvi sərvətləri olan ana dili, mədəniyyət abidələrimiz, ədəbiyyat və sənətimizlə bağlı imzaladığı fərmanlar, sərəncamlar bu baxımdan müstəsna rol oynamış tarixi hadisələr kimi şərh olunur.

Məhz Ulu öndərimizin milli-mənəvi dəyərlərin qorunub yaşadılması uğrunda yorulmaz işində beynəlxalq arenaya diqqət ayırması, onun bütün siyasi kursunun hər tərəfli uğurları kimi bu sahədə də yeni müsbət çalarla üzə çıxarmışdır. Bununla bağlı:

– hələ sovet dönəmində İran Azərbaycanının və bütün Dünya azərbaycanlılarının məşhur şairi M.Şəhriyarın milli mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş ədəbi irsinin çapı və təbliği;

– türkdilli xalqların beynəlxalq mədəniyyət qurumu olan TÜRKSOY-un fəaliyyətilə əlaqədar yeni fəaliyyət proqramının qəbul edilməsi;

– “Manas” dastanının 1000 illik yubileyinin keçirilməsi tədbirlərində yaxından iştirak etməsi və s. bu deyilənlərə bir daha sübutdur.

Milli-mənəvi dəyərlərin qorunması işində tarixi addımlar atmış Heydər Əliyevin tarixi fəaliyyətindən biri də “Kitabi Dədə Qorqud” dastanı ilə bağlı olmuşdur.

Heydər Əliyevin “Kitabi Dədə Qorqud” eposuna baxışlarında əsas yeri tutan cəhətlər tarixi faktlara yüksək xəlqilik, millilik, azərbaycançılıq, dövlətçilik, milli məfkurə mövqeyindən yanaşmasıdır. O, tarixi dastanımıza xalqımızın milli keçmişini müəyyənləşdirən, qəhrəmanlıq tariximizə şahidlik edən dəyərli ədəbi, milli, tarixi fakt kimi yanaşmışdır. Müstəqillik dövrümüzün verdiyi şansdan xalqın ədəbi tarixi, milli tarixi üçün yararlanaraq, dünya dövlətlərinə bildirmişdir ki, “Kitabi Dədə Qorqud” eposu Azərbaycan xalqının dünya mədəniyyəti tarixində çox qədim yerə malik olmasını sübut edir. “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin ümumdünya mədəniyyəti salnaməsi kimi YUNESKO səviyyəsində Azərbaycanda keçirilməsi, türk dünyasının folklorşünaslarının, türkologlarının, dövlət və hökumət başçılarının bu yubileydə iştirakı böyük ədəbi-siyasi hadisə oldu.Yubiley tədbirlərinin milli, siyasi, xəlqi əhəmiyyəti haqqında Ulu öndər Heydər Əliyev deyirdi: ”Bu yubiley bizim üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan bir tarixi hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır ”.

Ümummilli liderimiz Heydər Əliyev “Kitabi Dədə Qorqud” dastanının dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixli fərman imzalamışdı. Fərmanda deyilir: “Kitabi Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o, bizim tariximizin 1300 illik dövrünü həm əks etdiririr, həm də bir daha təsdiq edir. Oğuz-türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün çox əhəmiyyətlidir. Ulu xalqımızın yeddinci əsr abidəsi olan “Kitabi Dədə Qorqud” dastanı da YUNESKO-nun Ümumdünya qeyri-maddi mədəni İrs siyahısına daxil edilmişdir. “Kitabi Dədə Qorqud” milli mədəniyyətimizin iftixarı olmaqla bərabər, qədim türk bədii təfəkkürünün ən qiymətli incilərindən biridir .

“Kitabi-Dədə Qorqud”un 1300 illik yubiley tədbirləri bizim milli ənənələrimizə, milli tarixi köklərimizə, milli mədəniyyətimizə, milli elmimizə, xalqımızın milli mənlik şüuruna sonsuz ehtiramımızdan irəli gələn hadisə idi, xüsusilə də eposun Azərbaycan-oğuz türklərinə mənsubluğunu hamının – türkdilli və digər xalqların qarşısında bir daha təsdiq etdirmək idi.

“Kitabi Dədə Qorqud” Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının tarixinin, etnik təfəkkürünün güzgüsüdür. AMEA-nın müxbir üzvü T.Hacıyev deyirdi: “Mən vaxtilə bir müqayisə işlətmişdim: bir zamanlar Nizami Gəncəvi ətrafındakı mübahisəni SSRİ dövlətinin başçısı həll etmişdi. İndi Azərbaycan Respublikasının dövlət rəhbəri öz fərmanıyla Dədə Qorqudu Azərbaycan vətəndaşı elədi. Bu , bir şirin yuxunun dürüst çıxması idi. Yuxunun reallaşması dövlət müstəqilliyinin bəhrəsidir. Fərman iki iş gördü:

 1.“Dədə Qorqud kitabı” bizim oldu;

2.Yazılı ədəbiyyatımız altı əsr tarixin dərinliyinə getdi”(Hacıyev T. “DQK- 1300”- tarixi dövlət tədbiri // Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. Bakı: Səda, 2003, s.8-9).

Ulu öndərin mənəvi quruculuq siyasətində aparıcı istiqamətlərdən biri folklordur. Şifahi xalq yaradıcılığı abidələrinin qorunması, bərpa olunması, folklor əsərlərinin nəşri, xalq mərasimlərinin, milli bayramların rəsmi olaraq qeyd olunması, folklor abidələrinin və el sənətkarlarının yubileylərinin keçirilməsi, xalq tamaşaları, oyunlar, yarışlar və s. tətbiqi, təbliği və tədqiqinin dövlət səviyyəsində həyata keçirilməsi Heydər Əliyevin mənəvi quruculuq siyasətinin əsas təmayülü kimi diqqət mərkəzində olmuşdur.

Heydər Əliyevin xalq yaradıcılığı, xalq təfəkkürünün qorunması ilə bağlı bütün fəaliyyətində qazandığı uğurların səbəbi elmi əsaslara söykənən tədbirlərə önəm verməsidir. Ona görə də alimə, elm xadiminə, ziyalı təfəkkürünün formalaşmasında xidmətləri olan insanlara, onların geniş yaradıcılıq araşdırmaları üçün şərait yaradılmasına çalışıb və buna nail olub. Elmi inkişafla bağlı çıxışlarının birində demişdir: “Hər bir alim qiymətlidir. Hər bir elm xadiminin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin arasında xüsusi yer tutur”.

Min illərin tarixi-mənəvi yaddaşını daşıyan zəngin irsimizə, xüsusilə, folklorumuza diqqət və qayğı Azərbaycanda Heydər Əliyevin siyasi və vətəndaş rəhbərliyi ilə özünəqayıdış prosesinin həqiqi inkişaf mərhələsi kimi başlayıb. Saz- söz yaradıcılığını təbliğ edən qurumlar - “Azərbaycan Aşıqlar Birliyi”, Aşıq Pəri Məclisi”, “İrs”, “Atəşgah”, “Gülüstan” kimi xalq kollektivləri yarandı, folklorun kütləvi təbliği, folklor festivalları, saz bayramları, televiziya və radioda “Bulaq”, “Ozan” proqramları geniş təbliğat ruporuna çevrildi.

Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsinin ilk günlərindən folklora, xüsusilə də aşıq yaradıcılığına böyük diqqəti tarixi faktlardandır. Bu bir tərəfdən onun Qərbi Azərbaycanın saz-söz yurduna dədə-baba bağlılığından, digər tərəfdən də özünün aşıq yaradıcılığına böyük məhəbbətindən irəli gəlirdi. Mütəxəssislərin fikrincə, o, həmişə folklorun aşıq yaradıcılığı ilə bağlı şəxsiyyətlərinə, onların ifalarına maraqla yanaşıb. Şəxsi sevgi və maraq sonralar böyük siyasətdə yeni proqramlaşdırılmış fəaliyyəti üçün səbəb olub. Ona görə siyasi rəhbərliyinin istiqamətlərində aşıqlar, onların yaradıcılığındakı imkanlar və problemlər, bu işə kompleks təbliğat və təşviqat vasitələrini cəlb etmək kimi məsələlər özünü daha qabarıq göstərməyə başlamışdır.

Dissertasiyanın ikinci fəsli “Heydər Əliyev və xalq dastanlarımızdakı mənəvi dəyərlərin aktuallaşdırılması” adlanır və iki yarımfəsildən ibarətdir. “Heydər Əliyev və “Kitabi Dədə Qorqud” eposu” adlanan birinci yarımfəsildə göstərilir ki, Heydər Əliyev, hər şeydən əvvəl müasir Azərbaycanın keşməkeşli dövrlərində rəhbərlik etmiş, bu dövləti hər cür siyasi, iqtisadi fəlakətlərdən qoruyaraq, güclü dövlətə çevirə bilmişdir. O, “Kitabi Dədə Qorqud” dastanının xalqımız üçün nə qədər əhəmiyyətli tarixi, siyasi, mənəvi abidəyə malik olduğunu çox gözəl bilirdi.

Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud”un birliyə çağrışını bu gün hər bir türkdilli xalq, dövlət müstəqilliyi yolu ilə gedən ölkə, həmçinin hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu yaşayan Azərbaycan üçün hər şeydən vacib olduğunu önə çəkib.

O vurğulayıb ki, kitabın 1300 illiyini qeyd edərək, ulu Qorqud dədəmizin vəsiyyətlərindən nəticə çıxararaq, daim dövlətçiliyimizin möhkəmlənməsi, vətənə sədaqət, vətənpərvərlik yoluyla gedərək, ölkəmiz bu yolda sonadək mübarizə aparacaq. Ulu öndər qeyd edir ki, “Kitabi Dədə Qorqud” qəhrəmanlıq dastanıdır. Eyni zamanda, dünya şöhrətli Heydər Əliyevə görə, epos Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu hazırki vaxtda insanları, xalqları sülhə, barışa dəvət edir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana edilən təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, işğal ərazilərindən bir milyondan çox həmvətənimizin yerindən-yurdundan qovulmasını, didərgin edilməsinə baxmayaraq, xalqımız kitabda əksini tapan yurd andına sadiq qalaraq yenə dünyaya öz sülhsevərlik siyasətini nümayiş etdirdiyini, Dədə Qorqud yolu ilə, sülh yolu ilə getdiyini və bütün türkdilli dövlətlərdə sülhün, əmin-amanlığın bərqərar olmasını istədiyini bəyan edib. “Kitabi Dədə Qorqud” özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir. Yubiley komissiyasının üzvləri, Azərbaycan alimləri, tədqiqatçıları, yazıçıları, ictimai xadimləri tərəfindən görülən işlər yüksək qiymətə malikdir. Ona görə yubiley günündə o, “KitabiDədə Qorqud”un tədqiqi, təbliği ilə məşğul olmuş və bu yubiley mərasimlərinə çox dəyərli elmi əsərlər, kitablar hazırlamış alimlərimizə, yazıçılarımıza, bütün vətəndaşlarımıza təşəkkürünü böyük iftixarla bildirmişdi.

Türk dövlətlərinin birliyi ideyasını müdafiə edən Heydər Əliyev bu ideyanın mənəvi əsaslarını möhkəmləndirmək yollarını düşünürdü: “Türkdilli Dövlətlər Birliyinin nə qədər gərəkli olmasını və onun işinin nə qədər səmərəli olmasını biz hamımız bu gün, “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə hiss etdik. Türkdilli xalqların milli oyanışı, dirçəlişi, dövlət müstəqilliyini əldə etməsi, öz tarixi köklərini dərindən öyrənməsi, dərk etməsi məhz belə gözəl nəticələr veribdir. Onun da ən parlaq nümunəsi “Kitabi Dədə Qorqud” dastanının yubileyi hamımızın bir yerdə, o cümlədən müxtəlif ölkələrdən Azərbaycana gəlmiş qonaqlarla bir yerdə təntənəli qeyd etməyimizdir”. Heydər Əliyev yubiley mərasiminə də birliyin bir təntənəsi kimi baxırdı və bu birliyin ortaq mənəvi dəyərlər üzərində inkişafı üçün öz səylərini əsirgəmirdi. Ulu öndər yenə də abidə ilə bağlı məsələnin mənəvi aspektlərini aydınlaşdırır. Xüsusilə də abidənin milli qürur qaynaqlarını gücləndirməsinə böyük əhəmiyyət verirdi: “Biz fəxr edirik ki, “Kitabi Dədə Qorqud” kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, “Kitabi Dədə Qorqud” bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz “Kitabi Dədə Qorqud”un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik” (Ədəbiyyat qəzeti, 14 aprel 2000).

İkinci fəslin “Heydər Əliyev və qəhrəmanlıq ideyası” adlanan ikinci yarımfəslində göstərilir ki, Heydər Əliyevin xalq yaradıcılığı nümunələrinə önəm verməsinin bir böyük tərəfi də bu nümunələrdən milli mənəvi quruculuğa, beynəlxalq birliyə, ümumtürk dünyasında Azərbaycanın və xalqımızın mühüm liderlik yolunu tutmasına, başqalarına nümunə ola bilməsinə və bu yolda türk xalqlarının ortaq fəaliyyətinə nail olmasına xidmət etməsidir. Bununla da o, folklorun böyük siyasətdə aparıcı vasitəyə çevrilməsinə, yeni dünya məfkurəsində qoruyuculuq missiyasına yeni, müstəqil dövlətlərin birbaşa vasitəsinə çevrilməsinə şərait yaratmışdır.

Türk xalqlarının, onların mədəniyyətlərinin keçdiyi qədim tarixi yola nəzər salan Heydər Əliyev deyirdi: ”Türkdilli xalqlar qədim, çox əsrlik tarixi boyu Avroasiya qitəsinin böyük bir hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlıə rastlaşmışdır”. Hər bir türk xalqı müstəqil dövlətçilik mərhələsində öz tarixi kökləri ilə, milli mənəvi dəyərləri ilə fəxr etməyə və bu dəyərləri yaşadıb, təbliğ edib qorumağa, dünyaya tanıtmağa borcludurlar.

Heydər Əliyev “Kitabi Dədə Qorqud”a Azərbaycan xalqının ən yüksək mənəvi dəyər olan mərdlik, qəhrəmanlıq xarakterinə malik etnos kimi qədim kulta, yaradıcılığa, tərəqqiyə, mənəvi ideoloji prinsiplərə can atan və bu yolda yenə mənəvi saflıq yolu tutmuş bir millət kimi yazılı təsdiqini göstərən dünya mədəniyyətinin bir nümunəsi kimi baxırdı. “Kitabi Dədə Qorqud” qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv xalqın qəhrəmanlığını özündə cəmləşdirən eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş, böyükdən-kiçiyə kimi bütün qəhrəmanların doğma tqrpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir. Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir”. Ona görə Heydər Əliyev həmişə bu xalq yaradıcılığı nümunəsində əks olunan qəhrəmanlıq, qorxmazlıq, ötkəmlik, birlik, mübarizə xəttini əsas ana xətt kimi vurğulayıb. Xüsusən, Ulu öndər folklorşünaslığımızın azərbaycançılıq ideologiyası üçün, xalqımızın tarixi soy-kökünün özünə qaytarılması və mənəvi ruhunu daima ucaltmağa, böyük türk-islam dünyasında yerini müəyyənləşdirmək üçün güclü vasitə olan dastanlarımızın qəhrəmanlıq xüsusiyyətlərindən dərin, dünya miqyaslı aparılan tədqiqatlardan xəbərdar idi. Heydər Əliyev xalqımızın mənəvi qaynaqlarını Sovet ideologiyasının dağıdıcı zərbələrindən sonra yenidən bərpa edib, bir daha layiq olduğu səviyyədə qiymətini verib tanıtmaq üçün öz xarakterinə uyğun olaraq, məhz “Ana kitabımız”ın qəhrəmanlıq və birlik mənbəyi kimi təbliğinə önəm verirdi və bununla da Azərbaycan şifahi xalq yaradıcılığına məxsus elmi tədqiqatların bir mərhələsinin nəticəsi kimi obyekt seçilmiş ”Kitabi Dədə Qorqud” dastanı haqqında onun son fikri bütün humanitar elm sahələri üçün əsas qiymət olmalı idi və o buna nail oldu: ”Kitabi Dədə Qorqud” – “Ana kitabımız ”dır!

Dissertasiyanın üçüncü fəsli “Heydər Əliyev və aşıq yaradıcılığı” adlanır və üç yarımfəsildən ibarətdir. “Aşıq sənətinin Institutlaşdırılmasında Heydər Əliyevin rolu” adlanan birinci yarımfəsildə göstərilir ki, Ulu öndər Heydər Əliyevə xalq yaradıcılığının bütün sahələrində sonsuz sevgi ilə möhtəşəm abidələr ucaldılıb. Bu sahələr içində aşıq yaradıcılığı xüsusilə diqqəti çəkir. Ümummilli liderimizin aşıq sənətinə münasibəti, diqqəti və qayğısı, aşıq sənətində Heydər Əliyev şəxsiyyətinə xalq sevgisini ifadə edən sənət əsərlərinin yaradılması A.Nəbiyevin, M.Qasımlının, Y.Bahadurqızının, Q.Sayılovun və b. araşdırmalarında elmi tədqiqat dövriyyəsinə daxil edilmişdir.

Qeyd edək ki, Q.Sayılovun AMEA Folklor İnstitutunda Ulu öndərin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfransdakı məruzəsində bu istiqamət bir daha elmi ictimaiyyətin diqqətinə çatdırıldı. Məruzədə haqlı olaraq qeyd olunurdu ki, “Xalqımızın ümummilli lideri Heydər Əliyevin mədəniyyətimizin inkişafında xidmətləri olduqca böyük və əhatəlidir. Demək olar ki, Ulu öndər mədəniyyətin bütün sahələrinə öz dəyərli töhfələrini vermişdir. Ulu öndərin xüsusi əhəmiyyət verdiyi sahələrdən biri də xalq yaradıcılığı, o sıradan aşıq sənəti və şəxsiyyəti idi. Məlumdur ki, Heydər Əliyev xalqın mədəniyyət tarixində xidmətləri olan şəxsiyyətlərə mühüm əhəmiyyət verir və onları millimənəvi dəyərlərimizin tərkib hissəsi sayırdı” (Sayılov Q. Heydər Əliyev və aşıq yaradıcılığı // Heydər Əliyev və folklor. Bakı: 2008, s.228).

Heydər Əliyev aşıq sənətinin milli-mənəvi dəyərlərimiz içərisindəki dəyərini dərindən bildiyindən, bu sahəyə xüsusi diqqət ayırırdı. 1971-ci ilin sentyabrında Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin 150 illik yubileyi məhz onun təşəbbüsü ilə ən yüksək səviyyədə keçirildi. Yubiley tədbirləri həm aşığın doğulduğu doğma məkanı Göyçə mahalında, həm Bakıda, həm də Moskvada qeyd olundu. Bu, Heydər Əliyevin bu sənətə olan münasibətinin ifadəsi və ona göstərdiyi qayğının bir nümunəsi idi. Heydər Əliyev mənəvi irsə həssas münasibətini həmişə davam etdirir və mədəniyyətə, sənətə, sənətkara və şəxsiyyətə diqqətlə yanaşır. Belə münasibəti biz başqa böyük sənətkarlarımza da eyni rəğbət və məhəbbətdə müşahidə edirik.

Bu gün Azərbaycan şifahi xalq yaradıcılığına Ulu öndərin dövlət qayğısı siyasətinin bir uğurlu nəticəsi də açıq-aşkar özünü göstərməkdədir. Bu da qadın aşıq yaradıcılığının bərpası və inkişaf etdirilməsidir.

Folklor tariximizin Aşıq Pəri ənənələrinin təbliği işi hələ 1970-ci ilərdə ölkəmizin sovet dönəmindəki rəhbəri Heydər Əliyev tərəfindən başlanıldı. Qadın aşıq poeziyasının üzə çıxarılıb təbliğ edilməsi, bu işin hərtərəfli, zəngin fəaliyyətinin davamı əsas məsələ idi. İndi qadın aşıq yaradıcılığının həm məzmunu, həm də forma rəngarəngliyi də artmışdır. Əgər vaxtilə bu tip yaradıcılıqda yalnız yaşlı xanım aşıq və şairələr daha çox çıxış edirdilərsə, amma indi artıq mədəniyyət evlərinin saz tədrisi qruplarındakı şagird qızlar, İncəsənət Universitetinin tələbə aşıq qızlar qrupu, respublika Aşıqlar Birliyinin xanım aşıqlar qrupu və eyni zamanda, bölgələrin qadın aşıqlar ansamblları məşhur çıxışları ilə xeyli tanınıblar. Xalqın mədəni irsinə, mənəvi dəyərlərinə böyük qayğı göstərən Heydər Əliyevin diqqətindən ustad sənətkar Aşıq Alı da kənarda qalmadı. Dahi sənətkarın anadan olmasının 180 illiyi münasibəti ilə Azərbaycan rəhbərinin fərmanı çıxdı. Fərmanda nəzərdə tutulduğu kimi, Aşıq Alının yubileyi 22 noyabr 1981-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirildi.

Ulu öndər 70-ci illərdə rayon aşıqlarının daim Bakıda və Sovet İttifaqının müttəfiq respublikalarında keçirilən Azərbaycan mədəniyyəti ongünlüklərində davamlı iştiraklarının təşkilinə də xüsusi fikir verərdi.

 Belə tədbirlərin birində Gədəbəy aşıqlarından Aşıq İsfəndiyarın rəhbərliyi altında Moskvadakı SSRİ Xalq Təsərrüfatı Nailliyyətləri Sərgisindəki festivalda uğurlu çıxışlarını şəxsən dinləyəndən sonra o, respublika aşıq kollektivləri arasında ilk dəfə 1981-ci ilin avqust ayında Gədəbəy aşıqları qrupuna “Xalq Kollektivi” rəsmi adının verilməsi haqda fərman imzaladı və bu, kollektivin bundan sonra yeni statusla çıxış etməsinə şərait yaratdı. Heydər Əliyevin folklorşünaslıq siyasətinin nəticəsi kimi respublikamızda aşıq yaradıcılığına diqqəti sayəsində Aşıq Şəmşir, Aşıq Əhməd, Aşıq Pənah, Aşıq Kamandar, Aşıq Ədalət, Aşıq İsfəndiyar, Aşıq Mahmud Məmmədov, Aşıq Ədalət Dəlidağlı, Aşıq Ağamurad İsrafilov, Aşıq Ulduz Quliyeva, Aşıq Əhliman, Aşıq Nemət Qasımlı, Aşıq Sərdar Məmmədov və b. onlarla el sənətkarlarını şıfahi xalq yaradıcılığındakı görkəmli xidmətləri olan, aşıq yaradıcılığındakı öz yolu və aşıqlıq məktəbləri olan aşıqların “Əməkdar mədəniyyət işçisi”, prezident təqaüdçüsü fəxri adlarla təltif olunublar. 1980-ci ildə respublika rəhbərliyinin göstərişi ilə Ağstafada “Saz Məktəbi”nin açılması, daha sonra Tovuzda Hüseyn Bozalqanlı adına “Ozan-Aşıq Muzeyi”nin yaradılması folklorla bağlı görülən böyük tədbirlərdəndir. 70-ci illərdən folklor işinə marağın güclənməsi nəticəsində ali və orta məktəblərdə folklor mərasimləri təşkil edilməsi adi hal almışdı. Bir sıra bölgələrdə folklor bayramları - “Qurban saz bayramı” (Cəbrayıl), “Bayatı bayramı” (Laçın), “Dastan gecəsi” (Tovuz), “Koroğluya qayıdaq” (Bakı) keçirilib.

Ulu öndərin siyasi hakimiyyəti illərində Aşıqlar muzeyinin yaradılması da folklor tariximizin öyrənilib təbliğ edilməsində yeni dövr açdı. Heydər Əliyev bütün siyasi fəaliyyətinin hər addımında milliliyi əsas prinsip kimi götürdüyündən, eyni zamanda bu prinsipin praktik tətbiqinə də nail olmağa çalışmışdır.

Üçüncü fəslin ikinci yarımfəsli “Aşıq yaradıcılığında Heydər Əliyev obrazı” adlanır. Xalqın şifahi yaradıcılığına həmişə qayğı ilə yanaşan, onun dünyəvi düşüncə, tarixi salnaməçilik ənənəsini, eposunu, bayatı, layla, aşıq şer yaradıcılığına vurğun olan, müdrik deyimlərinə, zərbi məsəl dünyasını, minillik qaynaqların süzgəcindən keçib gələn adətlərin qorunması işinə, milli adətənənəsinə, mənəvi dəyərlərin qorunmasına çalışan insanların yaradıcılığını daim uca tutan, bu dəyərlərdən özü də bəhrələnən böyük rəhbər Heydər Əliyevin bu siyasətinə - xalq yaradıcılığına olan məhəbbət və diqqətinə xalqın sənətkarları da borclu qalmamışdı. Şirvanda Aşıq Əhmədin,Aşıq Pənahın, Kəlbəcərdə Aşıq Şəmşirin, Qubada Aşıq Haşimin, Barmaqsız Aşığın, Dərbənddə Aşıq Soltanın və respublikamızda el sənətkarı olmuş onlarla aşıqlarının dillərində nəğmələnibdir.

Azərbaycan tarixinin böyük quruculuq dövrü olan 70-80-ci illər tərəqqisini öz gözləri ilə görüb ilhama gələn ustad Aşıq Şəmşirin xalqımızın dahi oğlu, böyük tarixi yüksəlişin rəhbəri və fədaisi olan ümummilli lider Heydər Əliyevə həsr etdiyi dərin məzmunlu şeirləri, üstündən illər keçdikdən sonra, bu gün də zamanla həmahəng səslənərək, əzəmətini qoruyub saxlayır:

Möhürlə yazılıb xalqın qəlbinə,

Silinməz tarixdən adı Heydərin.

Qəhrəman ellərdən alıb dərsini

Belə böyük var ustadı Heydərin

(Aşıq Şəmşir. Zərli tac kamallı başa yaraşır. Bakı: 1997, s. 10).

Xalqımızın tarixində Ulu öndər Heydər Əliyevin həyatı, xalqın gələcəyi, mənəvi özünüdərk yolunda apardığı siyasət, milli mənəvi dəyərlərin qorunub yaşadılmasına istiqamətlənmiş siyasi konsepsiyası böyük tarix ərzində həmişə milləti üçün tədqiqat, təbliğat və örnək mənbəyi olmuş, müxtəlif tarixi məqamlarda bu şəxsiyyətin daim yaşayacaq əməlləri, idarəçilik təcrübəsi, güclü vətəndaşlığı, əsil ziyalılıq işi, müstəqilliyin qorunub formalaşmasında, bu yolda gərgin mübarizənin uğurla başa çatdırılmasında mayak olmuşdur. Hazırda onlarla qadın aşıq ansamblları, sazçı qızlar dərnəkləri fəaliyyət göstərir. Yeni nəsil ölkəmizdə aşıq yaradıcılığının bu günkü inkişafını və təbliğinin məhz Heydər Əliyevin folklor işinə qayğısının nəticəsi kimi görürlər. Tovuz aşıqlarının nümayəndəsi Aşıq Gülarə Azaflı:

Səsləndi Vətənin, xalqın dilində

Adı hərarətlə Atam Heydərin.

Gülara, saya gəlməz, yazsaq dəftərə

Tutduğu əməllər, gördüyü işlər.

Biz onun haqqında dedik, bir kərə

Rəhbər doğulmuşdur Atamız Heydər!

(Az.Tv.Mədəniyyət kanalı.17 mart 2013)

Şirvan aşıq məktəbinin ünlü davamçılarından olan, Azərbaycan aşıq sənətinin layiqli ustadlarından, əməkdar incəsənət xadimi, ustad sənətkar Aşıq Əhməd yaradıcılığında Ulu öndər Heydər Əliyevin əzmkar insan, ləyaqətli vətəndaş şəxsiyyətinə, onun müasir tariximizdə siyasi yenilməzlik simvolu kimi mövqeyinə, rəşadətli respublika rəhbəri kimi fəaliyyətinə kamil poeziya nümunələri yaratmışdır:

Qoy sözünü deyim mərdü-mərdanə,

Hər qədəmin layiqdi yüz qurbana.

Arzum budur Sizin kimi loğmana,

Allah min il ömür verə, rəhbərim

(Aşıq Əhməd. Xoş gəlmisən Kürdəmirə, rəhbərim. Bakı: Şirvannəşr, 1998, s.34).

Bakıda 2010-ci ildə keçirilən Beynəlxalq aşıqlar festivalının işində iştirak edən folklorumuzun aparıcı qolu aşıq yaradıcılığının amerikalı tədqiatçılarından Laura Marti (ABŞ) saza heyranlığının nəticəsi olaraq Gədəbəydə qalıb, Azərbaycan dilini və aşıq-saz ifasını ifa etməyi öyrənməyi qərarlaşdırır. Qısa müddətdə Azərbaycan dilini və sazda çalıb-oxumağı da yaxşı öyrənir və aşıq musiqisinin bilicisi kimi ilk çıxışına da Aşıq İsfəndiyarın Ulu öndərə həsr olunmuş sözləriylə başlayır:

Azərbaycan xilaskarı

Bizim Heydər Babamızdır.

Yol göstərən sabahımıza

Bizim Heydər Babamızdır.

(Az.Tv.Mədəniyyət kanalı.17 mart 2013)

Heydər Əliyev mövzusu aşıq yaradıcılığının müxtəlif dövrlərində, müxtəlif zaman hadisələrini, rəhbərə ehtiram və məhəbbətini əks etdirməklə, müxtəlif yaradıcılıq imkanlarına, müxtəlif bölgə aşıqlarının söz yaradıcılığının çeşidli imkanlarından, deyim formalarından istifadə etməklə Azərbaycan xalqının iki rejimin bütün siyasi məqamlarında vahid ideya və amal uğrunda rəhbərlik həyatını milli tərəqqiyə, xalq yaradıcılığının yeni təşəkkülünə və tərəqqisinə həsr etmiş milli qəhrəmanın tərənnümü kimi bir məqsəddə birləşib. Bu tərənnümdə ifadə edilən fikirlər həm də xalqın tarixi məqamlarını, zamanın sərt rejimdə yeni problemlərə məhz mənəvi dəyərlərin dərin köklərindən qidalanan şəxsiyyətlə birgə addımladığı elə öz tarixlərini yarada biliblər.

Üçüncü fəslin son yarımfəsli “Dastanda Heydər Əliyev obrazı” adlanır. Heydər Əliyevin adına ilk dastan numünəsi olan “Yoldaş Heydər” dastanı hələ 80- ci illərdə yaranmışdı. Burada onun fəaliyyətinin 70-80-ci illər dövrü əhatə olunur. Həmin nümunədə H.Əliyevin hakimiyyətə gəlişi, xalq tərəfindən sevinclə qarşılanması, rəhbərə xalqın dərin məhəbbət və inamı ifadə edilir:

Ellərimin üzü güldü,

Bağça-bağı, düzü güldü,

Yetimlərin gözü güldü,

El dərdini sən biləni,

Bu ellərə sən gələni.

AMEA-nın müxbir üzvü A.Nəbiyevin fikrincə, bu dastan göstərdi ki, sovet rejiminin sonunu yaxınlaşdıran qüvvələrin məkrli siyasəti nəticəsində yerlərdə xalqının həyatını öz şəxsi həyatı bilən, onun uğrunda bütün məhrumiyyətlərə dözən rəhbərləri xalqın qəlbindən heç kəs ayıra bilməz. Onlar həmişə coşqulu, vətənsevər, yurdsevər ürəklərdə özlərinə əbədi xilaskar kimi yer etmişdir: “Dastanda eyni zamanda gələcəyə böyük inam ifadə olunur. Buradan belə aydın olur ki, millətin torpağını əlindən almaq, onun başına müsibətlər açmaq üçün “xalqın rəhbəri başının üstündən götürülüb başqa yerə aparılmışdır”. Ölkəni başsız qoymağa çalışıblar. Ona görə də aşıqlar böyük uzaqgörənliklə çalıb-çağırır ki, xalq Heydəri özünə başçı seçsə, bir çox fəlakətlərdən yaxa qurtara bilər. Onlar eyni zamanda xalqı öz iradəli olmağa, vətəndaşlıq iradəsi yolunda ideala sadiq qalmağı belə car eyləyir”(Nəbiyev A. Nəhrlərdən güc alanda. Bakı: BDU nəşriyyatı, 2003, s.21).

Ülvi və təmiz duyğularla yaşayan rəhbərin obrazını xalq ədəbiyyatına gətirən ustad sənətkarlar bu bədii obrazın mənəvi-əxlaqi keyfiyyətlərini, onu xalqa sevdirən cəhətləri də böyuk sənətkarlıqla tərənnüm etmişlər.

Dissertasiyanın dördüncü fəsli “Heydər Əliyev və mərasim folkloru” adlanır və üç yarımfəsildən ibarətdir. “Heydər Əliyevin xalq mərasimlərini aktivləşdirməsi” adlanan birinci yarımfəsildə göstərilir ki, Heydər Əliyev ənənəvi mədəniyyətə sadəcə olaraq davranış stereotipi kimi baxmır, onun fikrinə görə bu davranış milli-mənəvi dəyərlərin məzmununa daxildir və milli ideologiyanın əsas komponentlərindən birini təşkil etməkdədir. Buradan belə nəticəyə gəlmək olur ki, ənənəvi mədəniyyət milli-mənəvi dəyərlərin əsasını, nüvəsini təşkil edir və eyni zamanda ideoloji yönümlü kateqoriyadır. Heydər Əliyevə görə, milləti millət edən xüsusiyyətlər onun milli özünəməxsusluğudur, dilidir, mədəniyyətidir, adətənənəsidir, ədəbi abidələridir və s. Heydər Əliyevin mərasim mədəniyyətimizə verdiyi töhfələrdən biri milli mərasimlərimizin qorunmasıdır. Əlbəttə, bu məsələ kifayət qədər mürəkkəbdir və uzun prosesi əhatə edir. Amma dövlət rəhbərinin təqvimi və rəqəmləri rəsmiləşdirməsi bu prosesin başlanması üçün vacib olan yaşıl işığı yandırmış olur. Bizim müstəqilliyimizi itirdiyimiz dövrdə mərasim mədəniyyətimiz ağır itkilərə məruz qalmışdı. Rəsmi təsisastlar və rəsmi mədəni institutlar idarəolunan mexanizmdir. Adətlər şəklində icra olunan mərasimlər isə öz miqyasına və təntənəsinə görə məhdud çevrəni əhatə edir. Başqa sözlə, el bayramları ev bayramları şəklində qeyd olunur. Bunları biz yaxın keçmişimizdə görmüşük. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə milli mərasim və bayramlar maneəsiz olaraq keçirilib.

Heydər Əliyevin Novruz bayramı ilə bağlı Azərbaycan xalqına ünvanladığı təbrikdə deyilirdi: “Azərbaycan xalqı tarix boyu əziz tutduğu Bahar bayramının hər gəlişini səbirsizliklə gözləmiş, sınaq dolu ağır günlərində də onu qəlbində yaşatmışdır. Minilliklər boyu formalaşmış adət-ənənələrimizi qoruyaraq milli varlığımızın rəmzinə çevrilən yaz bayramını insanlarımız bu gün böyük sevinclə qeyd edirlər. Mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı milli dövlətçilik ənənələrimizi bərpa edib, dövlət müstəqilliyimizi yenidən qazandıqdan sonra Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik təqvimə daxil olmuşdur”.

Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev 21 fevral 2002-ci il tarixli təbrikində demişdi: “Bəşər tarixinin ən parlaq səhifələrindən birini təşkil edən bu gün islamın bir gün kimi tamamlanması və insanlara mükəmməl həyat məramnaməsi olaraq təqdim edilməsi ilə əlamətdardır. İslam aləmi xalqlarının neçə-neçə nəsli bu ilahi hikmətin işığında yaşayıb-yaratmış, onun yüksək mənəvi dəyərlərindən faydalanaraq dünya sivilizasiyasına layiq töhfələr vermişdir. Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı həm də insanın ən çətin məqamlarda düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”. Novruz bayramı 2009-cu ildə Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi və BMT-nin Baş Assambleyası tərəfindən 21 mart Beynəlxalq Novruz Günü elan olundu.Ulu öndər Heydər Əliyev deyirdi: “Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyətilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır. Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir”.

“Heydər Əliyevin mərasim yaradıcılığı” adlanan ikinci yarımfəsildə göstərilir ki, Ulu öndər Heydər Əliyev siyasi rəhbərliyə gəldiyi gündən Azərbaycan milli-mənlik şüurununun inkişafında, xalq yaradıcılığının təbliğində, azərbaycançılıq, ümumtürk, milli-mənəvi dəyərlərin qorunub yaşadılmasında xüsusi əhəmiyyəti olan yubiley mərasimlərinin təşkilinə böyük ideoloji diqqət ayıraraq, yalnız milli- mənəvi dəyərlərimizin xilası, təbliği, öz həqiqi qiymətinin verilməsi, “xalqımızın imzasının imzalar içərisində” olmasını əsas hədəf seçmişdir. Azərbaycanının sovet dönəmindəki iqtisadi yüksəlişi illərində və müstəqillik illərinin əvvəllərindəki ağır iqtisadi və sosial çətinliklər dönəmində bir-birinin ardınca Aşıq Ələsgərin 150, Aşıq Alının 180, Aşıq Şəmşirin 110 illik yubileyləri, xalqımızın keçmiş Sovet İttifaqında və dünyaya tanıdılmasında Nəsiminin 600, Azərbaycan Dövlət Akademik Dram Teatrının 100 illiyi, Üzeyir Hacıbəyovun, Müslim Maqomayevin, Nizaminin, Füzulinin, Xaqaninin, Sabirin, Səməd Vurğunun yubileyləri, Azərbaycanda sovet ədəbiyyatı günləri, sovet yazıçılarının konfransları və.s yubiley tədbirlərini Ulu öndər yüksək milli təssübkeşlik, vətənpərvərlik mövqeyindən təşkil eilmişdir.

Xüsusilə, 1997 və 2000-ci illəri əhatə edən “Kitabi Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş yubiley mərasimləri Heydər Əliyevi böyük millətçi, milli mənlik şüurunun qoruyucusu, xilaskarı, təbliğatçısı və yeni nəslin tərbiyəçisi kimi böyük ideoloji qəhrəman zirvəsinə ucaltmışdır.

Dissertasiyanın beşinci fəsli “Heydər Əliyevin hikmətli deyimləri” adlanır. Bu fəsil iki yarımfəsildən ibarətdir. “Heydər Əliyevin hikmətli fikirlərinin tematik xüsusiyyətləri” adlanan birinci yarımfəsildə Ulu öndərin müdrik fikirlərini müasir paremiologiyanın prinsiplərinə uyğun olaraq təsnifatına cəhd edilir. Bu deyimlər daha çox hikmətli sözlər, aforizmlər və kəlamlar şəklində təhlil oluna bilər. Bu tipli müdrik deyimlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların müəllifi vardır. Bu cəhətdən Heydər Əliyevin müdrik kəlamları tematik baxımdan qruplaşır:

Mənəvi dəyərlər haqqında - Heydər Əliyev siyasətinin daha önəmli hissəsi ilk növbədə auditoriyanı, insan kollektivlərini bütöv cəmiyyət üzvlərini öncədən planlaşdırdığı hər hansı siyasi proqrama hazırlamaq üçün apardığı təbliğat işinin beyinlərə hakim kəsilməsi üçün ilk növbədə nitqinin yüksək nöqtəsində işlətdiyi ifadələr bütün niyyətinin, məramının açar deyimi, sanki onun ecazkar dövlətçilik siyasətinin son sözü olub. Heydər Əliyevin hikmətli fikirləri içərisində əsas yerlərdən birini azadlıq ideyası tutur. Məsələn: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”.(24,183) Digər bir hikmətli fikrində isə Ulu öndər milli-mənəvi dəyərlərimizi diqqətə çatdırır: “Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi köklərimiz, bizim dilimiz və dinimiz – hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur” (25.123). Burada milli-mənəvi dəyər konsepti öz tərkib hissələri ilə təqdim olunur. Görürük ki, Ulu öndər milli-mənəvi dəyərlərin bir hissəsini “bizim tarixi kökümüz”, “dilimiz” və “dinimiz” hesab etmişdir. Bunlar eyni zamanda bizim milli ideologiyamızın böyük bir qolunu təşkil etməkdədir.

Dini dəyərlər haqqında - Ulu öndər Heydər Əliyev mənəvi dəyərlər içərisində dini dəyərlərə xüsusi əhəmiyyət verirdi. Bu, eyni zamanda, onun mənəvi quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Öndərin məsələyə münasibəti bu şəkildə öz ifadəsini tapır: “Azərbaycan xalqının milli- mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir”(25,162).

Tarixi köklər haqqında - Tarixi kök məsələsinə öndər xüsusi əhəmiyyət verir və bunu milli qürur qaynağı kimi dəyərləndirirdi: “Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizi dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik”.

Milli və bəşəri dəyərlərin vəhdəti - Ulu öndərin fəlsəfi dünyası geniş və əhatəli, qlobal xarakterli idi. Onun humanizm fəlsəfəsində bəşərilik əsas xüsusiyyətlərdən birini təşkil edirdi. Lakin onun humanizm fəlsəfəsinin səciyyəsi ondan ibarət idi ki, o bəşəri ilə millini özündə üzvi şəkildə birləşdirə bilirdi və bu zaman bu konseptlərin hər ikisi (bəşəri və milli) bir-birini zənginləşdirməyə xidmət edirdi. Bu vəhdət özünün nikbin fəlsəfi ifadəsini bizim milli ideologiyamızda tapırdı.“Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.

Böyük-kiçik institutu - Bu mədəni davranış institutu bizim xalqımıza aid olan dəyərdir. Bu mədəni davranış özündə böyüklərə hörməti və kiçiklərə qayğını nəzərdə tutur. Ulu öndər bu dəyəri yüksək qiymətləndirir və bu adətin qorunmasının, yaşadılmasının zəruriliyini aydınlaşdırmaq üçün onu iftixar hissi doğuran etik kateqoriya kimi səciyyələndirirdi.“Bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün də kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də özövladlarına olan qayğısı və məhəbbəti. Bu bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik ”.

Milli dözüm - Əlbəttə, dözüm, səbr yüksək mənəvi keyfiyyətdir və bizim xalqımız dözümlü xalq kimi tanınır. Təbii ki, dözüm çox geniş etik kateqoriyadır, buraya səbr də, tolerantlıq da daxildir. Dözümlü, səbrli, tolerant olmaq eyni zamanda müasir mədəniyyətdə də yüksək dəyər kimi götürülür. “Tolerantlıq geniş anlayışdır. O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də birbirinin adətlərinə, mədəniyyətlərinə dözümlülük deməkdir”.

Mənəvi paklıq - Ulu öndərin hikmət dünyasında mənəvi paklıq haqqında fikirlər geniş yer tutur: “Mənəvi paklıq, saflıq, həmişə insanları ucaldıbdır, həmişə insanlara hörmət gətiribdir. Ola bilər, belə insanlar əziyyət, zillət içərisində yaşayıblar. Ola bilər cürbəcür məhrumiyyətlərə məruz qalıblar.Ancaq mənəvi ucalıq onlar üçün hər bir şeydən qiymətli olubdur”.

Vətənpərvərlik - Heydər Əliyev siyasətində əsl hərbçi və sərkərdə imicini daha çox xalq ruhuna uyğun qurmuşdu. Çoxları üçün sovet ölkəsinin hər yeri vətən idi. Yurdunda vəziyyəti ağır olan kimi ayağını daim qaçaqda qoyanların əksinə olaraq, o əsil vətən oğlu adında və əməlində hər zaman qürurlanmağa olan xidmətlərini gələcəyə daşımaq üçün, ilk növbədə darda olan milli ziyalıları sovetin irtica maşınından xilas edib, digər tərəfdən də ölkəsinin iqtisadi sosial inkişafına çalışmağı unutmayıb.

Dövlətçilik haqqında - Heydər Əliyevin müdrik fikirlərinin içərisində dövlətçilik mühüm yer tutur. Bu konsept bir çox hallarda digər mənəvi dəyərlər vasitəsilə (məsələn, vətənpərvərlik) ötürülür. “Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixi vardır”.

Xeyirxahlıq haqqında - Heydər Əliyev milli dəyərlərimizin içərisində xeyirxahlığa xüsusi əhəmiyyət vermişdir. “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əminamanlığı, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır ”.

Sülsevərlik haqqında -Heydər Əliyev sülhsevərliyi ciddi şəkildə qiymətləndirir və sülhə inkişafın əsas şərtlərindən biri kimi baxır. O, bu yolda sadəcə utopik düşüncələrlə sülhü arzulamayaraq, ilk növbədə sülhə hazır olmağın milli şərtlərini də unutmurdu ki, qarşı tərəf bizim gücümüzü görməsə, heç vaxt sülhə gəlməz: “Vəzifəmiz torpaqlarımızı sülh yolu ilə azad etməkdir. Ancaq sülh danışıqlarını müvəffəqiyyətlə aparmaq üçün bizim güclü ordumuz olmalıdır”.

Beşinci fəslin ikinci yarımfəsli “Heydər Əliyevin aforizmlərinin struktursemantik xüsusiyyətləri” adlanır. Struktur paremiologiyanın görkəmli nümayəndələrindən biri olan Q.L.Permyakov “Atalar sözü deyimlərinin struktur təsnifatı”ında “aforizmlər”in (hikmətlərin) başlıca xarakterik xüsusiyətlərini sistemləşidirmişdir”(Пермяков Г.Л.Основы структурной паремиологии. Mосква: Наука, 1988, 236 с.). Bu prinsiplərdən çıxış edərək, Heydər Əliyevin hikmət dünyasının əsas struktur istiqamətlərini müəyyənləşdirə bilərik. Bu dahi şəxsiyyətin hikmətlə dolu deyimləri əsasən aşağıdakı konseptləri əhatə etməkdədir:

  1. Xalq və dövlət. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Heydər Əliyevin cəmiyyətə və onun idarəçiliyinə münasibətdə əsas prinsipi budur.
  2. Xalq və azadlıq. “Azadlıq və istiqlaliyyət hər bir xalqın sərvətidir”. Heydər Əliyev azadlıq ideyasına xüsusi qiymət verir və xalq azadlığını həmin xalqın sərvəti adlandırır.
  3. Ədalət və ədalətsizlik. “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”. Heydər Əliyevin hikmətləri içərisində yer tutan əsas mənəvi prinsiplərdən biri ədalətdir. Ulu öndər ədalətə son dərəcə həssas yanaşır və bunu ən mühüm mənəvi kateqoriya kimi dəyərləndirir. Ədalətli olmaq hər kəsin borcudur. Amma idarəçilkdə ədalətli olmaq daha vacibdir. Çünki o zaman ədalətin əhatəsi daha geniş olur və onun pozulmasından daha çox insan əziyyət çəkir.

4.Xalq və dil. “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”. Ana dili Heydər Əliyev üçün çox ciddi məsələ olmuşdur. Çünki Azərbaycan uzun müddət Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğundan, ikidillilik şəraitində yaşamışdır. Rus dili bir çox hallarda ana dilinin işlənmə dairəsinə öz mənfi təsirini göstərmişdir. Əlbəttə ki, bunun obyektiv və subyektiv səbəbləri olmuşdur. Çünki tərkibində olduğumuz dövlət ana dilimizin qorunmasında və inkişafında o qədər də maraqlı olmamışdır. Bir çox karyerist vəzifə adamları da öz uşaqlarını daha geniş perspektivlə təmin etmək üçün rus məktəblərinə qoyurdular. Nəticədə ana dilinin inkişafı zəifləmiş olurdu, onun işlənmə sferası kiçiliridi. Lakin Heydər Əliyev bu tendensiyaların qarşısını ala bilirdi və ana dilinin qorunması üçün lazım olan addımları atırdı.

  1. Xalq və kökü. “Xalq daim gərək öz kökünü xatırlasın”. Kökə, əcdada münasibət Heydər Əliyevin hikmətlərində ciddi yer tutur. Çünki Heydər Əliyev kökə xüsusi müqəddəslik məzmunu və ya çaları verir. Müasir insanın və cəmiyyətin dəyəri eyni zamanda onun kökünə münasibətlə müəyyənləşir. İnsanlar öz kökündən, cəmiyyət öz tarixindən qürur qaynağı kimi istifadə edir.
  2. Xalq və milli azadlıq.“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Heydər Əliyevə görə, milli azadlıq “oyanışdan”, “dirçəlişdən” və “canlanmadan” başlanır. Burada milli ruh xüsusi kateqoriya kimi seçilir və onun aktivləşməsi azadlığın əsas nüvəsini təşkil edir. Beləliklə, xalqın azadlığı üçün milli ruhun canlanması vacib şərt kimi göstərilir.
  3. Xalq və vətənpərvərlik. “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”. Heydər Əliyevə görə, vətənpərvərlik mənəvi dəyərlərin əsas hissəsidir və hətta onun özüdür. Çünki hikmətdə ifadə olunan fikir bu konseptin iştirakı olmadan mənəvi dəyəri təsəvvür etməyə imkan vermir.
  4. Vətən və fərd. “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”. Bu tipli hikmət nümunələrinə biz Heydər Əliyevin digər deyimlərində də rastlaşırıq. Burada “xalq-dövlət”, “dövlət-vətən”, “vətən-vətəndaş” və s. formullarda ifadə olunan vəhdət fəlsəfəsi diqqəti çəkir. Heydər Əliyev üçün bu kateqoriyalar ayrılmazdır və üzvi vəhdətdədir.
  5. Xalq və fərd. “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Buradakı formul “ümumi və xüsusi” münasibətlərinin vəhdətindən ibarətdir. Heydər Əliyevə görə, vətən canlı orqanizm kimi təsəvvür olunur, o, duyulur, hiss edilir, yaşanır.

Dissertasiyanın “Nəticə” hissəsində araşdırmada irəli sürülən fikir və mülahizələr, elmi nəzəri müddəalar ümumləşdirilərək belə ümumi qənaətə gəlinir ki, mənəvi quruculuq bütün cəmiyyətlərin həyatında çox mühüm hadisədir. Ümummilli lider Heydər Əliyev bunun xalq üçün dəyərini hər kəsdən artıq bilirdi və həmişə xüsusi diqqət mərkəzində saxlayırdı. Bu məsələnin təhlilinə keçməzdən öncə qeyd edim ki, mənəvi quruculuq politoloji anlamda “hakimiyyət və xalq”, folklorşünaslıq yönümündə isə “rəhbər və xalq” münasibətlərini özündə ehtiva edir. Bunlardan birincisi politoloji tədqiqat mövzusu kimi folklor materialı üzərində işlənə bilər. Çünki folklorda sabit və ictimai xarakter daşıyan etnik-mədəni dəyərlər gerçəkləşir. Bu mənada xalq düşüncəsində və davranışında, sosial psixologiyada sabitləşmiş münasibətlərin öyrənilməsi dövlətçilik üçün az əhəmiyyət daşımır. Folklorda “rəhbər və xalq” modeli isə düşüncə və davranışın idealizə olunmuş və xalq yaradıcılığında cilalanaraq sənət keyfiyyəti qazanmış formasıdır.

Heydər Əliyev böyük bir epoxada Azərbaycana rəhbərlik etmiş, hakimiyyətdə olmuşdur. O, dövlət başçısı kimi hakimiyyəti təmsil etmiş, eyni zamanda xalqın mənəvi rəhbəri, elin atası və ağsaqqalı olmuşdur. Ona görə də onunla xalq arasındakı sosial məsafə minimum səviyyəni keçməmişdir. Respublika üzrə təhlükəsizlik xidmətinin rəhbəri olduğu zamanda “təğyiri-libas” olub, xalqın problemlərini öyrənib. Belə yaxınlıq isə folklorda olan ədalətli hökmdar idealına uygundur.

Dissertasiyanın mövzusu ilə əlaqədar aşağıdakı məqalə və tezislər çap olunmuşdur:

  1. Heydər Əliyevin milli-mənəvi quruculuq strategiyası və “Dədə Qorqud kitabı” // “Dədə Qorqud” dərgisi, II (47), 2013, s.3-11
  2. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, 42-ci kitab, Bbakı, 2013, s. 16-28

3.Folklorda Ulu öndər Heydər Əliyev obrazı // “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda elmi konfrandın materialları, Sumqayıt Dövlət Universiteti, 2013, s.160-167

  1. Heydər Əliyev və xalq yaradıcılığı // Axtarışlar. AMEA Naxçıvan bölməsi, II (8), 2013, s. 25-31
  2. Ulu öndər Heydər Əliyevin folklorşünaslıq siyasəti davam edir // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı Dövlət Universiteti, 2 (86) 2013, s.176-181
  3. Гейдар Алиев и Ислам // Ученые записки Таврического Национального Университета им.Вернадского. серия филология и социальные коммуникации, Том 26 (65), № 2, 2013, с. 111–117
  4. Роль Гейдара Алиева в сохранении народной обрядности // Материалы III международной научной конференции «Язык, культура, этикет в современном полиэтническом пространстве», Нальчик: КабардиноБалкарский Государственный Университет, 2013, с.214-217

 

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/filol/filol_n_pta_28_02_18.pdf