Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının mətbuat işçilərinə müraciəti - 21 iyul 2003-cü il


Hörmətli mətbuat işçiləri!

Sizi əlamətdar bayramınız - Milli Mətbuat günü münasibətilə ürəkdən təbrik edir və hər birinizə ən səmimi arzularımı çatdırıram.

Azərbaycan mətbuatı tarixi boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır.

XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə dövlətçilik ənənələrinin möhkəmlənməsində, demokratik prinsiplərin bərqərar olmasında, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mətbuatımızın müstəsna xidmətləri danılmazdır.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir. Respublika Konstitusiyasında demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunmuşdur. Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şərait yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir. Yaşadığımız informasiya əsrində cəmiyyətin aktual problemlərinin ictimailəşməsində, əhalinin müxtəlif təbəqələri arasında ictimai münasibətlərin tənzimlənməsində, sivil dünyaya inteqrasiya prosesində özünəməxsus yeri olan kütləvi informasiya vasitələrinin problemləri müstəqillik əldə edəndən sonra daim dövlətin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentlikləri, teleradio şirkətləri müstəqil fəaliyyət göstərir və ölkələrimizin etibarlı media şəbəkəsini təşkil edirlər. Mətbuatın sərbəst fəaliyyəti, dünya təcrübəsindən bəhrələnməsi üçün münbit şərait yaradılmış, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının tam təmin edilməsi üçün bütün zəruri addımlar atılmışdır. Keçən illərdə Azərbaycan prezidentinin fərman və sərəncamları ilə kütləvi informasiya vasitələrinin inkişafına mənfi təsir edən maneələr aradan qaldırılmış, mətbuatın dövlət tənzimlənməsindən imtina edilmiş, maddi vəziyyətin yaxşılaşdırılması üçün qəzetlərin dövlət nəşriyyatına olan çoxmilyardlı borcları dondurulmuş, onlara əlavə olaraq güzəştli kreditlər ayrılmış və digər tədbirlər həyata keçirilmişdir. Dövlətimiz ictimai əsaslarla formalaşdırılmış və mətbuatın fəaliyyətini tənzimləyən ictimai orqan kimi Mətbuat Şurasının yaradılmasına müsbət yanaşır və onun fəaliyyətinə mühüm əhəmiyyət verir. Milli Teleradio Şurasının təsis edilməsi ilə ölkəmizdə teleradio fəaliyyətinin müasir səviyyədə tənzimlənməsi, elektron KİV-lərin qanunvericiliyin tələblərinə uyğun fəaliyyəti təmin edilmişdir.

Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri obyektiv dəyərləndirmək və prosesləri düzgün analiz etmək bacarığı tələb edən sənətdir. Azərbaycan prezidenti kimi mən mətbuat işçilərinin ağır və məsuliyyətli əməyini daim yüksək qiymətləndirmiş, mətbuatın inkişafı yolunda qarşıya çıxan problemlərin həll edilməsi üçün müntəzəm qayğı göstərmişəm və bundan sonra da göstərəcəyəm.

Hər bir ölkədə demokratiyanın səviyyəsinin göstəricisi kimi, azad mətbuatın əsas vəzifəsi siyasi plüralizmi, söz və fikir azadlığını daha da dərinləşdirməkdən, vətəndaşların informasiya ehtiyaclarını ödəməkdən ibarətdir. Lakin bununla yanaşı, mətbuat cəmiyyətdəki mövcud çatışmazlıqları da güzgü kimi əks etdirməyi bacarmalı, müstəqil, demokratik dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməli, həqiqət carçısı, insanları yüksək ideallara, humanist əməllərə səsləyən və səfərbər edən vasitə olmalıdır.

Bu əlamətdar gündə əmin olmaq istədiyimi bildirirəm ki, zəngin və şərəfli inkişaf yolu keçmiş, mütərəqqi ənənələri ilə fərqlənən Azərbaycan mətbuatı üçün, onu təmsil edən jurnalistlər ordusu azad sözün şərəfini həmişə uca tutacaq, ölkəmizdə və beynəlxalq aləmdə baş verən hadisələrin ictimaiyyətin diqqətinə təqdim edilməsində, xüsusilə Azərbaycanın taleyüklü problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsl dövlətçilik və vətəndaşlıq mövqeyindən çıxış edərək obyektivlik, yüksək peşəkarlıq və prinsipiallıq nümayiş etdirəcəkdir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 iyul 2003-cü il.

Tarixi arayış