Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 52-ci ildönümü münasibətilə İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarı önündə keçirilən mərasimdə nitqi - 9 may 1997-ci il


Əziz və hörmətli veteranlar!

Əziz həmvətənlər, əziz bacılar, qardaşlar!

Mən sizin hamınızı, bütün Azərbaycan xalqını, Azərbaycan Respublikasının vətəndaşlarını qələbə günü münasibətilə, İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin ildönümü münasibətilə təbrik edirəm. Sizə cansağlığı, səadət, uzun ömür arzulayıram.

52 il bundan öncə İkinci Dünya müharibəsində çalınan qələbədə dünyanın bir çox xalqlarının, millətlərinin payı var, rolu, fəaliyyəti var. O vaxt orduya səfərbər edilən Azərbaycan nümayəndələri, Azərbaycan xalqının rəşadətli oğulları, respublikamızın vətəndaşları dörd ildən artıq cəbhələrdə vuruşaraq faşizm üzərində qələbənin əldə olunması üçün böyük hünərlər göstərmişlər.

Azərbaycan xalqı İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirmiş, həm cəbhədə, həm arxada vuruşaraq, çalışaraq, döyüşərək, şəhid olaraq qələbənin əldə olunmasında öz xidmətlərini göstərmişdir. Bu qələbə bəşəriyyət tarixində bütün qara qüvvələrə, faşizmə qarşı mütərəqqi qüvvələrin qələbəsi idi. Bu qələbə o vaxtlar Sovetlər İttifaqında bir yerdə yaşayan, bir dövlətə mənsub olan bütün xalqların qələbəsi idi. Bu qələbə dünyanın böyük dövlətlərinin faşizmə qarşı yaratdıqları koalisiyanın qələbəsi idi. Bu, böyük qələbədir. Ona görə də 52 ildir ki, qələbə bayramı dünyanın bütün mütərəqqi insanları, xalqları tərəfindən qeyd olunur.

Biz Azərbaycanda da bu qələbəni iftixar hissi ilə qeyd edirik. Çünki Azərbaycan xalqı bu qələbənin naminə böyük qurbanlar veribdir. Azərbaycandan 600 minə qədər insan cəbhəyə göndərilib, döyüşlərdə iştirak edibdir. Onların yarısından çoxu canlarını qurban verib, geri qayıtmayıbdır. Azərbaycanın hər bir guşəsində, demək olar, hər bir evdə qələbə uğrunda canını qurban vermiş, həlak olmuş insanların övladları, qohum-əqrəbaları yaşayır.

İkinci dünya müharibəsi, Böyük Vətən müharibəsi zamanı alman faşizminə qarşı vuruşmuş, döyüşmüş Azərbaycan Respublikası nümayəndələrinin qəhrəmanlığı, rəşadəti bizim üçün əzizdir və daim əziz olacaqdır. İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində həlak olmuş, özlərini qurban vermiş Azərbaycan Respublikası nümayəndələrinin xatirəsi bizim üçün əzizdir, qəlbimizdə əbədi yaşayacaqdır.

Bu gün biz qələbə bayramını Azərbaycanın qəhrəman oğlu, alman faşizminə qarşı müharibədə igidlik nümunələri göstərmiş və qəhrəmancasına həlak olmuş Həzi Aslanovun qəbrinin önündə qeyd edirik və Həzi Aslanovun simasında bütün Azərbaycan xalqının, vətəndaşlarının Böyük Vətən müharibəsində iştirakına hörmət ehtiramımızı bildirir və o müharibədə Həzi Aslanov kimi özlərini qurban vermiş, həlak olmuş soydaşlarımızın, vətəndaşlarımızın ruhu qarşısında baş əyirik. Onların qəhrəmanlığı, xidmətləri qəlbimizdə daim yaşayacaq, xalqımız, gələcək nəsillər onları heç vaxt unutmayacaqdır.

Böyük Vətən müharibəsində verilən qurbanlar, o cümlədən Azərbaycan xalqının verdiyi qurbanlar və xalqımızın qəhrəman oğullarının göstərdikləri igidlik nümunələri bugünkü gənc nəsil üçün də, gələcək nəsillər üçün də örnəkdir, təcrübə mənbəyidir. Ermənistanın təcavüzü ilə əlaqədar olaraq biz bu gün də torpaqlarımızı qorumaq uğrunda mübarizə aparırıq. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana edilmiş hərbi təcavüz nəticəsində bizim torpağımızda müharibə başlamış, qanlar tökülmüş, döyüşlər getmiş, Azərbaycanın övladları ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi, Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban vermiş, şəhid olmuşlar.

Təsadüfi deyil ki, Böyük Vətən müharibəsi zamanı vətənimizi, xalqımızı alman faşizmindən qoruyarkən həlak olmuş Həzi Aslanovun məzarının yanında 1990-cı ildə faciəli yanvar gecəsində Azərbaycana edilən təcavüz nəticəsində özlərini qurban vermiş övladlarımızın məzarları da yerləşir. Onlarla bərabər Azərbaycanın torpaqlarının, ərazisinin, suverenliyinin, müstəqilliyinin qorunması uğrunda erməni qəsbkarlarına qarşı mübarizədə, müharibədə həlak, şəhid olmuş övladlarımızın da məzarları burada yerləşir. Bura artıq müqəddəs ibadətgah, Şəhidlər xiyabanı olubdur. Bura şəhidlərin məzarları ilə doludur. Bunlar bir tərəfdən başımıza gələn faciələri dünyaya nümayiş etdirir, ikinci tərəfdən də xalqımızın nə qədər qəhrəman olduğunu, öz torpağına, millətinə, ana vətəninə sədaqətli olduğunu nümayiş etdirir.

Ona görə də bu gün - 9 May günü, qələbə günü biz bütün şəhidlərimizi yad edirik, Azərbaycan xalqının özlərini qurban vermiş qəhrəman oğullarının, övladlarının xatirəsini yad edirik. Allah onlara rəhmət eləsin, onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır!

Eyni zamanda bu gün burada, Azərbaycanın, Bakının müqəddəs ibadətgaha çevrilmiş guşəsində biz bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının müstəqilliyi toxunulmazdır, əbədidir. Biz müstəqil dövlətimizi qoruyub saxlayacağıq, Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək, sərhədlərimizin toxunulmazlığını təmin edəcəyik. Suveren, azad Azərbaycan Respublikası müstəqil dövlət kimi bundan sonra əsrlər boyu yaşayacaqdır.

Bu günümüzün və gələcəyimizin də zəmini buradakı qəbirlərdə əbədiyyətə qovuşmuş övladlarımızın qəhrəmanlıq nümunələridir. Onların qəhrəmanlığı, rəşadəti, vətən, xalq, torpaq yolunda özlərini şəhid etməsi bugünkü nəsil və gələcəkdə yaşayacaq hər bir azərbaycanlı üçün örnək olmalıdır. Bugünkü gənclərimiz bu tarixdən dərs almalı, nəticə çıxarmalı, tarix boyu göstərilmiş qəhrəmanlıq nümunələrini özlərinə örnək etməli, onlara bənzəməyə çalışmalıdırlar.

Onlar kimi bu gün də, sabah da, hər bir azərbaycanlı övladı, gənci vətən, torpaq yolunda, müstəqil Azərbaycan Respublikasının gələcəyi naminə şəhidliyə, özünü qurban verməyə hazır olmalıdır.

Əgər xalqımız qəhrəmanlıq nümunələrini özündə toplayıb, cəmləyib daha da yüksəklərə qaldıra bilməsə, biz torpaqlarımızı azad edə, müstəqil dövlətimizi, respublikamızı qoruya bilmərik. Ancaq tarix boyu Azərbaycan övladlarının vətənə, öz millətinə, dövlətinə, xalqına sədaqət nümunələri, qəhrəmanlıqları və şəhidlik nümunələri onu göstərir ki, xalqımız bu gün də, gələcəkdə də öz torpaqlarını, vətənini qorumağa hazırdır, vətən, torpaq, müstəqillik naminə şəhid olmağa hazırdır.

Bu bayram günü mən öz arzularımı, istəklərimi bütün Azərbaycan xalqına, Azərbaycan gənclərinə çatdıraraq, bir daha onları vətənimizin qəhrəman, igid övladlarının şücaətindən nümunə götürməyə dəvət edirəm.

Əminəm ki, bizim bugünkü nəsil və gələcək nəsillər indiyə qədər yaşamış, yaratmış, qurmuş, mübarizə aparmış, döyüşmüş əcdadlarımızdan, bizdən əvvəlkilərdən daha da qəhrəman, sədaqətli olacaq, öz vətənlərinə, xalqına, müstəqil Azərbaycana canla-başla xidmət edəcəklər. Bunun əsası da ondan ibarətdir ki, indi Azərbaycan müstəqil dövlətdir, Azərbaycan xalqı öz taleyinin sahibidir. İndi biz müstəqil, azad Azərbaycanın vətəndaşlarıyıq, müstəqil Azərbaycan Respublikasını yaşatmalı və gələcək nəsillər üçün töhfə etməliyik. İndi biz müstəqil, azad Azərbaycan Respublikasının suverenliyini, istiqlaliyyətini, ərazi bütövlüyünü qorumalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Bizim tarixi nailiyyətlərimiz, xalqımızın qəhrəmanlıq nümunələri bu qələbə günündə buna əmin olmağa mənə əsas verir. Sizi bayram münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Buraya Böyük Vətən müharibəsinin veteranları toplaşıblar. Bu insanlar həqiqətən çox şərəfli yol keçiblər - döyüşüblər, vuruşublar, qələbənin əldə olunmasına həm cəbhədə, həm də arxada öz xidmətlərini göstəriblər. O illər Azərbaycan üçün cəbhə də çox önəmli olub, amma arxada çalışanların, işləyənlərin də xidməti böyük olubdur. Bu qələbədə Azərbaycanın payı təkcə cəbhədə vuruşanların şücaəti ilə qurtarmır. Bu qələbənin əldə olunmasında Azərbaycan Respublikası zəhmətkeşlərinin, neftçilərinin, bütün Azərbaycan xalqının böyük əməyi var. Bu da ondan ibarətdir ki, İkinci dünya müharibəsi, motorlar, tanklar, təyyarələr müharibəsi zamanı bütün Sovetlər İttifaqının həm cəbhədə, həm də arxada neft və neft məhsulları ilə təminatının 70 faizindən çoxu Azərbaycandan gedirdi. Azərbaycan xalqı gecə-gündüz neft hasil edir, neft məhsulları istehsal edir, cəbhəyə, Sovetlər İttifaqının lazım olan bütün yerlərinə göndərirdi. Beləliklə, xalqımız qələbəyə özünün böyük xidmətlərini verirdi, İkinci dünya müharibəsində, o vaxtkı vətəni qorumaqda böyük xidmətlərini göstərirdi.

Tarix bunu heç vaxt unutmayacaqdır. Biz həmişə fəxr etmişik, bu gün də fəxr edirik və gələcək nəsillər də fəxr etməlidir. Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olubdur. Yenə də deyirəm, həm övladlarımızın cəbhədəki qəhrəmanlığı, həm də neft hasilatı, cəbhəyə lazım olan bütün başqa ləvazimatların istehsalı sahəsində Azərbaycan xalqının xidmətləri misilsiz, əvəzsiz tarixidir. Ona görə də mən bu gün burada həm müharibə veteranlarım, həm də arxa cəbhədə qəhrəmanlıq göstərənləri, əmək veteranlarını, ələlxüsus neft sahəsində çalışmış veteranlarımızı xüsusi təbrik edirəm. Onlara minnətdarlığımızı, hörmət və ehtiramımızı bildiririk. Mən onlara uzun ömür, cansağlığı arzu edirəm.

Onlar da bilir və Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı da bilməlidir ki, İkinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur. Ona görə də mən veteranları xüsusi təbrik edirəm. Bir daha sizin hamınıza cansağlığı, uzun ömür arzulayır, bundan sonra özünüzə də, övladlarınıza da, nəvələrinizə, nəticələrinizə də xoşbəxt həyat arzu edirəm.

Hamınızı bir daha təbrik edirəm. Qələbə günü münasibətilə mənim təbriklərimi qəbul edin. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər