"Aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə görüşdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin çıxışı" (Bakı, 17 avqust 1993-cü il) sənədinə tarixi arayış


Neft amilinin qurulmaqda olan milli iqtisadiyyatın sürətli inkişafı və gələcək nəsillərin maddi rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev 24 iyun 1993-cü ildə bu barədə bəyanat verib.

Bəyanatda o, əvvəlki hakimiyyət tərəfindən hazırlanmış neft müqaviləsinin xalqın milli maraqlarına cavab vermədiyini və tərəflərin yenidən danışıqlar masası arxasında əyləşməsini zəruri saydığını elan edib. Belə bir qərarın qəbul edilməsi xarici neft şirkətlərinin nümayəndələri tərəfindən birmənalı qarşılanmadı. Bunları nəzərə alaraq 17 avqust 1993-cü ildə Bakıda Heydər Əliyev Bakıda görüş keçirib. Görüşdə Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan aparıcı xarici neft şirkətlərinin və korporasiyalarının nümayəndələri, yerli və xarici mətbuat işçiləri, ölkənin bir sıra rəsmi şəxsləri və qocaman neftçilər iştirak edib. Görüşdə məqsəd Azərbaycan xalqının əsas təbii sərvəti olan neftdən gələcəkdə necə istifadə edilməsi və yeni neft müqaviləsinin həm milli maraqlarımıza, həm də xarici neft şirkətlərinin maraqlarına uyğun tərtib edilməsi üçün əlverişli qərarların qəbul olunmasına kömək etməkdən, istiqamət verməkdən ibarət olub.

Görüşdə geniş nitq söyləyən Heydər Əliyev Azərbaycan neft sənayesinin inkişaf tarixi, Bakı neftinin dünya sənayesinin inkişafında tutduğu yer və xarici tərəfdaşlarla bu sahədə əməkdaşlığın yeni prinsipləri haqqında öz fikirlərini söyləyib.

Bu cür görüşlər və xarici şirkətlərin nümayəndələri ilə danışıqlar bir ildən çox davam etdirilib və xarici neft şirkətləri ilə birgə işlənilməsi nəzərdə tutulan ilk neft müqaviləsinin yeni variantı 1994-cü ilin avqustunda hazırlanıb. Bu müqavilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" adlanan üç neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tuturdu. 20 sentyabr 1994-cü ildə Bakıda imzalanan bu müqavilə sonralar "Əsrin müqaviləsi" adı ilə tarixə düşüb.

Heydər Əliyev aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə görüşdəki çıxışında neft ehtiyatlarından elmi əsaslarla, səmərəli və qənaətlə istifadə etməyin zəruriliyini vurğulayaraq, gələcək nəsillərin də maraqlarının mütləq nəzərə alınmasının vacibliyini qeyd edib. O, deyib: "Bu müqavilələr, gərək çox dolğun və düzgün yazılsın. Heç kəs heç kəsi aldatmağa çalışmasın, hərə gərək öz tərəfinin mənafeyini qorusun. Qarşılıqlı münasibətlər, qarşılıqlı iqtisadi əlaqələr ən yüksək səviyyədə olmalıdır".

Tarixi arayış 10 iyul 2008-ci ildə tərtib edilib.