Azərbaycan Prezidenti Heydər Əliyevin "Mond" qəzetinin müxbirinə müsahibəsi - Paris, 4 dekabr 1995-ci il


Heydər Əliyev: Mənə dedilər ki, siz bu yaxınlarda Bakıda olubsunuz.

M. Jeqo: Bəli, olmuşam. Seçkilər zamanı, konstitusiya qəbul edilən zaman olmuşam. Mən belə düşünürəm ki, bu, demokratikləşdirməyə, vəziyyəti sabitləşdirməyə doğru yolda sizin üçün böyük addımdır. Amma seçkilər zamanı biz bəzi mənfi halları da gördük.

H.Əliyev: Yoxsa, burada mənfi hallar olmur?

M. Jeqo: Əlbəttə, burada da olur.

H.Əliyev: Mənə dedilər ki, siz bizim seçkiləri o qədər də obyektiv işıqlandırmadınız. Mənə belə çatdırdılar.

M. Jeqo: Bəli, mən bu barədə kifayət qədər mənfi ruhda yazdım.

H.Əliyev: Bəs hesab etdinizmi ki, siz obyektiv yazdınız? Sizə elə gəlmirmi ki, hansısa təsir altına düşmüşdünüz?

M.Yeqo: Xeyr.

H.Əliyev: Yoxsa, siz bizə qərəzkarlıqla yanaşırsınız?

M. Jeqo: Xeyr.

H.Əliyev: Mən isə belə düşünürəm ki, əgər siz seçkiləri tamamilə mənfi ruhda işıqlandırmısınızsa, bu qeyri-obyektivlikdir. Siz ya Azərbaycana sadəcə olaraq qərəzkarlıqla yanaşırsınız, ya da sadəcə olaraq hansısa mənfi təsir altına düşmüşdünüz. Çünki seçkilər kimi böyük bir iş nöqsansız ola bilməz. Bu, təbiidir. Odur ki, jurnalist müsbət halları da, mənfi halları da görməlidir, nəyin çox olduğunu, nəyin isə az olduğunu götürqoy etməlidir. Əgər adam diqqəti ancaq mənfi cəhətlər üzərində cəmləşdirirsə və müsbət halları görmək istəmirsə, onda, təbii olaraq, onun haqqında qeyri-obyektiv müəllif kimi bir təsəvvür yaranır. Bizim səfir Eleonora xanım Hüseynova mənə bildirəndə ki, siz mənimlə görüşmək istəyirsiniz və siz Bakıda olmusunuz və mənfi ruhlu material yazmısınız, mən dedim: nə olar, qoy gəlsin, məsələni aydınlaşdırarıq. Səfir şübhə edirdi ki, mən sizinlə görüşməliyəmmi. Mən isə dedim ki, şəkk-şübhə lazım deyil. Müsbət ruhda yazan şəxslə görüşmək də olar, görüşməmək də. Amma bizim haqqımızda mənfi ruhda yazan şəxs qoy gəlsin və danışsın görək nə məsələdir.

M. Jeqo: Mən bəzi müşahidəçilərlə görüşdüm. Dedilər ki, seçkilər prosesi ümumən normal keçdi. Nəticədə konstitusiya qəbul edildi, parlament seçildi. İndi parlament fəaliyyətə başlaya bilər. Bu, əlbəttə bütün ölkə üçün, Azərbaycan üçün müsbət haldır. Sabitləşmə çox mühüm məsələdir.

H.Əliyev: Bax, indi təsəvvür edin: seçicilərin 86 faizi səsvermədə iştirak etdi. Onların 91,9 faizi, yəni 92 faizi konstitusiyaya səs verdi. Təqribən 8 faiz konstitusiyaya səs vermədi. İndi deyin görək, bu demokratiyadır ya yox? Əgər iqtidar nəyi isə sadəcə olaraq təşkil etmək istəsəydi, onda bunu 99 faizə də çatdırmaq olardı. Amma konstitusiyaya, əsas qanuna səs verənlər 91 faiz təşkil etdilər. Söhbət heç də tək bir adamdan getmir. Deməli, seçicilər konstitusiyanın layihəsinə öz münasibətini müəyyənləşdirmək imkanına malik idilər və onların 91,9 faizi konstitusiyanın lehinə, 8 faizi isə əleyhinə səs verdi. Deməli, belələri də var, elələri də. Bu, artıq ona dəlalətdir ki, xalqın öz iradəsini demokratik surətdə, azad şəkildə ifadə etməsi üçün şərait var idi. Bir halda ki, noyabrın 12-də eyni zamanda həm referendum, həm seçkilər keçirilmişdir, onda bunu, təbii olaraq, seçkilər barəsində də söyləmək mümkündür.

Lakin siz bunu əsas tutmalısınız ki, Azərbaycanda ilk dəfə olaraq azad seçkilər keçirilirdi. Məhz ilk dəfə olaraq. Bizdə hələ heç vaxt azad seçkilər keçirilməmişdi. Bundan başqa, seçkilər ilk dəfə olaraq çoxpartiyalı əsasda keçirildi. Seçkilərdə səkkiz partiya iştirak etdi. Bizim partiya sistemi təcrübəmiz yoxdur. Bizdə ən yaşlı partiya üç yaşındadır. Bəs bu üç ildə partiya nə edə bilər? Lütfən deyin, bu müddət ərzində partiyalıq prinsiplərinə və digər prinsiplərə yiyələnmək olarmı? Bəzi partiyalar isə bir il, iki il bundan əvvəl yaradılıbdır.

Biz istəyirik ki, demokratiya olsun. Buna görə də xalq partiyalar yaradılması yolu ilə getdi. Bizdə Ədliyyə Nazirliyi vasitəsilə 30-dan çox partiya qeydə alınıb. Lakin onlardan yalnız 18-i bildirdi ki, seçkilərdə iştirak edəcəkdir. Yaxşı, nə deyirik qoy belə olsun. Amma bu partiyalardan ancaq 8-i, daha doğrusu, 12-si bu cür hüquq qazanmaq üçün lazımi miqdarda imza toplaya bildi. Bir fikir verin, bəs nə üçün qalan 18 partiya buna müvəffəq olmadı? Ona görə ki, onlar 50 min imza toplaya bilmədilər. Bəzilərinin, yəni dörd partiyanın topladığı 50 min imzanın xeylı hissəsi, Mərkəzi seçki komissiyasının aşkara çıxardığı kimi, həqiqi deyildi. Onları seçkilərə buraxmadılar. Səkkiz partiyanı isə buraxdılar. Bax, məgər elə bu prosesin özü göstərmirmi ki, artıq demokratikləşdirmə prosesi gedir? Doğrudurmu?

Beləliklə, seçkilər keçirildi. Birinci turda 125 nəfərdən 96-sı seçildi. 25 adam partiya siyahısı üzrə keçdi. 100 nəfərdən 71 nəfər majoritar prinsip üzrə keçdi. Deməli, 29 nəfər üçün seçkilər baş tutmadı. Bu, məgər demokratiya deyilmi? Demokratiyadır. Majoritar prinsip üzrə qalan 20 dairədə təkrar səsvermə oldu. Orada bir dairədə 5-6-7-8, yaxud 10-12 namizəd var idi. Onların hərəsindən 2 namizəd daha çox səs topladı. Onlar təkrar səsverməyə getdilər. Noyabrın 26-da 20 dairədə təkrar səsvermə keçirildi. Bu, məgər demokratiya deyilmi?

Noyabrın 26-da 20 dairədən 13-də deputatlar seçildi. 7 dairədə isə seçkilər yenə də baş tutmadı. Ya yetərsay olmadı, ya da müəyyən pozuntulara yol verildi. Mərkəzi seçki komissiyası həmin dairələrdə seçkiləri baş tutmamış hesab etdi. Deməli, bu da demokratiyadır. Beləliklə, 15 dairədə seçkilər fevralın 4-nə keçirildi. Nə vaxt Azərbaycanda belə şey olub? Heç vaxt. Haradasa kimsə nədənsə şikayətlənir. Bu, təbiidir. Bunsuz olmur. Fransada da hər şey ideal deyildir. Burada tətil edirlər. Siz üç gündür, hətta üç gündən artıqdır ki, metrodan istifadə edə bilmirsiniz. Halbuki ölkə zəngin ənənələrə, demokratiyaya, yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyata malikdir. Bəs bizdə necə? Biz müstəqilliyimizi cəmi dörd il bundan əvvəl əldə etmişik. Yeddi ildir müharibə gedir. Ərazimizin 20 faizi işğal olunub. İşğal edilmiş torpaqlardan bir milyon nəfərdən çox sakin didərgin salınıb və onlar çadırlarda yaşayırlar. Yəqin ki, siz bunları bilirsiniz? Çox mürəkkəb bir şəraitdə seçkilər keçirilməsi və konstitusiya qəbul edilməsi faktının özü artıq böyük bir nailiyyətdir. Buna görə də inamla deyirəm və yəqin siz də mənim səmimiliyimə şübhə etməzsiniz ki, bu, bizim tərəfimizdən göstərilmiş hünərdir. Biz bu işə girişdik. Gərək bütün bu şəraiti, bütün bu vəziyyəti nəzərə alasan. Hər hansı bir təsadüfi halı, faktı çıxarıb ortaya atmaq, şişirtmək və sonra da "Mond" qəzetində belə yazmaq olmaz ki, Azərbaycanda hər şey pis idi.

M. Jeqo: Mən artıq ətraflı izah etdim ki, siz nə kimi imkanlara maliksiniz.

H.Əliyev: Bilmirəm. Buna görə də sizə əlavə izahat verirəm ki, siz gələn dəfə daha obyektiv yazasınız. Sizinlə də məhz buna görə görüşürəm.

M. Jeqo: Çox sağ olun. Fransaya səfərinizdən məqsəd nədir?

H.Əliyev: Mənim bu səfərim, xaricə səfərim ancaq iqtisadi məsələlərlə bağlıdır. Həm də bu, dövlətlər, rəhbərlər tərəfindən heç də hər hansı bir dəvətlə bağlı deyildir. Bu, beynəlxalq iqtisadi təsisatlarla, maliyyə mərkəzləri və bank strukturları ilə bağlıdır. Məsələn, Londonda məşhur Adam Smit İnstitutu Azərbaycana həsr edilmiş xüsusi konfransın hazırlanmsı ilə yarım ildən çox məşğul olmuşdur. Bu konfransdan məqsəd sərmayələr qoyulması üçün Azərbaycanın potensial imkanlarını göstərməkdir. Eyni zamanda bunu göstərməkdir ki, Azərbaycan iqtisadiyyatı hansı yolla gedir: bazar iqtisadiyyatı, bazar islahatları aparılması, özəlləşdirmə keçirilməsi, əcnəbi sərmayədarlar üçün maksimum əlverişli şərait yaradılması. Bütün bu məsələlər iki gün ərzində konfransda ətraflı işıqlandırıldı.

Konfransa dünyanın bir çox ölkələrindən işgüzar dairələrin, maliyyə mərkəzlərinin, bank strukturlarının üç yüzdən çox nümayəndəsi gəlmişdi. Sizə demək istəyirəm ki, mən bu səfərdən son dərəcə razıyam. Hər hansı bir ölkəyə səfər etdikdə bu ölkənin rəhbərləri ilə, müvafiq iqtisadi strukturlar ilə danışıqlar gedir. Londonda isə bütün dünyanın nümayəndələri toplaşmışdılar. Özü də çox görkəmli xadimlər toplaşmışdılar. Bu konfrans çərçivəsində də, ondan kənarda da ən iri banklarda, maliyyə mərkəzlərində, ən iri şirkətlərdə mənim çox görüşlərim oldu. Səfərimdən məqsəd də məhz bundan ibarət idi.

Bu, Ümumdünya Bankının sabah burada keçirəcəyi tədbirlərə təxminən bərabərdir. Lakin burada Azərbaycanda xüsusi sahibkarlığın, özəl biznesin inkişaf etdirilməsinə daha çox diqqət yetiriləcəkdir. Bizdən də işgüzar adamların bir qrupu gəlib, dünyanın müxtəlif ölkələrindən çoxlu biznesmen dəvət edilib. İndi hazırlıq görülür və sabah orada mənim çıxışım olacaqdır.

Səfərimdən əsas məqsəd budur. Burada görüşlərim oldu, yeni görüşlər də keçiriləcəkdir. Mən cənab Alen Jüppe ilə də görüşdüm. Bu, qabaqcadan nəzərdə tutulmuş görüş deyildi. Prezident Jak Şirak cənabları burada yoxdur. O, xaricdədir. Mən isə sabah, konfransda çıxış etdikdən sonra Bakıya qayıdıram.

M. Jeqo: Fransa Azərbaycanda neft layihələrində çox da fəal iştirak etmir.

H. Əliyev: Amerika Birləşmiş Ştatları ilə, Böyük Britaniya ilə müqayisədə - bəli. Amma mən belə düşünürəm ki, Fransa bu işlərdə iştirak edəcəkdir. Mən "Elf akiten"in prezidenti ilə görüşəcəyəm. Yeri gəlmişkən, mən onunla əvvəllər də görüşmüşəm. O, Bakıda olub. Mən onunla Parisdə də görüşmüşəm. Belə düşünrəm ki, "Elf akiten" Azərbaycanda çox geniş miqyasda təmsil olunacaqdır.

M. Jeqo: Başqa bir sual. Sizin Rusiya ilə münasibətləriniz?

H. Əliyev: Yaxşıdır.

M. Jeqo: Sizin İranla sərhədlərinizi Rusiyanın qoruyacağı barədə danışıqlar aparılırmı?

H.Əliyev: Rusiya artıq Ermənistanda və Gürcüstanda sərhəd qoruyur. Zənnimcə, bu bəsdir. Yoxsa, istəyirsiniz ki, hər yerdə qorusun?

M. Jeqo: Sadəcə olaraq soruşuram.

H.Əliyev: Ortaya belə məsələlər çıxır. Amma indi bizdə problem yoxdur.

M. Jeqo: Necə hesab edirsiniz, tezliklə Rusiyada seçkilər olacaq, bu, Rusiya ilə münasibətlərinizdə nəyisə dəyişdirə bilərmi?

H.Əliyev: Mən belə düşünürəm ki, dəyişdirə bilməz. Rusiyada seçkilər Rusiyanın daxili işidir. Məncə, bu, Rusiyanın strateji xəttinə, bizim onunla qarşılıqlı münasibətlərimizə təsir göstərməyəcəkdir.

M. Jeqo: İndi sizin İranla münasibətləriniz necədir? İran konsorsiuma qəbul edilmədikdən sonra münasibətləriniz korlanmayıb ki?

H.Əliyev: Bəli, münasibətlərimiz bir az sərinləşib. Lakin hesab edirəm ki, düzələcəkdir.

M. Jeqo: Sizcə, onlar hər hansı neft müqaviləsində iştirak edə bilərlərmi?

H.Əliyev: Şübhəsiz ki, iştirak edə bilərlər. Amma bizim digər müqavilələrdə.

M. Jeqo: Bəs indi İranla sərhəd açıqdır, yoxsa bağlıdır?

H.Əliyev: Bəli, açıqdır. Orada problem yoxdur.

M. Jeqo: Siz Azərbaycanın gələcəyini necə təsəvvür edirsiniz?

H.Əliyev: Azərbaycanın gələcəyi? Ən başlıcası budur ki, Azərbaycan bu hərbi münaqişədən xilas olsun, Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan sərhədlərinin toxunulmazlığı bərpa edilsin və konstitusiyamıza görə, müəyyənləşdirdiyimiz xəttə görə Azərbaycan demokratik ölkə olsun, Azərbaycanda möhkəm dövlət quruluşu, demokratik hüququ dövlət, Qərb demokratiyasından istifadə edərək demokratiyanın daha da genişləndirilməsinə yönəldilmiş sivilizasiyalı dövlət bərqərar edilsin.

Yaxşı, bəs indi siz bizim haqqımızda obyektivmi yazacaqsınız? Yoxsa, hər şeyi yenə də əksinə təsvir edəcəksiniz?

M. Jeqo: Belə hesab edirəm ki, obyektiv yazacağam.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - V cild Azərnəşr, Bakı - 1998, səh.108

Tarixi arayış