Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qurban bayramı münasibətilə Bibiheybət ziyarətgahına toplaşanlar qarşısında çıxışı - 21 may 1994-cü il


Əziz qardaşlar, bacılar, hörmətli həmvətənlər. Bu gün burada - Azərbaycan xalqının, müsəlman aləminin müqədləs yerində, Bibiheybət pirində sizi bütün müsəlmanların əziz bayramı olan Qurban bayramı münasibətilə təbrik edir, hamınıza cansaqlığı, xoşbəxtlik arzu edirəm. Bu bayramı Azərbaycan xalqı ağır vəziyyətdə keçirir. Xalqımız təcavüzkarlar tərəfindən müharibəyə cəlb olunmuşdur. Qəhrəman oğullarımız torpaqlarımızı qorumaq uğrunda şəhid olurlar. Biz doğma torpaqlarımızı müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək, milli, dini ənənələrimizin hamısını bərpa edəcəyik.

Xalqımız bundan sonra ulu babalarının yolu ilə, həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və xoşbəxt gələcəyə çatacaqdır. Azərbaycan xalqı bu çətinliklərin hamısına dözür və güman edirəm ki, bundan sonra da dözəcəkdir. İndi biz burada 700 il öncə yaranmış müqəddəs ocağın önündəyik. Xalqımız bu yeri unutmayıb, çünki bu yer müqəddəsdir. Azərbaycan xalqı öz Tarixinə, milli ənənələrinə, ulu babalarının qoyluğu yola sadiq qalıb. Tam əmin ola bilərsiniz ki, bundan sonrakı yolumuz daha uğurlu, işıqlı, qələbəli olacaqdır.

Burada Bibiheybət məscidinin, müqəddəs yerin bərpa olunması haqqında təkliflər irəli sürülür. Bunlar çox düzgün və doğru təkliflərdir. Mən bunları qəbul edirəm və sizi əmin edirəm ki, bu təkliflərin həyata keçirilməsi üçün lazımi tədbirlər görüləcəkdir.

700 il bundan qabaqkı tarixi abidənin, müqəddəs ocağın dağıdılması bu gün bizim qarşımıza onun bərpası məsələsini qoyur. Lakin bərpa üçün vaxt lazımdır. Ancaq əmin ola bilərsiniz ki, bütün imkanlardan istifadə ediləcək, nəinki bu müqəddəs yeri, həm də Azərbaycan xalqının tarixini, milli, dini ənənələrini əks etdirən bütün abidələr, ocaqlar, müqəddəs yerlər bərpa olunacaqdır. Bunu biz sizinlə birgə edəcəyik. Bizim görə bilməliyimiz işləri gələcək nəsillər, davamçılarımız yerinə yetirəcəklər. Buna heç şübhəniz olmasın. Əmin olun ki, biz birləşib müstəqilliyimizi, torpaqlarımızı qoruyacaq, həm də xalqımızın yaratdığı tarixi abidələri, ənənələri yaşadacağıq. Sizi bu bayram münasibətilə bir daha təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik, səadət arzulayıram. Sağ olun!