Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik – Bakı şəhəri, 26 dekabr 2000-ci il


Əziz həmvətənlərim!

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı əxlaqi saflıq, kamillik, xeyirxah niyyətlər, mənəvi zənginlik ayıdır. Ramazan bayramı qəlbində inam və vətən sevgisi daşıyan insanların əzm və iradəsini, xeyirin şər, mənəvi ucalığın nəfs üzərində qələbəsini nümayiş etdirir.

Allah və din yolunda müqəddəs borcunu ləyaqətlə yerinə yetirən müsəlmanlarımız ürəkləri həmrəylik, mərhəmət və şəfqət duyğuları ilə döyündürən Ramazan günlərini böyük məmnunluqla başa vurur, bayram sevinclərini bölüşürlər. Milli müstəqilliyimiz, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna dualar oxunur, xalqımızın və dövlətimizin əmin-amanlığı üçün diləklər edir.

Bu niyyət və diləklərə, bayram sevincinizə qoşularaq Sizi əmin etmək istəyirəm ki, bu gün ovqatımıza sıxıntı gətirən mövcud çətinliklər tezliklə arxada qalacaq, torpaqlarımız düşmən tapdağından azad ediləcək, xalqımız layiq olduğu firavan həyata və rifaha qovuşacaqdır. Bunun üçün ölkənin hər bir vətəndaşından əsl vətənpərvərlik, sarsılmaz birlik, milli-mənəvi dəyərlərə və müstəqillik ideallarına daim sədaqətli olmaq tələb edilir.

Əziz bacı və qardaşlar!

Yola salmaqda olduğumuz iyirminci yüz illiyin son Ramazan bayramında hər birimizə xoşbəxtlik, ailələrinizə sevinc, evlərinizə xeyir-bərəkət arzulayıram.

Etdiyiniz dua və niyyətlər çin olsun!

Allah orucunuzu qəbul etsin!

 Hеydәr Әliyеv,

Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan” qəzeti, 27 dekabr 2000-ci il