İki müqəddəs şəhərin xadimi Səudiyyə Ərəbistanının kralı Fəhd Bin Əbdül Əziz Al-Səuda - 30 mart 1998-ci il


Mərhəmətli, rəhmli Allahın adı ilə!

İki müqəddəs şəhərin möhtərəm xadimi!

Zati-alinizə - əziz dostuma və qardaşıma səmimi salamlarımı və xoş arzularımı yetirməkdən çox məmnunam.

1994-cü ilin iyul ayında qardaş ölkənizdə olarkən Sizinlə keçirdiyim görüşü və səmərəli danışıqları daim xatırlayıram. Həmin səfər günlərində şəxsən mənə və məni müşayiət edən nümayəndə heyətinə göstərilən böyük qonaqpərvərlik, diqqət və qayğı zati-alinizin və qardaş Səudiyyə Ərəbistanı xalqının Azərbaycan xalqına hörmət və məhəbbətinin gözəl təzahürü idi. Bunu xalqımız da məhz belə qəbul etdi.

Azərbaycan vətəndaşlarından 250 nəfərə bu il zül-hiccə ayında zati-alinizin qonağı kimi Səudiyyə Ərəbistanına getmək və həcc ziyarəti ibadətlərini etmək imkanı vermək haqqındakı qərarınız ölkəmizdə böyük razılıq və sevinc hissi ilə qarşılandı. Erməni təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizi işğal olunduğu və bir milyondan artıq vətəndaşının qaçqın və köçkün vəziyyətinə düşərək çadırlarda ağır şəraitdə yaşadığı bir dövrdə qəbul etdiyiniz bu qərar dinimizin humanist prinsipləri ilə səsləşən nəcib bir addımdır. Bu işi qısa müddətdə həyata keçirmək üçün Səudiyyə Ərəbistanı krallığının islam məsələləri və vəqflər nazirinin müavini cənab Tofiq Sudeyrinin başçılığı ilə Azərbaycana nümayəndə heyəti göndərməyiniz zati-alinizin həmin məsələyə verdiyi əhəmiyyətə dəlalət edir. Mən buna görə şəxsən öz adımdan, Azərbaycan müsəlmanları adından zati-alinizə dərin minnətdarlıq bildirməyi özümə borc hesab edirəm. Ümidvaram ki, indiki həcc mövsümündə atdığınız bu addım gələcək illərdə ənənəyə çevriləcək və iki qardaş müsəlman xalqı arasındakı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək qarşıdan gələn mübarək Qurban bayramı münasibətilə zati-alinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar və qardaş Səudiyyə Ərəbistanı xalqına xoşbəxtlik və tərəqqi arzulayıram.

Sizə salamlar, Allahın mərhəməti və xeyir-bərəkəti olsun!

Dərin hörmətlə!

Heydər Əliyev,

Azərbaycan Respublikası Prezidenti.

Bakı şəhəri, 30 mart 1998-ci il;

1 zül-hiccə 1418-ci il