Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri (22-25 fevral 1994-cü il)


Azərbaycan – Böyük Britaniya əlaqələrinin daha intensiv inkişaf etdirilməsi, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması 1993-cü ilin ikinci yarısında başlanıb. Həmin dövrdə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafında Böyük Britaniyanın Baş naziri Con Meycorun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin 22-25 fevral 1994-cü il tarixdə bu ölkəyə səfəri mühüm əhəmiyyət kəsb edib.

Səfərin əhəmiyyətindən danışan Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: «Bu, müstəqil Azərbaycanın Prezidentinin Böyük Britaniyaya ilk səfəridir. Bizdən ötrü, Azərbaycan Respublikasından ötrü bunun böyük əhəmiyyəti var. Çünki Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan ölkə, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və gözəl ənənələri olan ölkə, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik.»

Fevralın 22-də Azərbaycan Prezidenti Böyük Britaniyanın xarici işlə və birlik işləri üzrə naziri Duqlas Hoqqu, Ci-Pi-Ti şirkətinin rəhbərlərini, «Kayzer injinirinq» şirkətinin direktoru Qram Murini, keçmiş baş nazir Marqaret Tetçeri, «Britiş Petroleum» şirkətinin prezidenti Saymon Devidi, «Con Braun» şirkətinin sədri Yan Robinsonu qəbul edərək tərəfləri maraqlandıran məsələlər barəsində ətraflı fikir mübadiləsi arapıb.

Elə həmin gün Prezident Heydər Əliyev Böyük Britaniya Sənayeçilər Konfederasiyasında «Britiş Petroleum» və «Statoyl» şirkətlərinin təşkil etdiyi görüşdə çıxış edərək, iştirakçılara Azərbaycan Respublikası, onun iqtisadi potensialı barədə məlumat verib və bu ölkənin iş adamlarını Azərbaycana dəvət edib.

Fevralın 23-də Prezident Heydər Əliyev öz iqamətgahında Böyük Britaniyanın xarici işlər naziri Duqlas Hördü və kənd təsərrüfatı, balıqçılıq və ərzaq naziri xanım Culian Şeferdi qəbul edib.

Həmin gün Böyük Britaniyanın Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasiminin keçirildiyi meydanda Prezident Heydər Əliyevi Böyük Britaniyanın Baş naziri Con Meycor və digər rəsmi şəxslər qarşılayıb.

Mərasimdən dərhal sonra Heydər Əliyev və Con Meycor arasında danışıqlar başlanıb. Danışıqlardan sonra iki dövlət arasında sənədlərin imzalanma mərasimi olub. Prezident Heydər Əliyev və Baş nazir Con Meycor Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında «Dostluq və əməkdaşlıq haqqında saziş», «İkiqat verginin aradan qaldırılması haqqında müqavilə», «Energetika sahəsində əməkdaşlıq haqqında memorandum», «Hava daşımaları sahəsində əməkdaşlıq müqaviləsi», «İnvestisiyaların qorunması və təşviqi haqqında müqavilə» imzalayıblar.

Həmin gün Heydər Əliyev Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda olub, geniş çıxış edib. Gecədən xeyli keçmiş Heydər Əliyev «Hilton» otelində Londonda yaşayan azərbaycanlılarla görüşüb.

Fevralın 24-də Azərbaycan Prezidenti Böyük Britaniyada akkreditasidan keçmiş bir qrup xarici jurnalist və ölkə qəzetlərinin baş redaktorları ilə görüşüb, onları maraqlandıran sualları cavablayıb. Prezident daha sonra Böyük Britaniyanın dənizaşrı ərazilərlə iş üzrə dövlət naziri Baronessa Çolkeri qəbul edib. Həmin gün Avropa Yenidənqurma və İnkişaf Bankında Prezident Heydər Əliyevlə görüş keçirilib.

Böyük Britaniya səfər çərçivəsində Azərbaycan Prezidentinin ən mühüm görüşlərindən biri də dünyanın ən qədim parlamentinin aşağı palatası olan İcmalar Palatasında keçirilən görüşlər olub.

Fevralın 24-də Heydər Əliyev öz iqamətgahında «Buffalo eurveys» və «Avieyşn lizit qrup» şirkətlərinin prezidenti, əslən cənubi Azərbaycandan olan Fərhad Əzimanla görüşüb.

Daha sonra isə Prezident Heydər Əliyev Böyük Britaniyaya rəsmi səfərinin yekunlarına həsr edilən mətbuat konfransında 35-dən çox kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxış edib.

Səfərin yekunlarından razılıqla bəhs edən Heydər Əliyev qeyd edib: «Mənim Birləşmiş Krallığa səfərimin mühüm yekunlarından biri də odur ki, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yaxşı zəmin yarada bilməklə yanaşı, Azərbaycan haqqında və respublikadakı real vəziyyət barəsində, xüsusən Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar yaranmış vəziyyət haqqında, istədiyimiz qədər olmasa da, hər halda kifayət qədər tam informasiya verə bildik».

Həmin gün axşam Azərbaycan Prezidenti Türkiyənin Böyük Britaniyadakı səfiri Candəmir Önhonu qəbul edib, dünyanın ən qədim universitetlərindən hesab olunan Oksford Universitetində Azərbaycan Prezidentinin şərəfinə tanınmış alimlərin iştirakı ilə rəsmi qəbul təşkil olunub.

Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri dövründə Azərbaycan Milli Elmlər Akademiyası ilə Böyük Britaniyanın London Kral Cəmiyyəti arasında elmi əməkdaşlıqla bağlı memorandum imzalanıb.

Fevralın 25-də başa çatan rəsmi səfər Azərbaycan Respublikasının növbəti xarici siyasət uğuru kimi tarixə düşüb. Səfər dövründə Azərbaycan və Böyük Britaniya arasında imzalanan müqavilələr iki ölkə arasında münasibətlərdə yeni eranın əsasını qoyub. Baronessa Çolkerin sözləri ilə desək, bu müqavilələr iki ölkənin münasibətlərinin bünövrə daşlarıdır və bunun üzərində gələcəkdə əməkdaşlığın çox möhtəşəm binası ucaldılacaqdır.