Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycanda keçirilən Gürcüstan mədəniyyəti günləri çərçivəsində iki respublikanın incəsənət ustalarının böyük konserti başa çatdıqdan sonra çıxışı - Respublika Sarayı, 22 may 1996-cı il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Mən respublikamızda Gürcüstan mədəniyyəti günləri ilə əlaqədar Azərbaycana gəlmiş gürcüstanlı dostlarımızı səmimi salamlayıram.

Heç bir çətinliyə baxmayaraq, incəsənət yaşayır. Bütün zəmanələrdə adamlar incəsənətlə - mahnı, musiqi, rəqslərlə ünsiyyətdə yaşamışlar və bu gün də ünsiyyətdədirlər, Azərbaycanda da, Gürcüstanda da vəziyyət heç də asan olmasa da, bundan sonra da ünsiyyətdə olacaqlar.

İncəsənət adamları həmişə yaxınlaşdırıb, bir yerə toplayıb və birləşdiribdir. İndi də, istər Azərbaycanın, istərsə də Gürcüstanın böyük çətinliklərdən - dövlət müstəqilliyinin təşəkkülü ilə bağlı çətinliklərdən, tamamilə yeni sosial-iqtisadi sistemə keçidlə bağlı çətinliklərdən, həm gürcü xalqının, həm də Azərbaycan xalqının qarşılaşdığı itkilərlə bağlı çətinliklərdən keçdiyi dövrdə, bütün bunlara baxmayaraq, incəsənət bizi yaxınlaşdırır, incəsənət bizi birləşdirir, incəsənət bizi dostlaşdırır.

Mən şadam ki, bu gün bizim köhnə, gözəl ənənələrimiz özünü büruzə verir. Biz qardaş gürcü xalqının, qardaş müstəqil Gürcüstanın mədəniyyət və incəsənət ustalarını yenə də çox səmimi, yaxşı və mehriban qarşılayırıq.

Mən sizi ürəkdən salamlayır və əla çıxışınız münasibətilə təbrik edirəm. Gürcüstan incəsənəti Azərbaycanda həmişə yüksək qiymətləndirilib. Bu incəsənət, bu mədəniyyət bizə çox yaxın və əzizdir. Bu gün biz gürcü incəsənəti, Gürcüstan mədəniyyəti, gürcü mahnıları, rəqsləri ilə yenidən tanış olaraq, gürcü musiqisinin, gürcü rəqslərinin gözəl ifaçıları ilə görüşərək, öz xalqınızın incəsənətini necə məharətlə təqdim etməyinizə bir daha heyran qalırıq.

Mən sizi ürəkdən salamlayıram, şadam ki, bizə qonaq gəlibsiniz. Keçmişdə bizim həmişə səmimi görüşlərimiz olub. Nə vaxtsa fasilə oldu, lakin indi, zənnimcə, gözəl ənənələrimizi bərpa etmişik. Tbilisidə, Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçirildi indi isə Azərbaycanda - Bakıda Gürcüstan mədəniyyəti günləri keçirilir.

Dostum, Gürcüstan prezidenti Eduard Şevardnadze bir müddət əvvəl burada oldu, lap bu yaxınlarda, mart ayında isə mən prezident Şevardnadze cənablarının dəvəti ilə Tbilisiyə, Gürcüstana getdim. Çox maraqlı söhbətlərimiz, fikir mübadiləsi, səmərəli danışıqlar oldu. Biz bir çox mühüm sənədlər imzaladıq, Gürcüstan və Azərbaycan xalqları arasında indən belə əbədi olacaq dostluğun möhkəm bünövrəsini qoyduq.

Siz, incəsənət ustaları hamımıza kömək edirsiniz, əslinə qalsa, xalqlarımızı yaxınlaşdırır, sıx birləşdirir və dostluğumuzun möhkəmlənməsinə, əməkdaşlıq etməyimizə, tarixin istər gürcü xalqı üçün, istərsə də Azərbaycan xalqı üçün bu çox çətin dövründən ələlə verib keçməyimizə şərait yaradırsınız.

Bu gün burada həm Gürcüstanın, həm də Azərbaycanın incəsənət ustaları çıxış etdilər. Özü də sanki bir kollektiv kimi birlikdə çıxış etdilər. Hətta kimin Gürcüstandan, kimin isə Azərbaycandan çıxış etdiyini seçmək çətin idi. Bu gün sizin hamınız əla çıxış etdiniz. Mən hamınızı ürəkdən alqışladım. Hətta kimə daha çox, kimə nisbətən az əl çaldığımı söyləmək çətindir. Hər halda, əl çalmaqdan əllərim ağrıyır.

Bu gün burada həm gürcü, həm də Azərbaycan mahnıları səsləndi. Gürcülər Azərbaycan mahnılarını azərbaycanlılar isə gürcü mahnılarını ifa etdilər. Bu da tamamilə təbii haldır. Bu, bizim üçün adi haldır. Doğrudur, biz bir müddət bundan uzaq düşmüşdük. Lakin biz mehribançılığa adət etmişik. Çünki bu, bizə əcdadlarımızdan miras qalıb. Əcdadlarımız gürcü və Azərbaycan xalqlarının möhkəm dostluğunun bünövrəsini qoyublar. Biz isə bu dostluğu inkişaf etdirir və möhkəmləndiririk.

Bir daha deyirəm. Siz, incəsənət ustaları bu baxımdan böyük, nəcib iş görürsünüz. Mən sizin vasitənizlə gürcü xalqına, Gürcüstana, Tbilisi şəhərinə, dostum Eduard Şevardnadzeyə, bütün qardaş və bacılarıma - bütün Gürcüstan vətəndaşlarına hərarətli salam göndərirəm. Onlara ən səmimi arzularımı bildirirəm, cansağlığı, firavanlıq, yeni həyat quruculuğunda, müstəqil, azad Gürcüstan quruculuğunda uğurlar arzulayıram.

Siz hamınız yaxşı görünürsünüz, yaxşı çıxış etdiniz, siz hamınız qəşəng və gözəlsiniz. Belə düşünürəm ki, bizim salonun reaksiyası buna kifayət qədər inandırıcı sübutdur. Mən sizin hamınızı qucaqlayıram, hamınızı öpürəm və sizə cansağlığı, firavanlıq, xoşbəxtlik arzulayıram.