"Azərbaycan gəncləri" qəzetinin kollektivinə - 27 oktyabr 1994-cü il


"Azərbaycan gəncləri" respublikamızın mətbuat aləmində şərəfli yaradıcılıq yolu keçmiş, qəzetçilik ənənələrimizin inkişafında silinməz izlər buraxmış özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilən nəşrlərdəndir. Bu qəzet qəhrəman Azərbaycan gəncliyinin onlarla nəslinin ayrılmaz yol yoldaşı olmuş, bu nəsillərin rəşadətli həyatının mətbuat salnaməsinə çevrilmişdir.

Respublikamızda jurnalistika sənətinin inkişafında da "Azərbaycan gəncləri" qəzeti mühüm rol oynamışdır. Sonradan ölkə mətbuatının tanınmış nümayəndələrinə çevrilmiş bir çox gənc, ədəbi-publisistik qüvvələr ilk sənət addımlarını "Azərbaycan gəncləri" qəzetində atmışlar. Qəzet bu gün də öz ənənələrinə sadiq qalaraq, gənc nəslin tərbiyəsi işində fəaliyyətini davam etdirir. Müstəqil Azərbaycanın ictimai-siyasi həyatının bir çox sahələri qəzetin səhifələrində öz əksini tapır. Amansız təcavüzkara qarşı apardığımız ölüm-dirim müharibəsində Azərbaycan gənclərinin göstərdikləri mərdlik və qəhrəmanlıq, Vətənə alovlu məhəbbət və təmənnasız xidmət hissinin aşılanması qəzetin başlıca mövzularındandır.

İlk nömrəsinin çapdan çıxmasının 75 illiyi münasibətilə "Azərbaycan gəncləri" qəzetinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, sizə cansağlığı, müstəqil Azərbaycanın daha xoş gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyеv,
Azərbaycan Respublikasının Prezidenti. 

Tarixi arayış