Zəmanəmizin görkəmli musiqiçisi Mstislav Leopoldoviç Rostropoviçə - Bakı şəhəri, 27 mart 1997-ci il


Möhtərəm Mstislav Leopoldoviç!

Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

XX əsrin musiqi sənətində və ictimai həyatında müstəsna yer tutan şəxsiyyətiniz istər mədəniyyət xadimlərinin, istərsə də siyasətçilərin daim diqqət mərkəzindədir. Bu gün dünyanın ən sanballı simfonik orkestrləri Sizinlə birlikdə verdikləri konsertlərlə fəxr edir. Sizin Berlin divarları önündə və Moskvada Ağ evin qarşısındakı siyasi çıxışlarınız isə totalitarizmin bütün formalarına qarşı mübarizə rəmzinə çevrilmişdir.

Siz violonçel sənəti tarixinə bu alət haqqındakı təsəvvürü kökündən dəyişdirmiş bir ustad kimi əbədi daxil olaraq öz ifaçılıq, dirijorluq, bəstəkarlıq və pedaqoji fəaliyyətinizlə elə bir təzahürü nümayiş etdirə bildiniz ki, onu cəsarətlə Rostropoviç fenomeni adlandırmaq olar. Müxtəlif dövrlərin və xalqların Sizin ifanızda səslənən musiqisi ülvi bəşəri dəyərlərə sədaqəti ilə ürəkləri fəth edən əsl sənətin gücünü bir daha dünyaya göstərdi.

Dünya mədəniyyətini zənginləşdirən yaradıcılığınızla Siz sübut etdiniz ki, yalnız nadir istedadlar öz fıtri qabiliyyəti, fədakar əməyi, musiqiyə hədsiz məhəbbəti sayəsində incəsənətin qüdrəti ilə dünyanın simasını dəyişdirməyə qadirdir.

"Mənən azad olmayan sənətkar yarada bilməz" müddəasını özündə əks etdirən yaradıcılıq əqidəniz insan haqlarının müdafiə olunması sahəsindəki fəaliyyətinizdə də öz ifadəsini tapmışdır. Sizin sənətin özü kimi zaman və məkan hüdudları bilməyən şəxsiyyətinizi Yer kürəsinin vətəndaşı olaraq formalaşdıran bir tərəfdən bəşəriyyətin müqəddəratı üçün hər bir şəxsin dərin məsuliyyət daşıdığını dərk etmək hissiniz, digər tərəfdən isə demokratiya və azadlıq ideallarına sonsuz sədaqətiniz olmuşdur.

Sənətdə hədsiz müasir olmaqla yanaşı Siz yaradıcılığınızda varisliyin novatorluqla bənzərsiz vəhdətinə nail ola bilmişsiniz. Təbii ki, burada valideynlərinizin də xidmətləri böyük olmuşdur. Sizin atanız professor Leopold Vitoldoviç Rostropoviçin Azərbaycanda violonçel məktəbinin yaradılmasındakı böyük rolunu doğma şəhəriniz Bakıda minnətdarlıqla xatırlayırlar.

Respublikanın musiqi ictimaiyyəti valideynlərinizin və şəxsən Sizin Azərbaycan musiqiçilərinin bir neçə nəslinin yetişdirilməsi sahəsindəki fəaliyyətinizi yüksək qiymətləndirir.

Ədəbiyyat və mədəniyyət sahələrində bəşəriyyətə bir çox dühalar bəxş etmiş qədim Azərbaycan torpağı ləyaqətli oğlu kimi Sizinlə haqlı olaraq fəxr edir.

Sizi bağrıma basıram. Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT