Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ANS Yayım və Media Şirkətinin əməkdaşı Mirşahin Ağayevə ABŞ-ın Klivlend şəhərindən telefonla müsahibəsi - 26 sentyabr 2000-ci il


J u r n a l i s t: Salam, cənab Prezident!

H e y d ə r  Ə l i y e v: Salam, salam. Aranı niyə qarışdırmısınız?

J u r n a l i s t: Cənab Prezident, əksinə, biz aranı qarışdıranların qarşısına sipər çəkmək niyyətindəyik. Ona görə də sizdən müsahibə almaq istəyirik. Cənab Prezident, necəsiniz, özünüzü necə hiss edirsiniz?

H e y d ə r  Ə l i y e v: Özümü yaxşı hiss edirəm. Sabah buradan çıxıram. Mənə Avstraliyadan İlham zəng edib dedi ki, Mirşahin telefon eləmişdi. Ona görə də bildirdim ki, qoy Mirşahin mənim özümə telefon etsin, mən ona deyim. Hesab edirəm, bu müsahibəni bu gün öz televiziyanız ilə versəniz pis olmazdı.

J u r n a l i s t: Cənab Prezident, mən də belə fikirləşirəm ki, bu müsahibə Azərbaycanda əsası olmadan yaranmış vəziyyətə bir qədər sakitlik gətirəcəkdir. Cənab Prezident, Sizə nə olmuşdu, ümumiyyətlə, nə baş vermişdi?

H e y d ə r  Ə l i y e v: Bilirsən, heç bir şey baş verməyibdir. Mən sentyabrın 13-nə qədər Nyu-Yorkda və Vaşinqtonda öz səfər proqramımı həyata keçirirdim. Buraya gələndə, əvvəlcədən planlaşdırmışdım ki, bir günlüyə Klivlendə gedim, müayinə olunum. Bilirsiniz ki, keçən ilin aprelində mən burada cərrahiyyə əməliyyatı keçirmişdim. Mən həkimlərlə danışdım, onlar dedilər ki, birgünlük buraya gəlsəniz pis olmaz, sizi müayinə edərik. Ancaq iş bundadır ki, buraya gələndə mənə həm bərk soyuq dəymişdi, həm də qrip idim. Haqqına demək lazımdır ki, mən həmişə özümü işə qurban etmişəm. Soyuqdəymə, qrip, öskürək məndə hələ sentyabrın 10-da başlamışdı. Mənim burada həkimlərim var, onlar dedilər ki, hansısa virus keçibdir, çünki burada minlərlə adamla əl verib görüşmüsünüz. Birləşmiş Millətlər Təşkilatının salonu soyuq idi, bəlkə orada bir şey olubdur.

Həkimlər mənə deyirdilər ki, bu qrip çox viruslu qripdir. Amma buna baxmayaraq, mən sentyabrın 11-də Amerika–Azərbaycan Ticarət Palatasının böyük bir konfransında iştirak etdim. Bu konfrans Amerika – Azərbaycan Ticarət Palatasının beşilliyinə həsr olunmuşdu. Həmin konfransa çox mötəbər adamlar – 300-ə qədər adam – çağırılmışdı. Mən həmin konfransda çıxış etdim. Mənim həmin çıxışımı yəqin ki, televiziyada veriblər.

Həmin gün bu konfransdan sonra mən Azərbaycanın Vaşinqtondakı Ticarət və Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak etdim. Axşam isə mənim şərəfimə böyük bir ziyafət verdilər. Təxminən 350–400 adamın iştirak etdiyi həmin ziyafətdə mən çıxış etdim. Doğrudur, mən həm üşüyürdüm, həm də özümü bir az yaxşı hiss etmirdim. Ona görə də həkim gəlib mənə dedi ki, siz çıxış etdiniz, bəlkə çıxıb gedəsiniz? Ancaq yenə də deyirəm, mən hər şeyi axıra qədər çatdıran adamam. Mən ziyafətdən çıxıb getmədim, orada 2–3 saat oturdum, söhbət etdim. Həmin ziyafətdə çox böyük, mötəbər siyasi xadimlər, Dövlət Departamentindən, nazirliklərdən yüksək vəzifəli şəxslər iştirak edirdilər.

Mən oradan hotelə gəldim. Səhəri gün də bir tədbirdə iştirak etdim. Sonra isə təyyarə ilə Klivlendə yola düşdüm. Buraya gələn kimi məni müayinə edərək bildirdilər ki, gərək əvvəlcə qrip və soyuqdəymə müalicə olunsun. Sonra belə məlum oldu ki, məndə müəyyən qədər pnevmaniya əmələ gəlibdir. Ona görə də həkimlər dedilər ki, biz əvvəlcə bunu müalicə etməliyik, eyni zamanda, sizi müayinədən keçirməliyik. Bu müalicə də bir az vaxt aparır. Çünki mən çox ciddi pnevmaniya olmuşdum.

Həkimlər müalicəni də apardılar, yoxladılar da. Həm müalicə çox uğurla keçdi, həm də cərrahiyyə əməliyyatı ilə əlaqədar mənim vəziyyətimi yoxladılar. Dedilər ki, indi sənin ürəyin cərrahiyyə əməliyyatından əvvəlkindən daha da yaxşı işləyir. Həkimlər mənə belə yaxşı sözlər dedilər.

Mən sabah buradan Londona gedirəm. Bir gecə Londonda qalacağam – bilirsiniz ki, mənim nəvələrim oradadırlar. O birisi gün Bakıya gələcəyəm. Bu fitnəkarlığı, təxribatı kim yayıb, nə üçün edib? Yəqin ki, onu orada araşdırarlar. Ancaq mən sağsalamatam, kefim də yaxşıdır. Biz Amerikada da çox dəyərli işlər gördük. Bu cür xoş əhval–ruhiyyə ilə ölkəmizə qayıdıram.

J u r n a l i s t: Cənab Prezident, əvvəla, mən maraqlı bir müşahidəm haqqında Sizə söhbət açmaq istəyirəm. Gülhanədə və Klivlenddə müalicə olunduğunuz ötən illərdən fərqli olaraq, bu dəfə Azərbaycan mətbuatı bu məsələyə son dərəcə təmkinlə yanaşıb və hər şey nəzarət altındadır. Yəni kütləvi informasiya vasitələri peşəkarlıqla işləyirlər. Bu fitnəkarlığın kökü isə Rusiyanın «Qazeta.Ru» deyilən bir İnternet səhifəsində dərc olunmuş məqalədən gəlir. Onlar yazıblar, Azərbaycan mətbuatı da çox ehtiyyatlı şəkildə ona istinad edibdir. Cənab Prezident, Rusiyanın «Qazeta.Ru» İnternet səhifəsində dərc olunmuş informasiyaya münasibətinizi bilmək istərdik.

H e y d ə r  Ə l i y e v: Bunları bilirəm. Ramiz Mehdiyev Moskva ilə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey İvanovla danışmışdı, o da prezident Putinlə məsləhətləşmişdi. Onlar da oradan təkzib veriblər ki, bunlar hamısı yalandır. Mən bunları bilirəm. Mənim dediyim bu sözləri də, mümkün hesab edirsənsə, televiziya ilə ver, qoy camaat rahat olsun. Bəziləri isə başa düşsün ki, insan ağılla hərəkət etməlidir.

J u r n a l i s t: Cənab Prezident, dərc edilmiş elə həmin məlumatlardan birində ölkənin idarə olunmasında yaranmış mürəkkəbliklərdən söhbət gedir. Şübhə edilirdi ki, Azərbaycan prezidenti Heydər Əliyev ölkəmizdə baş verən hadisələrə müdaxilə etməyə bir balaca çətinlik çəkir.

H e y d ə r  Ə l i y e v: Çətinlik çəkir?

J u r n a l i s t: Ölkənin idarə olunmasında guya Sizin imkanlarınız bir az aşağı düşübdür.

H e y d ə r  Ə l i y e v: Heç biri aşağı düşməyibdir. Mən gündə iki-üç dəfə həm Ramiz Mehdiyevlə, həm Murtuz Ələsgərovla, həm Artur Rasizadə ilə, həm də güc nazirlikləri ilə əlaqə saxlayırdım. Onlar mənə məlumatlar verirdilər. Hesab edirəm ki, mən müəyyən qədər burada olduğum zaman respublikada işlər yaxşı gedibdir. Mən öz həmkarlarımdan, yəni o sahədə işləyən adamlardan – birincisi, aparatın rəhbəri Ramiz Mehdiyevdən çox razıyam. Təbiidir ki, bütün bu siyasi məsələlərlə o məşğul olur. Sonra Baş nazir Artur Rasizadə ilə neçə dəfə danışmışam. O, ölkəmizin iqtisadiyyatı haqqında mənə məlumatlar verir. Bilirsiniz ki, indi doqquz ay qurtarır. Proqnozlara görə ölkəmizin iqtisadiyyatı yenə də inkişaf dövrünü keçirir, yeni nəticələr əldə olunur. Mən hər şeylə məşğulam. Burada respublika ilə mənim əlaqəm bir gün də belə kəsilməyibdir. Təbiidir ki, orada görülən işlərin əksəriyyəti mənim göstərişimlə olubdur. Mən eyni zamanda, hesab edirəm ki, müəyyən yüksək vəzifələrdəki insanlar da orada çox namusla, qeyrətlə çalışıblar və təşəbbüskar olublar, çox işləri də görüblər, sonra mənə məruzə ediblər.

J u r n a l i s t: Cənab Prezident, əgər sirr deyilsə, bu saatın özündə nə ilə məşğulsunuz?

H e y d ə r  Ə l i y e v: Bu saatın özündə, indi burada səhər saat 10-dur. Başa düşdün? İndi bu dəqiqə mən səhər yeməyini yeyəcəyəm, ondan sonra da burada bir az gəzəcəyəm. Sonra axşam yeməyi yeyəcəyəm. Sabah isə buradan yola düşürəm. Sabah buradan hava limanına gedəcəyəm, oradan təyyarə ilə Londona uçacağam.

J u r n a l i s t: Cənab Prezident, nəhayət, olimpiadanın gedişini izləyirsinizmi?

H e y d ə r  Ə l i y e v: Bəs necə, izləyirəm. İlham hər gün oradan mənə məlumat verir. Bizim Azərbaycan idmançısı ilk dəfə olaraq olimpiadada qızıl medal alıbdır. İndi bu dəqiqə danışırdım, bir boksçumuz da orada çox yüksək nəticələr göstəribdir. Ümidvaram ki, o da medal alacaqdır. Hesab edirəm, orada da vəziyyət çox yaxşıdır. Çünki bizim komandamız indi-indi formalaşır. Belə olan halda, bu cür yüksək göstəricilər əldə etmək, təbiidir ki, sevindiricidir.

J u r n a l i s t: Cənab Prezident, bu, ilk növbədə Azərbaycan bayrağının qələbəsidir. Çünki hər şeydən əvvəl Azərbaycan bayrağı qaldırılıbdır. Cənab Prezident, mən bir şeyi də dəqiqləşdirmək istəyirəm. Belə başa düşdüm ki, bu, Klivlenddən Sizin ilk müsahibənizdir.

H e y d ə r  Ə l i y e v: Bu, ilk müsahibəmdir. Ancaq dünən də çox dedilər ki, bəlkə mən özüm buradan bir məlumat verim. Mən buna imkan vermədim. Dedim ki, indi nə məlumat verəcəyəm ki? Mən sağ-salamatam. Respublikada aparılan işlər barədə bu gün mənə məlumat veriləndən sonra Ramiz Mehdiyevə telefon edib dedim ki, Mirşahini tap, qoy mənə telefon eləsin. Bu mənim birinci müsahibəmdir. Buna görə də sizin televiziya birincilik qazanıbdır.

J u r n a l i s t: Olimpiadaçılarımızın ənənəsini davam etdiririk. Cənab Prezident, sağ olun. İnşallah, tezliklə Bakıda görüşərik.

H e y d ə r  Ə l i y e v: Sən televiziya vasitəsilə bütün Azərbaycan xalqına, vətəndaşlarına mənim adımdan salam yetir və de ki, mən yaxın iki gündə Bakıdayam. Hər şey çox gözəldir. Mən çox məmnunam ki, bizim vətəndaşlarımız, Azərbaycan xalqı belə bir fitnəkarlıqdan o qədər də çaşmayıbdır. Düzdür, şayiələr yayılıb, amma çaşmayıblar. Hamıya salam və mənim xoş arzularımı söylə.

Tarixi arayış

MÜSAHİBƏLƏR