Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏM-in üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirak etmək üçün Budapeşt şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibəsi - 4 dekabr 1994-cü il


Səfərin xüsusi əhəmiyyəti var. Çünki 1975-ci ildə Finlandiyada Helsinki Yekun Aktının imzalandığı, yəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin yarandığı dövrdən bu, dövlət rəhbərlərinin dördüncü görüşüdür. ATƏM-ə daxil olan dövlətlərin başçıları bu görüşdə iştirak edəcəklər və Avropa Təhlükəsizliyi, Avropa Birliyinin möhkəmləndirilməsi barədə mühüm məsələlər müzakirə olunacaqdır. Əsas məsələlər bu təşkilatın, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin işini gücləndirmək və fəallaşdırmaqdan ibarətdir. Biz buna tərəfdarıq. Amerikanın prezidenti cənab Bill Klinton mənə məktubunda da bu məsələlər barəsində öz fikirlərini yazmışdır. Mən ona göndərdiyim məktubda - dekabrın 2-də ona cavab məktubu göndərmişəm - Azərbaycanın mövqeyini bildirmişəm. Bizim mövqeyimiz belədir ki, ATƏM təşkilatı güclənməlidir, daha böyük fəaliyyət göstərməlidir, yeni Avropanın yaranması üçün, yeni Avropanın inkişafı üçün bu təşkilatın fəaliyyəti bundan sonra daha da artıq olmalıdır. Biz bir Avropa dövləti kimi və Avropa Birliyinə daxil olan bir dövlət kimi ATƏM təşkilatının güclənməsinin tərəfdarıyıq. Bu mövqelərimizi orada bildirəcəyik.

Eyni zamanda Budapeşt Zirvə görüşündə Ermənistanla Azərbaycan arasında gedən hərbi münaqişə, müharibə ilə əlaqədar məsələ də müzakirə olunacaq, xüsusən, ATƏM-in sülh məramlı qüvvələrinin yaradılması və bizim bölgəyə göndərilməsi məsələləri müzakirə ediləcəkdir. Bu da bizim üçün çox əhəmiyyətlidir. Çünki demək olar, ilk dəfədir ki, belə Zirvə görüşündə bu məsələ xüsusi bir məsələ kimi gündəliyə salınıbdır və müzakirə olunacaqdır, ona görə də biz bu görüşdən çox şeylər gözləyirik.

Tarixi arayış