Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti Emil Konstantineskunun Azərbaycana rəsmi səfəri başa çatdıqdan sonra Binə hava limanında yola salınma mərasimində Rumıniya televiziyasına müsahibəsi - 1 iyul 1998-ci il


Rumıniya televiziyasının mənə verdiyi fürsətdən istifadə edərək ən səmimi duyğularımı və ən xoş arzularımı bütün Rumıniya vətəndaşlarına yetirmək istəyirəm.

Rumıniya prezidenti, dostumuz, cənab Emil Konstantineskunun Azərbaycana səfəri çox əlamətdar hadisə oldu. Biz çox səmərəli iş apardıq, mühüm dövlətlərarası sənədlər imzaladıq və Rumıniya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinin yeni mərhələsini açdıq. Biz Azərbaycanda Rumıniya ilə dostluq, tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Elə dünən Rumıniya və Azərbaycan prezidentlərinin imzaladıqları əsas sənəd də Rumıniya ilə Azərbaycan arasında dostluğun və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamədən ibarətdir. Bir çox elə məsələlər var ki, onlarla əlaqədar tərəfdaşlığımız müvəffəqiyyətlə inkişaf edə bilər, əməkdaşlığımız isə daha səmərəli ola bilər.

Xəzər dənizinin energetika ehtiyatlarından istifadə məsələsi həmin məsələlər arasında mühüm yer tutur. Bilirsiniz ki, Xəzər dənizində və Mərkəzi Asiya bölgəsində, Qafqazda olduqca böyük neft və qaz ehtiyatları var. İndi biz Avropanın və Amerika Birləşmiş Ştatlarının bır çox iri neft şirkətlərinin iştirakı ilə bu yataqların işlənməsinə dair böyük layihələr həyata keçiririk. Bununla əlaqədar neftin Qərb bazarlarına nəqli məsələsi ortaya çıxır. Odur ki, Qara dənizdə Konstansa kimi mühüm limanı olan Rumıniya bütün bölgəmiz üçün çox əhəmiyyətli məntəqədir.

Bununla əlaqədar başqa layihə də var və o, daha geniş əhəmiyyətə malikdir - söhbət qədim Böyük İpək yolunun bərpasından gedir. Bu layihə TRASEKA proqramına uyğun olaraq müəyyən dərəcədə Avropa Birliyinin İqtisadi Komissiyasi tərəfindən həyata keçirilir. Lakin indi qarşıda belə böyük həcmdə duran "İpək yolu" məsələsi TRASEKA proqramının çərçi-vəsindən kənara çıxır. Yaponiyadan başlayıb Çin vasitəsilə Mərkəzi Asiyaya, Xəzər dənizi vasitəsilə Azərbaycana, Gürcüstana, Qara dənizə, oradan da ta Fransa, İspaniya və İrlandiyayadək Avropa ölkələrinə gələn "İpək yolu"ndan söhbət gedir. Beləliklə, geniş ərazisi, əlverişli coğrafi, coğrafi-strateji mövqeyi və böyük limanları, xüsusilə Konstansa kimi limanı olan Rumıniya bu "İpək yolu" üstündə çox mühüm yer tutur. Təbii ki, burada Dunay çayı və o yanda Reyn çayı bu "İpək yolu"nun bir hissəsidir. Biz həmin layihə ilə bağlı məsələləri prezident cənab Emil Konstantinesku ilə ətraflı müzakirə etdik və şadam ki, bu layihənin həyata keçirilməsini sürətləndirmək barədə baxışlarımızın və istəyimizin tamamilə uyğun gəldiyi aşkara çıxarıldı. "İpək yolu"nun iştirakçıları olan ölkələrin sentyabrın 7-8-də Azərbaycanda zirvə toplantısı keçiriləcəkdir. Ümidvaram ki, Rumıniya prezidenti cənab Konstantinesku bu toplantının fəal iştirakçısı olacaqdır.

Prezident Konstantinesku sentyabrın axırları üçün Rumıniyada "Xəzərin ehtiyatları və Qərb" adlı böyük konfrans keçirməyi nəzərdə tutmuşdur. Şübhəsiz ki, bu konfransda Azərbaycan da fəal iştirak edəcəkdir. Mənə elə gəlir ki, digər çox yaxşı imkanlarla yanaşı, bu böyük layihələr də Rumıniya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün yaxşı zəmindir. Biz Rumıniya və Azərbaycan üçün bu çox mühüm və perspektivli məsələləri müzakirə etdik və zənnimcə, yekdil rəyə gəldik. Buna görə də çox şadam ki, prezident Emil Konstantinesku mənim dəvətimi qəbul edib, Bakıya rəsmi səfərə gəldi və burada böyük, səmərəli iş apardı. Bizim aramızda xoş, səmimi münasibətlər yarandı, mən bu münasibətləri çox qiymətləndirirəm və ümidvaram ki, onlar Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi naminə davam və inkişaf etdiriləcəkdir. Bütün Rumıniya vətəndaşlarına, rumın xalqına bir daha sülh, əmin-amanlıq və fıravanlıq arzulayıram.

Tarixi arayış

MÜSAHİBƏLƏR