İranın milli bayramı münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 11 fevral 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, bütün qardaş İran xalqını İran İslam İnqilabının 21-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Mən İran xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.

İran İslam İnqilabından keçən müddətdə İran həqiqətən inkişaf dövrünü yaşayır. Bu ölkədə gedən ictimai-siyasi, iqtisadi proseslər bizə məlumdur və dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ona görə də biz yaxşı bilirik ki, bu illərdə İran hökuməti islam inqilabının banisi ayətullah Xomeyninin qoyduğu yolla gedərək böyük nailiyyətlər əldə edibdir. Biz buna sevinirik və arzu edirik ki, bu nailiyyətlər daha da çox olsun. Çünki İran ilə Azərbaycan ən yaxın qonşudur, dostdur. Xalqlarımızın qədim, müştərək tarixi kökləri var. Bizim adət-ənənələrimiz, mənəvi dəyərlərimiz tarixən eyni mənbədən gəlibdir. Biz əsrlər boyu, müxtəlif zamanlarda bir yerdə yaşamışıq. İndi də Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra İran ilə Azərbaycan arasındakı əlaqələr yenidən qurulub və inkişaf edib. Bəlkə də heç bir ölkədə azərbaycanlıların İranda olduğu kimi qohum-əqrəbası, dostu-tanışı yoxdur. Eləcə də, güman edirəm ki, İran vətəndaşlarının da Azərbaycanda həm qohum-əqrəbası, həm də dostları var. Bu qohumlar, dostlar uzun illər bir-birindən ayrı düşmüşlər və görüşmək həsrəti ilə yaşamışlar.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra sərhədlər açılmış, insanlar bir-birinə qovuşmuşdur. Hörmətli səfir burada qeyd etdi ki, bir milyon insan İrandan Azərbaycana, Azərbaycandan İrana gedib-gəlmişdir. Güman edirəm ki, Azərbaycanın başqa ölkələrlə bu qədər insani əlaqələri yoxdur. Bu təbiidir. Bir də deyirəm, biz qonşuyuq, özü də qonşuluğumuz məhdud çərçivə içərisində deyil. İran ilə Azərbaycan arasındakı sərhəd çox böyükdür. Azərbaycanda belə deyirlər ki, o tayda da, bu tayda da yaşayanlar bir-biri ilə dostdurlar, qohumdurlar, qardaşdırlar. Təbiidir ki, bu hissiyyatlar həm azərbaycanlıların İrana getməsinin güclü olmasını, həm də iranlıların Azərbaycana gəlməsini təmin edir.

Bizim iqtisadi əlaqələrimiz inkişaf edir. Ticarət əlaqələri yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanla ticarət əlaqələrində İran indi birinci yerdədir.

Əlirza Bikdeli: Birinci-ikinci yerdədir.

Heydər Əliyev: Yaxşı ki, birinci-ikinci yerdədir. Elə birinci-ikinci çox yaxşıdır. Yaxşı ki, dördüncü-beşinci deyil. Birinci-ikinci yeri tutmaq asan deyil. Deməliyəm ki, həm İran tərəfi, həm də Azərbaycan tərəfi o qədər səy edirlər ki, belə yüksək yerləri tutmağa nail olurlar. Ancaq bu iqtisadi əlaqələr bizi hələ təmin etmir. Bizim iqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün çox böyük imkanlarımız vardır. Həm İran tərəfindən, həm də Azərbaycan tərəfindən. Müştərək iqtisadi komissiya bu yolda fəaliyyətini daha da gücləndirməlidir. Mən komissiyanın Azərbaycan tərəfinin fəaliyyətini daim nəzarət altında saxlayıram və fəaliyyətlərini daha da genişləndirməyi onlardan tələb edirəm.

Mədəni əlaqələrimiz, insani əlaqələrimiz də genişdir. Ancaq bunlar da azdır. Mən hesab edirəm ki, bizim əlaqələrimizin bütün sahələrdə genişlənməsinə imkanlar var və bu imkanlardan istifadə etmək lazımdır.

Sərhədlərin açıq olması insanlarda böyük məmnunluq hissi doğurur. Məsələn, blokada şəraitində yaşayan bizim Naxçıvan Muxtar Respublikasının, bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın əsas hissəsi ilə nəqliyyat və başqa kommunikasiya xətləri kəsilibdir. İranın sərhədlərini açması və İran vətəndaşlarının Azərbaycanın Naxçıvan hissəsinə külli miqdarda gəlməsi, Naxçıvandan Azərbaycan vətəndaşlarının xeyli hissəsinin İranı ziyarət etməsi - bu həm insani əlaqələri inkişaf etdirir, insanlara mənəvi rahatlıq verir, həm ticarət əlaqələrini genişləndirir, həm də hər iki tərəfə iqtisadi mənfəət gətirir.

Bizim başqa sərhəd bölgələrimizdə də belə imkanlar vardır. Hesab edirəm ki, onlardan səmərəli istifadə etməliyik.

İran həqiqətən Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüzü həmişə pisləmiş, bunu hərbi təcavüz kimi qiymətləndirmişdir. Bilirsiniz ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün daha ciddi addımlar atırıq. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, İran hökuməti bu sülhə nail olunması üçün daha da təsirli fəaliyyət göstərəcəkdir. İran hökumətinin bu barədə böyük imkanları vardır. Məlumdur ki, İranın Ermənistanla da çox sıx ticarət, iqtisadi və başqa dostluq əlaqələri və onlara təsir etmək imkanları vardır.

Məqsədimiz odur ki, münaqişə sülh yolu ilə həll edilsin, işğal altındakı torpaqlar azad olunsun. Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Hesab edirəm ki, bu halda Ermənistanla Azərbaycan arasında sülh yaradılandan sonra bizim bölgədə əməkdaşlıq etmək, sülhü və təhlükəsizliyi təmin etmək sahəsində daha böyük imkanlar olacaqdır. İran bu proseslərin iştirakçısı olmalıdır və bizim bölgədə - Qafqazda, xüsusən Cənubi Qafqazda sülhə, əmin-amanlığa nail olamaq üçün öz xidmətlərini göstərməlidir.

İndi İranın iqtisadi inkişafı, demokratikləşməsi, təbiidir ki, bizi sevindirir. Cənab Xatəmi prezident seçiləndən sonra bu istiqamətdə çox ciddi addımlar atıbdır. Bu, həm bizim ölkədə, həm də bir çox ölkələrdə layiqincə qiymətləndirilir. İran son illərdə keçmişdən fərqli olaraq qapalı vəziyyətdən çıxıbdır, dünyanın bir çox ölkələri ilə yaxşı əlaqələr yaradıbdır və bu əlaqələri inkişaf etdirmək istəyir. Bunların hamısını biz dəstəkləyirik. İranın nümayəndə heyətləri ilə görüşlərimdə öz fikirlərimi açıq-aydın bildirirəm ki, heç bir ölkə dünyada gedən proseslərdən təcrid olunmuş şəraitdə yaşayıb inkişaf edə bilməz. İran indi bu barədə çox böyük addımlar atır. Mən arzu edirəm ki, bu addımlar daha da uğurlu olsun və İran beynəlxalq aləmdə özünə layiq yerini həmişə tuta bilsin.

İranın iqtisadi inkişaf proqramı qəbul etməsini mən məmnuniyyətlə dinlədim. Şübhə etmirəm ki, bu proqram həyata keçiriləcəkdir. Çünki islam inqilabından sonra İranın ilbəil sosial-iqtisadi inkişafı göz qabağındadır. Biz bunu müşahidə edirik və dost kimi buna sevinirik.

Mən prezident Xatəminin dəvətini məmnuniyyətlə qəbul etmişəm və bu il İrana məmnuniyyətlə rəsmi səfərə gedəcəyəm. Hörmətli cənab Xatəminin Azərbaycana gəlməsi üçün də mən ona dəvətnamə göndərmişəm. Ümidvaram ki, mənim səfərimdən sonra o da Azərbaycana səfər edəcəkdir. Bunlar çox vacibdir. Doğrudur, son zamanlar bizim ölkələrimiz arasında hökumət və dövlət səviyyəsində gediş-gəliş artıb. Ancaq bu, nə İran tərəfini, nə də Azərbaycan tərəfini qane edə bilməz. Biz bunları daha da yüksək səviyyəyə qaldırmalıyıq və qaldırmaq istəyirik.

İranda hamı bilməlidir ki, Azərbaycan həmişə İranın dostu olub, bu gün də dostudur, gələcəkdə dostu olacaqdır. Bəzi qüvvələr İran-Azərbaycan əlaqələrini gərginləşdirmək, onlara ləkə vurmaq, yaxud hansısa problemlər yaratmaq istəyirlər. Belələri hər yerdə vardır - başqa ölkələrdə də var, Azərbaycanda da, İranda da var. Bunu həm İranda bilirlər, həm də Azərbaycanda biz bilirik. Ancaq mən Azərbaycanın prezidenti olaraq bildirmək istəyirəm ki, heç bir qüvvə İran-Azərbaycan, Azərbaycan-İran dostluq və qardaşlıq əlaqələrini poza bilməz. Biz heç kəsin başqa ölkənin daxili işlərinə qarışmasına tərəfdar çıxmamışıq və çıxmayacağıq. Hər dövlət öz ölkəsinin siyasətini müstəqil olaraq aparır və müstəqil də aparmalıdır. Ölkələrin, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması beynəlxalq hüquq normalarının əsas prinsiplərindən biridir. Buna görə də kimsə belə cəhdlər edirsə, onlar həm Azərbaycan üçün, həm də İran üçün zərərli olurlar. Biz bunları pisləyirik, belə halları heç vaxt dəstəkləməmişik və dəstəkləməyəcəyik. Güman edirəm ki, İran tərəfi də belə mövqedədir.

Beləliklə, bu gün İran İslam İnqilabının 21-ci ildönümünü qeyd edərkən biz Azərbaycanda yeni bir mənzərənin şahidiyik. Baxın, bu salona nə qədər insan toplaşıbdır. İran səfirinin nə qədər çox qonağı var. Ancaq əgər xatırlayırsınızsa, 8-9 il bundan öncə 2-3 nəfər bir-biri ilə görüşə bilməzdi. Bunların hamısı Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir, Azərbaycan-İran əlaqələrinin yaranmasının və inkişaf etdirilməsinin, bizim sərhədlərimizin açılmasının, müxtəlif istiqamətlərdə əməkdaşlığın nəticəsidir. Bu, bizim hamımızı sevindirməlidir və çalışmalıyıq ki, bu meyllər bundan sonra daha da çoxalsın, daha da inkişaf etsin.

Mən sizi bir daha təbrik edirəm. İran xalqına səadət, xoşbəxtlik arzu edirəm, qarşısına qoyduğu böyük, əzəmətli proqramların həyata keçirilməsində İran hökumətinə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 12 fevral 2000-ci il.

Tarixi arayış

Azərbaycan - Asiya