Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli qazax yazıçısı, xalqımızın böyük dostu, Qazaxıstanın İtaliya və Yunanıstandakı səfiri Oljas Süleymenovu qəbul edərkən söhbətindən - Prezident sarayı, 4 mart 1999-cu il


Oljas Süleymenov: Çox şadam ki, uzun illərdən sonra biz yenidən görüşürük. Amma mən Sizi həmişə görürəm, fəaliyyətinizi izləyirəm. Dünən Sizin çıxışınızı dinlədim.

Heydər Əliyev: Bəli, bizim axırıncı görüşümüzdən çox illər, on il, bəlkə də, daha çox keçmişdir.

Oljas Süleymenov: Mən burada Füzulinin yubileyində olmuşam. O vaxt Siz mənə dediniz ki, Oljas, sən təkcə qazaxlara deyil, azərbaycanlılara da gərəksən.

Heydər Əliyev: Oljas, çox şadam ki, siz bizə qonaq gəlmisiniz. Azərbaycanda sizi xalqımızın böyük dostu hesab edirlər. Təbii ki, mən də bu fikirdəyəm. Hesab edirəm ki, siz Azərbaycan xalqının da dostusunuz, mənim də dostumsunuz. Sizə böyük hörmət hissləri bəslənilir, həm yazıçı, həm də siyasi xadim kimi Azərbaycanda böyük nüfuza maliksiniz. Azərbaycanın 1990-cı ilin yanvarında sovet qoşunları tərəfindən işğalı zamanı sizin fəaliyyətinizi Azərbaycanda yaxşı xatırlayır və yüksək qiymətləndirirlər, sovet qoşunlarının Bakıya yeridilməsinin ikinci günü sizin buraya gəlişinizi xatırlayırlar. Siz buraya gəldiniz, çıxış edib baş verənləri pislədiniz. Bunu Azərbaycanda çox yaxşı xatırlayırlar.

Bizi sizinlə çoxdankı dostluq bağlayır. Hələ o vaxtlar, mən burada, Azərbaycanda, siz isə Qazaxıstanda işləyən dövrlərdə, sonra Moskvada işlədiyim zaman mən sizə böyük iftixar hissi ilə baxırdım ki, xalqlarımızın belə gənc istedadları var; elə istedadlar ki, nəinki romanlar, pyeslər və ya digər ədəbi əsərlər yazmağa, həm də öz xalqı haqqında onun taleyi, keçmişi, indisi və gələcəyi barədə düşünməyə qadirdirlər. İndi öz tarixi köklərini, tarixi keçmişini, milli özgürlüyünü və milli ləyaqətini daha dərindən dərk etmiş bütün xalqlarımızın belə görkəmli nümayəndələrindən birisiniz. Siz hələ cavanlığınızda bu məsələlərdə çoxlarına nisbətən daha böyük yetkinlik nümayiş etdirirdiniz. Bu, yaxşı məlumdu. O vaxtlar mən bunu görür, müşahidə edir, duyurdum və buna görə də bu, əslinə qalsa, ədəbi istedadınızla yanaşı, məndə sizə hörmət, ən səmimi, dostluq hissləri doğururdu. Buna görə də şadam ki, siz Azərbaycanı unutmursunuz, buraya gəlmişsiniz, özü də qəfildən, gözlənilmədən gəlmisiniz. Dünən qəfildən, günortadan sonra mənə xəbər verdilər ki, siz buraya gəlirsiniz. Əlbəttə ki, mən sevindim, çünki bu, çox xoş xəbər idi. Bununla bərabər, dərhal soruşdum ki, siz burada neçə gün qalacaqsınız. Mənə dedilər ki, çox az. Onda şübhəsiz ki, məyus oldum. Buna baxmayaraq, mən bu görüşə şadam, sizi görməyimə şadam. Siz əvvəllər olduğu kimi yenə də gözəlsiniz. Bir sözlə, sizi salamlayıram.

Oljas Süleymenov: Mən buraya, həqiqətən, gözlənilmədən gəldim. Almatıdan İstanbul vasitəsilə Romaya gedirdim, yolüstü İstanbulda dayandım və buraya zəng vurub dedim ki, iki gün vaxtım var. Soruşdum ki, buraya gələ bilərəmmi? Onu da soruşdum ki, Heydər Əliyeviç indi Bakıdadırmı? Dedilər ki, bəli. Odur ki, təyyarəyə minib buraya gəldim.

Heydər Əliyeviç, mən Sizə həmişə böyük hörmətlə yanaşmışam, yanaşıram və yanaşacağam. Çünki bir şəxsiyyət kimi, dövlət xadimi kimi bütün keçmiş Sovet İttifaqı üçün, Azərbaycan üçün, yer üzündəki bütün türk xalqları üçün qədir-qiymətinizi bilirəm. Zənnimcə, əgər onda, 1990-cı ildə Siz burada olsaydınız, həmin o Qara Yanvar olmazdı.

Xatirimdədir, o vaxt mən bundan gecə saat üçdə xəbər tutdum, yazıçılar mənə zəng vurmuşdular. O zaman mənə soyuq dəymişdi və "Moskva" mühmanxanasında qızdırmalı yatırdım. Amma hadisədən xəbər tutan kimi qalxıb buraya gəldim. Axı o anda deyə bilməzdim ki, xəstəyəm, gələ bilmərəm. Təbii ki, gəlməyə bilməzdim. Bunu düzgün başa düşməzdilər, fikirləşərdilər ki, Oljas özünü bu dəhşətli əhvalatdan kənara çəkir.

Mən gəldim və dostlarımın, doğma Azərbaycanımın müsibətinə və ağrı-acılarına şərik çıxdım. O vaxtdan həmin günlər, sonralar baş vermiş hadisələr barədə xatirələr mənim ovqatıma təsir göstərir. Mən ilk qaçqınları görmüşəm və bu gün onların məskənlərinə getmək, onlarla dərdləşmək, onların ümid və iztirablarından hali olmaq istəyirəm. Biz bütün bunlara biganə qala bilmərik.

Bu gün mən Sizinlə, Azərbaycanla bir daha görüşürəm. Burada gördüklərimi dostlarıma və başqa ölkələrdə ünsiyyətdə olduğum adamlara da danışacağam. Bu torpağa, onun xalqına, şəxsən Sizə, Azərbaycanın görkəmli oğullarına öz məhəbbətimi bir daha ifadə etmək və doğma saydığım bu torpağa xoşbəxtlik, tarixin bizi qarşılaşdırdığı belə dəhşətli vəziyyətlərdən tezliklə çıxmağı arzulamaq istəyirəm. Bu xalqın, onun rəhbərliyinin nikbinliyi ümid verir ki, hər şey qaydasına düşəcək, digər xalqların köməyi, arzu və ümidləri ilə burada da günəş bərq vuracaqdır, Azərbaycan buna layiqdir. Sizinlə görüşərkən mən bax bunları demək istəyirdim.

Heydər Əliyev: Mən sizin təşəbbüsünüzü qiymətləndirirəm və bayaq dediyim kimi, istərdim ki, burada çox qalasınız. Ancaq, hər halda, Azərbaycanda olmaq üçün ayırdığınız vaxt ərzində biz çalışacağıq ki, qaçqınlarımızın yaşadıqları çadır düşərgələrini də, mümkün olan hər şeyi də görərsiniz. Bizim üçün başlıcası sizin ölkəmizə, xalqımıza göstərdiyiniz diqqətdir. Bu diqqət də öz ifadəsini sizin buraya gəlşinizdə tapır.

Sizi gördükdə, əlbəttə, ötən günlərdən çox şeyi yada salıram, xatırlayıram. Xatırlayıram ki, siz öz əsərlərinizdə mərdliklə və cəsarətlə elə mövzular qaldırırdınız ki, bunlar o vaxtlar da gərək idi, indi - qazax xalqı da, Azərbaycan xalqı da öz müstəqilliyini, azadlığını əldə etdiyi, suveren dövlətlər olduğu vaxtda daha yüksək qiymətləndirilir.

Əlbəttə, 1986-cı ilin dekabrını da xatırlayıram. Yeri gəlmişkən, deməliyəm ki, bu, Sovetlər İttifaqının tərkibinə daxil olan xalqlara qarşı, necə deyərlər, ilk siyasi təcavüz idi. O vaxt mən Siyasi Büronun üzvü idim və yeri gəlmişkən, Mixail Qorbaçov oraya Kolbini MK-nın birinci katibi kimi göndərməyi qərara aldıqda ona öz fikrimi söylədim. Öz narahatlığımı bildirdim, çünki bundan əvvəl o, Şimali Qafqaz respublikaları barəsində artıq müəyyən işlər görmüşdü - orada yerli millətlərdən olan adamları ruslarla əvəz etmişdi. Sonra, 1986-cı ilin dekabrında Almatıda bu hadisə baş verdikdə Solomentsev başda olmaqla, - siz onu Qazaxıstanda hələ keçmişdəki fəaliyyətindən tanıyırdınız, - komissiya göndərildiyini və nə kimi qərar qəbul edildiyini xatırlayıram.

Mən öz fikrimi çox kəskin şəkildə bildirdim. Qorbaçovun yeritdiyi milli siyasət məsələləri ilə əlaqədar bizim aramızda əvvəllər də ciddi fikir ayrılıqları olurdu. Yeri gəlmişkən deməliyəm ki, öz sələflərindən fərqli olaraq o, müsəlman xalqları, türk mənşəli xalqlar barəsində çox mənfi mövqe tuturdu. Siyasi Büronun iclaslarında, - xüsusən də bu iclaslar "məhdud" dairədə keçəndə, - oturmaq və olduqca xoşagəlməz söhbətləri eşitmək mənim üçün çox ağır idi. Məsələn, yadınızda olduğu kimi, Özbəkistanda rəhmətlik Şərəf Rəşidova qarşı kampaniya başlanmışdı və əslində günahsız insanları zindanlara salırdılar. Hər həftə iclaslarda Rusiya Federasiyasının bu və ya digər vilayətlərinin siyahılarını təklif edir, adamlar seçir və onları Özbəkistana göndərirdilər. Soruşurdum: niyə? Mənə cavab verirdilər ki, orada kadrlar yoxdur. Özbəkistan belə yüksək səviyyədə olduğu halda, demə, orada "kadrlar yox imiş".

Sonra bütün bunlar o yerə gətirib çıxarıldı ki, Qazaxıstanda, o cür kadrları olan respublikada, sən demə, yerli millətdən olan adam yox idi, oraya Kolbini göndərmək lazım imiş.

Beləcə, 1986-cı ilin dekabr hadisələri baş verdi və bir il sonra, hətta bir az da tez, 1987-ci ilin oktyabrında mən bütün vəzifələrimdən istefaya getdim. Qazaxıstanla bağlı hoqqabazlıq mənə çox ağır təsir bağışladı və əslinə qalsa, Qorbaçovla münaqişəmizin zirvəsinə çevrildi. Yeri gəmişkən, o vaxt mən Almatıda rəsmi səfərdə olanda bu barədə parlamentdə Nursultan Abişeviçə danışdım.

Təəccüblüsü bu idi ki, Qorbaçov yalan məlumat verirdi. O, Siyasi Büroda deyirdi ki, bilirsinizmi, Qazaxıstanda hamı istəyir ki, birinci katib yerli millətdən olmasın. Görürsünüzmü, bunların hamısı necə saxtakarlıqla təqdim edilirdi, o hətta bir dəfə bildirmişdi ki, guya Kunayev gələrək demişdir ki, orada elə bir adam yoxdur və Moskvadan adam göndərin. Bax, belə informasiyalar verirdi. Nə etmək olardı? Axı biz bunu yoxlaya bilmirdik. Axı o bunları Siyasi Büronun iclasında deyirdi. Məsələnin müzakirəsindən sonra mən onun yanına gəldim və təklikdə dedim: Siz bir başa düşün, mən burada, Siyasi Büroda rus və ya Ukrayna millətindən olmayan yeganə adamam, mən biganə qala bilmərəm, siz düz iş tutmursunuz, indi 30-cu, 40-cı illər deyil, artıq 1986-cı ildir. Hətta 30-cu illərdə Qazaxıstana Şahəhmətov - yerli millətdən olan adam başçılıq edirdi. Bəs indi necə oldu ki, 1986-cı ildə Qazaxıstanda, bu qədər kadrları olan belə böyük respublikada yerli millətdən olan adam yoxdur? Onun şovinist mövqeyi konkret işlərində çox aydın və konkret görünürdü.

Əslinə qalsa, məhz bu ona gətirib çıxardı ki, sonralar, 1988-ci ilin fevralında Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasında münaqişə başlandı. Sözün düzü, mən hər yerdə və həmişə dəfələrlə açıq demişəm ki, günahkar o, Qorbaçovdur. "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin mümkünlüyü" barədə müraciət edən ermənilərə o vəd vermişdi. O, Erməniləri arxayın salmış, onlara razılıq vermişdi, sonra da onlar baş qaldırdılar. Onlar baş qaldıranda isə o bunun qarşısını ala bilərdi - o vaxt hələ Sovetlər İttifaqı kimi bir dövlət vardı. Axı Dağlıq Qarabağ məsələsi tarixin əvvəlki mərhələlərində də qaldırılmışdı. Mən burada 14 il respublikanın rəhbəri işləmişəm və bu müddətdə həmin məsələni dəfələrlə qaldırmışdılar. Biz müzakirə edir və sübut edirdik ki, bu, mümkün deyildir, qanunauyğun deyildir və məsələ obyektiv həll olunurdu. Amma bu dəfə o, həmin məsələni xüsusi olaraq qızışdırdı, faciə baş verdi, 10 ildən çoxdur davam edir.

Əslində, digər bütün münaqişələr - gürcü-abxaz münaqişəsi də, gürcü-osetin münaqişəsi də, nəhayət, Çeçenistan, Moldova münaqişələri də Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra yarandı. Onların hamısı sonra meydana gəldi, çünki bu, zəncirvari reaksiyadır. Tarixdə həmişə belə olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi birinci idi. İndi həlli müşkülə düşən bütün bu münaqişələrin yaranmasında Qorbaçov təqsirkardır. Müxtəsəri, sizi gördükdə bütün keçmişi xatırlayıram.

Oljas Süleymenov: Bütün bunlar siyasi qeyri-peşəkarlığın nəticəsidir, peşəkarlar meydandan çəkilmiş və boşluğu səriştəsiz adamlar, qeyri-peşəkarlar doldurmuşdular. Siyasi nadanlıq milyonlarla insanın faciəsinə gətirib çıxarır. Buna görə də çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər. Çünki belə imkan xalqlara min ildə bəlkə də bir dəfə verilir və onu əldən buraxmaq olmaz, ondan elə istifadə etmək lazımdır ki, xalq bu dövrdən möhkəmlənmiş halda çıxsın və onun sonrakı nəsilləri irsən müstəqil, sözün əsl mənasında azad və məğrur insanlar olsunlar. Heydər Əliyeviç, Sizin kimi rəhbərlərin xidməti də məhz bundan ibarətdir. Sizə möhkəm cansağlığı, dünən tribunadan çoxminlik salonu lərzəyə gətirdiyiniz kimi güclü enerji arzulayıram. Mən gənclərin Sizi necə alqışladığını gördüm. Təcrübə ilə gənclik hərarətinin bu vəhdəti, bu birliyi çox şey deyir. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram.

"Azərbaycan" qəzeti, 5 mart 1999-cu il.

Tarixi arayış

MƏDƏNİYYƏT