Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İKT-nin VIII Zirvə görüşündən vətənə qayıdarkən Binə hava limanında səfərin yekunları barədə jurnalistlərin suallarına cavabları - 11 dekabr 1997-ci il


Sual: Tehran zirvə görüşü qətnaməsinin Azərbaycanla bağlı başlıca istiqamətləri barədə nə demək olar?

Cavab: Zirvə görüşü özlüyündə beynəlxalq həyatda mühüm hadisədir. Üç il bundan əvvəl zirvə görüşü Mərakeşdə olmuşdu. Bu dəfəki zirvə görüşündə 55 ölkə iştirak edirdi, əksəriyyəti ən yüksək səviyyədə təmsil olunmuşdu. Bir çox məsələlər müzakirə edildi. Hesab edirəm ki, zirvə görüşü uğurla keçmiş və islam ölkələri arasında daha çox birlik yaradılmasına yönəldilən sənədlər qəbul olunmuşdur.

Bir sıra digər mühüm sənədlər, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Ermənistan silahlı birləşmələrinin Azərbaycandan çıxarılmasını tələb edən, münaqişənin aradan qaldırılması sahəsində Minsk konfransının, Minsk qrupunun səylərini dəstəkləyən, bu münaqişənin həlli barədə Lissabon zirvə görüşünün qərarını təsdiqləyən sənəd qəbul olunmuşdur. Bir sözlə, mən razıyam.

Sual: İran-Azərbaycan münasibətləri müzakirə edilərkən hansı mövzulara toxunulmuşdur?

Cavab: Biz İran-Azərbaycan münasibətlərinə çox vaxt sərf etdik. Həm İranın prezidenti Məhəmməd Xatəmi ilə çox əhəmiyyətli görüşüm oldu, həm də İranın ali dini rəhbəri Ayətüllah Xamneyi ilə görüşüm oldu. Hesab edirəm ki, biz ikitərəfli əlaqələrə aid məsələləri çox ətraflı müzakirə etdik.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2004, XIII cild, səh.387-388.

Tarixi arayış