ABŞ Prezidenti Bill Klintonun adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin kütləvi informasiya vasitələrinin nümayəndələrinə bəyanatı - Vaşinqton, Ağ ev, 1 avqust 1997-ci il


Mən sizi, Amerika Birləşmiş Ştatlarının mətbuat nümayəndələrini burada, Ağ evin önündə salamlayır və sizə, bütün mətbuat işçilərinə hörmət-ehtiramımı bildirirəm.

Bilirsiniz ki, prezident cənab Bill Klintonun dəvəti ilə mən bir neçə gündür ki, Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdəyəm. Bu səfər zamanı bir neçə gündə çox səmərəli, əhəmiyyətli danışıqlar aparmışam və bu danışıqların hamısı Amerika-Azərbaycan əlaqələrinin genişləndirilməsinə və inkişaf etdirilməsinə yönəldilibdir.

Bu gün mənim rəsmi səfərimin zirvə günüdür. Ağ evdə prezident cənab Bill Klinton ilə görüşüb ətraflı danışıqlar aparmışam. Cənab Bill Klintonun həmkarları ilə birlikdə Azərbaycan nümayəndə heyəti danışıqlar aparıbdır. Bunların nəticəsi olaraq biz bir neçə sənədlər imzalamışıq. Prezident cənab Bill Klinton ilə Azərbaycan prezidenti Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinə həsr olunmuş birgə Bəyanat imzalamışlar. Prezident cənab Bill Klinton ilə biz ikitərəfli sərmayələr haqqında da böyük bir müqavilə imzalamışıq.

Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər çox inkişaf edir və bunlar da xüsusən Azərbaycanın neft və qaz yataqlarında ABŞ-ın Azərbaycan Dövlət Neft Şirkəti ilə müştərək iş görməsi ilə bağlıdır. Bunlar yaxşı, müsbət nəticələr verir. Biz bu əməkdaşlığı davam etdiririk və bu gün burada, Ağ evdə Amerikanın "Şevron", "Eksson", "Mobil" və "AMOKO" şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında dörd müqavilə imzalandı. Bunlar Amerika-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.

Cənab Bill Klinton ilə mənim danışıqlarım zamanı bir çox məsələləri - Amerika-Azərbaycan əlaqələrini, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyəti və bu sırada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarını müzakirə etmişik. Bunlar hamısı bizim üçün çox əhəmiyyətlidir.

Danışıqlar zamanı biz Amerika Konqresinin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi 907-ci maddənin aradan götürülməsi məsələsini də müzakirə etmişik. Prezident Bill Klinton bu maddənin aradan götürülməsini zəruri hesab edir və bunun üçün öz tərəfindən bundan sonra da səylər göstərəcəyini bəyan edibdir.

Mən bütün görüşlərimdən və danışıqlarımdan razıyam, bunların hamısını Azərbaycan-Amerika əlaqələrinin yeni mərhələyə qalxması kimi qiymətləndirirəm. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələri yaranıb və bu görüşdən sonra daha da inkişaf edəcək, yüksələcəkdir. Mən bunların hamısını çox yüksək qiymətləndirirəm.

Amerika Birləşmiş Ştatlarında hər yerdə, o cümlədən burada, Ağ evdə Azərbaycana çox böyük diqqət və qayğı var, bizə və şəxsən mənə çox böyük qonaqpərvərlik və mehribanlıq göstərilir. Bunların hamısına görə mən Amerikanın prezidenti cənab Bill Klintona təşəkkür edirəm. Amerika xalqına, Amerika Birləşmiş Ştatlarının bütün vətəndaşlarına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Təşəkkür edirəm.

İndi isə sizi maraqlandıran suallara cavab verməyə hazıram. Buyurun, suallarınızı verin.

Sual: Hərbi əməkdaşlıq haqqında danışıqlar apardınızmı?

Cavab: Hərbi əməkdaşlıq haqqında danışıqlar aparmamışıq. Mən yalnız dünən müdafiə naziri cənab Koben ilə görüşdüm və onlarla iş birliyi haqqında anlaşma imzaladıq.

Sual: Cənab prezident, əgər 907-ci maddə ləğv edilsə, Azərbaycana, xüsusən öz yurd-yuvalarına qayıtmağı gözləyən bir milyon Azərbaycan vətəndaşına - qaçqınlara bunun xeyri nə olacaqdır?

Cavab: Bunun faydası çox olacaq, çünki 907-ci maddə, ümumiyyətlə, Azərbaycan-Amerika iqtisadi əlaqələrinə çox böyük maneçilik törədir, Amerika hökumətinin Azərbaycana hər cür yardım göstərməsinə qadağa qoyubdur. Bilirsiniz ki, ABŞ hökuməti bir çox ölkələrə, o cümlədən keçmiş Sovetlər İttifaqına mənsub olmuş indiki müstəqil ölkələrə maliyyə yardımı, maddi yardım göstərir. Məsələn, ABŞ hökuməti bizimlə qonşu olan ölkələrə, o cümlədən Ermənistana ildə 100 milyon dollardan artıq birbaşa yardım edir. Biz bu yardımlardan məhrumuq. 907-ci maddə götürülsə, şübhəsiz ki, biz də yardımları alacağıq. Yerindən-yurdundan didərgin düşmüş, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan zorla qovulub çıxarılmış bir milyondan artıq Azərbaycan vətəndaşı, birincisi, öz yerlərinə qayıtmaq üçün daha çox imkanlar alacaq, ikincisi, şübhəsiz ki, bu yardımlardan öz sosial həyatlarının yaxşılaşdırılması üçün istifadə edəcəkdir.

Sual: Rusiyanın Ermənistana qanunsuz olaraq silah göndərməsi ilə əlaqədar cənab Klinton Senata məruzə təqdim etməli idi. Bu barədə hansısa məlumat verildimi?

Cavab: Biz bu məsələni müzakirə etdik. Mən bu barədə dünən müdafiə naziri cənab Kohen ilə danışmışam. Amma Amerika prezidentinin Senatla əlaqəsi onun öz işidir, - yəqin ki, Senata təqdim olunmalı məruzəni, yaxud sənədi təqdim edəcəkdir.

Sual: İmzalanmış neft müqavilələri Moskvanın mənafelərinə necə təsir göstərəcək?

Cavab: Moskvanın Azərbaycandakı maraqları onsuz da təmin olunubdur. Azərbaycanın neft yataqlarının işlənməsində Amerika şirkətləri ilə bərabər Avropanın bir çox ölkələrinin - Fransanın, İtaliyanın şirkətləri, hətta Yaponiya, Türkiyə ilə yanaşı, Rusiyanın şirkətləri də iştirak edirlər. Rusiya bu gün də bizimlə müştərək iş görür, gələcəkdə də belə iş görməyə imkanı var.

Sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 3 avqust 1997-ci il