Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin birgə mətbuat konfransı - 22 mart 2000-ci il


Sual (Gürcüstan televiziyasının 1-ci kanalı): Sual hər iki prezidentədir. Tariflər üzrə razılaşma əldə olunduğu barədə sizin bəyanatlarınızla əlaqədar xahiş edirəm dəqiqləşdirəsiniz - konkret olaraq hansı tarif barədə qərar qəbul edilmişdir?

Eduard Şevardnadze: Tariflər elə tariflərdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilir və tariflərin səviyyəsi də, təbii olaraq, bu kəmərin gücü, buraxılış qabiliyyəti nəzərə alınaraq müəyyən ediləcəkdir. Biz normalar barəsində razılığa gəldik.

O ki qaldı daha konkret rəqəmlərə və konkret faktlara, biz Heydər Əliyeviçlə sabah, yaxud birisi gün xüsusi mətbuat konfransı keçirmək barədə razılığa gəlmişik. Məsələlərin bütün təfərrüatı, bütün kompleksi bu mətbuat konfransında ictimaiyyətin nəzərinə çatdırılacaqdır.

Heydər Əliyev: Tarifin nə demək olduğu aydındır və yəqin ki, onu izah etməyə ehtiyac yoxdur. Söhbət neft kəməri çəkilən ölkənin ərazisi ilə neft göndərilməsinə görə tranzit xidmətlərindən gedir. Bu neft kəməri çox uzundur, təxminən 1800 kilometrdir, Bakıdan başlayıb Tbilisidən keçərək Türkiyənin Ceyhan limanınadək gedəcəkdir. Eduard Amvrosiyeviçin dediyi kimi, tariflərin dəyəri də hər ölkənin ərazisində neft kəmərinin uzunluğundan asılı olaraq müəyyən edilir. Buna görə də nəqlə görə tarifləri, yəni onların ərazilərindən çəkilmiş boru ilə neftin keçməsinə görə gəliri həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə öz ərazilərindəki boruların gücünə və uzunluğuna uyğun olaraq almalıdırlar.

İstanbulda əsas saziş imzalandıqdan sonra çoxsaylı danışıqlar aparıldı. Bəzi əməli məsələləri həll etmək üçün Türkiyədə, Azərbaycanda, Tbilisidə danışıqlar keçirildi. Məsələlər həqiqətən mürəkkəb idi. Lakin Azərbaycan, Gürcüstan və Türkiyə ekspertləri onları işləyib hazırladılar. Gürcüstan üçün tariflər məsələsi həll edilməmiş qalırdı. Burada açıq demək lazımdır ki, Gürcüstan daha böyük tariflər iddiasında idi. Amma bütün boru kəməri üzrə tariflərin ümumi dəyəri dəyişdirilə bilməz. Biz çox müzakirə etdik və gizlətmirəm, buraya gəlməzdən əvvəl mən ekspertlərimizi yanıma çağırıb, onlara məsələnin həlli yolunu tapmağı tapşırdım, çünki biz buna görə layihənin həyata keçirilməsini ləngidə bilmərik. Bundan əlavə, bu məsələ ətrafında xoşagəlməz çox söhbətlər gedirdi.

Ekspertlərimiz gəlib mənə dedilər ki, məsələnin həllini tapmaq mümkündür. Necə? Deyirlər ki, biz Azərbaycan üçün tranzit tariflərindən Gürcüstanın xeyrinə imtina etməliyik. Mən qərar qəbul etməli idim və qəbul etdim. Bununla da hər şey qurtardı. Beləliklə, bunun ümumi işimiz olduğunu, neft kəmərinin inşasına tezliklə başlamalı olduğumuzu nəzərə alaraq, Azərbaycan öz ərazisi ilə tranzit üçün ona düşən tarifləri Gürcüstana güzəştə getdi.

Eduard Şevardnadze: Mətbuat konfransında adətən əl çalmırlar, lakin, gəlin bu ənənəni pozaq.

Sual ("Yeni Azərbaycan" qəzeti): Sual cənab Şevardnadzeyədir. Sizin özünüzün dəfələrlə nəzərə çarpdırdığınız kimi və ən yeni tarixin sübut etdiyi kimi, Gürcüstanda yaşayan azərbaycanlılar sizin ən sadiq elektoratınızdır. Dünən siz Marneuli rayonunda olmusunuz. Cənab Şevardnadzenin indiki platforması Gürcüstanda əsrlərdən bəri yaşayan azərbaycanlıların vəziyyətinin daha da yaxşılaşması üçün nə vəd edir?

Eduard Şevardnadze: Gürcüstanda yaşayan bütün vətəndaşların tam hüquq bərabərliyini Konstitusiya təmin edir. Biz Konstitusiyamızın hər bir bəndinə, hər bir ifadəsinə, hər bir sözünə əməl olunmasına ciddi göz qoyuruq. O ki qaldı azərbaycanlıları narahat edən bəzi problemlərə, bu problemlər gürcüləri də, erməniləri də, yunanları da, kürdləri də, ərazimizdə yaşayan bütün başqalarını da narahat edir. Bunlar, başlıca olaraq, sosial problemlərdir - pensiyaların ödənilməsi problemləridir. Təəssüf ki, biz pensiyaları çox gec ödəyirik. Əmək haqqının, xüsusən müəllimlərin əmək haqqının ödənilməsi ilə bağlı problemlər, bəzi digər problemlər də var.

Bununla yanaşı, biz gücümüz çatan problemləri həll etmişik, özü də pis həll etməmişik. Kənddə, hətta şəhərdə yaşayan hər bir vətəndaş torpaq sahibi olmuşdur. Torpaq sahibi olmaq hüququ haqqında şəhadətnamələri mən özüm təqdim etmişəm. Marneuli rayonunun və digər rayonların bütün sakinləri - azərbaycanlılar da, ermənilər də, gürcülər də bu hüquqa malikdirlər.

Məşğulluq sahəsində müəyyən işlər görülmüşdür. İndi vəziyyət ümumən yaxşılaşır. Hərçənd, Marneuli rayonunda bəzi problemlər var. Dünən mən fəallar qarşısında çıxış etdim və belə bir fikir söylədim ki, biz Marneuli rayonunun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir neçə il üçün tədbirlər işləyib hazırlamalıyıq. Rayon çox böyükdür, əhalisi çoxdur, məşğulluq problemi var və biz onu həll edəcəyik.

Azərbaycan məktəbləri fasiləsiz fəaliyyət göstərir. Uşaqların Azərbaycan dilində təhsil aldığı 187 məktəbimiz var. Bu məktəblərin hamısı kadrlarla təmin edilmişdir, ali məktəblərimizdə kadrlar hazırlayan fakültələr fəaliyyət göstərir, lakin gənclərin müəyyən qismi Bakıda və Azərbaycanın digər şəhərlərində hazırlıq keçirlər.

Daha bir məsələ barəsində. Milliyətcə azərbaycanlı vətəndaşların özlərinin təşəbbüsü ilə biz tədris proqramına xüsusi fənn - dövlət dilinin öyrədilməsi fənni daxil etmişik. Dövlət dilini bilməyən adamlara dövlətin, elmin və başqa sahələrin idarə olunmasında iştirak etmək təbii ki, çətindir. Buna görə də deməliyəm ki, öz uşaqlarını doğma Azərbaycan dilində oxutmaq hüququna malik olan və bu imkanla real surətdə təmin edilmiş azərbaycanlı əhali əlavə olaraq dövlət dilini də öyrənmək öhdəliyi götürmüşdür. Biz onlara bu işdə də kömək edirik. Parlamentimizin deputatı seçilmiş azərbaycanlılar qanunvericilik hakimiyyətinin işində fəal iştirak edirlər, bəziləri bir sıra nazirliklərdə və baş idarələrdə vəzifələrə irəli çəkilmişlər, tədricən irəli çəkiləcək perspektivli adamların kifayət qədər uzun bir siyahısı var. Vəziyyət bax, belədir.

Sual (Gürcüstan): Sual cənab Əliyevədir. Cənab Prezident, Siz Dağlıq Qarabağda Qukasyana qarşı edilmiş terroru necə qiymətləndirirsiniz? Bu, radikal qüvvələrin hakimiyyəti ələ keçirmək cəhdidir, yoxsa əksinə? Yoxsa, bu, siyasətlə, hakimiyyətlə bağlı deyildir? Bu, Dağlıq Qarabağda münaqişənin nizama salınmasına, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə necə təsir göstərə bilər? Sağ olun.

Heydər Əliyev: Bilirsiniz, Dağlıq Qarabağda Qukasyana qarşı həyata keçirilmiş terror aktı barədə mən yalnız bu gün səhər xəbər tutdum. Onun təfərrüatı mənə məlum deyildir. Buna baxmayaraq, terror terrordur və ona hər hansı izahat verməyə lüzum yoxdur.

Bunun Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsi probleminin həlli üçün nə kimi əhəmiyyəti olacağına gəldikdə, bunları deyə bilərəm: Azərbaycanda biz Ermənistan - Azərbaycan münaqişəsinin dincliklə nizama salınmasının təmin edilməsi barədə qəti mövqe tutmuşuq. Bu, nə deməkdir? Bu o deməkdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş və ancaq azərbaycanlılar yaşamış rayonlarından çıxmalıdırlar, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində ən yüksək özünüidarə statusu verilə bilər. Bu məsələnin dincliklə həllinin formulu belədir. Bununla əlaqədar biz artıq neçə illərdir danışıqlar aparırıq. Son vaxtlar bilavasitə Ermənistan prezidenti Robert Koçaryanla mənim bir neçə görüşüm və danışıqlarım olmuşdur.

Bilirsiniz ki, oktyabrın 27-də Yerevanda daha ağır terror aktı törədilmişdir. Onda olduğu kimi, indi də Azərbaycan bütün bu işlərə qarışmamaq mövqeyi tutur. Deməliyəm ki, 1991-93-cü illərdə, Azərbaycanda daxili siyasi vəziyyətin qeyri-sabit olduğu, müxtəlif qanunsuz silahlı dəstələrin hakimiyyət uğrunda mübarizə apardığı dövrdə və 1993-cü ilin əvvəllərində ölkəmizdə əslində vətəndaş müharibəsinin başlandığı vaxtda Ermənistan silahlı qüvvələri bu vəziyyətdən, yəni Azərbaycandakı qeyri-sabitlikdən istifadə edərək, Azərbaycanın bəzi rayonlarını işğal edə bildilər. Yeri gəlmişkən, onların özləri də həmin dövrdə bu vəziyyətdən istifadə etdiklərini danmırlar. Biz heç vaxt belə mövqe tutmamışıq və tutmayacağıq. Biz atəşkəs haqqında 1994-cü il tarixli sazişimizə sadiqliyi saxlayırıq və atəşkəs rejiminin pozulmasına yönəldilmiş hər hansı hərəkətə öz tərəfimizdən yol verməyəcəyik, xüsusən də Ermənistan üçün bu mürəkkəb dövrdə.

Biz başa düşürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistanda da, Azərbaycanda da tam sabitlik şəraitində mümkün ola bilər. İndi Azərbaycanda bu sabitlik tamamilə təmin edilmişdir. Ermənistanda isə, bildiyiniz kimi, oktyabr terror aktından sonra müəyyən dəyişikliklər baş vermişdir. Təbii ki, Dağlıq Qarabağda Qukasyana qarşı terror aktının da öz mənfi nəticələri ola bilər. Lakin arzu edirik ki, bu mənfi nəticələr mümkün qədər tez aradan qaldırılsın, münaqişənin dincliklə nizama salınmasına dair danışıqları davam etdirə bilməyimiz üçün Ermənistanda, Dağlıq Qarabağda sabitlik bərqərar olsun.

Sual ("Azadlıq" radiosunun rus xidməti): Sual cənab Şevardnadzeyədir. Eduard Amvrosiyeviç, Rusiya Federasiyası prezidentinin seçkilərində Vladimir Putin qalib gələrsə, Rusiyanın və Cənubi Qafqaz ölkələrinin qarşılıqlı münasibətlərinin perspektivləri, sizcə, necə olacaqdır? Siz Rusiya dövlətinin yeni başçısından konkret olaraq nə gözləyirsiniz?

Şəxsən siz Gürcüstanda qarşıdakı prezident seçkilərində müvəffəqiyyət qazanmaq imkanlarınızı necə qiymətləndirirsiniz? Siz birinci dövrəsində qalib gəlmək niyyətindəsinizmi, yoxsa, fikrinizcə, ikinci dövrə labüddür? Sağ olun.

Eduard Şevardnadze: MDB ölkələrinin bütün prezidentləri Moskvada zirvə görüşündə olarkən Vladimir Putinlə görüşdülər. Kollektiv görüşlərdən sonra fərdi görüşlər, söhbətlər oldu. Mənim də belə söhbətim oldu. Təsadüfi deyil ki, sonra, demək olar, bütün prezidentlər mətbuat konfransında çıxış edərək öz münasibətini, öz mövqeyini açıqladılar. Biz hamımız - digər müstəqil dövlətlərin nümayəndələri Rusiyanın siyasətində daha böyük realizm olacağına ümid bəsləyərək və inanaraq Vladimir Vladimiroviç Putini bacardığımız qədər dəstəklədik.

O ki qaldı bizim Cənubi Qafqaz ölkələrinə, xüsusən Azərbaycana və Gürcüstana, bir daha çox qarşılıqlı anlaşmaya, dövlətlərimizin suverenliyinə, müstəqilliyinə hörmət ediləcəyinə ümid bəsləyirik. Burada problemlər var. Məsələn, hələ 1994-cü ildə imzalanmış böyük müqavilə Rusiyada indiyədək ratifikasiya edilməmişdir. Başqa problemlər də var. Əlbəttə, indi bunların hamısını konkretləşdirməyə vaxt yoxdur.

Mən cənab Putinlə söhbət etdim və məndə elə təsəvvür yarandı ki, o, Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Gürcüstanla və yəqin Azərbaycanla da münasibətlərin yaxşılaşmasına, tamamilə sağlamlaşmasına nail olmağı ürəkdən istəyir. Heydər Əliyeviç onunla söhbət etmişdir.

Zənnimcə, cənab Putin prezident seçiləcəkdir. Mən münasibətlərimizdə müsbət dəyişikliklər yaranacağına çox ümid bəsləyirəm. Biz Rusiya ilə əməkdaşlığa - iqtisadiyyatda da, siyasətdə də, beynəlxalq təşkilatlarda da, hər cəhətdən əməkdaşlığa həvəs göstəririk. Amma tam hüquq bərabərliyi və ölkələrimizin müstəqilliyinə hörmət edilməsi şərti ilə.

O ki qaldı mənim Gürcüstan prezidenti seçilməyimin perspektivlərinə, bu perspektivlər var. Mən bu barədə dəfələrlə demişəm, hər halda, mən əminəm, başqalarını bilmirəm. Siyasətimizdə hər hansı köklü dəyişikliklər baş verəcəkmi? Xarici siyasətə, ən yaxın qonşularımızla, Rusiya, Qərb ölkələri, Avropa strukturları ilə münasibətlərə gəldikdə, zənnimcə, biz mövqeyimizi, mənafelərimizi, coğrafi-strateji mənafelərimizi kifayət qədər dəqiq ifadə etmişik. Biz yanılmamışıq. Bu siyasət bütün dünyada realist siyasət kimi tanınmışdır və biz müəyyən nüfuza malikik.

O ki qaldı daxili problemlərə, bəli, burada dəyişikliklər - yaxşılığa doğru dəyişikliklər olacaqdır. Biz iqtisadiyyatın inkişafına, sosial sahədə vəziyyətin yaxşılaşmasına daha çox diqqət yetirəcəyik. Mən pensiyaların, əmək haqqının ödənilməsi ilə bağlı problemlərdən və başqa məsələlərdən danışdım.

Büdcə ilə bağlı problemlər də var. Bütün bu problemlərin həlli daxili işlərimizdə, daxili siyasətimizdə bizim üçün öncül istiqamət olacaqdır. Birisigün məni dəstəkləyənlər - vəkillərim və başqaları qarşısında çıxış edəcəyəm. Mən öz proqramımı açıqlamaq fikrindəyəm. Zənnimcə, proqramım diqqətəlayiqdir.