Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın xalq artisti Amaliya Pənahovanın 50 illik yubileyi gecəsində çıxışı - Respublika sarayı, 8 iyul 1995-ci il


Sizinlə görüşməyimə çox şadam. Bugünkü tədbir çox gözəl idi. Biz mədəniyyətimizi heç vaxt unutmamışıq və unutmayacağıq. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır. Xalq, ictimaiyyət, eləcə də dövlət sənət adamlarına mədəniyyətimizdə tutduqları yerə görə qiymət verir. Mən istəyirəm ki, mədəniyyətimizdə birlik olsun və bu da xalqımızı birləşdirsin. Son illərdə xalqımızın içərisində parçalanma olmuşdur. Bu da böyük faciələrə gətirib çıxarmışdır. Ona görə də keçmişdəkinə nisbətən indi xalqımızın birliyinə daha çox ehtiyac vardır. Xalqı isə həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha da güclüdür. Bunlar xalqa daim sənət və xüsusən incəsənət vasitəsilə aşılanmışdır. Ədəbiyyatın insanlara böyük təsiri vardır. Ancaq bir var ki, insan hər hansı bir əsəri özü oxusun, bir də var ki, onu canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızda rolu böyükdür. Mən həmişə teatrı sevmişəm, ondan çox faydalanmışam. Həyatımın ağır dövrlərində də mən həmişə teatrımıza hörmət və ehtiramımı saxlamışam, heç vaxt ondan ayrılmamışam.

Bizim teatr xadimlərimiz, səhnə ustalarımız böyük işlər görürlər. Mən əvvəllər də sizinlə görüşümdə bunları demişəm. Ancaq bu sözlər indi daha aktualdır. Teatr xadimlərimiz, ümumiyyətlə orada işləyən hər bir adam böyük fədakarlıq edir. fikrimcə, müharibə dövründə cəbhədə olan adamların birini üç nəfər hesab etdikləri və onlara üçqat artıq məvacib verdikləri kimi, teatrda da belədir. Çünki teatrda işləmək asan məsələ deyildir. Mən bunu yaxşı bilirəm.

Bayaq biz salonda oturduğumuz zaman üç saat elə bil bir dəqiqə kimi keçdi. Ancaq mən təsəvvür edirəm ki, - yəqin bunu bütün tamaşaçılar da bilir - hər bir teatr işçisi öz rolunu oynayarkən nə qədər həyəcan keçirir, enerji sərf edir, öz daxili imkanlarını toplayır. Bunlar səhnəyə çıxan aktyorun, rəqqasın, müğənninin hər birinə aiddir. Ona görə də mən bir daha deyirəm: teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətimizdə çox yüksəkdə tuturam.

Mədəniyyətimizin, incəsənətimizin xalqa verdiyi töhfələr, göstərdiyi xidmətlər bəlkə də gözə çarpmır, ancaq onun qiyməti çox böyükdür. Ona görə də mən sizin hər birinizin xidmətini bir vətəndaş, tamaşaçı, eyni zamanda prezident kimi yüksək qiymətləndirirəm və hər birinizə gərəkli fəaliyyətinizə görə təşəkkür edirəm.

Bu gün Amaliya xanımın yubileyidir. Bir müddətdən sonra başqa bir incəsənət xadimimizin yubileyi olacaqdır. Birləşmək lazımdır. Sıx olun, bir-birinizə kömək edin, arxa olun. Birləşmək lazımdır. Əl-ələ verib birlikdə işləməliyik. Mən bunu istəyirəm.

Xırdaçı adamlar həmişə olur. Əlbəttə, hər bir insan ədalətsizliyə dözə bilmir. Həyat mürəkkəbdir. Dövrümüzün özü də mürəkkəbdir. Mən belə hesab edirəm ki, tarix hər şeyi öz yerinə qoyacaqdır. Bu gün əgər birisi o birisinə nə isə acı bir söz deyibsə, güman edirəm ki, bu unudulacaqdır. Mən şəxsən hamının barışmasını istəyirəm. Xalqımızda böyük barışıq olmasını istəyirəm. Xüsusən, yaradıcı adamların arasında barışıq, mehribanlıq və dostluq olmasını istəyirəm.

Bizim ən böyük dərdimiz Ermənistanın torpaqlarımıza təcavüzüdür. Yeddi ildir ki, müharibə başlayıb, ərazimizin bir qismi işğal olunubdur, bir milyondan artıq qaçqınımız var, onlar ağır şəraitdə yaşayırlar. Bizim ən böyük dərdimiz budur. Belə bir şəraitdə öz aramızda inciklik yaratmaq, əlavə problemlər meydana çıxarmaq heç cür yolverilməzdir. Ona görə də hesab edirəm ki, hər bir şəxs özünü bütün xırdaçılıqlardan yüksəkdə saxlamağı bacarmalıdır. Mən yenə deyirəm, sənətdə hər kəsin öz yeri var. Heç kəs başqasının yerini tuta bilməz.

Mən Azərbaycan teatrını gənc yaşlarımdan sevmişəm, Abbas Mirzə Şərifzadəni, Ülvi Rəcəbi, Mərziyə Davudovanı, Fatma Qədrini, Ələsgər Ələkbərovu, Mirzağa Əliyevi, Sidqi Ruhullanı, Sona Hacıyevanı və bir çox başqalarını səhnədə görmüşəm. Onların yaratdığı obrazları sevmişəm. Səhnəmizdə böyük ad-san qazanmış sənətkarlarımızın da yaratdığı rollara tamaşa etmişəm. Onların hamısı ilə çox yaxından tanış idim. Bütün bunlar mənim xatirimdədir.

Bizim tariximizi, mədəniyyətimizi yaşadanlar bu sənətkarlardır, sizsiniz. Sizin hamınızı qucaqlayıram, hamınıza yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ümidvaram ki, siz və sonrakı nəsil bizim mədəniyyətimizi daha da irəliyə aparacaqsınız. Sağ olun!

"Azərbaycan" qəzeti, 10 iyul 1995-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT