Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanı və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən - Prezident sarayı, 8 iyun 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Ştudman!

Hörmətli qonaqlar!

Mən sizi salamlayıram və sizi yenidən Azərbaycanda görməkdən çox məmnunam. Azərbaycan ATƏT-in üzvü olaraq bu beynəlxalq təşkilatla bir neçə istiqamətdə əməkdaşlıq edir. Bilirsiniz ki, bizim sizinlə ən çox əməkdaşlıq etdiyimiz sahə ATƏT-in Minsk qrupu vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsidir. Bu məsələ üzrə çox görüşlər və danışıqlar keçiririk. ATƏT-in 1994-cü ildə Budapeşt sammitində, 1996-cı ildə Lissabon sammitində və 1999-cu ildə İstanbul sammitində bu barədə çox mühüm qərarlar qəbul olunub. Ancaq hələ ki, bu məsələnin həll edilməsinə nail ola bilməmişik.

ATƏT-lə əməkdaşlığımızın mühüm bir sahəsi də sizin sahənizdir. ATƏT-in artıq burada nümayəndəliyi açılıbdır. Bu barədə mən verdiyim sözü yerinə yetirmişəm. Baş nazir mənə məlumat verdi ki, nümayəndəliyə onarın xoşuna gələn yer də ayrılıbdır. Ancaq bu əməkdaşlıq daha çox sizin istiqamətinizdə - demokratiya, insan hüquqları, seçkilər və sair istiqamətində olacaqdır. Bu da o qədər asan sahə deyil. Ancaq hesab edirəm ki, biz burada çox irəliyə gedirik. Çünki burada silahlı müharibə yoxdur. Burada qanunlar var və bu qanunlara, bir də ki, beynəlxalq hüquq normalarına riayət edilir.

Mən sizinlə, sizin büronuzla əməkdaşlığımızdan çox məmnunam. Hesab edirəm ki, siz Azərbaycanda demokratiyanın, insan azadlıqlarının, ümumiyyətlə, bütün demokratik prinsiplərin inkişaf etməsində ölkəmizə çox dəyərli yardım edirsiniz. Biz sizin tövsiyələrinizdən, təcrübənizdən indiyə qədər çox istifadə etmişik, gələcəkdə də istifadə edəcəyik. Azərbaycana gəlməyinizə görə mən sizə təşəkkür edirəm. Buyurun.

Jerar Ştudman: Cənab prezident, çox sağ olun. Bu gün Azərbaycana yenidən qayıtmağımdan mən şəxsi zövq duyur, Sizinlə bu görüşümdən məmnun olduğumu bildirirəm.

Azərbaycan elə ölkələr sırasındadır ki, ATƏT ilə ölkəniz arasında bizim çox məhsuldar əməkdaşlığımız mövcuddur. Bu, Sizin səyiniz nəticəsində mümkün olmuşdur. Mən əminəm ki, Azərbaycanda, Bakıda ATƏT-in nümayəndəliyinin açılması qeyd etdiyim uğurlu əməkdaşlıq istiqamətində növbəti bir addım olacaqdır. Nümayəndəliyin açılması bizim birgə layihələrimizin həyata keçirilməsinin sürətlənməsində, bu layihələrin daha yaxından izlənilməsində öz önəmli rolunu oynayacaqdır.

Bu gün mən Azərbaycanda olmağımdan xüsusilə məmnunam. Çünki məlumdur ki, indi sizin parlament "Mərkəzi Seçki Komissiyası haqqında" qanunvericilik aktını müzakirə etməkdədir. Xatırlayırsınızsa, əvvəllər də bu qanunun müzakirəsində müəyyən çətinliklər olmuşdu və biz öz təkliflərimizi vermişdik. Hesab edirik ki, Azərbaycanda seçki ilə əlaqədar elə qanunlar qəbul olunmalıdır, Mərkəzi Seçki Komissiyasının tərkibi elə müəyyənləşdirilməlidir ki, seçki qanunvericiliyi müxalifət ilə iqtidarın məsuliyyəti bölüşdürməsinə imkan yaratmış olsun və bu qanunvericilikdə mövcud reallıqlar öz əksini tapmış olsun. Bizdə olan məlumata görə, mən anlayıram ki, qanun layihəsinin son variantı parlamentə təqdim olunubdur. Biz bu qanun layihəsini irəliyə doğru atılmış və çox nəzərəçarpacaq dərəcədə böyük addım hesab edirik. Şəxsən mən hesab edirəm ki, bu qanun layihəsi beynəlxalq standartlara, ATƏT-in standartlarına tamamilə cavab verir. Ona görə də ümidvaram ki, bu qanun layihəsi qəbul olunacaqdır. Həmin qanun tam kamil qanun olmasa da, hamını tamamilə razı salmasa da, ümidvarıq ki, bu qanun qəbul ediləcəkdir.

Mən bu gün səhər həm Yeni Azərbaycan Partiyası tərəfindən, həm də bəzi müxalifət partiyaları tərəfindən tənqidi fikirlərlə də qarşılaşmışam. Amma tərəflər arasında vasitəçilik təcrübəm mənə onu deməyə əsas verir ki, əgər vasitəçi hər iki tərəfdən eyni dərəcədə tənqidə məruz qalırsa, onda hesab etmək olar ki, o, bu işi düzgün görmüşdür. Hər halda hesab edirəm ki, bu yeni qanun parlament seçkiləri ilə əlaqədar daha yeni və daha yaxşı hüquqi əsas yaradacaqdır.

Biz Azərbaycana və ölkənizin rəsmi dairələrinə gələcəkdə də yardım etməyə hazır vəziyyətdə dayanmışıq. Tezliklə biz başqa bir önəmli qanun üzərində birgə işə başlayacağıq ki, bu da seçkilər haqqında qanundur. Biz sizə həm yardım göstərəcək və həm də müşahidə edəcəyik ki, bütün seçki komissiyaları əməli fəaliyyət göstərsinlər. Biz onların işini də müşahidə edəcəyik.

Cənab prezident, Siz bizimlə razı olarsınız, - hamımız onda maraqlıyıq ki, elə bir sistem formalaşsın və əməli surətdə həyata keçmiş olsun ki, orada hər iki tərəf öz məsuliyyətini dərk etsin və bu məsuliyyəti həyata keçirə bilsin.

Hər halda bir daha bildirirəm ki, bu, hökumət tərəfindən çox cəsarətli addımdır və biz hökumət nümayəndələrinin bu məsələlərin müzakirəsində etdikləri güzəştləri və tutduqları mövqeləri yüksək qiymətləndiririk. Onu da qeyd etmək istəyirəm ki, müxalifət partiyaları da bizim ekspertlərimizin iştirakı ilə aparılan müzakirələrə işgüzar və ciddi münasibət göstəriblər. Bütün bunları birlikdə gördükdə hesab edirik ki, demokratik sistemlərin islahatlarının həyata keçirilməsi istiqamətində ölkəniz çox doğru addım atmışdır.

Bu fürsətdən istifadə edərək həmçinin çox önəmli, mühüm hesab etdiyimiz başqa bir məsələ ilə də əlaqədar öz təşəkkürlərimizi Sizə bildirmək istəyirik. Bu da Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə Azərbaycan arasında imzalanmış sənəddir. Biz bu sənədi yüksək qiymətləndiririk.

Biz Azərbaycanda demokratik islahatların aparılması, sivil cəmiyyət quruculuğu və uzunmüddətli, dayanıqlı, etibarlı demokratik cəmiyyət qurulması, demokratiyanın inkişaf etdirilməsi sahəsində əməkdaşlığımızı bundan sonra da davam etdirmək arzusundayıq.

Fürsətdən istifadə edərək, mən həmçinin regionda mövcud olan münaqişənin aradan qaldırılması üçün şəxsən Sizin tərəfinzdən göstərilən səylərin müvəffəqiyyətlə başa çatmasını arzuladığımı bildirmək istəyirəm.

Demək istəyirəm, hamı yaxşı anlayır ki, bu sahədəki problem, yəni münaqişədən doğan problem "Mərkəzi Seçki Komissiyası haqqında" qanunun qəbul olunmasından və ona güzəştin əldə edilməsindən daha çətin və mürəkkəb bir problemdir. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Bizim işimiz haqqında dediyiniz çox əhəmiyyətli, dəyərli sözlərə görə, sizin fikirlərinizə görə təşəkkür edirəm. Mən sizinlə ötən görüşlərimdə də bildirmişdim, bu gün də bəyan edirəm ki, Azərbaycan dövləti 1995-ci ildə qəbul olunmuş Konstitusiya əsasında demokratiya yolu ilə getməyi özünün əsas məqsədi hesab edir. Əgər bizim belə fikrimiz, belə istəyimiz, belə arzumuz olmasaydı, 1995-ci ildə bu Konstitusiyanı qəbul etməzdik. Siz onu da bilirsiniz ki, Konstitusiya Komissiyasının sədri mən idim. Demək, bu bizim qəlbimizdən gələn fikirlərdir, dövlət quruculuğunda tutduğumuz siyasi yoldur. Biz bunu edirik ona görə yox ki, kiməsə xoş gəlsin, kimdənsə bir "əla" qiymət alaq, yaxud da ki, "yaxşı" qiymət alaq. Bunu edirik ona görə ki, biz bu yolu Azərbaycanın bir müstəqil dövlət kimi inkişaf etməsində yeganə yol hesab edirik.

Başqa gənc, müstəqil dövlətlərdən fərqli olaraq biz bunları Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bir halda, Azərbaycan torpaqlarının 20 faizi işğal altında olduğu, bir milyon azərbaycanlının öz ölkəsində köçkün, qaçqın vəziyyətinə düşüb çadırlarda yaşadığı bir vaxtda edirik.

Bu, bizim prinsipial mövqeyimizdir. Amma bu, geniş məfhumdur, - bu, parlament seçmək, yaxud da seçki aparmaq deyildir. Bu, həm plüralizmdir, həm insan azadlığıdır, həm mətbuat azadlığıdır, həm də sosial-iqtisadi və siyasi islahatların aparılmasıdır.

Ötən beş il ərzində bu sahədə çox iş görmüşük. Azərbaycanın dövlət quruculuğu prosesi çox uğurla irəli gedir. Böyük islahatlar - iqtisadi islahatlar, siyasi islahatlar, sosial islahatlar aparmışıq. Məhz bunların nəticəsidir ki, Azərbaycan artıq ağır vəziyyətdən çıxıbdır və indi sabit, iqtisadi cəhətdan inkişaf edən dövlətdir. Əgər bütün bunların hamısını kompleks şəklində, bizim Konstitusiyanın əsasında aparmasaydıq, bunlara nail ola bilməzdik.

Bu gün biz Avropa Şurasına qəbul olunmaq ərəfəsindəyik və üzərimizə öhdəliklər də götürmüşük. Bu öhdəlikləri də yerinə yetirəcəyik. Əgər biz bu yolla getmək istəməsəydik, Avropa Şurasına daxil olmaq bizim nəyimizə lazımdı, - oturardıq, işlərimizi özümüz bildiyimiz kimi aparardıq, bir çox belə problemlərlə rastlaşmazdıq. Yəni Avropa Şurasına daxil olmaq bizim üçün "bal yemək" deyil, öz üzərimizə yeni öhdəliklər götürmək deməkdir. Biz bunları dərindən dərk edirik.

Ona görə də həm əməli işlər görürük, həm də ki, irəliyə gedirik. Hər halda, Azərbaycan MDB ölkələri içərisində sosial-iqtisadi inkişafına görə indi birinci yerlərdə durur. Amma bu ölkələrin heç birinin torpaqlarının 20 faizi işğal altında deyildir, bu ölkələrin heç birinin bir milyon qaçqını yoxdur. Mən dünən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məsləhətçisi olan İordaniya şahzadəsi ilə danışırdım. Onda çox geniş məlumatlar var - Qafqazda 2 milyon 800 min qaçqın vardır. Bunun bir milyonu Azərbaycandadır.

Siz bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsindən başqa, Azərbaycan nə qədər gərgin, nə qədər çətin daxili proseslər də keçiribdir. 1992-ci ilin fevral ayında Azərbaycanda hakimiyyət dəyişibdir. 1993-cü ilin iyun ayında hakimiyyət yenidən dəyişibdir. Azərbaycanın vətəndaş müharibəsi vəziyyətində olduğu vaxtdan bu günlər yeddi il keçir. Bu gün iyun ayının 8-dir. Mən 1993-cü il iyun ayının 9-da Naxçıvandan Bakıya gəlmişəm. Amma iyunun 8-də hələ Naxçıvanda idim. Bir neçə gün idi ki, mənimlə danışıqlar gedirdi. Məni Bakıya dəvət edirdilər, mən isə gəlmək istəmirdim. Sadəcə, hesab edirdim ki, mən bir vətəndaş kimi öz xalqım qarşısında xidmətlərimi göstərmişəm, bundan sonra daha özümü əziyyətə salmamalıyam.

Məni Bakıya dəvət etmək üçün nə qədər adamlar - buranın ağsaqqalları, alimləri, ziyalıları Naxçıvana gəlmişdilər. O cümlədən, bu gün radikal müxalifətdə duran, Azərbaycanın o vaxtkı başçıları - keçmiş prezident, keçmiş parlament sədri, keçmiş baş nazir Naxçıvana mənə dəfələrlə zəng etdilər, elçilər göndərdilər, təyyarələr göndərdilər ki, mən Bakıya gəlim. Nəhayət, iyun ayının 9-da mən Bakıya gəldim. Burada vətəndaş müharibəsi gördüm. Ona görə də məcbur oldum, iyun ayının 15-də Azərbaycan parlamentinin sədri vəzifəsini öz üzərimə götürüm. Ondan sonrakı dövr də sizə məlumdur. Burada bir neçə dəfə dövlət çevrilişinə cəhdlər olubdur, terror hadisələri olubdur.

Mən bunları xatırlayıram ona görə ki, bir daha siz də biləsiniz ki, Azərbaycan MDB-nin başqa dövlətlərindən tamamilə fərqlidir - onların nə qonşuları ilə müharibəsi olubdur, nə də daxildə dövlət çevrilişinə bu qədər cəhdlər və vətəndaş müharibəsi olubdur. Amma bu şəraitdə biz əvvəldən - 1993-cü ildə mən prezident seçiləndən - elan etdim ki, Azərbaycan demokratiya yolu ilə gedir və bizim başqa yolumuz yoxdur.

İndi müxalifət hesab edir ki, "Azərbaycan iqtidarı demokratiya yolu ilə getmir". Bu, onların fikridir. Bizdə fikir azadlığıdır. Amma Azərbaycan əhalisinin əksəriyyəti belə fikirdə deyildir. Ona görə kim nə istəyir, onu da deyə bilər. Amma reallıq göz qabağındadır. Biz ölkəmizi məhz bu istiqamətdə apardığımıza görə də sizinlə olan əməkdaşlığımızı çox yüksək qiymətləndiririk. Demokratik cəmiyyət, demokratik dövlət quraraq hesab etmirik ki, biz hər şeyi bilirik. Bu, kitabları oxumaqla hasil olan bir şey deyil. Kitablarda yazılanlar ayrıdır, həyat isə tamam başqa şeydir. Həyat təcrübə ilə bağlıdır: dünya təcrübəsi, Avropa təcrübəsi - bunlar da sizdə akumulyasiya olubdur. Ona görə də biz sizinlə əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Ancaq mən həmişə demişəm və bu gün də deyirəm: lazımdır ki, bu əməkdaşlıq həm səmimi olsun, həm də bizim işlərimizə daim obyektiv münasibət göstərilsin.

Əgər biz "dörd" qiymət alırıqsa, "beş" qiymət iddiasında deyilik. İstəyirik ki, bizə layiq olduğumuz "dörd" qiymət verilsin. Amma "dörd" qiymətə layiq olanda, onun əvəzinə "üç", yaxud "iki" qiymət veriləndə, əlbəttə ki, biz narazı oluruq.

İndi, Azərbaycanda seçkilər ərəfəsində "Mərkəzi Seçki Komissiyası haqqında" qanun layihəsi barədə sizin fikirlərinizi mən məmnuniyyətlə qəbul edirəm. Biz çalışmışıq ki, bu qanun həm demokratik olsun, həm də müxalifətin seçkilərdə iştirakını təmin etmək üçün onların da tələbləri, fikirləri orada öz əksini tapsın. Ancaq təəssüf ki, onların iştahları çox böyükdür. Onlar istəyirlər ki, hər şey arzuladıqları kimi olsun. Bəzən belə çıxır ki, iqtidar üçün qanun çərçivəsi var, amma müxalifət üçün qanun çərçivəsi yoxdur. Bu da ədalətsizlikdir. Ancaq siz görürsünüz ki, biz bu çətinlikdən çıxırıq, siz qeyd etdiyiniz kimi, güzəştlərə gedirik. Bu barədə bir az sonra mən sizinlə danışacağam. Bizim məqsədimiz odur ki, seçki komissiyası haqqında elə bir qanun qəbul edilsin ki, həmin seçki komissiyası seçkiləri ədalətli, normal həyata keçirə bilsin.

Sizin məsləhətlərinizin də bəzilərini biz qəbul edə bilməmişik. Amma müxalifət sizin məsləhətlərinizin heç birini qəbul etmək istəmir. Buna görə də onlar özlərinə xüsusi status almaq istəyirlər. Amma mən hesab edirəm ki, sizin köməyinizlə biz ortaq bir məxrəcə gələ biləcəyik.

Bizim gördüyümüz işlərə verdiyiniz yüksək qiymətə görə sizə bir daha təşəkkür edirəm. Sizi əmin edirəm ki, biz sizinlə daim əməkdaşlıq edəcəyik. Sizin təcrübənizdən, məsləhətlərinizdən daim istifadə edəcəyik. Sizin obyektiv münasibətinizə daim ümidlər bəsləyirik.

Jerar Ştudman: Cənab prezident, çox sağ olun.

"Azərbaycan" qəzeti, 9 iyun 2000-ci il.