Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 9 fevral 2002-ci il


Hörmətli Leonid Daniloviç!

Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Şadam ki, bu gün Azərbaycan ilə Ukrayna bütün çətinlikləri və maneələri dəf edərək dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyişikliklər, dünya birliyi ilə inteqrasiya yolunda inamla irəliləyirlər.

Əminəm ki, dövlətlərimizin strateji tərəfdaşlığı, regional və beynəlxalq təşkilatlarda sıx əməkdaşlığı və qarşılıqlı dəstəyi, fövqəlmilli layihələrin həyata keçirilməsi sahəsində birgə səylərimiz xalqlarımızın rifahına, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Ukrayna xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 9 fevral 2002-ci il.