"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in sədri, Rumıniyanın xarici işlər naziri Mirça Coane ilə söhbətindən" (Prezident sarayı, 1 mart 2001-ci il) sənədinə tarixi arayış


Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, 1992-ci ilin yanvarında ATƏT-in üzvlüyünə qəbul edilib və həmin ilin iyulunda onun sənədlərini imzalayıb. Həmin dövrdən başlayaraq müxtəlif vaxtlarda ATƏT rəsmiləri Azərbaycana səfər ediblər. 

Rumıniyanın xarici işlər naziri Mirça Coane 2001-ci il üçün ATƏT-in sədri olaraq fəaliyyətinə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionuna səfərlə başlayıb. Həmin səfər çərçivəsində ATƏT-in rumıniyalı sədri 2001-ci il martın 1-də Bakıda Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşüb.

Rumıniya xarici işlər nazirinin ATƏT sədri olaraq münaqişə regionuna səfəri Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqlarının sürətləndiyi dövrdə həyata keçirilib. 2001-ci il yanvarın 26-da Parisdə görüşən Heydər Əliyev və Robert Köçəryan həmin ilin martın 4-5-də yenidən Fransa paytaxtında danışıqlar aparıblar. Danışıqlar 3-7 aprel Ki Uest müzakirələri ilə davam etdirilib.

Söhbət zamanı birbaşa görüşlər barədə danışan Heydər Əliyev bu görüşlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini zəiflətməli olmadığını təşkilatın rumın sədrinə bildirib. Prezident Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun həlli üçün aparılan danışıqlar və tərəflərin məqsədləri haqqında da Mirça Coaneyə ətraflı məlumat verib.

Azərbaycan Prezidenti Minsk qrupunun münaqişənin həlli məqsədi daşıyan tənzimləmə təkliflərindən ikisinin Ermənistan, birinin isə Azərbaycan tərəfindən rədd edildiyini bəyan edib. Dağlıq Qarabağ vilayəti ətrafında yerləşən Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan "paket" və "mərhələli" adlandırılan variantlardan fərqli olaraq Heydər Əliyev 1998-ci ildə təqdim olunan "ümumi dövlət" adlı həll layihəsini ədalətsiz adlandırıb. Dövlət başçısının bildirdiyi kimi həmin təklif Ermənistanın işğalçılıq fəaliyyətini qanuniləşdirmək məqsədi daşıyıb.

2008-ci il sentyabrın 1-də ATƏT Parlament Assambleyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi nümayəndəni qəbul edib. Görüşdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Qoran Lenmarker jurnalistlərlə söhbətində Azərbaycana səfərinin əsas məqsədlərindən birinin 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələrlə bağlı Azərbaycanın mövqeyini öyrənmək olub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında mövcud vəziyyəti xatırladan ATƏT nümayəndəsi bunun əməkdaşlığı bir qədər çətinləşdirdiyini söyləyib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2005-ci ildə hesabat hazırladığını xatırladan Qoran Lenmarker yeni hesabat hazırlamaq barədə düşünmədiyini bildirib. O, beynəlxalq təşkilatların Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə kömək edə biləcəyini dilə gətirib, bununla belə, hər şeyin iki ölkədən və onların rəhbərlərindən asılı olduğunu qeyd edib. ATƏT nümayəndəsi Ermənistan və Azərbaycan rəhbərlikləri arasında görüşlərin keçirilməsindən məmnun olduğunu da bildirib.

Tarixi arayış 3 sentyabr 2008-ci ildə yeniləşdirilib.