Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Küveyt əmiri Cabir Əhməd Sabahla görüşmüşdür - Kasablanka, 13 dekabr 1994-cü il


"Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir". Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu fikri dekabrın 13-də Kasablankada Küveyt əmiri Cabir Əhməd Sabah ilə görüşərkən söylədi.

Səmimi sözlər üçün təşəkkürünü bildirən Cabir Əhməd Sabah Azərbaycan Prezidentini Küveytə rəsmi səfərə dəvət etdi. Heydər Əliyev bu dəvəti məmnuniyyətlə qəbul edərək bildirdi ki, "ölkənizi ziyarət etmək mənim üçün çox xoşdur və mən də sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm". Bu dəvət Küveyt əmiri tərəfindən məmnuniyyətlə qəbul olundu.

Söhbət zamanı respublika prezidenti Azərbaycanda Küveyt səfirliyi açılmasının zəruriliyinə toxunaraq dedi ki, "doğrudur, sizin ölkədə belə səfirlik açmağa bizim hələlik imkanımız yoxdur. Ancaq Küveytin Azərbaycanda səfiri olsa, bu, həm sizin, həm də bizim ölkə üçün çox faydalı olar".

Heydər Əliyev daha sonra dedi:

- Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz. Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdəkindən çox qədimdir.

Son illər Küveytdə baş verən hadisələrə öz münasibətini bildirən Heydər Əliyev dedi ki, "ölkənizin başına gələn bəlalar bizə məlumdur. Biz, bunu öz dərdimiz kimi qəbul etmişik, İraqın sizin ölkəyə hücumunu, təcavüzünü həmişə pisləmişik, bu gün də pisləyirik. Azərbaycan dövləti sizin ölkənizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına tərəfdardır. Çünki beynəlxalq hüquq normaları bunu tələb edir və ədalət naminə heç bir dövlət belə hallarla razılaşa bilməz".

Respublika Prezidenti Ermənistanın Azərbaycana təcavüzündən də bəhs edərək dedi:

- Siz bilirsiniz ki, altı ildir Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Azərbaycan müsəlman ölkəsidir. Biz hələ islam dini yaranandan islam dünyasının bir hissəsiyik. Ölkəmiz Sovet İttifaqının tərkibində olanda da biz dinimizi, inamımızı, etiqadımızı itirməmişik. Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 ildir ki, Azərbaycanda dini rəhbərdir. Onu da deyim ki, Ermənistanın Azərbaycana təcavüzü əslində müsəlman dünyasına edilən təcavüzdür. Altı il bundan əvvəl başlayan bu təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələrə tərəfindən işğal olunub. Həmin torpaqlarda bütün müsəlman abidələri, qəbirlər, Qurani-Kərimin nüsxələri hamısı dağıdılıb, yandırılıb. Bizim 1 milyondan artıq vətəndaşımız - müsəlmanlar qaçqın düşüblər. Onlar çox ağır vəziyyətdədirlər, çadırlarda yaşayırlar. Həmin qaçqınların saxlanması üçün bizim böyük köməyə ehtiyacımız var. Əgər sizin ölkə bizim bu müsəlmanlara, qaçqınlara kömək etsə, buna görə sizə çox minnətdar olardıq.

Bildiyiniz kimi, İslam Konfransı Təşkilatının bu Zirvə toplantısında Ermənistanın Azərbaycana təcavüzünün pislənilməsi haqqında bir qətnamə hazırlanıb. Mən güman edirəm ki, siz bu qətnamənin qəbul olunmasına tərəfdar çıxacaqsınız.

Küveyt əmiri Cabir Əhməd Sabah səmimi sözlərə görə bir daha təşəkkürünü bildirdi və dedi:

Mən sizin qaldırdığınız məsələlərin hamısını öz nəzər-diqqətimə götürürəm. Sözsüz ki, hər hansı bir müstəqil dövlətin əleyhinə təcavüz yolverilməzdir. Bizim dövlət də işğal olunmuşdu, sizin dövlət də işğala, təcavüzə məruz qalıb. Biz bu təcavüzün nə olduğunu gözəl anlayırıq, başa düşürük ki, sizin qaçqınlara yardım etmək lazımdır və bu köməyi edəcəyik. Cənab Prezident, siz dediniz ki, bizim bu görüşümüz ölkələrimiz arasında dostluq əlaqələrinin əsasını qoyur. Mən də belə hesab edirəm və sizi Küveytdə görmək arzusunda olduğumu bildirirəm.

AzərTAc

Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında, II hissə, Bakı, 2002, səh.371-372.