Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın "Lya Respublika" qəzetinin beynəlxalq icmalçısı Marko Ansaldoya müsahibəsi - Roma, 26 sentyabr 1997-ci il


Jurnalist: İlk sualı verməzdən əvvəl bildirirəm ki, mən 1991-ci ildə Azərbaycanda olmuşam və bu səfər məndə xoş təəssüratlar oyatmışdır. Cənab prezident, haqlı olaraq deyirlər ki, Qafqaz bölgəsində neft ehtiyatları İran körfəzindəki ehtiyatlardan daha çoxdur, elədirmi?

Heydər Əliyev: Mən belə qəti fikir söyləməzdim. Buna baxmayaraq, ümumi rəy belədir ki, Xəzər hövzəsində olduqca böyük neft və qaz ehtiyatları var. Bilirsiniz ki, Azərbaycan alimləri, geoloqları, neftçiləri Xəzər dənizində neft və qaz ehtiyatlarının kəşfi ilə onilliklər ərzində məşğul olmuşlar. İndi Xəzər hövzəsi bütün dünyada diqqəti çox cəlb edir, bu barədə çox yazılır, çox mübahisələr gedir. Bütün bu sərvətlərin mövcudluğu dünya iqtisadiyyatına da, Dünya Birliyinə də məhz Azərbaycan tərəfindən bildirilmişdir.

Halbuki üç il bundan əvvəl Xəzər dənizinə belə maraq yox idi. Lakin son üç ildə Xəzər dənizinə neft və qaz baxımından maraq kosmik sürətdə artmışdır ki, bunda isə "təqsirkar" yenə də Azərbaycandır. Üç il bundan əvvəl biz iri bir müqavilə imzaladıq və sonra onu "Əsrin müqaviləsi" adlandırdılar. O vaxtlar altı ölkənin 11 neft şirkətindən ibarət konsorsium yaradıldı. Biz Xəzər dənizinin Azərbaycan sektorundakı çox böyük iqtisadi göstəricilərə malik "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi haqqında ilk müqavilə imzaladıq. Artıq bundan sonra Xəzər hövzəsinə maraq da artdı. Əvvəla, bu üç ildə biz özümüz çox yüksək sürətlə olduqca böyük yol keçərək, doqquz belə müqavilə imzaladıq və dünən onuncu müqavilənin əsasını qoyduq. "Kürdaşı" adlı iri neft-qaz yataqlarından birinin müştərək işlənməsi haqqında Azərbaycan Neft Şirkəti ilə "Eni-Acip" şirkəti arasında müqavilə imzalanmışdır. Belə düşünürəm ki, yaxın iki-üç ay ərzində konsorsium yaradılacaqdır, çünki buraya "Eni-Acip"dən savayı digər neft şirkətləri də daxil olacaq və onlarca müqavilə imzalanacaqdır.

Bunlar ötən üç ildə gördüyümüz işlərdir. Lakin bu yaxınlarda Türkmənistan Xəzər dənizinin ona aid hissəsindəki yataq üçün tender elan etmişdir. Rusiya Xəzərdəki öz sektoru üçün tender elan etdiyini bildirmişdir. Qazaxıstan Xəzər dənizinin ona məxsus sektorundakı neft yataqlarının istismarına başlamışdır.

1994-cü ilin sentyabrında birinci müqavilə imzalanarkən Rusiya Xarici İşlər Nazirliyi bəyanat vermişdir ki, onlar bu müqaviləni tanımırlar, halbuki həmin müqaviləni imzalamış olan konsorsiumda Rusiyanın "LUKoyl" şirkəti də iştirak edir. Burada deyiblər ki, sağ əlin sol əldən xəbəri yoxdur. O vaxtlar bu müqavilənin bəzi iştirakçıları əl-ayağa düşdü və həmin bəyanatla əlaqədar mənə müraciət etdilər. Mən onlara dedim: narahat olmayın, siz öz işinizi gördünüz, müqaviləni kiminsə tanımaması onların öz işidir. Bunun bizə heç bir dəxli yoxdur.

Beləliklə, Xəzər dənizinin statusu üstündə mübahisələr başlandı. Status necə olmalı idi - Xəzər sektorlara bölünməli, kondominium olmalı idi, yoxsa başqa bir şey. Biz lap əvvəldən dedik ki, Xəzər dənizi 1970-ci ildən sektorlara bölünmüşdür və bu sektorlar Xəzəryanı respublikalara məxsusdur.

Biz hesab edirik ki, yaranmış təcrübə özünü doğruldur və yeni nə isə bir şey axtarmaq lazım deyildir. İndi bəzi Xəzəryanı dövlətlər sektor bölgüsü ilə razılaşmasalar da, öz sektorlarındakı neft yataqları üçün tender elan edirlər. Qəribə bir vəziyyət yaranır. O, bir tərəfdən bəyan edir ki, Xəzər dənizinin sektorlara bölünməsinin əleyhinədir, digər tərəfdən isə öz sektorundakı yataq üçün tender elan edir. Nə olar, qoy elan etsin, bu bizi qane edir.

Sual: Cənab prezident, dediklərinizlə əlaqədar Azərbaycanı yeni Küveyt, Xəzər dənizini isə gələcəkdə yeni İran körfəzi adlandırmaq yəqin ki, mübaliğə olmaz?

Heydər Əliyev: Mən bu fikirlə razı deyiləm, Azərbaycan Azərbaycandır, Xəzər dənizi isə Xəzər dənizidir və mən onlara başqa ad verilməsi ilə razı deyiləm. Doğrudur, belə bir praktika keçmiş Sovet İttifaqında olmuşdur. Rusiyada, məsələn, Tatarıstanda, Başqırdıstanda, Orenburqda, Tümendə yeni neft yataqları kəşf edilərkən onları ikinci, üçüncü, dördüncü Bakı adlandırırdılar. Lakin onda biz bir dövlətin tərkibində idik. Ona görə də bu, bizim heysiyyatımıza toxunmurdu, əksinə, hətta sevinirdik ki, yeni yataqlar Bakının adını daşıyır. Azərbaycan ən qədim neft məmləkətidir. Dünyada ilk dəfə olaraq neft 1848-ci ildə məhz Azərbaycanda fontan vurmuşdur. Buna görə də biz heç cür yol verə bilmərik ki, Azərbaycanı "İkinci Küveyt" adlandırsınlar. Axı Küveyt neft hasilatına cəmi 30 il bundan əvvəl başlamışdır.

Sual: Sovet İttifaqının süqutu Azərbaycanın iqtisadi inkişafına necə təsir göstərdi?

Heydər Əliyev: Sovet İttifaqının süqutu burada mövcud olmuş vahid iqtisadi sistemi dağıtdı. Təbii ki, bu, Sovet İttifaqına daxil olmuş və onun parçalanmasından sonra öz dövlət müstəqilliyini əldə etmiş bütün respublikaların iqtisadiyyatına mənfi təsir göstərdi. Bu, Azərbaycana da aiddir. Elə Rusiyanın özü də indiyədək bundan ziyan çəkir, halbuki Sovet İttifaqının varidatının əksəriyyəti onun sərəncamında qalmışdır. Bunlar təbii hallardır. Yaxşı bir şey əldə etmək üçün hər hansı itkilərlə razılaşmaq lazımdır. Bəli, iqtisadi əlaqələr qırıldı, çünki Sovet İttifaqı iqtisadiyyatının vahid planlı-inzibati sistemi dağılmışdı. Lakin indi Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi sistem yaradılır. Əlbəttə, bu keçid nə asan ola bilər, nə də itkisiz.

Sual: Cənab prezident, hələ əvvəllər, Sovetlərin dövründə Siz çox görkəmli siyasətçi olmuşsunuz. Siz Nazirlər Soveti sədrinin birinci müavini, bir çox illər ərzində Siyasi Büronun üzvü idiniz. Karyeranıza məhz Qorbaçov tərəfindən müəyyən bir dövrdə son qoyuldu, çünki Siz onun xətti, yenidənqurma siyasəti ilə razı deyildiniz. Buna görə də o, Sizi aparıcı rollardan uzaqlaşdırdı və bir müddət işgüzar dairələrdə Sizdən bir xəbər gəlmədi. Lakin bundan sonra Siz müstəqil Azərbaycanın prezidenti kimi ən öncül mövqelərə çıxdınız və indi haqqınızda heyrət doğuran dəyişdirici siyasətçi, köhnə vaxtların siyasətçisi - yeni şəraitdə öz yeni həyatını tapmış olan siyasətçi kimi danışırlar. Sizə olan bu münasibəti və beynəlxalq ictimaiyyətin Sizə verdiyi bu qiyməti necə şərh edərdiniz?

Heydər Əliyev: Birincisi, beynəlxalq ictimaiyyət reallığı əsas tutaraq belə qiymət verir. İkincisi, Qorbaçov hakimiyyəti zamanı istefaya getməyimin səbəbini bir qədər dəqiqləşdirməliyəm. Bilirsiniz, yenidənqurma ilə razı olmamağım Qorbaçovla bağlı deyildi, yenidənqurma haqqında fikirlər o, Sov. İKP MK-nın baş katibi olmaqdan xeyli əvvəl yaranmışdı. Məsələ bundadır ki, Sovetlər İttifaqının iqtisadiyyatında və ictimai-siyasi sistemində islahatlar aparmaq arzusu ilə başlamış yenidənqurmanı sonradan Qorbaçov təhrif etdi.

Mənim getməyim isə əsasən milli siyasət məsələlərində Qorbaçovla razılaşmamağımla bağlı idi. O özü öz səhvlərinin qurbanı oldu, milli siyasətdə ciddi səhvlər buraxdı. Mən Siyasi Büronun tərkibində milliyyətcə rus olmayan yeganə adam idim. Şübhəsiz, deyə bilmərəm ki, çox bilirdim, ancaq, hər halda milli məsələni başqasından yaxşı bilirdim. Mən hesab edirdim ki, milli respublikaların mənafelərini tapdalamaq, şovinizmə yol vermək olmaz. Axı Sovetlər İttifaqında federativ dövlət quruluşu vardı. O, Sovet Sosialist Respublikalarının İttifaqı idi. Qorbaçov isə respublikaların hüquqlarını tapdalamağa, milli ləyaqəti təhqir etməyə, buna etinasız yanaşmağa başladı ki, bu da münaqişəyə gətirib çıxardı.

Onun olduqca kobud səhvi nəticəsində 1986-cı ilin dekabrında Qazaxıstanda, Almatıda qan töküldü. Sizin yadınızdadır, milliyyətcə qazax olan, Qazaxıstana 20 il rəhbərlik edən Kunayevi vəzifəsindən azad edəndə, Qorbaçov öz dostunu, heç vaxt orada yaşamamış və işləməmiş, üstəlik qazax millətindən olmayan, rus olan adamı bu respublikaya rəhbərlik etməyə göndərdi. Qazaxıstan gəncləri buna qarşı üsyan etdilər, üsyanı yatırmağa başladılar, meydanda qan töküldü.

Bu, yeganə hal deyildi. Qorbaçov çox səhvlər buraxırdı, bunlar münaqişəsiz ötüşsə də, mən bilirdim ki, münaqişəyə gətirib çıxaracaqdır. Mən ona xəbərdarlıq etdim, bu barədə onunla danışdım, ona görə də arzuolunmaz sayıldım. Mən tutduğum vəzifədən uzaqlaşdırılmalıydım, çünki Qarabağ münaqişəsini başlamaq lazım idi. 1988-ci ilin fevralında Qarabağ münaqişəsi Qorbaçovun təqsiri üzündən başlanmışdır. Yaxud, 1990-cı ilin yanvarında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xalq Azərbaycanda kommunist rejiminə, Moskvanın ədalətsizliyinə, Qorbaçovun siyasətinə qarşı qalxanda Qorbaçov Bakıya qoşun hissələri yeritdi. Şəhərin küçələrində tanklar hərəkət edirdi, bir gecədə çoxlu insan öldürüldü. Mən onda da Qorbaçova qarşı çıxdım. Doğrudur, mən daha Siyasi Büroda deyildim, adi vətəndaş idim, ancaq Moskvada yaşayırdım və Qorbaçovun Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu hərbi təcavüzün əleyhinə çıxdım. Bundan az sonra ərizə verib Kommunist Partiyasından çıxanda da səbəbini əsaslandırdım. Sovetlər İttifaqının kommunist rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin başlanmasında da, Azərbaycan xalqına qarşı 1990-cı il yanvar təcavüzündə də və bir çox başqa şeylərdə də günahkardır. Bax buna görə də mən Qorbaçovla bir yerdə işləyə bilmədim.

Tarix kimin daha haqlı olduğunu göstərdi. Keçən il Rusiya prezidenti seçkilərində Qorbaçov bir faiz də səs toplaya bilmədi. Məni isə 1993-cü ildə, vətəndaş müharibəsi başlayanda Azərbaycan xalqı özü Bakıya dəvət etdi və müstəqil Azərbaycanın prezidenti seçdi. Mənim tərcümeyi-halımdakı siyasi transformasiya prosesi bax, budur.

Sual: Mövzunu dəyişək. Cənab prezident, Siz İtaliyaya səfərinizdən razısınızmı?

Heydər Əliyev: Bəli. Bu, müstəqil Azərbaycan prezidentinin İtaliyaya ilk rəsmi səfəridir və özlüyündə mühüm faktdır. Mən prezident Skalfaro, baş nazir Prodi ilə çox səmərəli, mehriban, yaxşı danışıqlar apardım, biz İtaliya ilə Azərbaycan arasında ilk çox mühüm sənədlər, o cümlədən iki bəyannamə imzaladıq. Onlardan biri siyasi məsələlər, digəri isə iqtisadi məsələlər haqqındadır. Bu bəyannamələri mən və cənab Prodi imzaladıq. Digər müqavilə və sazişlər də imzalanmışdır ki, onlar ölkələrimiz arasında dostluğun və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün, zənnimcə, yaxşı normativ - hüquqi baza yaradır. Bundan əlavə, dediyim kimi, biz Azərbaycan Dövlət Neft Şirkəti ilə "Eni-Acip" Şirkəti arasında böyük perspektivə malik müqavilə də imzaladıq.

Mən eyni zamanda Vatikana səfər etdim, bu gün Roma papası ilə görüşdüm. Aramızda çox yaxşı söhbət oldu. Biz Vatikan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək haqqında razılığa gəldik. Bütün bunlar səfərin uğurlu olduğunu göstərir. Mənim səfərdən razı qalmağa tam əsasım var. İndi mətbuat nümayəndələri ilə söhbət edirəm və bunu da həm sizin üçün, həm də özüm üçün faydalı bilirəm.

Sual: Sağ olun. Siz yarım il bundan əvvəl Bakıda İtaliya səfirliyinin açılmasını necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Mən bunu böyük minnətdarlıq hissilə qarşılayıram. Biz bunu istəyirik, İtaliya ilə əlaqələrimizi fəallaşdırmağa çoxdan ehtiyac duyuruq. Bu baxımdan İtaliyanın Azərbaycanda səfirliyinin açılması çox mühüm vasitədir. Biz də İtaliyada öz səfirliyimizi açmaq istəyirik. Açığını deyim ki, buna maliyyə şəraitimiz imkan vermir. Lakin belə düşünürəm ki, biz bunu edəcəyik. Hesab edirəm ki, ölkələrimiz arasında istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də humanitar sahələrdə əməkdaşlığın böyük imkanları var.

Sual: Minsk qrupunda sədrlik etmiş İtaliya Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq yolunun tapılması üçün böyük səylər göstərmişdir. Ermənistanla Azərbaycan arasında bu münaqişənin indiki vəziyyəti necədir?

Heydər Əliyev: Bəli, ATƏT-in Minsk qrupunun sədri kimi İtaliyanın, xüsusən cənab Rafaellinin səylərini xatırlayıram. O, bizim regiona tez-tez gəlir, Azərbaycanda olurdu. 1993-cü ildə mən Azərbaycan prezidenti seçildikdən sonra onunla çox görüşdüm. İndi Minsk qrupunun üç həmsədri var. Bunlar Rusiya, ABŞ və Fransadır. 1994-cü ilin mayında biz atəşkəs haqqında saziş bağladıq, indi hərbi əməliyyatlar yoxdur, atəş yoxdur, bununla belə, Azərbaycan ərazisinin 20 faizi işğal edilmişdir, bu torpaqlardan ölkəmizin bir milyondan çox sakini qovulub didərgin salınmışdır, onlar ağır şəraitdə, çadırlarda yaşayırlar.

Ümidverici haldır ki, ötən ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinin dincliklə tənzimlənməsi prinsipləri qəbul edilmişdir və indi Minsk qrupunun həmsədrləri bu prinsipləri həyata keçirməyə çalışırlar. Söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, Azərbaycanın işğal olunmuş bütün torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılmasından, işğal edilmiş bu rayonların sakinlərinin öz yaşayış yerlərinə qayıtmasından, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsindən gedir. Minsk qrupunun həmsədrləri bu məsələni iki mərhələdə aradan qaldırmağı təklif edirlər: birinci mərhələdə sizə verdiyim xəritədə yaşıl rənglə çəkilmiş altı rayon, ikinci mərhələdə - sarı rənglə boyanmış Laçın və Şuşa rayonları işğal qoşunlarından azad edilməli və bununla eyni zamanda qırmızı rənglə göstərilmiş Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir.

Biz bununla əsasən razıyıq. Ermənistan isə hələlik pozucu mövqe tutur. Lissabonda qəbul olunmuş prinsiplərlə razılaşmamışdır. Lissabonda ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərin qəbul edilməsinə səs vermiş, təkcə Ermənistan bunların əleyhinə çıxmışdır. O, indiyəcən Dağlıq Qarabağ üçün dövlət müstəqilliyi statusu almağa çalışır. Şübhəsiz ki, buna heç cürə razı ola bilmərik. Heç bir dövlət buna razı olmaz, çünki bu, BMT nizamnaməsini, ATƏT-in başlıca prinsiplərini və beynəlxalq hüquq normalarını pozur. Yeri gəlmişkən deməliyəm ki, Lissabonda İtaliya prinsiplərin qəbul olunmasına səs vermişdir. İtaliyanın prezidenti və baş naziri dünən də bəyan etdilər ki, onlar bu prinsiplərin həyata keçirilməsinə qəti tərəfdardırlar.

Bax, münaqişə ilə bağlı vəziyyət belədir.

Sual: Azərbaycan Avropa Birliyinə daxil olmaq istiqamətində nə kimi addımlar atır və Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı münasibətlər necədir?

Heydər Əliyev: Biz Avropanın bir hissəsiyik və Avropanın bütün strukturlarında iştirak etmək istəyirik. Dəvət olunmuş qonaq sifətilə Avropa Şurasına qəbul olunmuşuq, tam hüquqlu üzv statusu almaq istəyirik. 1996-cı ilin aprelində Lüksemburqda Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalamışıq və istəyirik onun bütün strukturlarına daxil olaq. Bu cür hüquq almaqdan ötrü bütün tədbirləri görürük. Biz həm xarici, həm daxili siyasətimizlə, həm demokratikləşdirmə prosesinin həyata keçirilməsi ilə, həm bazar iqtisadiyyatı prinsiplərini reallaşdırmaqla Avropada tanınmaq imkanına malik olmaq istəyirik.

O ki qaldı Türkiyə ilə münasibətlərimizə, Türkiyə bizim üçün dost ölkədir. Onunla bütün sahələrdə - həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə əlaqələri inkişaf etdirir və möhkəmləndiririk. Bu baxımdan bizim mövqeyimiz dəyişməzdir.

Müxbir: Cənab prezident, sağ olun. Sizinlə görüşmək çox xoş idi. Ümidvaram ki, mənə tezliklə Bakıya gəlmək və Sizinlə bir daha görüşmək şərəfi qismət olacaqdır.

Heydər Əliyev: Mən sizi dəvət edirəm. Çünki sizin Bakıda olduğunuz 1992-ci illə müqayisədə çox böyük dəyişikliklər baş veribdir. Birincisi, Azərbaycanda 1992-ci ildə mövcud olan hərc-mərcliyi görməyəcəksiniz. İndi respublikada sabit, çox sakit ictimai-siyasi vəziyyət var. İqtisadiyyatın sərbəstləşdirilməsi, xüsusi biznesin inkişafı, özəlləşdirmə Azərbaycanın sosial-iqtisadi həyatında tamamilə başqa cür mühit yaradıbdır. Sizi dəvət edirəm, gəlin.

Müxbir: Dəvət üçün təşəkkür edirəm. Ümidvaram ki, tezliklə Azərbaycana gələcəyəm. Əminəm ki, Bakı daha gözəl olacaqdır. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2004, 12-ci cild, səh. 220