Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri Jan Pyer Kinyutun etimadnaməsinin təqdim olunmasi mərasimində çıxışı - Prezident sarayı, 17 avqust 1996-cı il


Azərbaycan dövləti müstəqilliyini əldə edəndən dərhal sonra Fransa Respublikası ölkəmizin dövlət müstəqilliyini tanımışdır və o vaxtdan ölkələrimiz, dövlətlərimiz arasında yaxşı əlaqələr yaranmışdır və indi inkişaf edir. Azərbaycan Fransa Respublikası ilə əlaqələrinə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələrdə - həm iqtisadi əməkdaşlıq sahəsində, həm də mədəni, insani əlaqələrin inkişafında gələcəkdə də irəliləməsinə çalışacağıq.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 1993-cü ilin dekabrında Fransa Prezidenti mərhum Mitteranın dəvəti ilə mən ölkənizə səfər etmişdim, Fransa ilə Azərbaycan arasında çox böyük əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanmışdı. Sonrakı dövrdə əlaqələrimiz daim inkişaf etmişdir. Əlaqələrimizin inkişafında Xəzər dənizinin Azərbaycan sektorunda böyük neft-qaz yatağı olan "Şahdəniz" yatağında müştərək əməkdaşlıq haqqında "Elf agiten" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış müqavilənin də çox böyük əhəmiyyəti var.

İqtisadiyyatın başqa sahələrində də müştərək iş görməyə imkanlar var və əmin ola bilərsiniz ki, gələcəkdə biz bunların hamısından səmərəli istifadə etməyə çalışacağıq. Fransa Respublikasının Prezidenti cənab Jak Şirak ilə qısa görüşlərim zamanı apardığım söhbətlər və onun mənə göndərdiyi məktubda irəli sürdüyü fikirlər bizim bundan sonra da əməkdaşlıq etməyimiz və əlaqələrimizin inkişafı üçün yaxşı əsas yaradır.

Prezident cənab Jak Şirak məni Fransaya rəsmi səfərə dəvət edibdir. Mən bu dəvətdən istifadə edib Fransaya getməyi qərara almışam və əminəm ki, biz gələcək görüşlərimizdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yeni addımlar ata biləcəyik. Ölkənizin xarici işlər nazirinin payızda Azərbaycana səfəri gözlənilir və cənab Jak Şirak ilə telefon danışığımızda da bu səfər zamanı görüləcək işlər barədə eyni fikirdə olmuşuq.

Ona görə də Fransanın Azərbaycanda yeni səfiri kimi sizin görəcəyiniz işlər çoxdur və ümidvar olduğumu bildirmək istəyirəm ki, Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsi üçün dəyərli xidmət göstərəcəksiniz. Prezident cənab Jak Şirakla telefon danışığı zamanı dediyim və ona göndərdiyim məktubda bildirdiyim kimi, sizin - Fransanın Azərbaycandakı səfirinin burada səmərəli işləməsi üçün bütün şəraitin yaradılmasını təmin etməyə çalışacağıq. Əmin ola bilərsiniz ki, Azərbaycanda bütün cəmiyyət, insanlar tərəfindən daim xoş münasibətlə rastlaşacaqsınız. Bu, Azərbaycan xalqının fransız xalqına olan dərin hörmət və ehtiram münasibətləridir. Şərəfli vəzifə münasibətilə sizi bir daha təbrik edir və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.


Mən apardığımız danışıqlardan, söhbətdən razıyam. Buna çoxlu vaxt sərf etdiyimizə görə hətta qrafikdən çıxdıq. Lakin mən bunu istər Azərbaycan üçün, istərsə də Fransa üçün faydalı sayıram. Bu gün söhbətlərimiz və danışıqlarımız hələ davam etdiriləcəkdir. Diqqətinizə görə sağ olun.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa