Azərbaycanda çıxarılacaq ilkin neftin Rusiya Federasiyasının ərazisi vasitəsilə nəqlinə dair sənədlərin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Prezident Sarayı, 16 fevral 1996-cı il


Hörmətli xanımlar və cənablar, möhtərəm qonaqlar!

1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Xəzər dənizindəki sektorunda olan neft yataqlarından müştərək istifadə edilməsi üçün dünyanın böyük neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında məlum müqavilə imzalanıbdır. Bu müqavilə imzalandığı andan artıq həyata keçirilir. O vaxtdan indiyə qədər onun əməli surətdə həyata keçirilməsi üçün çox işlər görülübdür. Bilirsiniz ki, müqavilələrin həyata keçirilməsi üçün konsorsiumun rəhbər əməliyyat komitəsi yaradılıbdır. Bu rəhbər əməliyyat komitəsi müqavilənin həyata keçirilməsi üçün müvafiq proqram tərtib edibdir. Həmin proqrama görə müqavilənin həyata keçirilməsi nəticəsində "Çıraq" neft yatağının birinci platformasından ilkin neft 1996-cı ilin sonunda hasil edilməlidir. Müqavilədə nəzərdə tutulur ki, ilkin neftin ixracı üçün xüsusi neft kəməri çəkilməlidir və ilkin neft hasil edilən kimi onun ixracı təmin olunmalıdır.

Bu proqramı həyata keçirərkən konsorsiumun rəhbər əməliyyat komitəsi bir çox tədbirlər görübdür və həmin tədbirlərin nəticəsində, o cümlədən Azərbaycan Respublikası rəhbərliyinin bu sahədə irəli sürdüyü təkliflərlə əlaqədar ilkin neftin ixracı üçün iki neft kəmərinin tikilməsi haqqında qərar qəbul edilibdir. 1995-ci il oktyabrın 9-da qəbul olunan qərara əsasən neft kəmərlərinin biri Rusiya ərazisindən Novorossiysk limanına, ikincisi isə Gürcüstan ərazisi ilə Qara dənizdəki Supsa limanına çəkilməlidir.

İlkin neftin ixracı üçün neft kəmərinin çəkilməsi barəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında danışıqlar, məsləhətləşmələr aparılmışdır və şübhəsiz ki, bu danışıqlarda konsorsiumun rəhbər əməliyyat komitəsi də iştirak etmişdir. Danışıqlar nəticəsində yanvarın 18-də Moskvada Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında müvafiq saziş imzalanmışdır. Bu saziş Rusiya Federasiyasının baş naziri hörmətli cənab Viktor Çernomırdin tərəfindən imzalanmışdır və Azərbaycan tərəfindən onu mən imzalamışam. İmzalanmış sazişə görə hər iki tərəf - Rusiya Federasiyasının hökuməti və Azərbaycan hökuməti müvafiq qərarlar qəbul etməlidir və bu qərarlar bizim tərəfimizdən qəbul olunubdur. Mən, Azərbaycanın prezidenti müvafiq fərman imzalamışam və Rusiya hökuməti də bu sazişin həyata keçirilməsi üçün müvafiq qərar qəbul etmişdir, bundan sonra sazişin həyata keçirilməsi və saziş əsasında müqavilənin imzalanması üçün şərait yaradılıbdır.

Azərbaycan neftinin Rusiya ərazisi ilə Qara dənizin Novorossiysk limanına ixrac edilməsi üçün çəkiləcək neft kəmərinin tikilməsi barədə sazişin imzalanması ilə əlaqədar olaraq bu gün biz bu mərasimə toplaşmışıq. Bu münasibətlə Rusiya Federasiyası hökumətinin səlahiyyəti ilə bu sazişi imzalamaq üçün Rusiyanın "Transneft" şirkətinin prezidenti Valeri Dmitriyeviç Çernyayev, bizim konsorsiumun üzvü və Rusiya ilə Azərbaycan arasında neft kəmərinin tikilməsi üçün çox fəaliyyət göstərən Rusiya Federasiyasının "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərov Bakıya gəlmişdir. Bu gün bu mərasimə konsorsiumun rəhbər əməliyyat komitəsinə başçılıq edən cənab Terri Adams dəvət olunubdur, konsorsiumun bütün nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələri də buraya dəvət ediliblər.

Bu gün burada bu sazişin imzalanması böyük və əlamətdar hadisədir. Bu, 1994-cü ilin sentyabr ayında imzalanmış neft müqaviləsinin əməli surətdə həyata keçirilməsi üçün atılan böyük addımdır. Biz buna çox yüksək qiymət veririk və ona görə də bu sazişin imzalanmasını belə mərasimdə aparırıq.