Azərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Kоmаndаnı – Amеrikа Birləşmiş Ştаtlаrının Avrоpаdаkı Silаhlı Qüvvələrinin Bаş kоmаndаnı gеnеrаl Cоzеf Rаlstоnun bаşçılıq еtdiyi nümayəndə heyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 16 оktyаbr 2002-ci il


Hörmətli qonaqları səmimiyyətlə salamlayan, onların respublikamıza səfərini çox əhəmiyyətli hesab etdiyini vurğulayan dövlətimizin başçısı Heydər Əliyev bildirdi ki, Azərbaycan «Sülh naminə tərəfdaşlıq» proqramı və bir çox digər proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq edir. Bununla əlaqədar bir çox görüşlər keçirilmiş, NATO-nun nümayəndə heyətləri Azərbaycana səfərlər etmişlər. Ancaq NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələri Komandanı Azərbaycana ilk dəfədir gəlir. Güman edirəm ki, ölkəmizə bu qısa səfəriniz zamanı siz birincisi, Azərbaycanla müəyyən qədər yaxından tanış olacaq, ikincisi, respublikamızın müdafiə, xarici işlər nazirləri və digər təşkilatların rəhbərləri ilə görüşəcək, NATO–Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti və gələcəyi haqqında lazımi təhlillər aparacaqsınız.

Prezident Heydər Əliyev daha sonra dedi ki, hesab edirik, məlum «Аzadlığa Dəstək Aktı»na 907-ci düzəlişin hüquqi qüvvəsi dayandırıldıqdan sonra Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı əlaqələr bu sahədə də genişlənəcək və inkişaf edəcəkdir. Bütün bunlar isə Azərbaycan ilə NATO-nun əməkdaşlığının daha da inkişaf etməsinə əsas yaradacaqdır.

2001-ci ilin 11 sentyabrında Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində baş vermiş hadisələr bizi çox sarsıtdı. Bu dəhşətli terror hadisələri təkcə Amerika xalqına, Amerika Birləşmiş Ştatlarına yox, bütün bəşəriyyətə, insanlığa qarşı yönəldilmişdir. Ona görə də biz Amerika Birləşmiş Ştatlarının təklif etdiyi antiterror koalisiyasına dərhal qoşulduq və bu sahədə öz üzərimizə düşən vəzifələri indiyə qədər yerinə yetiririk.

NATO tərəfindən Əfqanıstanda aparılan əməliyyatlarda da biz xidmətlərimizi göstərmişik və bundan sonra da göstərəcəyik. Türkiyə Respublikasının hazırda Əfqanıstanda olan hərbi hissələrinin tərkibində Azərbaycanın da bir taqımı iştirak edəcəkdir. Beləliklə, bizim əməkdaşlığımız davam edir. Eyni zamanda, bir çox sahələrdə əməkdaşlığımızın genişlənməsinə və Azərbaycana yardım edilməsinə də çox ehtiyac vardır. Türkiyəyə işgüzar səfərdən dərhal sonra vaxt tapıb onları qəbul etdiyinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən, NATO-nun Avropadakı Silahlı Qüvvələrinin Komandanı kimi, ilk dəfə Azərbaycana səfər et-məsindən çox məmnun qaldığını söyləyən cənab Cozef Ralston dövlətimizin başçısını əmin etdi ki, bu, Azərbaycana səfər edən sonuncu komandan olmayacaqdır. Ötən 8 ildə Azərbaycan NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində özünü əla tərəfdaş kimi göstərmişdir. Keçən il Azərbaycan NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində keçirilən tədqiqatların ev sahibi olmuşdur. Halbuki, on il bundan əvvəl bu barədə heç düşünmək də olmazdı.

Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm ki, Azərbaycanın kiçik kontingenti NATO-nun Kosovadakı əməliyyatlarında uğurla iştirak etmişdir. Bildiyiniz kimi, onlar orada Türkiyə batalyonu ilə birlikdə qulluq edirdilər. Mən Kosovanın cənub hissəsində onlara baş çəkmişdim. Əmin olmuşam ki, onlar öz üzərlərinə düşən vəzifəni əla yerinə yetirirdilər.

Cənab Prezident, Amerika Birləşmiş Ştatları adından Sizə minnətdarlığımı bildirirəm, çox sağ olun ki, Əfqanıstanda keçirilən əməliyyatlarımız üçün hava məkanınızı açmısınız.

Mən ümid edirəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edəcəkdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, 2001-ci ildə 907-ci düzəlişin aradan götürülməsi üçün Konqreslə çox möhkəm işləmişəm. Nəhayət, birgə işimizin sayəsində keçən ilin sonunda Konqres 907-ci düzəlişin hüquqi qüvvəsini müvəqqəti də olsa, dayandırmaq üçün prezidentə imkan yaratdı.

Nəhayət, bizim üçün belə bir imkan yaranmışdır ki, lazımi sənəd imzalayaq və Amerika Birləşmiş Ştatlarının zabitləri Azərbaycana gəlsinlər, Müdafiə Nazirliyi ilə birgə işləsinlər və bir sıra proqramların uğurla həyata keçirilməsinə yardım göstərsinlər.

«Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişin hüquqi qüvvəsinin dayandırılması sahəsində göstərdiyi səylərə görə general Cozef Ralstona təşəkkür edən Prezident Heydər Əliyev eyni zamanda vurğuladı ki, ancaq təəssüflər olsun, o vaxtdan bir il keçməsinə baxmayaraq, respublikamız bu düzəlişin aradan qaldırılması ilə əlaqədar dəyişiklikləri hiss etmir.

Mən sizin indiki bəyanatınızı nəzərə alıram. Ancaq 907-ci düzəliş aradan qaldırıldıqdan sonra bizim gözlədiyimiz tədbirlər üçün bu da azdır. Hesab edirəm ki, 907-ci düzəliş aradan qaldırıldıqdan sonra Azərbaycan Amerikadan Ermənis-tan və Gürcüstanla bərabər səviyyədə yardım almalıdır. Ümidvaram ki, bu məsələlərə də baxılacaqdır.

General Cozef Ralston dövlətimizin başçısına müraciətlə dedi ki, əgər ehtiyatlara şəxsən mən özüm nəzarət etsəydim, Azərbaycan daha çox yardım alardı. Təəssüf ki, bu mənim nəzarətim altında deyildir. Amma mən Sizinlə razıyam və bilirəm ki, əməkdaşlığı mütləq genişləndirmək lazımdır, buna böyük ehtiyac vardır.

Bir sıra proqramlar çərçivəsində bizim əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri zabitlərinin Bakıya gəlməsi, respublikanızın Müdafiə Nazirliyinə müəyyən yardımlar etməsi, eyni zamanda, Azərbaycan əsgərlərinin, zabitlərinin Amerika Birləşmiş Ştatlarına getməsi, orada hərbi məktəblərdə təlim keçməsi çox mühüm amillərdir. Sizi əmin edirəm ki, maliyyələşmə də artacaqdır. Ümumiyyətlə, görəcəyimiz işlər çoxdur. Təəssüf ki, ABŞ prezidenti 907-ci düzəlişin hüquqi qüvvəsini dayandırdıqdan sonra bürokratiya bu işlərin kifayət qədər sürətlə getməsinə mane olur və biz bu işimizi istədiyimiz səviyyədə apara bilmirik.

AzərTAc