Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Olimpiya Komitəsinin başçısını qəbul edərkən söhbətindən - 21 oktyabr 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab prezident!

Hörmətli xanım Roq!

Hörmətli baş katib!

Sizi bir daha salamlayıram və Azərbaycana ziyarətinizi çox əhəmiyyətli hesab edirəm.

Bir az bundan öncəki görüşümüzdə mən artıq dedim ki, Azərbaycanda olimpiya hərəkatı son bir neçə ildə inkişaf etmişdir və görürsünüz ki, artıq yaxşı nailiyyətlər əldə olunubdur. Ancaq hesab edirəm, Azərbaycan Milli Olimpiya Komitəsinin bu müddətdə gördüyü çox vacib işlərdən biri odur ki, komitə beynəlxalq olimpiya təşkilatları ilə, o cümlədən Avropa Olimpiya komitəsi ilə əlaqələr yaradıbdır. Düzü, biz Azərbaycanda bir olimpiya Komitəsini - Beynəlxalq Olimpiya Komitəsini, mənim dostum Samarançı tanıyırdıq. Heç bilmirdik ki, Avropa Olimpiya Komitəsi də vardır. Bunların hamısı bizim Azərbaycan Milli Olimpiya Komitəsinin öz beynəlxalq əlaqələrini genişləndirməsinin nəticəsidir. Mənə dedilər ki, siz Sidneydə də Azərbaycan nümayəndə heyətinə çox diqqət göstərmisiniz, orada Azərbaycan günündə iştirak etmisiniz. Nəhayət, özünüz xanımınızla və baş katiblə bərabər Azərbaycana ziyarətə gəlmisiniz. Sizə bir də "Xoş gəlmisiniz" deyirəm.

Bugünkü mərasimdə söylədiyiniz nitq Azərbaycan ictimaiyəti üçün çox dəyərlidir. Bütün bunlara görə təşəkkür edirəm. Buyurun.

Jak Roq: Cənab prezident, Sizin ölkənizi ziyarət etməkdən böyük şərəf duyuram. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Altı il bundan öncə, 1994-cü ildə mən prezident Samarançı Azərbaycana səfəri zamanı müşayiət etmişdim. Çox məmnunam Sizə bildirim ki, mən bir də Azərbaycana gəlmək üçün yenidən altı il gözləməli olmayacağam. Altı aydan sonra aprel ayında biz Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsi bütün rəhbər heyəti ilə bərabər Azərbaycana gələcəyik. Biz aprel ayında üç gün sizin qonaqpərvərliyinizdən faydalanacağıq və çox güman ki, Azərbaycan Milli Olimpiya Komitəsinin yeni binasında, qərargahında görüşlər keçirəcəyik.

Icazə verin, Sizə bildirim ki, biz Azərbaycan Milli Olimpiya Komitəsinin əldə etdiyi uğurlardan böyük qürur hissi duyuruq. Sizin Milli Olimpiya Komitəniz çox dinamik bir təşkilatdır. Burada çox təcrübəli insanlar çalışır və onların çox yaxşı ideyaları vardır. Hətta deyərdim ki, Sizin Milli Olimpiya Komitəniz yeni yaranmış milli olimpiya komitələrinə nümunə göstərilə bilər.

Cənab prezident icazə verin beynəlxalq olimpiya ailəsinin təmsilçisi kimi mən öz ölkənizdə idmanın inkişaf etdirilməsi üçün göstərdiyiniz səylərə görə də Sizə təşəkkürümü bildirim. Bu rəylər sizin ölkənizin özü üçün də çox əhəmiyyətlidir.

Cənab prezident, icazə versəydiniz minnətdarlıq əlaməti olaraq, Avropa olimpiya komitələrinin adından Sizə kiçik hədiyyələr təqdim edərdim. Cənab Prezident, Sizə birinci hədiyyəmiz yalnız dövlət başçıları üçün xüsusi hazırlanmış olimpiya hərəkatının nizamnaməsi dərc olunmuş kitabdır.

Heydər Əliyev: Çox gözəl.

Jak Roq: İkinci hədiyyəmiz isə, üzərində bütün Avropanın və onun Uzaq Şərq hissəsində Azərbaycanın təsvir olunduğu metal nimçədir. Nəhayət, mən Olimpiya Komitəmizin bayrağını Sizə təqdim etmək istəyirəm. Bu bayraqda Abşeron yarımadasını və Bakını da görə bilərsiniz.

Heydər Əliyev: Mən burada bütün Azərbaycanı görürəm.

Jak Roq: Tamamilə doğrudur.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Çox qiymətli hədiyyələrdir. Hədiyyələrinizə görə təşəkkür edirəm. Bunlar bizim, yəni Azərbaycanın Avropa Olimpiya Komitəsi ilə dostluğunun rəmzidir. Sizin dediyiniz sözlər də məni çox sevindirdi. Aprel ayında yenidən bütün icraçı heyətlə Azərbaycana gəlməyiniz haqqında verdiyiniz bəyanat təbii ki, ölkələrimiz arasında, xüsusən Avropa Olimpiya Komitəsi ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsində böyük mərhələ olacaqdır.

Azərbaycan çox qədim ölkədir. Yəqin ki, bizim qədim tariximizdən sizin xəbəriniz vardır. Ancaq müstəqil dövlət kimi çox gəncik. Azərbaycanın idmançıları keçmişdə, Sovetlər İttifaqının tərkibində olanda da SSRİ-nin yığma komandasının tərkibində müxtəlif beynəlxalq yarışlarda iştirak edirdilər. Ancaq onlar bu səviyyəyə gəlib çata bilmirdilər. Ona görə yox ki, onlar idman sahəsində bu səviyyəyə çatmağa qabil deyildilər. Ona görə ki, biz müstəqil deyildik. SSRİ yığma komandasının başçıları da müəyyən edirdilər ki, hansı idmançı harada hansı nailiyyət əldə edə bilər. Ona görə də mən bizim o görüşümüzdə dedim ki, Azərbaycanın Milli Olimpiya Komitəsinin yaranması və bu komitənin XXVI yay olimpiya oyunlarında əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir. Buna görə də bizim beynəlxalq dəstəyə ehtiyacımız vardır.

Bizim idmançılarımız güclüdürlər. İndi onlara şərait yaradandan sonra öz güclərini daha da çox göstərəcəklər. Ancaq beynəlxalq əlaqələr, təbiidir, hər bir ölkənin idmançılarını yeni-yeni təcrübələrlə tanış edir.

Bu baxımdan mən Avropa Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında yaranmış əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr daim genişlənəcəkdir. Sizi aprel ayında Azərbaycanda səbirsizliklə gözləyəcəyik.

Jak Roq: Cənab prezident, çox sağ olun. Biz də bu səfəri səbirsizliklə gösləyirik. Bundan sonra biz Azərbaycanda milli olimpiya hərəkatı ilə daha sıx təmaslar qurulmasına çalışacağıq.

Bu gün mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti ilə də görüş keçirmişəm. Bu görüş zamanı biz əlaqələrimizi, Avropa Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında əlaqələri daha yaxınlaşdırmaq və inkişaf etdirmək barədə strategiya haqqında da danışmışıq.

Heydər Əliyev: Çox gözəl. Məmnunam. Bir daha sizə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 22 oktyabr 2000 - ci il.