Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələri üçün müsahibə - 27 iyul 1997-ci il


Şübhəsiz, bu, Amerika-Azərbaycan əlaqələrində çox əlamətdar hadisədir, bəlkə də, tarixi hadisədir. BMT Baş Məclisinin sessiyasında iştirakımla əlaqədar Amerika Birləşmiş Ştatlarına səfərlərim olubdur. Amerika prezidenti ilə Nyu-Yorkda, başqa ölkələrdə görüşlərim olubdur. Ancaq indiki səfər müstəqil Azərbaycan Respublikası prezidentinin, dövlət başçısının ABŞ prezidenti cənab Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəridir. Bu, yenə də deyirəm, şübhəsiz ki, əlamətdar, tarixi hadisədir və hesab edirəm ki, bizim əlaqələrimizdə yeni mərhələ olacaqdır.

Proqramda çox əhəmiyyətli görüşlər, danışıqlar var. Birinci növbədə prezident cənab Bill Klinton ilə, vitse-prezident cənab Qor, dövlət katibi xanım Olbrayt ilə, başqa dövlət rəhbərləri ilə görüşlər keçirəcəyəm. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatında yeni baş katib ilə, bütün ölkələri təmsil edən səfirlərlə, Təhlükəsizlik Şurasında görüşlərim olacaqdır. Şübhəsiz ki, Amerika ilə əməkdaşlığımızda neft şirkətləri çox böyük əhəmiyyət kəsb etdiyinə görə onların bir çoxu mənimlə görüşmək istəyir, məni dəvət edirlər. Nyu-York, Vaşinqton, Hyüston, Çikaqo şəhərlərində olacağam. Mətbuat mərkəzlərində mətbuat işçiləri ilə, institutlarda, tədqiqat mərkəzlərində görüşlərim olacaqdır. Hər halda, çox əhəmiyyətli görüşlər, danışıqlar keçiriləcəkdir. Hesab edirəm ki, Amerika-Azərbaycan əlaqələrinə aid sənədlər olacaqdır. Bunların hamısı Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi və əlaqələrimizin inkişaf etməsi üçündür. Bunların içərisində ən əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsində Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının iştirakı barəsində olacaqdır. Bu məsələ bizim danışıqlarımızda mərkəzi yer tutur və tutacaqdır. Bilirsiniz ki, bu il bu sahədə müəyyən addımlar atılıbdır və biz orada da həmin məsələni ətraflı müzakirə edəcəyik.

Yəqin ki, mətbuatdan xəbəriniz var, - son zamanlar 907-ci maddənin aradan götürülməsi haqqında Amerika Birləşmiş Ştatlarının özündə, bizim xəbərimiz olmadan, çox güclü iş gedir. Bilirsiniz, dünən mətbuatda verilmişdi - Konqresin beynəlxalq əlaqələr komitəsi sədrinin müavini 907-ci maddənin ləğv olunması haqqında qanun layihəsi veribdir. Bu da mənim səfərim ərəfəsində çox sevindirici haldır. Bu barədə də həm Konqresdə, həm də Amerika hökumətində danışıqlarımız olacaq və o maddənin aradan götürülməsi üçün mən orada bütün cəhdləri göstərəcəyəm.

Sual: ABŞ-a ilk rəsmi səfəriniz zamanı aparılacaq Amerika-Azərbaycan danışıqlarında Ermənistan-Azərbaycan münaqişəsinin həll oluna biləcəyi barədə ümidlərlə bağlı nə deyə bilərsiniz?

Cavab: Həll oluna bilər, yoxsa yox, - buna hələ baxmaq lazımdır. Ancaq biz çalışacağıq ki, həll edilsin.

Sual: Səfərdən nə gözlənilir?

Cavab: Çox şey gözləyirəm. Birincisi, əlaqələrimizə dair ümumi normativ sənədlərin yaranması, əlaqələrimizin inkişaf etdirilməsi üçün yeni təkanlar və ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında Azərbaycan həqiqətlərinin daha da geniş təbliğ olunması, yayılması. Təəssüflər olsun ki, ötən illərdə ABŞ-da və dünyanın bir çox başqa ölkələrində Azərbaycan haqqında doğru-düzgün, ədalətli, obyektiv məlumatlar olmayıbdır. Biz bu işləri görmüşük, vəziyyət, demək olar, dəyişib, ictimai fikir də dəyişibdir. Amerika Birləşmiş Ştatlarının mötəbər qəzetlərində ölkənin ayrı-ayrı çox böyük siyasətçilərinin Azərbaycan həqiqətləri haqqında verdikləri məlumatlar, məqalələr, fikirlər və Konqresin, prezidentin qarşısında irəli sürdükləri təkliflər göstərir ki, biz bu illər ərzində Azərbaycan həqiqətlərini ABŞ-da sübut edə bilmişik. Ancaq hələ çox iş görmək lazımdır və hesab edirəm ki, mənim bu səfərim zamanı bunlar görüləcəkdir.

Sual: Məlumdur ki, Rusiyadan Ermənistana qanunsuz surətdə silah göndərilməsi məsələsinin təhqiqatı barədə Klinton hökuməti avqustun 1-də Senata məlumat təqdim etməlidir. Səfərin gedişində Sizin tərəfinizdən bu məsələ qaldırılacaqdırmı?

Cavab: Senatın qərarı ilə əlaqədar bu məsələ barəsində nə edildiyini prezident Bill Klinton deməlidir. Təbii ki, mən bu məsələni qaldıracağam.

Sual: Səfər başa çatdıqdan sonra, Sizin Londona gedib danışıqlar aparacağınız barədə fikri dəqiqləşdirə bilərsinizmi?

Cavab: Ola bilər, çünki Böyük Britaniyada yeni hökumət var. Mən baş nazirlə Madriddə görüşmüşəm, onlar arzu edirlər ki, imkan olsa, qısamüddətli görüş keçirilsin. Mən hələ bunu dəqiq deyə bilmərəm, amma ola bilər. Sağ olun.