"Müasirlik və dini-mənəvi dəyərlər" mövzusunda beynəlxalq konfransa - Bakı şəhəri, 29 sentyabr 1998-ci il


Mərhəmətli, rəhmli Allahın adı ilə!

Hörmətli konfrans iştirakçıları!

Sizi - paytaxtımız Bakı şəhərində təşkil olunmuş beynəlxalq konfransın iştirakçılarını müstəqil Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram.

Bu konfrans dövrümüzün ən aktual məsələlərinin - dini-mənəvi dəyərlərlə müasirliyin əlaqəsi, üzvi bağlılığı, müasir tərəqqi prosesində onların rolu problemlərinin müzakirəsinə

həsr olunmuşdur. Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır. XXI əsrin astanasında dini fəaliyyət sahələrində gedən prosesləri əlaqələndirmək və düzgün istiqamətləndirmək üçün fikir mübadiləsi aparmaq xüsusi əhəmiyyətə malikdir.

Yaşadığımız dövrün mürəkkəb və ziddiyyətli xarakteri dini-mənəvi dəyərlər məsələsinə münasibətdə dəqiq, aydın və perspektivli bir mövqeyin işlənib hazırlanmasını aktuallaşdırır. Bu mövqe xalqlarımızın əsrlər boyu yaratmış olduğu zəngin mədəni və dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirməlidir. Əminəm ki, konfransınız bütün dünyada, o cümlədən, ümumqafqaz evimizdə sülhün və əmin-amanlığın bərqərar edilməsi yolunda mühüm bir addım olacaqdır.

Müsəlman alimləri və din xadimlərinin dinimizin mühüm aktual problemlərini müzakirə etməsi sırf elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, islam həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir. Dünyanın bir çox yerlərində islam dininin əsaslarında, müsəlman ölkələrinə qarşı qərəzli həmlələrin aparıldığı müasir dövrdə bu, xüsusilə böyük əhəmiyyət kəsb edir. Belə görüşlər həmçinin müştərək tarixi, mədəni, mənəvi ənənələrə malik olan, oxşar tale və inkişaf yolu keçmiş ölkələrimizin qarşısına çıxan problemlərin həllində bir-birimizin təcrübəsindən səmərəli istifadə etmək imkanlarını genişləndirir.

Biz bu yüksək forumun respublikamızın paytaxtı Bakı şəhərində keçirilməsini Azərbaycanın, Qafqaz Müsəlmanları İdarəsinin artmaqda olan beynəlxalq nüfuzuna verilən yüksək qiymətin ifadəsi kimi qəbul edirik. Konfransda müzakirə olunan məsələlər siyasi müstəqillik əldə etdikdən sonra keçid dövrünün bir çox çətinlikləri, o cümlədən milli və dini dəyərlərin bərpası problemləri ilə də üzləşmiş respublikamız üçün olduqca aktualdır. Bu görüş müsəlman qardaşlarımızın Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkün Azərbaycan vətəndaşının problemləri ilə həmrəyliyinin də parlaq təzahürü sayıla bilər. Ümidvaram ki, konfrans bütün islam aləminin həmrəylik, dostluq və qardaşlığının daha da möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir.

İnsan mənəviyyatının saflaşması, dinimizin dini-mənəvi dəyərlərinin bərqərar olması işinə yönəldilmiş nəcib fəaliyyətinizdə uca Allahdan sizə böyük nailiyyətlər, konfransın işində uğurlar arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Аzərbaycan" qəzeti, 30 sentyabr 1998-ci il