"ABƏŞ-in sabiq prezidenti Terri Adamsa "Şöhrət" ordeninin təqdim olunma ‎mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" ‎‎(Bakı, 31 mart 1999-cu il) sənədinə tarixi arayış


‎31 mart 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyev öz iqamətgahında ‎Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sabiq prezidenti, hazırda Böyük ‎Britaniyanın "Monument" şirkətinin icraçı direktoru olan Terri Adamsa "Şöhrət" ‎ordeni təqdim edib.

‎‎1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandıqdan sonra bu müqavilə ‎çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin icrası məqsədilə həmin ilin ‎sonlarında xarici neft şirkətlərinin konsorsiumu - Azərbaycan Beynəlxalq ‎Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. ABƏŞ-in ilk prezidenti olan Terri Adams bu ‎yüksək vəzifədə işlədiyi dövrdə konsorsiumun formalaşmasını, inkişaf etməsini, ‎onun infrastrukturunun, kadr potensialının yaradılmasını təşkil edib.

‎ABƏŞ Terri Adamsın məqsədyönlü idarəçiliyi sayəsində "Əsrin müqaviləsi" üzrə ‎müqavilədə nəzərdə tutulan işlərin minimum proqramının həyata keçirilməsinin ‎qrafikə uyğun icra edilməsinə, ilkin neftin hasilatına başlanmasına, neftin ixracını ‎təmin etmək üçün boru kəmərlərinin işə salınması üzrə danışıqların aparılmasına, ‎konsorsiumun büdcəsinin vaxtında tərtib edilərək icra edilməsinə, mühəndis və ‎fəhlə kontingentinin yığılması və s. tədbirlərə yüksək səviyyədə nail olub. Eyni ‎zamanda bu müqavilənin sürətlə icra edilməsi Xəzərin Azərbaycan sektorundakı ‎digər yataqların birgə işlənilməsi məqsədilə yaradılan başqa konsorsiumların da ‎işinə müsbət nümunə olub. Terri Adamsın dörd ilə yaxın müddət ərzində ABƏŞ-in ‎prezidenti vəzifəsində çalışarkən bu sahədəki müstəsna xidmətlərini nəzərə alan ‎Azərbaycan Prezidenti Heydər Əliyev özünün 23 yanvar 1998-ci il tarixli fərmanı ilə ‎onu Azərbaycan Respublikasının - "Şöhrət" ordeni ilə təltif edib.‎

Mükafatı təqdimetmə mərasimində bir sıra iri xarici neft şirkətlərinin ‎nümayəndələri, ARDNŞ-nin prezidenti N. Əliyev, ARDNŞ-nin birinci vitse-‎prezidenti İ.Əliyev Terri Adamsı yüksək dövlət mükafatına layiq görülməsi ‎münasibətilə təbrik ediblər.‎

Mərasimdə çıxış edən Azərbaycan Prezideni Heydər Əliyev yeni neft strategiyası ‎çərçivəsində görülən işlərə yüksək qiymət verdiyini bildirib. O, deyib: " Biz ilk ‎‎təşəbbüsümüzlə, addımımızla Xəzər dənizinin zəngin neft və qaz yataqlarının ‎dünya iqtisadiyyatı ‎üçün işlənib fayda gətirməsinin əsasını qoymuşuq. Bizim bu ‎işlərimizin böyük gələcəyi vardır. Bu ‎işlər XXI əsrdə dünyada neft hasilatının ‎artmasını təmin edəcəkdir."‎

Tarixi arayış 3 iyul 2008-ci ildə yeniləşdirilib.‎