Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin "Ceylan-TV" televiziyası müxbirinin suallarına cavabı - Antalya, Simena köşkü, 8 iyun 1999-cu il


Sual: Cənab prezident, indi səhhətiniz necədir və bu istirahət ocağı barədə nə deyə bilərsiniz?

Cavab: Mən Türkiyəyə, Antalyaya gəldiyim zaman səhhətim xeyli yaxşılaşmışdı və burada istirahət edəndən sonra səhhətim tam yaxşıdır. Bu istirahət ocağı barədə fikrim çox yüksəkdir. Bura cənnət kimi bir yerdir. Ancaq bu cənnət kimi yeri daha da gözəlləşdirən buranın sahibləri - Ceylan qardaşlarıdır. Onlar burada böyük bir istirahət, dincəliş mərkəzi yaradıblar. Burada minlərlə insan istirahət edir, öz sağlamlığını möhkəmləndirir. Burada hər şey dünya standartlarına uyğundur. Bu, böyük nailiyyət, xoşbəxtlikdir. Çünki qaldırmaq asan məsələ deyil. Ona görə də bu istirahət ocağı barədə mənim ən gözəl təəssüratlarım vardır.

Sual: Cənab prezident, türk xalqına sözünüz varmı?

Cavab: Türk xalqına sözümü deməmişdən əvvəl istəyirəm məni Türkiyəyə istirahətə dəvət edən əziz dostum, qardaşım, Türkiyənin cümhur başqanı hörmətli Süleyman Dəmirələ hədsiz minnətdarlığımı və təşəkkürümü bildirim.

Mən may ayının 20-dən iyunun 9-dək Türkiyədəyəm, burada istirahət edirəm. May ayının 25-dən isə Antalyadayam. Mənim istirahətim üçün burada ən gözəl şərait yaradılıbdır. Bunların hamısına görə təşəkkür edirəm.

Burada istirahət etdiyim bu iqamətgah Ceylan qardaşlarınındır. Onlar burada mənə çox böyük qonaqpərvərlik, mehribanlıq, dostluq münasibəti göstərdilər. Bunlar hamısı isə mənim yaxşı istirahətimi və sağlamlığımın artmasını təmin edibdir. Mən bütün bunlara görə Ceylan qardaşlarına təşəkkür edirəm. Onları Azərbaycana dəvət edirəm ki, respublikamıza gəlsinlər, bizim dostluğumuz bundan sonra daha da inkişaf etsin.

Türk xalqına isə sözüm ondan ibarətdir ki, türk xalqı qəhrəman xalqdır. Türk xalqı Türkiyəni qısa bir zamanda dünyanın ən qüdrətli və inkişaf etmiş dövlətlərindən birinə çevirdi. Bu, türk xalqının xidmətlərinin nəticəsidir. Mən türk xalqına gözəl istiqbal, rifah, sülh, əmin-amanlıq, ən gözəl uğurlar diləyirəm.

Müxbir: Cənab prezident, Sizə dərin təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sağ olun, mən də sizə təşəkkür edirəm.

Tarixi arayış