Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Estoniya Xarici İşlər Nazirinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində respublikamıza gəlmiş, Estoniyada yaşayan bir qrup soydaşımızla görüşdə söhbəti - Prezident sarayı, 2 mart 2000-ci il


Heydər Əliyev: Salam, xoş gördük sizi. Estoniyada işiniz, vəziyyətiniz necədir? Siz çoxdandır orada yaşayırsınız?

Həbib Quliyev (Baltikyanı və Skandinaviya dövlətlərində yaşayan Azərbaycanlıların Beynəlxalq

Cəmiyyətinin sədri): Cənab prezident, bəli. 20 ildən çoxdur orada yaşayırıq. İlk öncə orada "Ocaq" cəmiyyəti

yarandı və tədricən inkişaf etməyə başladı.

Heydər Əliyev: Estoniyada nə qədər azərbaycanlı yaşayır?

Həbib Quliyev: Cənab prezident, 2 minə yaxın azərbaycanlı yaşayır. Hamısının da vəziyyəti  yaxşıdır.

Heydər Əliyev: Gərək ki, Baltikyanı ölkələr - Latviyada da, Litvada da azərbaycanlılar çoxdur.

Həbib Quliyev: Bəli, orada da "Azəri" cəmiyyəti fəaliyyət göstərir. Bizim digər Baltikyanı, Skandinaviya ölkələri ilə də əlaqələrimiz vardır.

Heydər Əliyev: Ailəlisiniz?

Həbib Quliyev: Hamımız ailəliyik. İki oğlum, iki qızım var.

Heydər Əliyev: Sənin arvadın estondur?

Həbib Quliyev: Cənab prezident, xeyr. Xanımım azərbaycanlıdır, özü də Naxçıvandandır.

Niyazi Hacıyev: Cənab prezident, mənim arvadım rusdur. İki uşağım - bir qızım, bir oğlum var.

Xanlar Ağasıyev: Mənimki azərbaycanlıdır. Üç uşağım var.

Heydər Əliyev: Bəs sən?

Həbib Quliyev: Cənab prezident, mən Estoniyada doğulmuşam. Anam eston qızıdır, atam isə azərbaycanlıdır. Mən eston məktəbində oxumuşam. Təəssüf ki, atamla anam ailədə rus dilində danışırlar. İndi mən bazar günü məktəbinlə türk dilini öyrənirəm.

Heydər Əliyev: İndi nazir dedi ki, azərbaycanlılar eston dilini yaxşı öyrənirlər, nəinki başqaları.

Həbib Quliyev: Mənim oğlum eston məktəbində 9-cu sinifdə oxuyur və Azərbaycan dilini də yaxşı bilir.

Heydər Əliyev: Çox gözəl. Bilirsiniz, mən həmişə istəmişəm ki, azərbaycanlılar təkcə Azərbaycanda yaşamasınlar. Çünki Azərbaycanda onsuz da azərbaycanlı çoxdur. Siz yəqin bilirsiniz ki, mən keçmişdə - Azərbaycan Kommunist Partiyasının başçısı olduğum zaman çalışırdım ki, Azərbaycan gənclərini Azərbaycandan çıxarım. O mənada ki, Moskvaya, Leninqrada, Kiyevə, Tallinə, Riqaya göndərim.

Həbib Quliyev: Cənab prezident, məhz biz Sizin bəhrənizik.

Heydər Əliyev: O ölkələrə getsinlər, orada təhsil alsınlar. Kim istəyər - orada məskunlaşar, kim istəyər - geri qayıdar. Çünki, bilirsiniz, milli məhdudiyyət şəraitində yaşamaq hər millət üçün zərərlidir. Gərək millətlər, xalqlar başqa xalqlarla daha da geniş təmasda olsunlar və bir-biri ilə əlaqədə olsunlar. Bu, insanları daha da inkişaf etdirir. Bəli, mən bunu həmişə istəmişəm. Amma indi görürəm ki, mənim bu istəklərimin hamısı həyata keçibdir. Mən o vaxtlar ildə 800-900 gənci Azərbaycandan xaricdəki universitetlərə - Moskvaya, Leninqrada, Kiyevə göndərirdim.

Həbib Quliyev: Fərqlənmə ilə qurtaranları xaricə göndərirdiniz.

Heydər Əliyev: Çoxlarını göndərirdim. Hətta mən danışmışdım - o universitetlərdə imtahan vermək çətin idi - bizim üçün güzəşt edirdilər, bizim gənclər burada imtahan verirdilər. Ondan sonra qəbul olunur, gedib Moskva universitetində, Leninqrad universitetində, Kiyev universitetində, yaxud başqa universitetlərdə oxuyurdular.

Həbib Quliyev: Cənab prezident, biz bunların şahidiyik.

Heydər Əliyev: Mən bunları nəyə görə edirdim? İstəyirdim ki, azərbaycanlıları Azərbaycandan bir az çıxarım. Çünki adam həmişə öz evində yaşasa, dünyanı görməsə, inkişaf edə bilməz. Adam gərək öz evindən də bir az kənara çıxsın, öz kəndindən də kənara çıxsın, öz şəhərlərindən də kənara çıxsın, öz ölkəsindən kənara çıxsın. Onda adamın dünyagörüşü daha da genişlənir, artır.

Mən çox məmnunam. Hesab edirəm ki, siz orada həm özünüz üçün, həm də Azərbaycan üçün çox yaxşı işlər görürsünüz. Məsələn, siz Azərbaycanı Estoniyada tanıdırsınız. Bir nümayəndə gəldi, iki nümayəndə gəldi, bir gün, iki gün söhbət etdi, Azərbaycan haqqında məlumat aldı. Amma bir də var ki, orada, Estoniyada bilirlər ki, dünyada Azərbaycan milləti də vardır. Kimdir? Filankəsdir, filankəsdir, filankəsdir. Sizə baxaraq azərbaycanlı haqqında fikir yaranır: azərbaycanlı nə təhər olur, onun gözü nə təhərdir, qaşı nə təhərdir, onun əxlaqı nə təhərdir, istedadı nə cürdür, iş bacarığı nə cürdür. Mən görürəm ki, siz bu barədə Azərbaycan xalqını yaxşı təmsil edirsiniz. Çox yaxşı.

Həbib Quliyev: Çox istərdik ora gələsiniz, görəsiniz.

Heydər Əliyev: İnşallah, gələcəyəm. Siz orada Azərbaycan dilində bir məktəb düzəldin. Uşaqlarınızı eston dilində öyrədirsiniz - bu, çox yaxşı.

Həbib Quliyev: Mənim uşaqlarım dörd dil bilirlər.

Heydər Əliyev: Lap yaxşı, amma Azərbaycan dilini də öyrənsinlər. Azərbaycan dilini bu oğlana da öyrədin. Uşaqlarınızı da öyrədin. Qoy eston dilini də bilsin, ingilis dilini də bilsin, fransız dilini də bilsin, rus dilini də bilsin. Amma Azərbaycan dilini də bilsin, Azərbaycan dilinə diqqəti artırsın.

Həbib Quliyev: İnşallah, qismət olsun, orada özünüz danışarsınız, məktəb açılar, övladlarımız da öyrənərlər.

Heydər Əliyev: İnşallah, gələcəyəm. Siz çoxdan burada, Bakıda, Azərbaycanda olmursunuz?

Həbib Quliyev: Sonuncu dəfə bir il bundan qabaq Bakıda müsəlmanların qurultayında iştirak etmişəm.

Heydər Əliyev: Yaxşı. Gəzin, baxın, görün Azərbaycanı.

Həbib Quliyev: İndi məscid məsələsi ilə məşğuluq. Şeyximiz məktub veribdir. İlk addımları atmışıq.

Heydər Əliyev: Həll edin. Məscid də düzəltsəniz yaxşı olar. Amma əsas məktəbdir. Sonra, ikinci məsciddir. Namazı evdə də qıla bilərsiniz. Uşaqlar gərək dil öyrənsinlər, bizim milli ədəbiyyatımızı, milli tariximizi - bunları gərək öyrənsinlər. Yaxşı, çox sağ olun. Burada elə bir probleminiz yoxdur?

Həbib Quliyev: Cənab prezident, bir az əlyazmalarım vardır, onu üzə çıxarmağa ehtiyac vardır. Çox sevindirici yazılarım vardır.

Heydər Əliyev: Dilarə xanım Seyidzadə mənim köməkçimdir. Onları verin, əlaqə yaradın, nə lazımdır - həll edin.

Həbib Quliyev: Çox sağ olun, cənab prezident. Doğulduğumuz elin, obanın adını ömür boyu qoruyub saxlamışıq. Heç vaxt istifadə etməmişəm. Mən Zəngəzur mahalındanam. Həmişə qıraqda tanınmışıq. Biz tək deyilik.

Heydər Əliyev: Hərə öz yerini sevməlidir.

Həbib Quliyev: Biz Sizinlə fəxr edirik. Sizə ürəkdən deyiləsi çox sözlərimiz var. Sizin adınızla yaşayırıq. Heç nəyə ehtiyacımız yoxdur. 22 ildə heç bir qapı döyməmişik. Milli qürur hər şeydən üstündür.

Heydər Əliyev: Çox sağ olun.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər

DİASPOR