"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sloveniya Respublikasının Prezidenti zati-aliləri cənab Yanez Drnovşekə məktubu" (3 dekabr 2002-ci il) sənədinə tarixi arayış


Sloveniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin fevralında qurulub.

Avropa Birliyi, NATO kimi nüfuzlu təşkilatların üzvü olan Sloveniya Respublikası iqtisadi, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu nəticələr qazanıb. Azərbaycan və Sloveniya rəsmi dairələrinin müxtəlif vaxtlarda qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin güclənməsinə yönəlib.

2002-ci il martın 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sloveniyanın Türkiyəyə, eyni zamanda Azərbaycana təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri A. Qrassellinin etimadnaməsini qəbul edib. Prezident bundan sonra iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.(http://www.mfa.gov.az/)

2002-ci il aprelin 19-20-də Sloveniyanın xarici işlər naziri D. Rupel Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı o, bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il dekabrın 3-də Sloveniyanın prezidenti seçilməsi münasibəti ilə Yanez Drnovşekə təbrik məktubu göndərib. Məktubunda Azərbaycan prezidenti iki ölkə arasında hər sahədə əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu və bunun üçün səylərini əsirgəməyəcəyini bildirib.

2005-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Sloveniyanın xarici işlər naziri D. Rupelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, münaqişənin nizama salınması perspektivləri, Azərbaycan-ATƏT əməkdaşlığı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il avqustun 27-29-da Sloveniyada rəsmi səfərdə olub. Rəsmi səfər zamanı İlham Əliyevlə Sloveniya Prezidenti Yanez Drnovşek arasında təkbətək görüş olub. Görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Prezidentlərin təkbətək görüşündən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə iki ölkə arasında siyasi dialoqun fəal həyata keçirildiyi bildirilib. İqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün geniş imkanlar və onun perspektivləri barədə söhbət açılıb. Avropa İttifaqı ilə yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Sloveniya arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Sloveniya prezidentinə məlumat verərək münaqişə ilə bağlı Azərbaycanın mövqeyini onun diqqətinə çatdırıb. Görüşdən sonra bir sıra vacib sənədlərlə yanaşı prezidentlərin birgə bəyannaməsi də imzalanıb.

Səfər çərçivəsində prezident İlham Əliyev Sloveniyanın Bled şəhərində keçirilən "Caspian Outlook"-2008" Bled Strateji Forumunda iştirak edərək nitq söyləyib. Forumda əsas diqqət enerji ehtiyatlarının Xəzər regionundan Qərbi Avropaya nəqli məsələlərinə yönəlib. İqtisadi inkişaf olmadan siyasi islahatları istənilən səviyyədə həyata keçirməyin mümkünsüzlüyünü vurğulayan Azərbaycan prezidenti ölkədə gedən hüquqi, demokratik, dünyəvi dövlət quruculuğundan danışıb.

Tarixi arayış 11 yanvar 2008-ci ildə tərtib edilib.