Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yalta zirvə görüşündən Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərə verdiyi müsahibə - 19 avqust 2000-ci il


Heydər Əliyev: Səfər yaxşı keçdi, çox lazımlı səfər idi. Mən görüşlərimizdən çox məmnunam.

Ölkə daxilində olan vəziyyətə görə bir neçə dövlət başçısı, məsələn, İslam Kərimov, Əsgər Akayev oraya gələ bilməmişdilər. Saparmurad Niyazov da gəlməmişdi. Ancaq qalan dövlət başçılarının hamısı vardı. Yaxşı fikir mübadiləsi apardıq. Bu görüş qeyri-formal bir görüş idi. Yəni orada gündəlik yox idi, hansısa bir məsələ müzakirəyə çıxarılmamışdı. Sadəcə, biz MDB problemləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Mən bundan çox məmnunam.

Eyni zamanda, ikitərəfli görüşlərimiz oldu - Rusiya prezidenti Putin ilə, Ukrayna prezidenti Kuçma ilə, Ermənistan prezidenti Köçəryan ilə, Gürcüstan prezidenti Şevardnadze ilə. Bunlar xüsusi görüşlər idi, biz xeyli vaxt sərf edib danışdıq. Ümumiyyətlə isə hamımız bir yerdə idik, görüşürdük, danışırdıq.

Sual: Cənab Prezident, Ermənistan prezidenti Robert Köçəryanla görüşünüz zamanı hansısa yeni təklif səsləndimi? Çünki ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri Keri Kavano bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair yeni təklif yalnız iki prezidentin görüşündə ola bilər.

Cavab: Bilirsiniz, mən həmişə sizə demişəm – mən bizim bu görüşlər haqqında vaxtından əvvəl heç bir məlumat vermirəm. Biz ikimiz də eyni fikirdə olduq ki, prezidentlərin dialoqu davam etməlidir. Biz – prezident Köçəryan da, mən də bunu orada mətbuata bəyan etdik. Dialoq davam etməlidir, məsələnin sülh yolu ilə həllinə nail olmalıyıq və bunlardan ötrü qarşılıqlı kompromislərə getməliyik.

Sual: Cənab Prezident, yəqin eşitmisiniz, dünən Naxçıvandan Bakıya uçan təyyarəni terrorçu ələ keçirmək istəyirdi, lakin o, tərksilah olundu. Siz bunu necə qiymətləndirirsiniz? Mən terrorçunun müsavatçı olmasını nəzərdə tuturam.

Cavab: Mən bunu eşitmişəm. Hadisə baş verən kimi məlumat almışam, daim telefon əlaqəsində olmuşam. Ancaq mən bunu heç nə cür qiymətləndirə bilmərəm, bunu yəqin ki, istintaq müəyyən edəcəkdir. Siz deyirsiniz ki, o, müsavatçıdır, yəqin, onu müsavatçı kimi qiymətləndirirsiniz. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR