Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ötən kənd təsərrüfatı ilinin yekunları, 1996-cı ildə görüləsi işlər, aqrar bölmədə iqtisadi islahatların həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə giriş sözü - Prezident Sarayı 2 aprel 1996-cı il


Hörmətli müşavirə iştirakçıları!

Bugünkü müşavirə respublikamızın iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatının, aqrar bölmənin problemlərinə həsr olunub. Müşavirənin məhz bu vaxt keçirilməsi onunla bağlıdır ki, biz 1995-ci ildə kənd təsərrüfatı sahəsində görülmüş işləri yekunlaşdırmalıyıq və 1996-cı ilin vəzifələri haqqında, xüsusən builki yaz mövsümündə kənd təsərrüfatında görüləcək işlərin gedişi barədə müzakirələr aparmalıyıq. Bu, kənd təsərrüfatının cari məsələləri ilə əlaqədar olan problemlərdir. Amma eyni zamanda, kənd təsərrüfatında, aqrar bölmədə köklü dəyişikliklər aparılmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, iqtisadiyyatımızın inkişafını təmin etmək üçün biz əvvəlki görüşlərdə, müşavirələrdə geniş müzakirələr keçirmişik. Aqrar bölmədə, kənd təsərrüfatında islahatlar aparmalıyıq. Aqrar sahədə islahatlar aparmaq üçün biz iki çox mühüm qanun qəbul etmişik. Bu qanunların həyata keçirilməsi işinə başlanıb Ancaq hesab edirəm ki, bu iş biz istədiyimiz sürətlə getmir. Bir tərəfdən ona görə ki, bu qanunlardan irəli gələn vəzifələrin icrası, həyata keçirilməsi üçün müvafiq təşkilatlar, nazirliklər, yerli orqanlar lazımi qədər fəallıq, təşəbbüskarlıq göstərmirlər. İkinci tərəfdən, bu qanunların həyata keçirilməsi üçün başqa qanunların da qəbul olunması lazımdır. Ona görə də mən bugünkü müşavirənin keçirilməsi barədə qəгаг qəbul edərkən məhz bu problemlərin müzakirə olunmasını nəzərdə tutmuşam. Yəni kənd təsərrüfatı sahəsində cari məsələlər, yaz mövsümündə görüləsi işlər və bu işlərin aparılmasına hazırlığın səviyyəsi, 1996-cı ildə kənd təsərrüfatında məhsul istehsalının artırılması, bununla yanaşı kənd təsərrüfatında, aqrar bölmədə iqtisadi islahatların bu il sürətlə həyata keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmalıdır. Biz aqrar bölmədə iqtisadi islahatlar ilə əlaqədar iki qanun qəbul edərkən qarşımızda vəzifə qoymuşduq ki, bu qanunların həyata keçirilməsinin başlanğıcı sürətlə aparılmalıdır. 1996-cı ilin birinci rübü artıq başa çatdı. Ancaq bir daha qeyd edirəm, bu işlərin gedişini qənaətbəxş hesab etmək olmaz. Ona görə də bax, bu məsələləri müzakirə etmək üçün bizim bu gün burada yığışmağımıza və müzakirələr aparmağımıza ehtiyac var.

Belə hesab edirəm ki, biz kənd təsərrüfatı naziri İrşad Əliyevin məruzəsini dinləməliyik. İrşad Əliyev gərək öz məruzəsində həm 1995-ci ilin yekunları barədə təhlili məlumat versin ki, hansı işlər görülüb, hansı işlər görülməyib və buraxılan səhvlərin səbəblərindən bəhs etsin. O, 1996-cı ildə görüləcək işlər, qarşıda duran vəzifələr və xüsusən bu il kənd təsərrüfatı işlərinin müvəffəqiyyətlə aparılması üçün hansı məsələlərin həll edilməsinin zəruriliyi barədə məlumat verməlidir. Əvvəlki görüşlərimizdə, keçirdiyimiz müşavirələrdə, mənim fərmanlarımda və qəbul olunmuş qanunlarda nəzərdə tutulmuş aqrar islahatların aparılması və əldə edilən nəticələr barədə məlumat verməlidir.

Nəzərdə tutulub ki, ikinci məruzəni Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə etsin. Biz torpaq islahatı barədə qanun layihəsi hazırlamışıq. Bu, çox mühüm bir qanun layıhəsidir, yəni qəbul ediləcək bir qanundur. Bu qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarmadan əvvəl mən besab etdim ki, bu layihələr barədə məlumat verilsin və layihəyə münasibət bugünkü müşavirədə müzakirə olunsun.Təkcə bugünkü müşavirədə yox, ola bilər, bundan sonra rayon rəhbərləri, müvafiq nazirliklər bu qanun layihəsi ilə əlaqədar fikirlərini, təkliflərini təqdim etsinlər ki, onları nəzərə alaraq Milli Məclisin müzakirəsinə daha mükəmməl səviyyədə layihə təqdım edə bilək.

Yekun Sözü

Bu gün biz respublikamızın iqtisadiyyatının böyük sahəsini bir daha nəzərdən keçirdik. Bu sahədə indiyədək görülmüş bütün işlər təhlil olundu və görüləcək işlər haqqında təkliflər, mülahizələr irəli sürüldü. Mən bu gün fürsətdən istifadə edib onu demək istəyirəm ki, Azərbaycan Respublikasının təbiəti, iqlimi, ərazisi, torpaqları ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı üçün çox gözəl və əlverişli şərait yaradır, Biz taleyimizdən çox razı olmalıyıq ki, dünyanın belə bir gözəl guşəsində yaşayırıq. Bildiyiniz kimi, Qafqaz dünyanın ən gözəl regionlarından biri hesab olunur. Qafqazın təbiəti, iqlimi, dağları, çayları, ovalıq və meşələri, gözəl torpaqları dünya səyyahlarını həmişə cəlb etmişdir. Ona görə də, Qafqaz Yer kürəsinin incilərindən biri hesab olunur. Bunu deməyə əsasımız var ki, Azərbaycanın ərazisi, Azərbaycan Respublikasının torpaqları Qafqazın başqa ölkələrinin, başqa respublikaların ərazısinə, torpaqlarına, təbiətinə nisbətən, zənnimcə, ən zəngindir. Alimlərimiz, yazıçılarımız dəfələrlə böyük iftixar hissi ilə qeyd etmişlər ki, dünyanın 11 iqlim qurşağından doqquzu Azərbaycanda var. Bu, bəlkə də bəzən sadəcə olaraq öz diyarımızı, öz ölkəmizi başqalarına daha gözəl göstərmək üçün işlədilən ifadədir. Ancaq bu, həqiqətə uyğundur. Doğrudan da, bizim Aran zonasında çox gözəl münbit torpaqlarımız, pambıq və digər texniki bitkilərin əkilib becərilməsi üçün yararlı torpaqlarımız var. Biz taxıl məhsulları istehsal etmək üçün çox yararlı torpaqlara malikik. Azərbaycanda üzümçülük çox geniş inkişaf etdirilmişdi. Bunu hamı bilr. Əgər qısa bir müddətdə, cəmi on il ərzində Azərbaycanda üzüm istehsalı 200 min tondan 2 milyon tonadək artdısa, yaxud üzüm bağlarının sahəsi 1981-1982-ci illərdə 280-285 min hektardan təxminən 300 min hektara çatdırıldısa və biz bir о qədər üzüm istehsal edə bildiksə, buna ən əvvəl münbit və məhsuldar torpaqlarımız, əlverişli iqlim şəraiti imkan vermişdir.

Bizim çox zəngin meyvə bağlarımız var. Quba, Xaçmaz, Qusar zonasında, yaxud Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala Balakən zonasında və başqa zonalarda da, məsələn, Naxçıvan Muxtar Respublikasında, о cümlədən Ordubadda və onun başqa bölgələrində də gözəl, xüsusi iqlimə, xüsusi torpağa mənsub olan barlı-bərəkətli meyvə bağlarımız var. Biz Qarabağda nə qədər gözəl meyvə bağlarına malikik - həm Dağlıq Qarabağda, həm də Aran Qarabağında. Subtropik zonanı götürün, Lənkəran, Masallı, Astara həm gözəldir, həm də orada cürbəcür meyvələr, subtropik bitkilər yetişdirmək üçün, məhsul almaq üçün şərait var.

Tərəvəz bitkiləri, özü də müxtəlif fəsillərdə ən tez yetişən, ən faraş tərəvəz məhsulları yetişdirmək üçün Azərbaycanda böyük imkanlar mövcuddur. Təsadüfi deyildir ki, о vaxtlar, yəni Sovet İttifaqı dövründə Azərbaycan bütün İttifaqı, xüsusən onun Şimal zonasını faraş tərəvəzlə təmin etmək üçün "Ümumittifaq bostanı" adlandırılırdı. Bəli, burlar təsadüfi deyildi, bunların hamısı illər boyu, on illər boyu aparılan elmi tədqiqatlar nəticəsində müəyyən edilmişdi və biz böyük bir dövlətin tərkibində olduğumuza görə torpaqlarımızın ayrı-ayrı hissələrindən ümumdövlət, ümumittifaq mənafeyi naminə istifadə edilirdi.

Heyvandarlıq üçün, heyvandarlıq məhsulları istehsal etmək üçün Azərbaycanın, demək olar, bütün bölgələrində çox gözəl imkanlar var. Biz gözəl təbii otlaqlara, gözəl dağ yerlərinə, heyvandarlıqla səmərəli məşğul olmaq üçün əlverişli imkanlara malikik. Bilirsiniz, mən keçmişdə də Azərbaycanın gələcəyi, müstəqilliyi haqqında düşünərkən və Sovet İttifaqı dağılan zaman bu barədə öz fikrimi qəti bildirərkən Azərbaycanın müstəqil yaşamağı üçün tam imkanı olduğu barədə fikirlərimi deyərkən, eyni zamanda zəngin yeraltı sərvətlərimizlə, neft-qaz yataqlarımızla və başqa mədənlərimizlə bərabər, böyük sənaye potensialı ilə bərabər geniş aqrar sektorda, kənd təsərrüfatı sahəsində, ərzaq məhsulları istehsalı sahəsində də Azərbaycanın böyük potensialını həmişə nəzərə alırdım. Biz elə bir ölkəyik ki, əgər öz təbiətimizdən, iqlimimizdən səmərəli istifadə etsək, özümüzü bütün ərzaq məhsulları ilə təmin edə bilərik və bir çox kənd təsərrüfatı məhsullarını, - həm ərzaq məhsullarını, həm də texniki bitki məhsullarını, yəni pambığı, tütünü, çayı hətta ixrac edə bilərik. Bizim belə böyük imkanlarımız var. Ona görə də, bu baxımdan, bu keyfiyyətlərə görə Qafqazda Azərbaycana bərabər olan ölkə yoxdur, Azərbaycana bərabər olan bir respublika yoxdur. О cümlədən, Cənubi Qafqazda müstəqil dövlətlərin heç birinin, - mən Gürcüstanı və Ermənistanı nəzərdə tuturam, - Azərbaycan kimi ərzaq məhsulları, kənd təsərrüfatı məhsulları istehsal etmək imkanları yoxdur. Bu, Allah-Təaladan xalqımıza bəxş olunan nemətdir və böyük sərvətimizdir. Bunu hamı bilməlidir. Ona görə hamı bilməlidir ki, biz bundan səmərəli istifadə edək. Bax, buna görə də, bir tərəfdən, kənd təsərrüfatı sahəsi, aqrar sektorumuz iqtisadiyyatın böyük bir hissəsidir. Digər tərəfdən isə, bu imkanlar bizə yaşamaq üçün, əhalimizi bu gün də, gələcəkdə də yarıdan bir qədər az hissəsini, bəlkə də zəruri ərzaq məhsulları ilə təmin etmək üçün imkan verir.

Bir şeyi də nəzərə almaq lazımdır ki, əhalimizin, demək olar, yarısı kənd yerlərində yaşayır. Düzdür, 70-ci illərdə bu nisbət bir qədər dəyişmişdi. Məsələn, şəhərlərdə yaşayan əhalinin sayı kənddə yaşayanların sayından çox idi və bu meyl davam edir, şəhərlər böyüyürdü, kənd yerlərindən adamlar şəhərlərə - Bakıya, Gəncəyə, о cümlədən yeni şəhərlərə - Sumqayıta, Əli Bayramlıya, Mingəçevirə və digər şəhərlərə gəlirdilər. Ancaq son illərdə respublikada yaranmış vəziyyət, sənaye müəssisələrimizin zəif işləməsi, yaxud tamamilə dayanması adamların çoxunu yenə də kəndə, kənd təsərrüfatına qaytarıbdır. Orada kənd təsərrüfatı ilə məşğul olan adamlar əhalimizin çox hissəsini, bəlkə də yarıdan bir qədər az hissəsini, bəlkə də təxminən yarısını təşkil edirlər. Ona görə də kənd təsərrüfatı, aqrar sektor bizim iqtisadiyyatımızın aparıcı hissəsidir, onun həlledici sahəsidir. Bu, bir tərəfdən. Digər tərəfdən isə, təkcə iqtisadiyyatın inkişafı naminə yox, həm də əhalimizi ərzaq məhsulları ilə təmin etmək üçün, xalqımıza lazım olan malların istehsalından ötrü xammal ilə təmin etmək üçün kənd təsərrüfatımız, aqrar sektorumuz mühüm bir sahədir. Bu sahədə vəzifələrimiz böyükdür, elə məsuliyyətimiz də böyükdür. Biz bu qədər böyük imkanlardan istifadə edib əhalimizin həyat tərzini yaxşılaşdırmalı, rifahını yüksəltməliyik. Bunun üçün bizim tam imkanımız var. Bu baxımdan indiki müşavirə və ötən illərdə keçirdiyimiz müşavirələr çox böyük əhəmiyyət kəsb edir. Bunlar təkcə müşavirənaminə yox, əsas məqsədimizə nail olmaq üçün, bu sahəni inkişaf etdirmək üçün, burada yaranmış problemləri aradan qaldırmaq üçün və bu sahədə olan istifadə edilməmiş potensial imkanları hərəkətə gətirmək üçün keçirilir.

Bugünkü müşavirəmizin başlanğıcında mən qeyd etdim ki, bu müşavirə həm ötən ilin yekunlarına, cari ildə qarşıda duran vəzifələrə, həm də əsas məsələmizə - aqrar sektorda, kənd təsərrüfatında islahatların aparılmasına və indiyədək görülmüş işlərin yekunlarına həsr olunur. Kənd təsərrüfatı sahəsində, kənd təsərrüfatı məhsulları istehsalı sahəsində keçən ilin nəticələri haqqında burada verilən məlumatlar, zənnimcə, tam təsəvvür yaradır. Təəssüf ki, çox təəssüflər olsun ki, keçən il biz nəinki irəliyə gedə bilmədik, hətta müəyyən sahələrdə əvvəlki illərə nisbətən geri düşdük, yəni inkişafı təmin edə bilmədik. Bu, əlbəttə, çox narahatedici haldır və bizi incidir. Ona görə ki, respublikamızın kənd təsərrüfatının imkanları böyükdür. Ona görə ki, biz cəmi on il bundan öncə həmin bu təbiətimizdən, həmin bu torpaqlarımızdan, həmin bu iqlim şəraitimizdən yüksək nailiyyətlər, böyük həcmdə, böyük miqdarda kənd təsərrüfatı məhsulları əldə etmişik. Əgər respublikamız 70-ci illərdə - 80-ci illərin əvvəllərində ildə orta hesabla 800 min ton pambıq istehsal edirdisə, istər 93-cü ildə, istər 94-cü ildə, istərsə də 95-ci ildə heç 300 min tona da çata bilmir. Deməli, məhsuldarlıq təxminən üç dəfə azalıbdır. Bu, onu göstərir ki, biz nə qədər imkanı əldən vermişik. Əgər о rəqəmlər, əldə etdiyimiz nailiyyətlər olmasaydı, onda deyərdik ki, bizim imkanlarımız elə bundan ibarətdir. Amma məlumdur ki, bizim bu sahədə imkanlarımız bundan üç dəfə artıqdır.

Taxıl indi bizim üçün ən zəruri ərzaq məhsuludur. Çünki necə olursa-olsun biz əhalimizi taxıl, çörək ilə təmin etməliyik. Taxıl istehsalı da о illərə nisbətən çox aşağı düşübdür. Əgər 1994-cü ildə 1 milyon 100 min ton taxıl istehsal olunmuşdusa, 1995-ci ildə 900 min ton taxıl məhsulu götürülmüşdür. Doğrudur, burada kənd təsərrüfatı naziri dedi ki, məhsulun bir hıssəsi gizlədilibdir. Ola bilər, 200-300 min ton gizlədilibdir. Amma bir yerə getməyib ki, gizlənilsə də istifadə olunub, mənimsənilibdir. Əlbəttə, qanunsuz istifadə edilibdir. Buna baxmayaraq, bizim imkanlarımız bu qədər deyildir. Əgər keçən il biz 600 min hektardan çox sahəyə taxıl səpmişdiksə, buradan ən azı, şübhəsiz 1,5 milyon ton taxıl əldə etməliyik. Bizdə üzüm, tərəvəz, meyvə, çay, tütün istehsalı da aşağı səviyyədədir.

Beləliklə, 1995-ci ilin yekunlarından danışarkən onu demək lazımdır ki, keçən il kənd təsərrüfatı sahəsində, aqrar sahədə qənaətbəxş hesab edilə bilməz. Biz, sanki, о adamlar deyilik. Yox, həmin adamlarıq, həmin torpaqda yaşayan insanlarıq. Ancaq nədənsə məsuliyyət hissi azalıbdır, işə münasibət dəyişibdir. Aydındır, bunların hamısı son illər respublikada baş vermiş dağıdıcı proseslərin nəticəsidir. Təxminən 1988-ci ildən Azərbaycan ilbəil dağıdılmışdır. Bir tərəfdən, Ermənistanın Azərbaycana təcavüzü respublikada daxili vəziyyəti gərginləşdirib, şübhəsiz, bütün sahələrə mənfi təsir göstəribdir. İkinci tərəfdən isə, respublikanın daxilində gedən ictimai-siyasi proseslər, cürbəcür qeyri-qanuni hərəkətlər, cürbəcür cinayətkar qrupların burada hökm sürməsi, hakimiyyəti ələ keçirməsi iqtisadiyyatımızı bu vəziyyətə gətirib çıxarmışdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, iqtisadiyyatda gedən dəyişikliklər, yəni bir iqtisadi sistemdən başqa iqtisadi sistemə keçid, bir quruluşdan başqa bir quruluşa keçid prosesləri bunların hamısı respublikanın iqtisadiyyatına belə mənfi təsir göstərib və bizi belə vəziyyətə salıbdır. Etiraf etmək lazımdır ki, keçmiş Sovet İttifaqının başqa bölgələrində də, indi müstəqil dövlətlər olan başqa respublikalarda da vəziyyət təxminən belədir, bəlkə bir az yaxşıdır, bəlkə də pisdir. Məsələn, Arif Rəhimzadə Nijni Novqorod və Oryol vilayətlərinə getmişdi. О qayıdandan sonra mən onunla söhbət etdim. Məlumdur ki, Oryol və Nijni Novqorod islahatların keçirilməsində Rusiyada ən qabaqcıl vilayətlər hesab olunur. Ona görə də Milli Məclisin üzvləri Arif Rəhimzadə və başqaları bu vilayətlərə gediblər ki, orada olan vəziyyəti, təcrübəni öyrənsinlər və biz bunları öz işlərimizdə tətbiq edə bilək. O, burada bu haqda məlumat verdi. Şübhəsiz ki, müxtəlif formalarda islahatlar keçirilir. Ancaq təəssüf ki, Rusiya kimi böyük bir dövlətdə və islahatların həyata keçirilməsində öndə gedən dövlətdə də bu islahatlar hələ yarımçıq bir vəziyyətdədir. Məsələn, Rusiyada indiyə kimi torpaq islahatı haqqında qanun, torpaq məcəlləsi qəbul olunmayıbsa və bu gün də elə bir vəziyyət yaranırsa ki, bunların qəbul olunub-olunmayacağı hələ bilinmir, şübhəsiz, bu, onu göstərir ki, orada da vəziyyət normal deyil. Ancaq Nijni Novqorod və Oryol kimi məşhur vilayətlərdə də islahatlar zəifləyib. Arif Rəhimzadə mənə dedi ki, 1995-ci ildə orada istehsal 11 faiz aşağı düşüb. Bu, heç də bizə təskinlik verməməlidir, yaxud bizdə istehsalın aşağı düşməsinə bəraət qazandırmamalıdır. Mən bunları sizə çatdıraraq onu demək istəyirəm ki, daxili proseslər, Ermənistanın Azərbaycana təcavüzü ilə bərabər keçid dövrünün prosesləri iqtisadiyyatımızın, о cümlədən kənd təsərrüfatının vəziyyətinə mənfi təsir göstəribdir.

Mən bunları obyektiv təhlil üçün deyərək, onu da bildirmək istəyirəm ki, əgər biz 1994-cü və 1995-ci illərdə islərimizi istənilən səviyyədə qura bilsəydik və bu islahatları başlayan zaman sürətlə apara bilsəydik bu gün 1995-ci ilin vekunları haqqında danışanda daha sevindirici rəqəmlər gətirə bilərdik. Bunun əsas səbəbi buraxılan səhvlər və özümüzün işə münasibətimizin hələ də dəyişməməsidir. Mən bunu deyəndə, şübhəsiz ki, bu sahə ilə məşğul olan nazirliklərin, şirkətlərin, rayon icra hakimiyyətlərinin, rayonlarda kənd təsərrüfatı ilə bağlı təşkilatların fəaliyyətini və Nazirlər Kabinetinin işini nəzərdə tuturam. Hesab edirəm ki, biz 1995-ci ili daha yaxşı yekunlarla başa çatdıra bilərdik. Əgər bunu edə bilməmişiksə, günah bizim özümüzdədir. Bundan nəticə çıxarmaq lazımdır. Hesab edirəm ki, 1996-cı ildə kənd təsərrüfatı sahəsində irəliləməliyik. Kənd təsərrüfatı məhsulları istehsalı 1994-cü və 1995-ci illərə nisbətən xeyli artmalıdır, biz bunu təmin etməliyik. Bu, qarşımızda duran ən mühüm vəzifədir. Mən sizin qarşınızda bu vəzifəni qoyuram. Sizdən aqrar bölmədə çalışan bütün təşkilatlardan, nazirliklərdən, komitələrdən, şirkətlərdən, rayon təşkilatlarından hamıdan bunu tələb edirəm. 1996-cı ilin 1-ci rübü başa çatıb. İndi kənd təsərrüfatı sahəsində işlərin ən həlledici dövrüdür. Yazdır. Əgər yaz aylarında biz işləri gərgin təşkil etsək və kənd təsərrüfatının əsas sahələrində qarşıda duran vəzifələri yerinə yetirə bilsək, 1996-cı ildə irəliləyə bilərik, kənd təsərrüfatı məhsulları istehsalını artıra bilərik və artırmalıyıq. Bu, bizim vəzifəmizdir, borcumuzdur, sizin borcunuzdur, üzərinizə düşən vəzifədir. Siz bunu etməlisiniz. Mən sizdən bunu tələb edirəm. Tələb edirəm, ona görə ki, hər bir nazirliyin, hər bir komitənin, şirkətin, rayon təşkilatının buna imkanları var və bu imkanlardan istifadə etmək lazımdır.

Bu gün burada çıxış edənlər iki ilə yaxındır ki, Azərbaycanın sülh şəraitində yaşadığını qeyd etdilər. Bəli, doğrudan da bu, böyuk nailiyyətdir. May ayının 12-də atəşkəs rejiminin iki ili tamam olacaqdır. Ancaq gəlin, açıq danışaq. Bu iki ildə sülh şəraitindən biz istehsalın,o cümlədən kənd təsərrüfatında istehsalın qaldırılması üçün necə istifadə etdik? Hansı səmərəyə nail olduq. Heç bir səmərə yoxdur. Bunu etiraf etmək lazımdır. Yaz tarla işləri çox gərgin aparılmalıdır və qarşıya qoyulan bütün vəzifələr vaxtında yerinə yetirilməlidir. Siz indi bütün vasitələrdən istifadə etməlisiniz. Həm mövcud istehsal formalarından, həm yaradılmış fermer təsərrüfatlarından, həm islahatlar nəticəsində yaranmış şəraitdən, bir sözlə, bütün imkanlardan istifadə edib istehsalı artırmaq lazımdır. 1996-cı ildə əsas vəzifə respublikamızda taxıl istehsalını təmin etməkdir. Bizdə 700 min hektar sahə taxılçılıq üçün ayrılmışdır. Buradakı çıxışlardan belə məlum oldu ki, əgər qış müəyyən qədər qeyri-münasib keçdisə də, son vaxtlar respublikada yağan yağışlar taxıl əkinlərinin vəziyyətini yaxşılaşdırıbdır. Odur ki, bol taxıl məhsulu götürülməsi bundan sonra görüləcək işlərdən asılıdır. Yəni təbiət bizə kömək etdi, yaxşı yağışlar yağdı, taxıl zəmilərini bolluca münbitləşdirdi. İndi becərmə ilə məşğul olmaq, yaxşı məhsul əldə etməyə çalışmaq lazımdır. Bu, bizim ən birinci vəzifəmizdir. Çünki bu, respublika əhalisinin çörəklə təmin olunması ilə əlaqədar vəzifədir.

Mən bu gün qeyd etdim və bir daha deyirəm ki, Nazirlər Kabineti, baş nazir Fuad Quliyev, onun müavini Abbasov və başqaları, Kənd Təsərrüfatı Nazirliyi, Taxıl Məhsulları Dövlət Şirkəti yerli və başqa təşkilatlarla birlikdə 1996-cı ildə və gələn ilin birinci yarısında respublikanın taxılla təmin olunması balansını çox qısa müddətdə yaratmalıdırlar. Bu balans yaranmalı və qısa müddətdə mənə təqdim edilməlidir. Aydındır, biz özümüz özümüzü taxıl ilə hələ ki, təmin edə bilmirik. Ancaq eyni zamanda bizim böyük imkanımız var. Nəzərə alınmalıdır ki, 700 min hektar taxıl zəmilərimiz var. Oradan nə qədər taxıl, nə qədər dən götürüləcək, о dənin nə qədərindən çörək istehsalı üçün istifadə olunacaqdır - bunun üçün həm balans hazırlanmalıdır, həm də taxıl məhsulu əldə etmək və bu məhsulu anbarlarımıza gətirmək üçün iqtisadi həvəsləndirmə şəraiti yaradılmalıdır. Burada Milli Bankın İdarə Heyətinin sədri danışanda dedi ki, bunun üçün imkanlar var və onlardan istifadə etmək olar. Balans tək ondan ibarət deyildir ki, biz buradan nə qədər taxıl götürəcəyik və haradan nə qədər alacağıq. Yox, respublikanın anbarlarına maksimum miqdarda taxıl gətirilməsi üçün hansı tədbirlər görüləcəyi müəyyən edilməlidir. Bu, balansın əsas hissələrindən biri olmalıdır. Həm də bu tədbirlər qısa müddətdə həyata keçirilməlidir. Burada Kamil Məmmədov qiymətləri elan etdi və dedi ki, artıq müqavilələr bağlayıb. Mən belə başa düşdüm ki, 200 min ton taxıl üçün müqavilələr imzalanıb. İndi baxaq görək, daha nə qədər müqavilələr bağlamaq olar, özü də bu müqavilələrin reallığını təmin etmək üçün nə etmək, hansı işləri görmək lazımdır. Mən bunu dəfələrlə demişəm və yenə də demək istəyirəm - keçmişdə heç kəs düşünmürdü ki, taxılı kim, nə cür, necə istehsal edəcəkdir. Sadəcə olaraq plan var idi, kolxoz və sovxozlar, rayon partiya komitələrinin rəhbərləri bu planı yerinə yetirməli ıdilər. Xatirimdədir, bizə 300 min ton taxıl istehsalı üçün ümumi tədarük planı verilirdi, sonra da İttifaqda taxıl çatışmırdı, buna görə də əlavə olaraq daha yüz min ton taxıl üçün plan verilirdi. Biz ildə 400 min ton taxıl məhsulu tədarük edib dövlətə verirdik. Amma, ondan sonra biz bir milyon tondan artıq taxıl alırdıq və bunu dövlətin anbarına təhvil verirdik. Sonra isə oradan yenidən alırdıq. Daha fikirləşmirdik ki, taxıl haradan gələcək və necə gələcək. Bu, dövlət tərəfindən planlaşdırılan ümumi bir iş idi. Ona görə də indi məsələ çox dəqiq müəyyən olunmalıdır. Həm də nə qədər dəqiq müəyyən edilsə, zənnimcə, biz öz taxıl zəmilərimizdən bir о qədər çox məhsul götürər və anbarlarımıza təhvil verərik. Bu, əsas vəzifələrdən biridir və mən bunu sizə tapşırıram, tələb edirəm qısa müddətdə bu məsələ barəsində mənə məlumat verəsiniz ki, nə etmisiniz və biz nə gözləyirik.

Pambıq istehsalı bizim çox mühüm bir sahəmizdir. Məsələn, keçən il çox az miqdarda pambıq istehsal olunduğu halda, kənd təsərrüfatı nazirinin dediyi kimi, 60 min ton pambıq mahlıcı satılıb, respublikaya 91 milyon dollar gətirilibdir. Mən onu qeyd etmək istəyirəm ki, Azərbaycan keçən illərdə özü pambığı sərbəst satmağa başlayıb və heç vaxt da bu qiymətə pambıq satılmayıbdır. Bəli, heç vaxt belə olmayıbdır. Doğrudur, pambıq istehsalı bundan çox olub və pambıq bundan da çox satılıbdır. Amma respublikaya bu qədər valyuta gəlməyibdir. Bu, nəyi göstərir? Deməli, işin təşkilində müəyyən müsbət nəticələr əldə edilibdir. Bu, eyni zamanda onu göstərir ki pambıq bitkisi bizim üçün olduqca mənfəətlidir. Bu gün mən fasilədə İrşad Əliyevdən soruşdum və o dedi ki, həmin 91 milyon dolların hamısı onların sərəncamına gəlibdir. Elədir, ya yox? Özünüz istifadə etmisiniz.

Doğrudur, bu gün burada Elman Rüstəmov faktlar gətirdi ki, bəzi yerlərdə bu pullardan öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bunu araşdırmaq lazımdır. Şübhəsiz ki, həmin adamlar cəzalandırılmalıdır. Axı, bu pullar ümumən respublikanın gəliridir. Ona görə də pambıq istehsalına ciddi fikir vermək gərəkdir. Pambıq məhsulundan mahlıc almaqla yanaşı, onun müəyyən hissəsi daxili tələblərimizə yönəldilmişdir və bundan mallar istehsal edilmişdir. Deməli, buradan da gəlir götürülübdür. Həm kənd təsərrüfatı sahəsi, həm də sənaye sahələrimiz. Şübhə yoxdur ki, pambıq respublikamız üçün gəlirli bitkidir, pambıqçılıq faydalı sahədir və biz işlərimizi bu istiqamətdə aparmalıyıq. İndi çiyid səpini başlayır. Bu vaxtadək görülmüş hazırlıq işləri öz yerində, amma mən tələb edirəm ki, bugünkü müşavirədən sonra bu sahədə əlavə tədbirlər görülsün. Çalışmaq lazımdır ki, keçən illərə nisbətən bu il pambıq istehsalı artsın. Buna da imkan var. Bu imkandan istifadə etmək lazımdır. Bunun üçün də yenə Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinin rəhbərliyi altında rayonlarla, pambıq becərənlərlə məsələləri aydınlaşdırmalıdır - yəni nə qədər pambıq alınacaq, ondan nə qədər götürüləcək, nə qədər mənfəət əldə edəcəklər. İndi keçmişdəkı kimi ola bilməz, 91 milyon dollar əldə olunan keçən ilin təcrübəsindən istifadə etmək, bu təcrübəni təbliğ etmək, əhaliyə çatdırmaq lazımdır. Bunun nəticəsində isə bu il pambıq istehsalı artmalıdır. Baxmaq lazımdır, bəlkə də əlavə sahələrə pambıq əkilməlidir. İrşad Əliyev məlumat verdi ki, guya onlar 210 min hektar sahədə pambıq əkmək istəyirlər, amma rayonlar bunu təmin etmirlər. Bunu təmin etməyən rayonlardan mən bu gün tələb edirəm ki, əlavə tədbirlər görsünlər. Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, həmin rayonlarla 23 gün ərzində müzakirə aparılsın və onların imkanları müəyyən olunsun. Bu gün burada Bərdə rayonunun nümayəndəsi etiraf etdi ki, onlar istənilən qədər pambıq əkəcəklər. О biri rayonlarla əlaqədar tədbirlər görün 210 min hektar sahədə pambıq əkilməlidir və yaxşı səpin aparılmalıdır. Burada Saatlı rayon icra hakimiyyətinin başçısı bildirdi ki, onlar taxılı biçəndən sonra taxıl sahələrində pambıq əkərək hər hektardan 79 sentner pambıq götürdülər. Bu, mənim üçün yeni bir şey deyildir. Keçmiş illərdə biz bu təcrübədən cox istifadə edirdik. Bəli, istehsalı həqiqətən artırmaq istəyən гауоn rəhbərləri həmin üsuldan istifadə edir və pambıq istehsalını artırırdılar. Onlar əhalinin də, dövlətin də gəlirini artırırdılar. Bu üsuldan da istifadə etmək lazımdır. Başqa üsullar da var. Bunların hamısından istifadə olunmalı, pambıq istehsalı artmalıdır.

Burada qalan bitkilərdən də danışıldı. Məni çox narahat edən və incidən hal budur ki, biz, bir tərəfdən, üzüm bağlarını dağıtmışıq, - bu, keçmişdə olub, nəticədə üzüm bağlarının məhsuldarlığı aşağı düştib, üstəlik bu məhsuldan alınmış məhsul indiyədək satılmayıbdır. Bu, biabırçılıqdır. Buna heç dözmək olmaz. Əgər siz nəyi isə istehsal edə bilməyibsinizsə, bu da sizin nöqsanınızdır. Amma о şey ki, istehsal olunub, siz onu indiyədək satmayıbsınızsa, bunu anlamaq mümkün deyildir. Mən Kənd Təsərrüfatı Nazirliyini tənqid edirəm və onu günahkar hesab edirəm. Eyni zamanda Nazirlər Kabineti də günahkardır. Nə üçün bunu indiyə qədər satmayıbsınız? Niyə? Təxminən 510 gün bundan qabaq bu məsələ qaldırılıbdır. İndi də deyirlər ki, aksizləri götürmək, məhsulu satmaq lazımdır. Məgər bunu bir il bundan qabaq etmək olmazdımı? Bunu altı ay bundan qabaq etmək olmazdımı? Sadəcə bir şeyi bilmək lazımdır - əgər siz bu aksizi, baha qiyməti saxlayırsınızsa və məhsul bu qiymətə də alınmırsa, siz bu məhsulu nə edəcəksiniz? Axı dünya bazarında belə bir qanun var və bu qanunu dərk etmək lazımdır: məhsulu istehsaf edirlər və əgər məhsul qış fəslində satılmırsa, yay fəsli gələndə onun qiymətini aşağı salıb satırlar. İstehsal olunan məhsullar yaya qədər satılmırsa, onların qiymətlərini yenə aşağı salıb satırlar. О cümlədən də, yay üçün istehsal edilən mallar qış gələnə qədər satılmırsa, onların da qiymətlərini aşağı salıb satırlar. Mal anbarda qalmamalıdır, qaldıqca keyfiyyətini itirir. Axı bu, məlum həqiqətdir. Amma siz üç ildir ki, məhsulu saxlamısınız. İndi də fikirləşirsiniz ki, onun qiymətini dəyişək, ya dəyişməyək. Yaxşı, dəyişməyib onu nə edəcəksiniz? Hamısını özünüz içəcəksiniz? Özünüz də içə bilmirsiniz. Əgər özünüz içsəydiniz, qoymazdınız ki, xaricdən buraya bu qədər saxta və keyfiyyətsiz araq, şərab gətirilsin.

Fuad Quliyev mənə deyir ki, 1993-1994-cü illərin məhsullarına aksizi götürək, 1995-ci ilin məhsulu hələ qalsın. Düzdür, mən bu barədə hələlik qəti bir fikir deyə bilmirəm. Çünki bunlar iqtisadçıdır, bəlkə haqq-hesab ediblər. Amma mən buna ümumi bir baxışla deyirəm ki, yaxşı, 1995-ci ilin məhsullarına aksizi götürməsək şərabların qiyməti qalxacaq? Axı qalxmayacaq. Bir də ki, axı kim nə bilir ki, о çənlərin hansındakı məhsul 1993-cü ilin, hansı 1994-cü ilindir? Onsuz da onları bir-birinə qarışdırırlar. Bilirsiniz, mən belə qəribə danışıqlar eşidirəm. Ona görə də hesab edirəm ki, bu, iqtisadiyyat nazirinin, kənd təsərrüfatı nazirinin, Nazirlər Kabinetinin günahıdır. Düzünü deyim, buna görə siz cəzalandırılmalısınız. Belə işləmək yaramaz. Bu məsələni tezliklə həll etmək lazımdır. Əldə olan məhsullar satılmalıdır. Bunu daxili bazarda da satmaq olar. Respublikamıza nə üçün bu qədər spirtli içkilər gəlir? Nə üçün? Rəsizadə mənə məlumat verir ki, Türkmənistandan buraya bərə ilə demək olar ki, hər gün bir vaqon araq gətirilir. Gör nə günə qalmışıq ki, buraya Türkmənistandan araq gəlir! Deyirlər ki, spirti İrandan Ermənistana, oradan Gürcüstana keçirib araq düzəldirlər, oradan da Qazaxa keçirib gətirib burada satırlar. Hələ bu, aşağı səviyyəli içkilərdir. Amma buraya bahalı içkilər də gətirirlər, nədən ötrü, niyə? Axı iqtisadiyyatın sadə bir qanunu var: daxili bazarı qorumaq üçün hansı mallar ki, daxili bazarda da öz mallarımızın satılmasına mane olacaq, onları respublikaya buraxmamalıyıq. Yaxud onlara о qədər yüksək qiymət qoymalıyıq ki, buna görə gəlir götürək və onların qarşısını alaq. Bu, adi bir şeydir. Bunu niyə etmirsiniz, niyə başlı-başına buraxmısınız? Burada cürbəcür saxta araqlar düzəldib satırlar. Ayrı-ayrı müəssisələrdən biri şərab, biri araq və sair hazırlayır. Bizim bu qədər şərab, araq, konyak zavodlarımız, şampan zavodu olduğu halda burada nə üçün kiçik müəssisələr araq, şərab hazırlayıb satmalıdırlar? Əgər onların düzəltdiyi məhsulları böyük müəssisələrimizdə istehsal etmək mümkün deyilsə, olsun. Bu, təbiidir. Ancaq bir halda ki, zavodlarımızda cürbəcür şərablar da, araq da, konyak da və sair buraxılır, cürbəcür müəssisələr yaratmağa ehtiyac varmı? Türkmənistandan bura araq gəlir, Gürcüstandan və sair yerlərdən araq gətirilir. İqtisadiyyatımıza bir tərəfdən bu zərər vurur, digər tərəfdən isə istehsal etdiyimiz şərab məhsulları çənlərdə, anbarlarda qalıb kiflənir, xarab olur. Bilmirik ki, bunları nə vaxt satacağıq. Mən tələb edirəm ki, bu məsələlər barədə qısa müddətdə tədbirlər görülsün. Həm respublikamızın anbarlarında olan şərab məhsullarının satılması üçün, həm də respublika bazarına xarici müdaxilənin, şərab, araq, digər spirtli içkilər gətirilməsinin qarşısını almaq üçün qəti tədbirlər görülsün. Mən sizə qısa bir müddət - 4-5 gün vaxt verirəm. Lazımi qərarlar qəbul edilməli, tədbirlər görülməli və bunlar haqqında mənə məlumat verilməlidir. Burada məlumat verildi, 68 min hektar üzüm bağlarımız var. Bilirsiniz, 68 min hektar çox münbit, qüvvətli torpaq üzüm bağları altındadır. Axı bunu istifadəsiz qoymaq özümüzün özümüzə qarşı cinayət etməyimiz deməkdir. Bu qədər üzüm sahəsini istifadəsiz qoymaq olmaz, bu bağlar belə qala bilməz. Harada xəstəlik varsa onunla mübarizə aparmaq lazımdır, harada məhsuldarlıq aşağı düşübsə qaldırmaq lazımdır. Bunlar çətin məsələ deyil. Mən burada Şamaxı icra hakimiyyəti başçısına sual verdim. О özü vaxtilə sovxoz direktoru işləyirdi. О vaxtlar işləmisiniz, görmüsünüz Şamaxı rayonunda üzümçülük sahəsində nələr əldə edilmişdir. Avtomobillə Mərəzəyə tərəf olan dağı aşanda baxırdın üzüm bağları dərya kimi idi, insanın qarşısında böyük bir mənzərə açılırdı. Həm təbiətin gözəlliyini göstərirdi, həm də yaxşı məhsul verirdi. İndi bunları dağıtmaq böyük qəhrəmanlıqdırmı, kişilikdirmi, şücaətdirmi? Bu, özümüzün özümüzə qarşı etdiyimiz düşmənçilikdir, cinayətdir. Başqa şey deyil. Ona görə də mövcud üzüm bağlarımıza çox ciddi münasibət göstərilməlidir, onlar becərilməlidir və bu il oradan yüksək məhsul əldə edilməlidir.

Mən meyvə bağlarımız haqqında da danışmaq istəyirəm. Bilirsiniz, bizim Quba, Qusar, Xaçmaz kimi gözəl bağlar diyarımız var, yaxud götürək Şəki, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarını. Xaricdən alma gətirib bizə satırlar. Yaxşı, "Qubanın ağ alması" mahnısı yüz il bundan qabaq meydana çıxmış mahnıdır. Nə təhər olurdu ki, vaxtilə Qubanın almasını aparıb Rusiyanın ən mötəbər şəhərlərinə satırdılar. İndi biz nə günə düşmüşük ki, bağlarımız istifadəsiz qalıb, buraya xaricdən alma gətirib satırlar? О şey ki, bizdə yoxdur, onu xaricdən gətirib burada satırlar, - bu, çox yaxşı. Amma bu alma ki, bizdə var. Bizdə başqa meyvələr ki, var. Biz 70-ci illərdə palmet üsulu ilə alma bağları saldıq. Xatirinizdədir, biz buraya Yuqoslaviyadan, Moldaviyadan, Rumıniyadan, Macarıstandan, Bolqarıstandan nə qədər tinglər gətirdik. Həmin bağlardan Qubada da, Şəkidə də, Zaqatalada da, Qusarda da var. Keçmiş ənənəvi sortlarla yanaşı nə qədər gözəl sortlar gətirdik. İndı о bağlar niyə dağılır? İslahatlar haqqında da danışacağam, ancaq bu islahatlardan danışırıqsa, onu birinci növbədə meyvəçilikdə həyata keçirmək lazımdır. Başqa sahələr üzərində dayanmaq istəmirəm, hesab edirəm ki, həm meyvə, həm çay, həm də tərəvəz, tütün istehsalı üçün 1996-cı ildə bizim çox yaxşı imkanlarımız var. Heyvandarlıq məhsulları istehsalı üçün yaxşı imkanlarımız var. Bu imkanlardan yaxşı istifadə etmək lazımdır. Keçid dövründə mövcud formalardan və yeni yaranan istehsal formalarından istifadə edərək biz 1996-cı ildə bütün sahələrdə kənd təsərrüfatı məhsulları istehsalını artırmalıyıq. Bu, bizim vəzifəmizdir və siz bu vəzifəni yerinə yetirməlisiniz. Eyni zamanda, bizim bu gün buraya yığışmağımızın məqsədi kənd təsərrüfatında islahatların gedişi və onların sürətini artırmaq məsələsinin müzakirəsi ilə bağlıdır. İslahatlar çox zəif gedir. Xızı rayon icra hakimiyyətinin başçısı Muradov burada xatırlatdı, biz buraya 1994-cü ilin noyabrında yığışmışdıq. Biz о vaxt dedik ki, gəlin, islahatları tezliklə başlayaq və 1995-ci il bizim üçün islahatlar ili olsun. Məhz onda Xızı və Zaqatala rayonları eksperiment rayonları kimi meydana çıxdı. О xatırlatdı ki, 1995-ci ilin aprelində burada yenə də söhbətlər aparıldı və ondan sonra da söhbətlər apardıq. Biz hansı nəticəni görürük? Xızı rayonunda hər şey edilib, nəticələr aydındır. Mən hesab edirəm ki, onlar çox yaxşı işləyiblər. Zaqatala rayonu zəif işləyib. Hesab edirəm ki, rayon icra hakimiyyətinin başçısı ya cəsarətli hərəkət edə bilmir, yaxud da bu işi nədənsə ləng aparır. Mən bunu anlaya bilmirəm. İndi mən ondan soruşuram ki, nə vaxt olacaq? Deyir 1997- ci ilin ya iyulunda, ya da dekabrında bu islahatları qurtaracağıq. Axı bir halda ki, siz bunu etmisiniz, bunun bəhrələrini görmüsünüz, bir halda ki, sizin rayonda bu iş artıq başlanıb, bunu uzatmağın nə mənası var? Mən hesab edirəm ki, bunu uzatmaq olmaz. 1996-cı ildə Zaqatala rayonu bu işi tamamilə qurtarmalıdır. Heç bir şey 1997-ci ilə keçə bilməz. Mən burada icra hakimiyyəti başçılarının danışıqlarından belə başa düşdüm ki, müxtəlif yerlərdə müəyyən işlər gedir. Ancaq çox ləng, çox zəif gedir. Biz aqrar bölmədə islahatlar haqqında iki qanun qəbul etdik.

Mən hesab edirəm ki, о qanunlardan istifadə edib çox işlər görmək olar. Ancaq nədənsə, hamı - Kənd Təsərrüfatı Nazirliyi də, rayon başçıları da ondan tutdular ki, torpaq məcəlləsi olmadan bunu etmək mümkün olmayacaq. İndi görürsünüz, Rusiya kimi yerdə hələ torpaq məcəlləsi voxdur və nə vaxt olacaq - məlum deyil. Torpaq islahatı haqqında Arif Rəhimzadənin bu gün təqdim etdiyi qanun layihəsini də şübhəsiz ki, gecikdirmişik. Bunu etiraf etmək lazımdır. Ancaq mən hesab edirəm ki, lap onsuz da çox iş görmək olardı. Xızı rayon icra hakimiyyətinin başçısı burada dedi ki, mən bəziləri ilə söhbət edirəm, deyirlər sizin üçün asandır, bizim üçün çətindir. Nəyi çətindir? Bir şeyi bilmək lazımdır ki, geriyə yol yoxdur. Mən bunu qətiyyətlə deyirəm. Ona görə yox ki, bu, bizim inadımız, yaxud prinsipimizdir. Ona görə ki, biz geridə nə var idi, hamısını görmüşük. Bilirsiniz, 1975-ci ildə Azərbaycanda olan səviyyə tarixdə heç vaxt olmayıb. 1970-ci illərdə kənd təsərrüfatında əldə olunmuş nailiyyətlərə mən bilavasitə rəhbərlik etmişəm. Mən 1980-ci illərin əvvəllərində həm burada işləyərkən, həm də sonra Moskvada işləyərkən, Sovetlər İttifaqının rəhbərlərindən biri və Siyasi Büronun üzvü kimi gördüm ki, kənd təsərrüfatı artıq bu forma ilə irəliyə gedə bilməyəcəkdir. Məsələn, mən о vaxtkı onuncu beşilliyi götürürəm. 1976-1981-ci illəri əhatə edən onuncu beşillikdə Azərbaycanda kənd təsərrüfatı istehsalı 50 faiz qalxdı. Amma bütün Sovetlər İttifaqında məhsul istehsalı cəmi 12 faiz artdı. Mən hesab edirdim ki, onlar yaxşı işləyə bilməyiblər, biz yaxşı işləyirik, bizim sürətimiz yuxarıdır. Amma Moskvaya getdim, tanış oldum. Bəli, fərq var idi. Biz yaxşı işləyirdik. Respublikaların çoxunda bizim səviyyədə işləmirdilər. Amma mən gördüm ki, ola bilər, bir beşillik də Azərbaycan belə getsin, lakin bu forma ilə daha gedə bılməyəcəkdir. Ona görə də 1982-ci ildən 1987-ci ilədək mən Moskvada işləyərkən axtarışlarda oldum. О vaxtlar bu islahatların həyata keçirilməsinin təşəbbüskarlarından biri mən oldum. Mən bunlarla işləmişəm. Ona görə də bilirəm ki, о vaxtkı üsullarla biz kənd təsərrüfatı, bütün iqtisadiyyat sahəsində irəliyə gedə bilməyəcəyik. Bax, buna görə də mən deyirəm ki, geriyə yol yoxdur. Bizim strateji yolumuz müəyyən olunubdur, iqtisadi islahatlar yoludur. Bütün sahələrdə, о cümlədən aqrar sahədə.

İndi Arif Rəhimzadə burada dedi ki, Rusiyanın о vilayətlərində bilmirlər - seçkilərdən sonra hakimiyyətə kim gələcək, islahatlar davam edəcək, yoxsa etməyəcək. Ola bilər, onların belə düşünməyə əsası var. Çünki, Rusiyada bunun üçün müəyyən səbəblər var. Ancaq mən sizə deyirəm və bu gün respublikanın bütün vətəndaşlarına çatdırıram, keçmiş Sovetlər İttifaqına mənsub olmuş hansı respublikada, о cümlədən Rusiyada nə olub, bundan sonra nə olmasından asılı olmayaraq Azərbaycanın iqtisadiyyatı islahatlar yolu ilə, bazar münasibətləri yolu ilə getməlidir. Aqrar bölmədə, kənd təsərrüfatında bu islahatlar sürətlə aparılmalıdır. Bunu bilməlisiniz. Ona görə də bu yola nə qədər tez düşsəniz, addımlarınız nə qədər iri olsa, siz о qədər tez gəlib mənzilə çatacaqsınız, о qədər də tez nailiyyətlər əldə edəcəksiniz. Mən bunu sizə açıq deyirəm. Başqa yol yoxdur. Başqa yol da olmayacaq. Biz bu yolu Xızı, Zaqatala rayonlarında sınaqdan keçirdik, biz 1992-ci ildə Naxçıvanda bu işə başlamışdıq, gözəl nəticələr əldə olunubdur. Başqa rayonlarda xırda-xırda nəticələr və bu məsələyə münasibətimiz var. Ona görə də mən tələb edirəm ki, hərə öz rayonunda, öz təsərrüfatında bu barədə nə edə bilir etsin. Ancaq, bir şeyə yol vermək olmaz. Dövlətin əmlakı dağıdılmamalıdır, mənimsəməyə yol vermək olmaz, cinayətə, oğurluğa, quldurluğa, talançılığa yol vermək olmaz. Xalqımızın, millətimizin, respublikamızın əmlakının bu son illərdə dağıldığı bəsdir. Bundan sonra yol vermək olmaz. Bunların qarşısı alınmalıdır.

Elman Rüstəmovun gətirdiyi faktlar haqqında burada mən göstəriş verdim və bir də deyirəm, ciddi yoxlamalar aparılmalıdır. Kim harada qeyri-qanuni işlərlə, cinayətkarlıqla məşğuldur, pambıqdan alınan valyuta ilə xarici maşın almaq istəyir, yaxud icra hakimiyyəti başçısı üçün mebel, xarici maşın almaq istəyir - onlar ən ciddi cəza almalıdırlar. Amma bununla yanaşı, islahatların aparılması ilə cəsarətlə məşğul olmaq lazımdır. Cəsarətlə, sağlam mənəviyyat əsasında məşğul olmaq, sağlam mənəviyyat əsasında cəsarətlə hərəkət etmək lazımdır. Mən bunu sizdən tələb edirəm. Hesab edirəm ki, islahatlar haqqında qanun qısa müddətdə qəbul olunmalıdır. Mən Mehdiyevə göstəriş verdim, hazırlanan qanun layihəsini indi çoxaltdılar və o, bütün icra hakimiyyəti başçılarına verilibdir. Mən sizdən tələb edirəm ki, qısa vaxtda, 10-15 gün ərzində bu layihəni müzakirə edin. Özü də əvvəlcə ayrı-ayrı təsərrüfatlarda, sonra rayon miqyasında müzakirə edin. Camaatın, xüsusən torpaqda işləyən, torpağın sahibi olacaq adamların fikrini öyrənin. Öz təkliflərinizi 10-15 gün müddətində verin. Çünki may ayının birinci yarısında biz gərək bu qanunu qəbul edək. Mən sizə öz planlarımı deyirəm. Demək may ayının birinci yarısında bu qanun qəbul edilməlidir. Bu qanunun qəbul edilməsi üçün biz geniş müzakirə aparmaq istəyirik. Görürsünüz, biz Rusiyanın vilayətlərinə nümayəndə heyəti göndərdik, gedib öyrəndilər. Bu gün burada müzakirələr apardıq. Layihəni sizə verdik. Ola bilər, mətbuatda bu barədə müzakirə açılsın. Mən aparatın işçilərinə göstəriş verirəm, mətbuatda müzakirə açsınlar ki, hansı yollar daha əlverişlidir.

Mən burada üç məsələ görürəm. Birinci iki məsələ ondan ibarətdir ki, burada ayrı-ayrı fikirlər söylənildi - torpaq hamıya verilsin, yaxud bilavasitə kolxozlarda, sovxozlarda işləyən adamlara verilsin. Bu barədə fikirlər müxtəlif oldu. Bəziləri dedi hamıya verilsin, bəziləri dedi ki, ancaq təsərrüfatda işləyənlərə verilsin. Amma gördüm ki, çoxları, dedi ki, hamıya verilsin. Məsləhətləşin, bəlkə biz qanunumuzda iki yolu da qoya bilərik. Yəni elə də, belə də ola bilər, yerin xüsusiyyətindən asılı olaraq. Burada da biz torpaqda işləyən adamlara sərbəstlik verərik, özləri seçsinlər. Bu da ola bilər. Ancaq qanunda bu məsələləri daha dəqiq əks etdirmək üçün siz gərək müzakirşlər aparasınız və vaxtında başa çatdırasınız. İndi bir məsələ də var ki, bu qanunla biz torpağı torpaqda işləyənlərə, yaxud da kənddə yaşayanlara veririk. Ancaq keçmış Sovetlər İttifaqının başqa respublikalarının (Gürcüstanla Ermənistandan başqa) heç birində torpaq paylanmayıb. Torpaq icarəyə verilibdir. Rusiyada da paylanmayıbdır, icarəyə verilibdir. Arif Rəhimzadənin verdiyi məlumatdan görünür ki, ola bilər, bu məsələ də bir az sıxılsın. Ona görə də, siz bu məsələni müzakirə edin. Bəziləri hesab edirlər ki, torpagı paylamaqla bərabər bəlkə uzunmüddətli icarə, məsələn, 50 illik, 100 illik icarə olsun. Bunu da müzakirə edin. Ola bilər başqa fikirlər də meydana çıxsın. Bunların hamısını müzakirə edin və bizə ətraflı məlumat yazın. Biz onun əsasında müzakirə aparacağıq. Güman edirəm ki, islahat komisiyası bunların hamısını cəmləşdirməlidir, müzakirə etməlidir. Sonra bu mənim yanımda müzakirə olunar, bundan sonra Milli Məclisin müzakirəsinə çıxarılar. Yenə də deyirəm, gərək bu işlər qanun əsasında aparılsın, hər şey elə olsun ki sonradan dəyişdirilməsin. Eyni zamanda hər yerdə bu addımlar atılmalıdır. Dəvəçi rayon icra hakimiyyətinin başçısı burada məsələ qaldırdı ki, onların torpaqlarının çox hissəsi əllərindən alınıb. Lənkəran rayon icra hakimiyyətinin başçısı isə dedi ki, torpaqların bir qismi ayrı-ayrı yerli orqanların qərarları ilə kimlərəsə verilib. Bu, çox mürəkkəb məsələdir. Bu barədə mən qəti fikir demək istəmirəm. Ancaq hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi zamanı biz bu məsələyə də öz münasibətimizi göstərməliyik və onu həll etməliyik. Ona görə də mən sizdən xahiş edirəm ki, müzakirə zamanı bunlara diqqət yetirin. Məsələn, bir sıra adamlara ayrı-ayrı səbəblər üzündən torpaq sahəsi verilib. Yaxud burada çıxış edən fermer dedi ki, 50 hektar sahəsi var, о bu torpaqda işləyib, onu hazırlayıb, indi torpaqlar paylananda bu necə olacaq? Siz bunların hamısını kompleks şəkildə müzakirə edin, bizə aydınlıq gətirin ki, torpaqları paylayanda bunların hamısını nəzərə alaq, bu qanun qəbul olunandan sonra məsələlərin həll edilməsi üçün əlavə sənədlər lazım olmasın.

Beləliklə, aqrar bölmədə, kənd təsərrüfatında iqtisadi islahatlar bizim strateji yolumuzdur, gələcəyimizdir. Bu yol ilə getməliyik və nə qədər tez getsək, respublikanın iqtisadiyyatının yüksəldilməsinə də bir о qədər tez nail ola bilərik, respublika əhalisinin tələbatının təmin edilməsinə nail ola bilərik. Buna bizim böyük imkanlarımız var. Bugünkü görüşümüzü bitirərkən mən onu bildirmək istəyirəm ki, çıxışımın əvvəlində dediyim kimi, respublikamızın potensial imkanları böyükdür, təbii sərvətlərimiz də, yaxşı insanlar da, fədakar adamlar da var. Xalqımız zəhmətkeşdir. Şəxsən mən gələcəyə çox böyük nikbinliklə baxıram. Mənim çox nikbin əhval-ruhiyyəm var. Əminəm ki, iki-üç il içərisində biz kənd təsərrüfatında, iqtisadiyyatın digər sahələrində həm özəlləşdirməni, həm də bütün digər islahatları həyata keçirsək, inanın ki, bugünkü adamlar Azərbaycanın iqtisadiyyatını tanımayacaq. Böyük sıçrayış, irəliləyiş olacaqdır. Mən buna əminəm, mən bunu aydın görürəm. Qarşımızda olan üfüqli, о gələcəyi mən görürəm. Ancaq о gələcəyə nail olmaq üçün biz bu tədbirləri həyata keçirməliyik və sürətlə irəliləməliyik.

Bir daha deyirəm, yolumuz məlumdur. Hamınızı bu yolla sürətlə irəli getməyə dəvət edirəm. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış